18 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Müasir qablaşdırma sənayesi: bazarın nəbzi və gələcək perspektivlər MƏQALƏ

Hər birimiz market rəflərində səliqə ilə düzülmüş rəngli karton qutularda süd və ya meyvə şirəsi alırıq. Bəs heç düşünmüsünüzmü ki, o süd və ya şirə aylar boyunca həmin qutuda necə təzə qalır? Əslində, bu, müasir qablaşdırma sənayesinin əsasını təşkil edən Pure-Pak və Tetra Pak texnologiyaları sayəsində mümkün olur. Bu qutular qidanın sterilliyini mükəmməl şəkildə qorumaqla yanaşı, ekoloji cəhətdən də əlverişli hesab olunur. Bu qutular məhsulu həm havadan, həm də Günəş şüalarından tam izolyasiya edərək, ömrünü əhəmiyyətli dərəcədə uzadır.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) apardığı son daxili bazar araşdırması da təsdiqləyir ki, yerli qida istehsalçılarımız daha çox Tetra Pak qablaşdırmaya üstünlük verirlər. “vergiler.az” bu araşdırmadan çıxış edərək, həm qablaşdırma məhsullarının özünəməxsus xüsusiyyətləri və idxal dinamikası, həm də Tetra Pak texnologiyasının geniş tətbiq olunduğu süd və meyvə şirəsi bazarının üçillik mənzərəsinə nəzər salıb.

Tetra Pak texnologiyası: altıqatlı qoruyucu sistem

Tetra Pak qablaşdırması 75% karton, 20% polietilen və 5% alüminiumun birləşməsindən yaranır. Bu materiallar bir araya gələrək məhsulu işıqdan, oksigendən, havadan və nəmdən qoruyan altıqatlı möhkəm bir struktur formalaşdırır. Çöldən içəri doğru sıralanan altı laydan ibarət sistem həm qidanın təravətini saxlayır, həm də onu xarici təsirlərdən tam izolyasiya edir. Geniş tətbiq sahəsi olan bu qablaşdırma növü süd məhsullarından tutmuş əczaçılıq preparatlarına qədər bir çox sahələrdə əvəzsizdir. Azərbaycanda da bu texnologiyadan əsasən süd, meyvə şirəsi və bəzi pendir növlərinin keyfiyyətini uzun müddət qoruyub saxlamaq üçün istifadə olunur.

Daxili tələbat yüksəlir: qablaşdırma məhsullarında idxal göstəriciləri

Azərbaycanda 2022–2024-cü illər üzrə kağız və karton qablaşdırma məhsullarının idxalında sabit bir yüksəliş trendi müşahidə olunub. Statistikaya əsasən, 2022-ci ildə təxminən 4,9 min ton olan idxal həcmi 2023-cü ildə 5,3 min tona, 2024-cü ildə isə üç ilin ən yüksək göstəricisinə - 5,7 min tona çatıb. Ümumi mənzərəyə nəzər salsaq, 2022-ci illə müqayisədə idxalın miqdarı 15%-dən çox artıb. Bu rəqəmlər daxili bazarda qablaşdırma məhsullarına tələbatın artdığını aydın şəkildə göstərir.

Yerli istehsalçıların xammal və qablaşdırma materiallarını təmin etdiyi coğrafiya da kifayət qədər genişdir. Daxili bazar araşdırması göstərir ki, Tetra Pak və Pure-Pak tipli qutular, eləcə də onların istehsalı üçün lazım olan komponentlər əsasən Türkiyə, Rusiya, Çin və Ukraynadan gətirilir. Bununla yanaşı, tədarük zəncirində Avropa ölkələri, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Gürcüstan və ABŞ kimi bazarlar da mühüm yer tutur.

Süd istehsalında sabit artım

Daxili bazar araşdırmasında yer alan 3 illik məlumatları təhlil edərkən, Azərbaycanda süd istehsalında sabit bir artım müşahidə olunur. Belə ki, 2022-ci ildə 2,26 milyon ton olan istehsal həcmi 2023-cü ildə 2,28 milyon tona, 2024-cü ildə isə təxminən 2,3 milyon tona çatıb. Bu rəqəmlər ölkədə süd istehsalının davamlı şəkildə yüksəldiyini göstərir.

Meyvə şirəsi sektorunda isə vəziyyət bir qədər fərqlidir. 2022-ci ildə 184 min tona yaxın olan istehsal növbəti il 186 min tona yüksəlsə də, 2024-cü ildə müəyyən bir geriləmə yaşanaraq 176 min ton səviyyəsinə düşüb. Bu da şirə istehsalında, südçülükdən fərqli olaraq, daha dalğalı bir dinamikanın olduğunu göstərir.

Süd ixracı 6 dəfə artıb

Süd ixracında son illər müşahidə olunan dinamika kifayət qədər diqqətçəkicidir. 2022-ci ildə təxminən 37 min ton olan ixrac həcmi növbəti il 40 min tona yaxınlaşsa da, əsl sıçrayış 2024-cü ildə baş verib. Həmin il süd ixracı kəskin artaraq 275 min tonu keçib ki, bu da ölkənin xarici ticarətində ciddi bir dönüş nöqtəsi hesab oluna bilər. Kəskin yüksəliş ixrac siyasətindəki yeni strategiyalarla yanaşı, xarici bazarlardakı tələbatın əhəmiyyətli dərəcədə artması ilə əlaqələndirilir.

Meyvə şirəsi sektorunda 2022-ci ildə 10 min ton olan ixrac həcmi 2024-cü ildə 14 min tona qədər yüksəlib. Maraqlısı odur ki, şirə istehsalında müəyyən azalmalar qeydə alınsa da, ixrac həcmi artmaqda davam edib. Bu tendensiya istehsal olunan məhsulun daxili bazardan daha çox xarici bazarlara yönəldiyini və ixrac potensialının prioritet təşkil etdiyini göstərir.

Yerli istehsal üçün investisiya imkanları

Hazırda ölkədə 20-yə yaxın iri süd və şirə istehsalçısının fəaliyyət göstərməsi daxili bazarda Tetra Pak və Pure-Pak qablaşdırmalarına olan böyük tələbatdan xəbər verir. Bu tələbat yerli istehsal müəssisəsinin qurulması üçün ciddi bir stimuldur. Daxili bazar araşdırmasında mütəxəssis rəylərinə istinad edilərək qeyd olunur ki, belə bir müəssisənin yaradılması təkcə süd və şirə deyil, həm də qaymaq, pendir və əczaçılıq məhsulları üçün müxtəlif çeşidli qablaşdırma həllərinin ortaya çıxmasına imkan yaradacaq. Bazar təhlilləri göstərir ki, yatırılan investisiya ən optimist ssenaridə 3-4 ilə, daha mürəkkəb şəraitdə isə 8-10 ilə özünü tam doğrulda bilər. Bu sahədə əsas maliyyə yükü avadanlıqların alınması ilə bağlıdır ki, bu da ilkin xərclərin 75-90%-ni təşkil edir.

İşğaldan azad olunmuş ərazilərdə belə müasir istehsal sahələrinin qurulması regionda məşğulluğun artırılmasına da töhfə verəcək. Bu bölgələrdə fəaliyyət göstərəcək sahibkarlar vergi güzəştlərindən və digər dövlət dəstəklərindən yararlanmaq imkanına malikdirlər. Eyni zamanda, Zəngəzur dəhlizinin açılması istehsalçılar üçün yeni və strateji ixrac bazarlarına çıxış deməkdir. Ümumilikdə isə subsidiyalar, azad iqtisadi zonalar və ixraca dəstək kimi dövlət proqramlarının vahid bir yol xəritəsi çərçivəsində tətbiqi bu sektorun uzunmüddətli və dayanıqlı inkişafını təmin edəcək.

Faiq KƏRİMOĞLU

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?