12 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Daxili bazar araşdırması: bulqur və mərci bazarında 3 illik trendlər MƏQALƏ

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə sahibkarlar üçün bazarın tələbatına uyğun olaraq, bir neçə istiqamət üzrə daxili bazar araşdırmalarının aparılması davam etdirilir. Araşdırma sahibkarların müraciəti və KOBİA-nın təşəbbüsü əsasında həyata keçirilir. Mikro sahibkarların müraciəti ilə aparılan araşdırmaya çəkilən xərcin 80%-i, kiçik sahibkarların müraciəti əsasında həyata keçirilən araşdırmaların isə 50%-i dövlət tərəfindən maliyyələşdirilir. Yeri gəlmişkən, hər bir daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği maksimum 20 min manat təşkil edir. KOBİA-nın açıqlamasına əsasən, ən son 9 istiqamət üzrə araşdırılması aparılan sahələrdən biri də bulqur və mərci istehsalıdır. 

vergiler.az” bazar araşdırmasında yer alan rəqəmlər əsasında istehsal, istehlak və məhsuldarlığın hansı səviyyədə olduğuna nəzər salıb.
 

Bulqur istehlakında sıçrayış: 3 ildə 30 faiz artım

Araşdırmaya əsasən, 2022-ci ildə Azərbaycanda bulqur istehlakı təxminən 7,5–8 min ton, 2024-cü ildə isə 9,5–10,5 min ton arasında dəyişib, yəni 25–30% artım müşahidə olunub. Bu artım HoReCa (hotel, restoran, kafe) sektorunda yeni yemək kateqoriyalarının yaranması, idxalın artması və bulqurun evlərdə “sürətli bişən ərzaq” kimi yayılması ilə əlaqələndirilir.

2022-ci ildə 29–31 min ton olan mərci istehlakı 2024-cü ildə 33–35 min tona çatıb, yəni təxminən 10–12% artım qeydə alınıb. Bu, əsasən, ənənəvi qida vərdişləri, böyük ailələrdə təkrar alış dövrünün sabitliyi və mərciyə alternativ zülal mənbəyi kimi tələbatla bağlıdır. Eyni zamanda, idxalçı ölkələrin məhsul çeşidini və keyfiyyətini genişləndirməsi də bu sahəyə marağı artıran səbəblər sırasında qeyd edilir. Hər iki məhsula olan tələbatın artımı həm bazar tendensiyaları, həm də istehlakçı vərdişləri ilə izah olunur.

Məhsuldarlıq göstəriciləri
Bulqur istehsalı üçün həlledici rol oynayan buğdanın məhsuldarlığı araşdırmanın əhatə etdiyi üç ildə gah artan, gah da azalan xətt üzrə hərəkət edib. Belə ki, 2022-ci ildə hektar üzrə 31,9 sentner olan məhsuldarlıq 2023-cü ildə 33,8 sentnerə yüksələrək müsbət dinamika nümayiş etdirsə də, 2024-cü ildə 30,9 sentnerə kimi eniş müşahidə olunub. Oxşar meyillər mərcinin məhsuldarlığında da özünü göstərib. Belə ki, 2022-ci ildə hektar başına 12,9 sentner təşkil edən məhsuldarlıq 2023-cü ildə 14,8 sentnerə qədər artıb və 2024-cü ildə yenidən 12,9 sentner səviyyəsinə düşüb.

Mərci istehsalında kəskin artım

2022–2024-cü illəri əhatə edən dövr ərzində Azərbaycanda həm buğda, həm də mərci istehsalında fərqli kəmiyyət dəyişiklikləri müşahidə olunub. Buğda istehsalı 2022-ci ildəki 1 milyon 736 min tonluq göstəricidən sonra 2023-cü ildə artaraq 1 milyon 833 min 800 tona çatsa da, 2024-cü ildə müəyyən qədər azalaraq 1 milyon 685 min 700 ton təşkil edib.

Mərci istehsalında isə dinamika fərqli istiqamətdə inkişaf edib. 2022-ci ildə ölkə üzrə 699,9 ton mərci istehsal edildiyi halda, növbəti il bu rəqəm 596,9 tona enib. Lakin 2024-cü ildə istehsal həcmində ciddi toparlanma qeydə alınıb və bu göstərici üç ilin ən yüksək həddinə — 737,6 tona yüksəlib.

İdxal coğrafiyası: Rusiya, Qazaxıstan və Türkiyə...

Azərbaycanda mərci idxalı pilləli şəkildə artmaqda davam edir. Bazar araşdırmasında yer alan rəqəmlərə əsasən, 2022-ci ildə ölkəyə 7.490 ton mərci gətirildiyi halda, 2023-cü ildə bu göstərici 7.774 tona, 2024-cü ildə isə 8.263 tona yüksəlib. Bu artım daxili bazarda mərciyə olan tələbatın sabit yüksəlişini aydın şəkildə əks etdirir.

Qeyd olunan dövrdə mərci idxalında əsas payı Rusiya və Qazaxıstan bölüşür. Belə ki, ümumi idxalın təxminən yarısı Rusiya, üçdə birinə yaxını Qazaxıstan, 15 faizi isə Qırğızıstanın payına düşüb. Beləliklə, bazarın böyük hissəsi bu üç ölkənin məhsulları hesabına formalaşır.

Bulqur bazarında isə mənzərə bir qədər fərqlidir. Üç il ərzində bulqur idxalı həm həcm (1,5–2 min ton), həm də dəyər (1–1,5 milyon dollar) baxımından sabit qalıb. Bu məhsulun əsas tədarükçüsü isə Türkiyədir. İdxal həcminin illər üzrə dəyişməməsi bazarda tələbatın böyük olduğunu göstərir. Bu sabitlik həm də o deməkdir ki, gələcəkdə daxili istehsalı artırmaq üçün yerli sahibkarların önündə ciddi potensial imkanlar var.

Dövlət dəstəyi və subsidiyalar: fermerlər üçün yeni imkanlar...
Azərbaycanda qida təhlükəsizliyində strateji məhsul hesab olunan bulqur və mərci istehsalına xüsusi diqqət ayrılır. Mərci və buğda yetişdirən fermerlər genişmiqyaslı dəstək tədbirləri ilə əhatə olunaraq subsidiya almaq imkanı qazanırlar. Bu sistemin şəffaflığını təmin etmək üçün əkinlər rəsmi qeydiyyatdan keçirilir və xüsusi monitorinqlər vasitəsilə yoxlanılır. Mərci istehsalçılarına verilən subsidiyanın məbləği isə birbaşa sahənin suvarılma vəziyyətindən asılı olaraq dəyişir və müasir suvarma sistemlərindən istifadə edən fermerlərə hektar başına 290 manat, suvarılmayan sahələrə isə 230 manat həcmində vəsait hesablanır. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə və təkrar əkin sahələrində fəaliyyət göstərən sahibkarlara xüsusi və stimullaşdırıcı məbləğlər tətbiq olunur.

Bulqur bazarına gəldikdə isə dövlət dəstəyi emal prosesinin təməlini təşkil edən ərzaqlıq buğda istehsalı üzərindən həyata keçirilir. Burada tətbiq olunan xüsusi mexanizmə əsasən, dövlət ərzaqlıq buğdanın hər tonunu 400 manatlıq zəmanətli qiymətlə tədarük edərək fermerin gəlirlərini sığortalayır. Əgər dünya bazarında və ya daxili idxal qiymətlərində bu həddən aşağı eniş müşahidə olunarsa, aradakı qiymət fərqi subsidiya şəklində birbaşa istehsalçıya kompensasiya olaraq ödənilir. Bu yanaşma həm fermerlərin əməyini qiymətləndirir, həm də daxili bazarda bulqur və un məhsullarının qiymət sabitliyini qoruyaraq, ölkənin qida bazasında dayanıqlığı təmin edir.

Faiq KƏRİMOĞLU

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?