Yerfındığı bazarı canlanır: artan istehsal və dövlət subsidiyaları MƏQALƏ
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə ən son 9 prioritet istiqamət üzrə aparılan daxili bazar araşdırmalarında yerfındığı məhsullarının istehsalı sahəsi xüsusi yer tutur. Agentliyin təqdim etdiyi bu araşdırmalar sahibkarlara real bazar tələbatına uyğun addım atmaq şansı yaradır. Azərbaycanda yerfındığı həm birbaşa istehlak, həm də qənnadı sənayesi üçün ideal məhsula çevrilib. Hələ də idxaldan asılılığın mövcudluğu və sabit bazar tələbatı bu sahənin yerli istehsalçılar üçün cəlbediciliyini getdikcə artırır. “vergiler.az” daxili bazar araşdırmasında yer alan rəqəmlərə istinad etməklə bu məhsula tələb, istehlak və istehsal göstəricilərini real rəqəmlər əsasında təhlil edib.
İstehsalda 44 faiz artım
Dövlət Statistika Komitəsinin hesablamalarından aydın olur ki, Azərbaycanda yerfındığı istehsalı nəzərəçarpacaq dərəcədə artıb. 2022-ci ildə 1.950 ton olan istehsal həcmi 2023-cü ildə 2.350 tona, 2024-cü ildə isə 2.800 tona yüksəlib. Bu, cəmi iki il ərzində təxminən 44% artım deməkdir və sektorun sürətlə inkişaf etdiyini göstərir. İstehsalın yüksəlməsinin əsas səbəbləri kimi bu sahəyə fermerlərin marağının artması, əlverişli iqlim və torpaq şəraiti, xüsusilə də Şirvan-Salyan bölgəsində münasib əkin sahələrinin genişlənməsi göstərilir. Son illərdə suvarma texnologiyalarının yenilənməsi və emal müəssisələrinin çoxalması da məhsuldarlığa müsbət təsir göstərən amillərdəndir. Digər tərəfdən, dünya bazarında məhsulun qiyməti kifayət qədər yüksəkdir ki, bu da, təbii olaraq, sahibkarların diqqətini çəkən məsələlərdəndir. Belə ki, dünya bazarında qabıqlı xam məhsulun 1 kiloqramının topdansatış qiyməti 1,6-3,44 ABŞ dolları aralığında dəyişir. Qabıqlı və ya qabıqsız məhsulun pərakəndə qiyməti 4,7-8,36 Azərbaycan manatı təşkil etsə də, məhsulun emal olunmuş və paketlənmiş qiyməti 1 kiloqrama görə 30–35 manat arasında dəyişir.
Sabit tələbat, artan həcm
Bazar araşdırmasındakı rəqəmlərə əsasən, 2022-ci ildə yerfındığının təxmini istehlak həcmi 28–30 min ton arasındadır. 2023-cü ildə bu göstərici 30,5–32,5 min tona yüksələrək illik əsasda təxminən 7–8 faiz artım nümayiş etdirib. Sonrakı il isə istehlak həcmi 33–35 min ton aralığında formalaşıb. Rəqəmləri təhlil edəndə aydın olur ki, 2022–2024-cü illər ərzində yerfındığı istehlakı ümumilikdə 17–18 faiz artıb və bu da məhsula olan tələbatın sabit və mərhələli şəkildə genişləndiyini göstərir. Amma eyni dövrdə yerfındığı üzrə adambaşına düşən illik göstərici nisbətən sabit qalıb. Belə ki, əhali 2022-ci ildə orta hesabla 3,1 kq, 2023-cü ildə təxminən 3 kq, 2024-cü ildə isə 2,9 kq yerfındığı istehlak edib ki, bu da ümumi həcmlərdə adambaşına düşən səviyyənin əsasən dəyişməz qaldığını və bazarda kəskin dalğalanmaların baş vermədiyini göstərir.
Məhsuldarlıq yüksəlib
Dövlət Statistika Komitəsinin məlumatlarında yerfındığı istehsalı ayrıca məhsul kimi deyil, “sair paxlalılar” yarımbaşlığı altında əks olunur. Bu qrup üzrə göstəricilərin təhlili göstərir ki, üç il ərzində istehsal həcmləri müəyyən dalğalanmalar nümayiş etdirsə də, məhsuldarlıq göstəricilərində nəzərəçarpacaq yüksəliş müşahidə edilib. Belə ki, hektardan əldə olunan məhsul həcmi 2022-ci ildə 17,5 sentner olduğu halda, 2024-cü ildə 28,3 sentnerə qədər artıb. Xüsusilə 2024-cü ildə istehsalın 3 min tona çatması ilə yanaşı, məhsuldarlığın əvvəlki illə müqayisədə 33 faiz yüksəlməsi bu sahədə texniki təminatın yaxşılaşması və intensiv becərmə üsullarının tətbiqi ilə əlaqələndirilir.
Qeyd edək ki, hazırda yerfındığı istehsalı, əsasən, Mərkəzi Aran, Mil-Muğan və Şirvan-Salyan iqtisadi rayonlarında cəmləşib. Mövcud təbii amillər və əlverişli torpaq şəraiti nəzərə alındığı halda, yerfındığı yetişdirmək üçün Gəncə-Qazax, Mil-Muğan və Şirvan-Salyan zonaları daha əlverişli görünür. Lənkəranın subtropik iqlimi də bəzi yerfındığı sortları üçün əlavə üstünlük yaradır.
İdxal: həcmlər və mənbələr
Üç il üzrə göstəricilərə baxdıqda qabıqlı, qovrulmamış və ya başqa cür bişirilməmiş yerfındığı idxalında davamlı azalma müşahidə olunur. Belə ki, 2022-ci ildə 1.840 ton olan idxal 2023-cü ildə 1.513 tona enib. 2024-cü ildə isə 1.242 ton səviyyəsinə düşüb. Ümumilikdə, iki il ərzində idxal həcmi təxminən 32% azalıb və bu, daxili istehsal nəticəsində mümkün olub. Amma qabığı soyulmuş, qovrulmamış və ya başqa üsulla bişirilməmiş yerfındığının idxalında fərqli dinamika müşahidə olunur. 2022-ci ildə ölkəyə 4.060 ton məhsul gətirilib və 2023-cü ildə idxal həcmi cüzi azalaraq 4.045 tona bərabər olsa da, 2024-cü ildə idxalın həcmi daha da artaraq 4.189 tona çatıb.
Yeri gəlmişkən, ölkəmiz yerfındığını əsasən Özbəkistan və Braziliyadan idxal edir, amma son dövrdə Hindistandan gələn məhsul da bazarda gözə dəyməyə başlayıb.
Dövlət dəstəyi və subsidiya mexanizmi
Yerfındığı istehsalı yüksək ilkin sərmayə və yaxşı suvarma sistemi tələb edir. Məhsuldarlıq əsasən üçüncü ildən sabitləşir. Bütün bunları nəzər aldıqda, sahibkarların bu sahədə qısa müddətdə yüksək mənfəət əldə etməsi real görünmür. Belə olan halda, dövlət dəstəyi mühüm əhəmiyyət kəsb edir.
2025-ci ildən hökumət müasir suvarma sistemləri ilə təmin edilmiş yerfındığı sahələrinə hər hektara görə 280 manat, suvarma sistemi olmayan sahələrə isə 220 manat həcmində əkin subsidiyası ayırıb. Bununla yanaşı, sudan səmərəli istifadə və ətraf mühitin qorunması məqsədilə müasir suvarma sisteminə malik sahələr üçün əlavə olaraq hər hektara 60 manat subsidya da nəzərdə tutulub. İşğaldan azad edilmiş ərazilərdə təşviqlər isə daha cəlbedicidir. Belə ki, bu bölgələrdə müasir suvarma sistemi tətbiq olunmuş sahələrdə becərilən dənli və dənli paxlalılar üçün hər hektara 400 manat əkin subsidiyası ödənilir.
Yeri gəlmişkən, Aqrar Subsidiya Şurası ölkə Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın müvafiq bəndinə müvafiq olaraq, 2026-cı il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib. Həmin qərarda 2026-cı il üzrə yerfındığı istehsalının inkişafı üçün bir sıra dəstək mexanizmləri də öz əksini tapıb. Bütün bu güzəşt və subsidiyalar yerfındığı istehsalını artırmaq, ölkənin idxaldan asılılığını azaltmağa hesablanıb.
Faiq KƏRİMOĞLU
