Turizmdən robototexnikaya: “Startap” şəhadətnaməsi alan yerli layihələrin innovasiya ekosistemindəki rolu MƏQALƏ
Daha 9 yerli layihə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “Startap” şəhadətnaməsini əldə etməklə növbəti 3 il üçün mənfəət və gəlir vergisindən azad olunub. Bu isə əlavə üstünlükdür, çünki humanoid robotlardan süni intellektli neft-qaz həllərinə qədər geniş spektri əhatə edən startapların qurucuları artıq qazanclarını birbaşa inkişafa yönəldəcəklər. KOBİA-nın Ekspertlər Şurası ən son toplantıda 12 müraciətə baxıb və onlardan 9-na “yaşıl işıq” yandırıb. Şəhadətnaməni almaqla bizneslərini böyütmək imkanı əldə edən startapçılar bu layihələrin innovasiya ekosisteminə qatdığı dəyəri “vergiler.az” ilə bölüşüblər.
"Hostwell.io": Azərbaycanın süni intellekt əsaslı ilk kənd turizmi platforması
Süni intellekt (Sİ) turizm sahəsində də öz sözünü deyir və bu, ölkəmizin turizm potensialını dünyaya tanıtmağa kömək olur. "Hostwell.io" səyahətçiləri Azərbaycanın kənd evləri, mədəni turlar və ekoloji təcrübələr ilə birləşdirən bir saytdır. Platformanın qurucusu Əfqan Mehdixanov bildirir ki, bu layihə regional turizmə təkan verməklə yanaşı, bölgələrdə inklüziv inkişaf və dayanıqlılıq üçün effektiv vasitə rolunu oynayır. Sayt səyahətçilərin işini asanlaşdırmaqla yanaşı, kənd yerlərindəki ev sahiblərinə, sənətkarlara, bələdçilərə və fermerlərə birbaşa gəlir qazanmaq imkanı da verir. Bazardakı hotel yönümlü platformalardan fərqli olaraq, "hostwell.io" etik süni intellekt həlləri, GDPR/NIST kimi beynəlxalq məlumat təhlükəsizliyi standartlarının köməyi ilə bölgələrimizin dünya səviyyəsində tanınmasına xidmət edir. Süni intellekt funksiyaları turizm mövsümünün tələblərinə uyğun optimallaşdırılıb.
Startapçı ilə söhbətimiz zamanı aydın oldu ki, qısa zamanda iOS və Android sistemi ilə çalışan mobil cihazlar üçün tətbiq istifadəçilərin ixtiyarına veriləcək və bu, son yenilik deyil. 2026-cı ildə 8 rayon üzrə genişlənmə, premium abunəlik, regional turlar və Sİ funksiyalarının təkmilləşdirilməsi qarşıya məqsəd kimi qoyulub. Sözsüz ki, bu funksiya və təkmilləşdirmələr müəyyən miqdarda maliyyə tələb edir. Ə.Mehdixanov "Startap" şəhadətnaməsi ilə innovasiya fəaliyyətindən əldə olunan gəlirlər üzrə 3 il müddətinə vergi güzəştləri nəticəsində qənaət ediləcək məbləği sırf bu resursların inkişafına yönəltmək niyyətində olduqlarını gizlətmir.
"Casting.az": aktyor və modellər özlərini daha rahat tanıdacaqlar
Azərbaycanda kino və reklam sektorunun ən ağrılı yerlərindən biri illərdir dəyişməz olaraq qalır. İstedadlar özünü göstərə bilmir, brendlər və prodüserlər isə axtardıqları simanı tapmaqda çətinlik çəkirlər. Məhz bu qarışıqlığı nizama salmaq və tərəflər arasında peşəkar körpü qurmaq məqsədilə "casting.az" platforması yaradılıb. Bazarın bu rəqəmsal həllə nə qədər ehtiyac duyduğunu layihənin qısa müddətdə əldə etdiyi nəticə də sübut edir. Təsisçi Orxan Salmanovun sözlərinə görə, platforma artıq 1000-dən çox istifadəçini vahid məkanda birləşdirməyi bacarıb və bu rəqəm getdikcə artmaqdadır.
Həmsöhbətimiz vurğulayır ki, platforma illərdir sektorda hökm sürən xaosu nizamlı sistemlə əvəz edir. Artıq aktyor və modellər öz portfoliolarını təqdim etmək üçün qapı-qapı gəzmək məcburiyyətində qalmayacaqlar. Digər tərəfdən, prodüserlər və marketinq komandaları üçün də qeyri-müəyyənlik dövrü bitir. "Casting.az" ənənəvi tanışlıq zəncirini və messencerlərdə itib-batan uzun siyahıları tamamilə rəqəmsallaşdırmaqla prosesi avtomatlaşdırır. Bu sistemli yanaşma tərəfləri saatlarla davam edən axtarışdan xilas etməklə yanaşı, zaman və maliyyə resurslarına da qənaət etməyə imkan verir.
Bazarda ənənəvi kastinq agentlikləri mövcud olsa da, O.Salmanov "casting.az"ın öz unikal alqoritmi və yanaşması ilə fərqləndiyini deyir. Platforma sadəcə dağınıq məlumat bazası deyil, yaş, görünüş, təcrübə və cins kimi meyarlar üzrə süzgəcdən keçirilmiş dəqiq axtarış sistemi təklif edir. Bu, həm peşəkarlar, həm də sektora yeni qədəm qoyanlar üçün bərabər imkanlar yaradır. Startapçının ambisiyası bununla bitmir. Belə ki, yerli bazarla yanaşı, xarici bazarlar da nəzərdən keçirilir. Artıq ilkin hədəflər də müəyyən edilib və bu, Mərkəzi Asiya ölkələri olacaq. Bununla yanaşı, ən qısa zamanda süni intellekt sayta tam formada inteqrasiya ediləcək ki, bununla da aktyor axtarışı prosesi bir xeyli sürətlənəcək.
"Startap" şəhadətnaməsinə gəlincə, həmsöhbətimiz vergi güzəştlərini layihə üçün yeni nəfəs adlandırır. Bildirir ki, bu imkan sayəsində qənaət edilən resurslar birbaşa texniki təkmilləşdirməyə və marketinqə yönəldiləcək. Vergi yükünün azalması komandanın böyüməsinə və platformanın sabitləşməsinə şərait yaratmaqla bərabər, inkişafa yönəlik daxili investisiya formalaşdırmağa da imkan verir.
"Looyt": innovativ rəqəmsal loyallıq kartları bir toxunuş qədər yaxın
Müştəri loyallığı sahəsində ənənəvi yanaşmanı kökündən dəyişən rəqəmsal platforma - "Looyt"un əsas məqsədi fiziki kartlardan tamamilə imtina olunmaqla loyallıq proqramlarını birbaşa "Apple Wallet" və "Google Wallet" üzərindən təqdim etməkdir. Layihənin qurucuları Nurlan Kurbanov və Nicat Rzayev hesab edirlər ki, artıq plastik kartlara ehtiyac yoxdur və istifadəçilər loyallıq kartını öz smartfonlarında rahatlıqla saxlaya bilərlər. Bu yanaşma müştəri məmnuniyyətini təmin etməklə bərabər, bizneslərə təkrar satışları artırmaq imkanı da verir.
Platformanı digər sistemlərdən fərqləndirən əsas üstünlük istifadəçilərin əlavə mobil tətbiq yükləməsinə ehtiyac olmamasıdır. Proses tamamilə "wallet" üzərindən tənzimlənir. Anında göndərilən bildirişlər, geolokasiya əsaslı xatırlatmalar və real vaxt rejimində izlənilən statistika biznes sahiblərinə idarəetmədə böyük rahatlıq yaradır.
Komanda yaxın gələcəkdə daha ətraflı analitika, yeni mükafat mexanizmləri və marketinq proseslərinin avtomatlaşdırılması kimi yenilikləri təqdim etməyi planlaşdırır. Startapçılar əmindirlər ki, layihənin dövlət tərəfindən dəstəklənməsi maliyyə yükünü əhəmiyyətli dərəcədə azaldacaq. Tətbiq edilən vergi güzəştləri nəticəsində qənaət edilən vəsait məhsulun inkişafına, komandanın böyüməsinə və bazarın genişləndirilməsinə yönəldiləcək.
"MarkPro": rəqəmsal marketinqin ağıllı idarəetmə mərkəzi
Rəqəmsal marketoloqlar, agentliklər və şirkətlər üçün nəzərdə tutulmuş, süni intellekt ilə dəstəklənən vahid SaaS platforması olan "MarkPro"nun qurucusu Amal Qafarzadə qeyd edir ki, bu həll müxtəlif marketinq alətlərini tək bir mərkəzdə birləşdirərək idarəetməni sadələşdirir və işin səmərəliliyini artırır.
Layihə rəqəmsal marketinqin üç əsas sütununu, yəni sosial media idarəetməsi, SEO avtomatlaşdırması və reklam idarəetməsini asanlaşdırır.
Startapçı vurğulayır ki, "MarkPro" ilə bütün rəqəmsal prosesləri tək paneldən idarə etmək və nəticələri maksimuma çatdırmaq mümkündür.
"Butaxidmet.az": dəstək və inkişafın yeni ünvanı
"Butaxidmet.az" platforması cəmiyyətin həssas təbəqələrinin sosial və iqtisadi rifahını yaxşılaşdırmaq məqsədilə fəaliyyət göstərir. Bu yaxınlarda "Startap" şəhadətnaməsi əldə etmiş layihənin qurucusu Araz Əhmədovla söhbətimiz zamanı aydın oldu ki, platformanın əsas missiyası tənha analar, eşitmə məhdudiyyətli şəxslər, eləcə də uşaq evləri və internat məktəblərinin məzunlarına peşəkar dəstək göstərməkdir. Hədəf bu qrupların iqtisadi dayanıqlığını təmin etmək və onlara yeni inkişaf imkanları yaratmaqdır. Platforma Azərbaycanın müxtəlif bölgələrində yaşayan insanları vahid onlayn məkanda birləşdirərək, onların bilik və bacarıqlarını artırmağa xidmət edir. Layihə çərçivəsində həmin kateqoriyadan olan şəxslərin hazırladığı məhsulların tanıdılması və satışı təşkil olunur, eyni zamanda potensial işəgötürənlərlə əlaqələr qurulur. Bu fəaliyyət həssas qrupların cəmiyyətə daha fəal inteqrasiya etməsinə və öz ayaqları üzərində durmasına real töhfə verir.
Platforma iqtisadi asılılıq, sosial təcrid və təcrübəsizlik kimi problemlərin həllinə kompleks yanaşır. Məsələn, uşaqlı anaların rahat işləyə bilməsi üçün onlara sosial baxıcı dəstəyi təmin edilir. Bununla yanaşı, iştirakçılara toxuculuq, rəssamlıq və kənd təsərrüfatı kimi sahələrdə peşəkar təlimlər keçilir. Sonda isə onların hazırladığı məhsul və xidmətlərin satışına hərtərəfli köməklik göstərilir. Tənha anaların hazırladığı geyimlər, internat məzunlarının əl işləri, kənd təsərrüfatı məhsulları və rəsm əsərləri vahid "sosial brend" altında "butaxidmet.az" platformasında satışa çıxarılır. Bu sistem bazar çıxışı problemini həll edərək satış prosesini asanlaşdırır. A.Əhmədov vurğulayır ki, gəlir bölgüsü də ədalətli qurulub. Belə ki, vəsaitin bir hissəsi birbaşa məhsulu hazırlayanlara çatır, qalan hissəsi isə layihənin davamlılığını təmin etmək üçün platformanın inkişafına yönəldilir.
"Butaxidmet.az" satışla yanaşı, işsiz və həssas qrupların məşğulluğuna da dəstək verir. Platforma müraciət edənlərin bacarıqlarına uyğun iş tapmasına kömək edir. Yerli şirkətlərlə qurulan əməkdaşlıq sayəsində isə işə qəbul zamanı bu şəxslərə üstünlük verilməsi təmin olunur.
"JFB": Azərbaycanda ilk tamhəcmli humanoid (insanabənzər) robot hazırlanır
Startapçı Cavid Bəkirzadənin rəhbərliyi ilə yaradılmış və qısa müddətdə robot texnologiyaları, süni intellekt və avtomatlaşdırma sahəsində ixtisaslaşmış "JFB" platforması Azərbaycan bazarında yeni standartlar müəyyən edir. Layihə müəllifi deyir ki, onlar real humanoid və dördayaqlı robotların ictimai məkanlarda, biznes mühitində və tədbirlərdə real istifadəsini təmin edirlər. "JFB"nin əsas məqsədi robotları nümayiş formatından çıxarıb gündəlik həyata və real B2B ("Business to Business") ssenarilərinə inteqrasiya etməkdir. Bu baxımdan, "JFB" Azərbaycanda robokafe, robot bələdçi, roboşou və robotların kommersiya icarəsi kimi praktik və işlək həllər təqdim edən qabaqcıl startaplardan biridir. C.Bəkirzadə "JFB" robotlarının insan əməyini əvəz etmədiyini, əksinə, onu tamamlayaraq işin səmərəliliyini artırdığını vurğulayır. Hazırda bu humanoidlər tədbir və konsertlərdə interaktiv əyləncə elementi kimi çıxış edirlər. Bazarda oxşar texnologiyalar olsa da, "JFB"nin əsas üstünlüyü lokal inteqrasiya, yerli texniki dəstək və real kommersiya tətbiqini təmin etməsindədir.
Robotlar sadəcə nümayiş üçün deyil, pərakəndə satış, restoran biznesi, tədbirlər, təhsil və marketinq kimi konkret B2B sahələri üçün də uyğunlaşdırılır. Çoxdilli süni intellekt, adaptiv davranış və real vaxt monitorinq funksiyaları ilə təchiz edilmiş bu qurğular üçün artıq ixtisaslaşmış mərkəz də fəaliyyət göstərir. Həmin mərkəzdə humanoid və mobil robotların satışı, texniki servisi və istifadəçi təlimləri həyata keçirilir. Yaxın gələcəkdə mərkəzin fəaliyyət dairəsinin genişləndirilməsi, servis imkanlarının artırılması və yerli R&D ("Research and Development" – Tədqiqat və İnkişaf) potensialının gücləndirilməsi hədəflənir. Paralel olaraq, robot-kafelər şəbəkəsinin böyüdülməsi və təhsil sektoru üçün xüsusi proqramların işlənib hazırlanması da gələcək planlara daxildir.
"Startap" şəhadətnaməsinin yaratdığı vergi güzəştlərini layihə üçün strateji fürsət adlandıran layihə müəllifi qeyd edir ki, bu güzəşt hesabına qənaət edilən vəsait zəruri komponentlərin alınmasına, robotların daha "ağıllı" və adaptiv olmasına, eləcə də yerli kadrların hazırlanmasına yönəldiləcək.
Hazırda komanda iddialı bir hədəfə – Azərbaycanın ilk tamhəcmli humanoid robotunun yaradılmasına köklənib. 2026-cı ilin sonuna qədər tamamlanması planlaşdırılan bu layihə ölkəmizi robot texnologiyaları üzrə istehlakçıdan istehsalçıya çevirmək vizyonuna xidmət edir.
"MountAI": neft-qaz sektorunda insan kapitalını və strateji qərarları gücləndirən yeni texnoloji yanaşma
Müasir dövrdə süni intellektin rolu təkcə prosesləri sürətləndirməklə məhdudlaşmır. Azərbaycanda yaradılmış "MountAI" startapı bu texnologiyanı neft-qaz sektorunda çalışan mütəxəssislərin iş yükünü azaltmaq, qərarvermə prosesini daha sağlam, şəffaf və strateji əsaslara söykənən bir modelə çevirmək məqsədinə xidmət edir.
"MountAI"nin əsas missiyası təkcə texniki prosesləri avtomatlaşdırmaq deyil, həmçinin neft-qaz sektorunda çalışan mütəxəssislərin yükünü azaltmaq və qərarverməni daha dəqiq və sağlam müstəviyə daşımaqdır. Bu sahədə minlərlə insan uzun iş saatları, yüksək risk və qeyri-müəyyən qərarlar fonunda çalışır ki, bu da onların həm peşəkar fəaliyyətinə, həm də şəxsi həyatına ciddi təsir göstərir.
Azərbaycan iqtisadiyyatının əsas dayaqlarından biri olan neft sənayesi dövlət büdcəsinin formalaşmasında həlledici rol oynayır. Bu isə o deməkdir ki, neft-qaz sahəsində aparılan hər bir analiz və verilən bütün qərarlar yalnız ayrı-ayrı şirkətlərin deyil, bütövlükdə ölkə iqtisadiyyatının inkişafına təsir edir. Qeyri-dəqiq hesablamalar və yanlış analizlər isə təkcə maliyyə itkisi ilə kifayətlənmir, eyni zamanda uzunmüddətli strateji risklər yaradır. "MountAI" məhz bu riskləri minimuma endirməyi və qərarları məlumatəsaslı, çevik və etibarlı etməyi hədəfləyir. Platforma yeraltı laylar, quyular və sahələr üzrə mövcud məlumatları süni intellekt alqoritmləri vasitəsilə təhlil edərək bu yükü mütəxəssislərin üzərindən götürür. Sistem yüksək karbohidrogen potensialına malik zonaları daha dəqiq müəyyən edir, təkrar işləri azaldır və qərarvermə prosesini əsaslandırılmış edir. Nəticədə mütəxəssislər texniki rutindən azad olaraq, daha yaradıcı və strateji məsələlərə fokuslana bilirlər. Bu isə həm iş keyfiyyətini artırır, həm də mütəxəssislərin iş-şəxsi həyat balansını qorumağa imkan verir.
Startapın qurucuları ilə söhbətimizdən aydın olur ki, "MountAI" yerli mühəndislər və tədqiqatçılar tərəfindən yaradılmış nadir texnoloji təşəbbüslərdən biridir. Bu reallıq platformanı alternativdən daha çox neft sektoru üçün uzunmüddətli strateji resursa çevirir.
Layihənin ərsəyə gəlməsində əməyi keçən startapçılar komandanın genişləndirilməsi və gənc mütəxəssislərin bu işə cəlb olunması üzərində düşünürlər. Onlar gələcəkdə təcrübə və mentorluq imkanları yaratmaqla süni intellekt və mühəndislik sahəsində biliklərini gənc kadrlarla bölüşməyi hədəfləyirlər. Bir sözlə, məqsəd yalnız məhsul yaratmaq deyil, eyni zamanda yerli insan kapitalının inkişafına töhfə verməkdir.
Texnoloji baxımdan isə əsas hədəf neft hasilatında müşahidə olunan azalmalara qarşı daha ağıllı analiz və proqnoz alətlərinin hazırlanmasıdır. "MountAI"ın yaradıcıları bu istiqamətdə yeni alqoritmlər və metodlar üzərində işləməklə sahənin uzunmüddətli dayanıqlığını təmin etmək niyyətindədirlər.
"MountAI" komandası KOBİA tərəfindən "Startap" şəhadətnaməsinin verilməsini layihənin potensialına göstərilən etimad kimi dəyərləndirir. Vurğulayırlar ki, bu addım onları dövlətin innovativ təşəbbüslərin yanında olduğunu real fəaliyyətdə hiss etməyə və gələcək hədəflərə doğru daha inamla irəliləməyə həvəsləndirir.
Faiq KƏRİMOĞLU
