18 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanın polistirol bazarı: 2030-cu ilədək 20 milyon dollarlıq perspektiv MƏQALƏ

2022–2024-cü illərdə ölkədə EPS, yəni genişlənmiş polistirola (strafor da deyilir – red.) tələbat ciddi şəkildə artıb. Kiçik və Orta Biznesin İnişafı Agentliyinin (KOBİA) daxili bazar araşdırmasında yer alan məlumatları təhlil edəndə aydın olur ki, bu məhsulun bazarı ölkəmizdə nəzərəçarpacaq sürətlə böyüyür. Ölkəmizdə polistirol istehsalı son illərdə sürətli artım dinamikası nümayiş etdirərək 2022–2024-cü illər aralığında təxminən 77% yüksəlib. Rəqəmlərə nəzər salsaq, 2022-ci ildə 1.854,4 ton olan istehsal həcmi bir il sonra 2.453,2 tona, 2024-cü ildə isə rekord həddə - 3.275 tona çatıb. Bu da illik artım tempinin 30%-dən yuxarı olduğunun göstəricisidir.

Polistirol (strafor) - içi hava ilə dolu olan, çox yüngül və istiliyi keçirməyən ağ köpük materialdır. Əsasən evlərin izolyasiyasında və əşyaların qablaşdırılmasında istifadə olunur. Hər hansı məişət texnikası aldığımız zaman içindən çıxardığımız ağ material strafora ən yaxşı nümunədir.

Yerli istehsalda rekord göstəricilər

Azərbaycanda polistirol bazarının hərəkətverici qüvvəsi tikinti sektorudur. Rəqəmlər göstərir ki, məhsulun ümumi istifadəsinin 50-60%-i məhz bu sahənin payına düşür. Xüsusilə enerji səmərəliliyi tələblərinin sərtləşməsi izolyasiya xüsusiyyətləri ilə seçilən bu materiala marağı hər ötən gün daha da artırır. Bazarın yerdə qalan hissəsində qablaşdırma sənayesi 35%-lik payla mühüm yer tutur, 10%-lik hissə isə dekorasiya məqsədilə istifadə edilir.

Azərbaycanın EPS ixracı hələlik minimal səviyyədədir. 2024-cü ilin nəticələrinə əsasən, cəmi 21,6 ton xammal və 98,7 ton hazır məhsul ixrac olunub və bu əməliyyatların ümumi dəyəri cəmi 244 min dollar təşkil edib.

Nə qədər məhsula ehtiyacımız var?

Azərbaycanda polistirol bazarında tələbatın həcmi 2022–2024-cü illərdə təxminən 41% (1,1 min ton) artaraq 3,7 min ton səviyyəsinə yüksəlib. Sevindirici haldır ki, daxili tələbatın 90%-i yerli istehsal hesabına ödənilir, idxalın payı isə cəmi 10% təşkil edir. Bununla belə, yerli istehsal prosesi xammal təminatı baxımından hələ də 100% xarici bazarlardan asılı vəziyyətdədir.

Daxili bazar araşdırmasında qeyd edilir ki, polistirol xammalı və hazır məhsul üzrə daxili tələbatın tamamilə yerli istehsal hesabına qarşılanması mövcud istehlak həcmləri daxilində təxminən 11 milyon ABŞ dolları dəyərində vəsaitin yerli biznes dövriyyəsinə qazandırılması deməkdir. Yaxın 5 il ərzində tələbin ikiqat artacağı proqnozlarını əsas götürsək, idxalın əvəzlənməsi strategiyası yerli istehsalçılara 20 milyon dolları ötən məcmu gəlir vəd edir. Bu potensiala ixrac imkanlarının da əlavə olunması sektorun dövriyyəsini daha böyük miqyasa çatdıra bilər.

Xammal bazarındakı əsas oyunçular

2022–2024-cü illər ərzində xammal idxalı 92% artaraq 3.170 tondan 6.095 tona yüksəlib. Bu tədarükün 90%-dən çoxu üç ölkə — İran, Türkiyə və Rusiya tərəfindən təmin edilir. İdxalda 40%-lik payla İran liderlik etdiyi halda, son iki ildə Rusiya istiqamətindən gələn həcmlərdə kəskin artım müşahidə olunur. Qiymət baxımından ən sərfəli xammal Rusiya və İrandan, ən bahalı isə Türkiyədən alınır. Eyni zamanda, hazır polistirol məhsullarının idxal coğrafiyası da İran, Türkiyə və Rusiya (cüzi həcmdə isə Özbəkistan və Belarus) üzərində cəmləşib. Lakin yerli istehsalın 77% artması hazır məhsul idxalının 749,3 tondan 2023-cü ildə 646,9 tona, 2024-cü ildə isə 388 tona qədər azalmasına səbəb olub.

EPS məhsullarının AZS, ISO və EN standartlarına uyğunluğu

Yerli polistirol məhsulları milli keyfiyyət standartlarına (AZS) tam uyğun şəkildə istehsal edilir. Bununla yanaşı, ölkənin iri istehsalçılarının ISO 9001 Beynəlxalq Keyfiyyət Sertifikatına sahib olması onların bazarda rəqabət üstünlüyünü əhəmiyyətli dərəcədə artırır. Müəssisələrin malik olduğu ISO 14001 sertifikatı isə istehsal prosesinin ətraf mühitin qorunması standartlarına uyğunluğunu təsdiqləyir. Yeri gəlmişkən, yerli məhsullar EPS (genişlənmiş polistirol) üçün ən mühüm texniki meyarlardan sayılan EN Standartlarına (Avropa Normalarına) uyğunluq sertifikatlarına da sahibdir. Bu standartların təmin olunması həm məhsulların Avropa bazarlarına çıxış imkanlarını genişləndirir, həm də yerli tikinti layihələrində istifadəsinə tam zəmanət verir.

Perspektivlər: 2030-cu ilə doğru inkişaf trayektoriyası

KOBİA tərəfindən aparılan daxili bazar araşdırmasının proqnozları göstərir ki, Azərbaycanda polistirola olan tələbat 2030-cu ilə qədər 6,8 min tona çata bilər. Bu, 2024-cü ilin 3,7 min tonluq faktiki göstəricisi ilə müqayisədə təxminən 87%-lik ciddi bir artım deməkdir. Ekspertlərin fikrincə, tikinti sektorundakı canlanma ilə yanaşı, Azərbaycanın regional logistika mərkəzi kimi mövqeyinin güclənməsi qablaşdırma materiallarına olan tələbi daha da stimullaşdıracaq.

Hazırda ölkədə EPS (strafor) bazarı sürətli inkişaf fazasında olsa da, polistirol qranulu istehsalının yoxluğu sektoru 100% xarici xammaldan (İran, Rusiya və Türkiyə) asılı vəziyyətdə saxlayır. Mütəxəssislər xammal asılılığını azaltmaq və sektorun dayanıqlığını təmin etmək üçün bir sıra strateji addımlar təklif edirlər. Onlar düşünürlər ki, məhsul portfelinin genişləndirilməsi, təkrar emal texnologiyalarına keçid, təchizat zəncirinin optimallaşdırılması, habelə marketinq və sertifikatlaşdırma proseslərinin daha da təkmilləşdirilməsi bu problemi nisbətən aradan qaldıra bilər.

Faiq KƏRİMOĞLU

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?