Yeni startaplar - müxtəlif sahələrdə eyni rahatlıq MƏQALƏ
Gedilən yol əlavə qazanc gətirir
Artıq avtovağzallarda vaxt itirməyə və ya yol kənarında nəqliyyat gözləməyə ehtiyac qalmır. “Yolüstü” mobil tətbiqi ilə gündəlik və şəhərlərarası səfərlərə sadə və effektiv şəkildə, daha rahat, sürətli və planlı şəkildə çıxmaq mümkündür. Startapın yaradıcısı İqbal Əfəndiyev bu layhənin eyni istiqamətdə hərəkət edən sürücülərlə sərnişinləri bir araya gətirdiyini vurğulayır.
Platformada sürücülər səfərlə bağlı elanlar yerləşdirir, səfərin günü, saatı, istiqaməti və avtomobildə mövcud olan boş yerlərin sayı qeyd edilir. Sərnişinlər isə istədikləri marşrutu seçməklə yanaşı, oturacaqlarını da özləri müəyyən edə bilirlər. Hətta digər sərnişinlər haqqında ilkin məlumatlar - onların adı, soyadı və cinsiyyəti barədə də məlumatları əvvəlcədən görmək olur. Tətbiq daim yeni funksiyalarla təmin edilir. Yaxın zamanda süni intellekt əsaslı funksiyalar həm sürücülərin, həm də sərnişinlərin ürəyincə olacaq. Yeni funskionallıq sayəsində eyni istiqamətə və eyni regiona səfər edən sürücü və sərnişinlər bir-birlərini daha rahat tapa biləcəklər. Bundan əlavə, qeydiyyat və yoxlama proseslərinin avtomatlaşdırılması vaxt itkisini azaldacaq və ümumi əməliyyatları xeyli sadələşdirəcək.
İ.Əfəndiyev “Startap” şəhadətnaməsi ilə qazanılan vergi güzəşti nəticəsində mobil tətbiqi daha geniş auditoriyaya tanıtmaq üçün geniş imkanlar yarandığını deyir. Məhz bunun nəticəsində tanıtım fəaliyyətləri daha effektiv qurulacaq. Gəlir vergisi ödənilmədiyi üçün sürücülərlə daha aşağı komissiya ilə müqavilələr bağlanacaq ki, bu da hazırda inkişaf mərhələsində olan tətbiqin daha geniş auditoriyada tanınması üçün əsas şərtlərdən biridir.
Azərbaycan kinosu üçün davamlı gəlir modeli yaradan yeni platforma
Audiovizual əsərlər bütün dünyada uzunmüddətli gəlir gətirən məhsul hesab olunur. Kino yalnız kinoteatr nümayişi ilə məhdudlaşmır, beynəlxalq təcrübədə filmlər mərhələli satış sistemi vasitəsilə istehsalçısına illərlə gəlir qazandırır. Bu mərhələlərə kinoteatr distribusiyası, onlayn yayım platformaları, televiziya, hava və su nəqliyyatında nümayiş kimi müxtəlif kanallar daxildir.
Lakin Azərbaycanda vəziyyət dünya praktikasından bir xeyli fərqlidir. Film yaradıcıları əsasən kinoteatr nümayişi ilə kifayətlənirlər ki, bu da kino sənayesinin inkişafına mənfi təsir göstərən amildir. Ancaq sevindirici xəbər budur ki, sözügedən boşluğu dolduracaq yeni yerli “Kinobox” adlı startap kinosevərlərə təqdim edilib. Startapın yaradıcısı Elvin Abdulla deyir ki, bu platforma istehsalçıların işini asanlaşdırmaqla bərabər, yerli kino sektorunda davamlı dövriyyə problemini aradan qaldırmağı hədəfləyir.
Platforma istehsalçılar üçün yeni “marketplace” rolunu oynayaraq, onların öz audiovizual əsərlərini rahat şəkildə satışa çıxarmasına imkan yaradır. Beləliklə, filmlər yalnız bir dəfə deyil, davamlı olaraq gəlir gətirən məhsula çevrilir. Tamaşaçılar isə vahid məkandan filmləri izləmək imkanı qazanırlar. Yeni tətbiqin texniki imkanları da müasir tələblərə cavab verir. Belə ki, istifadəçilər filmləri oflayn rejimdə izləyə, onları dəyərləndirə, eyni zamanda “reels” formatında baxa bilirlər. Bununla yanaşı, süni intellekt vasitəsilə yaradılmış filmlərin platformada yayımı və dublyajı da mümkündür ki, bu da “Kinobox”u region üçün innovativ layihələrdən birinə çevirir.
Qeyd edək ki, startap Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə yaradılıb.
Kiçik bizneslər saniyələr içində veb-sayt yarada biləcəklər
Texniki bilik olmadan, saniyələr içində veb-sayt yaratmaq - “Webtypely”nin təqdim etdiyi əsas həll budur. Startapın təsisçisi Əli Şıxiyev bildirir ki, “Webtypely” bizneslər və fərdi istifadəçilər üçün sürətli, ağıllı və istifadəsi asan veb-həllər təqdim edən rəqəmsal platformadır. Onun sözlərinə görə, əsas məqsəd veb-saytların və rəqəmsal məhsulların yaradılmasını “no-code” alət səviyyəsində daha sadə, əlçatan və effektiv etməkdir.
Yeni platforma istifadəçilərə texniki biliklərə ehtiyac olmadan veb layihələrini qurmaq, idarə etmək və inkişaf etdirmək imkanı yaradır ki, bu da ciddi ölçüdə vaxta və maliyyəyə qənaət etməyə imkan verir. Biznes sahibləri və startaplar əlavə resurs sərf etmədən onlayn mövcudluqlarını sürətlə gücləndirə bilirlər. Avtomatlaşdırılmış veb-həllər, istifadəçi yönümlü interfeys, hazır dizayn şablonları, sürətli qurulma və idarəetmə, lokal bazarın ehtiyaclarına uyğun yanaşma startapı unikal edən məqamlardandır. Ə.Şıxiyev texnologiyanı sadələşdirməklə hər kəs üçün əlçatan etməyə çalışdıqlarını deyərək, yaxın zamanda platformada edəcəkləri yeniliklərdən də danışıb. Belə ki, prosesləri sürətləndirmək üçün süni intellekt əsaslı funksiyaların əlavə olunması əsas planlar arasındadır. Bundan əlavə, platformanın funksional imkanlarının genişləndirilməsi, xarici bazarlara çıxış, startap və KOB-lar üçün xüsusi paketlərin hazırlanması da hədəflənir.
“Startap” şəhadətnaməsinin qazandırdığı vergi güzəşti ilə əldə olunan vəsaitin hansı istiqamətə xərclənəcəyinin də artıq məlum olduğunu deyən layihə müəllifi əldə edilən resursları birbaşa məhsulun inkişafına yönəltmək niyyətində olduqlarını bildirib. Yeni texnologiyalara investisiya etmək, komandanı genişləndirmək və bununla da layihəni daha sürətli böyütmək istəyirlər.
Evdən çıxmadan sərgiyə qoşulmaq imkanı
Artıq irimiqyaslı tədbirləri onlayn virtual reallıq mühitində təqdim etmək mümkün olacaq. “Digital Expo Center” platforması ilə təşkil edilən sərgilər, konfranslar və digər tədbirlər kompüter, mobil və ya VR cihazları vasitəsilə rahat şəkildə ziyarət edilə bilir. Təşkilatçılar böyük xərc və logistika problemləri olmadan qlobal auditoriyaya çıxış əldə edir, iştirakçılar isə evdən çıxmadan maraqlandıqları tədbirlərdə iştirak edə bilirlər.
Startapın müəllifləri bildiriblər ki, “Digital Expo Center” sadəcə virtual sərgi deyil, tam interaktiv rəqəmsal mühitdir. Platforma 60-dan çox fərdiləşdirilə bilən virtual stend, real vaxtda ünsiyyət, multimedia təqdimatları və yüksək performanslı qrafik təcrübə təqdim edir. Əsas fərq platformanın brauzer məhdudiyyətlərindən kənar, sabit və miqyaslana bilən kross-platforma texnologiya üzərində qurulmasıdır. Gələcək mərhələdə buraya süni intellekt əsaslı analitika, daha dərin interaktiv mexanizmlər və beynəlxalq bazarlar üçün genişlənmiş funksiyaların əlavə edilməsi planlaşdırılır. “Digital Expo Center” ayrıca tətbiq kimi fəaliyyət göstərir. Bu, istifadəçilərə yüksək qrafika keyfiyyəti, sabit bağlantı və real vaxtda ünsiyyət imkanı yaradır. Platforma müxtəlif cihazlarda eyni səviyyədə performans və rahatlıq təmin edir.
Yaradıcı komandanın üzvləri bildirirlər ki, “Startap” şəhadətnaməsi çərçivəsində təqdim olunan vergi güzəştləri layihənin daha sürətli inkişafına şərait yaradır. Bu imkan resursları birbaşa məhsulun təkmilləşdirilməsinə və innovativ həllərin yaradılmasına yönəltməyə imkan verir.
“Digital Expo Center” artıq bəzi uğurları ilə də diqqət çəkir. Layihə 2022-ci ilin 26–29 may tarixlərində keçirilən “Teknofest Azərbaycan” müsabiqəsində sosialyönümlü texnologiyalar nominasiyası üzrə birinci yerin sahibi olub, eyni zamanda “Netty” 2023 Milli İnternet Mükafatı çərçivəsində “Elm, təhsil və innovasiya” nominasiyası üzrə qalib seçilib.
Kənd təsərrüfatında əməliyyat effektivliyi…
Texnologiyanın sürətlə inkişaf etdiyi indiki zamanda kənd təsərrüfatı sahəsində xidmətlərin keyfiyyətini artırmaq və logistik xərcləri azaltmaq vacib məqamlardandır. Bu baxımdan, “OnWay” platforması müxtəlif təchizatçıların məhsul və xidmətlərini mərkəzləşdirilmiş şəkildə birləşdirir və sifarişdən çatdırılmaya qədər izləmə imkanı verir.
Platformanın təsisçisi Tofiq Niftəliyev deyir ki, yaratdıqları həll xüsusilə regionlarda kənd təsərrüfatı istehsalçıları və təchizatçıları üçün xidmətləri mərkəzləşdirməklə əməliyyatların şəffaflığını və effektivliyini artırır. İstifadəçilər həm veb-platforma, həm də mobil tətbiq üzərindən sifariş verə, çatdırılmanı real vaxtda izləyə və prosesin hər mərhələsini idarə edə bilərlər. Bu, sektorda həm sürət, həm də resurs qənaəti yaradır, logistik zənciri isə daha çevik edir. T.Niftəliyevin sözlərinə əsasən, “OnWay” layihəsinin məqsədi insanlara evlərindən çıxmadan geniş çeşiddə məhsul və xidmətlər göstərən təchizatçıların mağazalarına virtual daxil olmaqla sifarişlər vermək, ödənişi onlayn həyata keçirmək və çatdırılmanı bir platformada izləməklə alış və xidmətlərdən yararlanmağa imkan verir. Layihə tam gücüylə işlədiyi halda, təchizatçılarla birgə aksiyalar, endirimlər və müxtəlif loyallıq proqramları da icra olunacaq.
Faiq KƏRİMOĞLU
