Azərbaycan startapları: süni intellektlə innovativ həllər, etibarlı platformalar MƏQALƏ
Artıq süni intellekt radiologiyada sürət və dəqiqliyin artırılmasında mühüm rol oynayır. Yerli ImYEN platforması radioloqların artan iş yükünü azaltmaq, diaqnostik prosesləri sürətləndirmək və radioloji xidmətlərə çıxışı asanlaşdırmaq məqsədilə yaradılıb. Bu tətbiq sürətli giriş imkanı, təhlükəsiz məlumat saxlanılması və optimallaşdırılmış iş axını ilə həkimlərə əhəmiyyətli üstünlüklər təqdim edir.
Startap komandasının üzvü Mələk Əhmədova bildirir ki, platforma sümük seqmentasiyası və sinə rentgenləri üzrə avtomatik hesabatlar hazırlayaraq saatlarla vaxt aparan prosesləri cəmi bir neçə dəqiqəyə endirir və 97 faiz dəqiqlik təmin edir. Platformanın üstünlüklərindən danışan startapçı qeyd edir ki, ImYEN-i rəqiblərindən fərqləndirən əsas xüsusiyyət beş fərqli süni intellekt modelinin vahid sistemdə birləşdirilməsidir. Məhz bu yanaşma yüksək dəqiqlik və etibarlılığı təmin edən əsas amillərdəndir.
Komanda yaxın gələcəkdə regional və qlobal bazarlara çıxmağı, eyni zamanda süni intellekt modellərinin sayını artırmağı hədəfləyir. M.Əhmədova əlavə edir ki, yerli şirkət statusu və tətbiq olunan vergi güzəştləri məhsulun davamlı inkişafına, eləcə də daha təhlükəsiz və innovativ texnoloji həllərin yaradılmasına geniş imkanlar açır.
Yemək barədə bilikləri qazanca çevirən ilk sosial platforma
Evdar xanımlar, aşpazlar və “food-blogger”lər üçün biliklərini real dəyərə və gəlirə çevirməyin yeni platforması - “Bishir”. Bu platformada istifadəçilər resept paylaşır, videokontent yaradır, bi-birlərinə qarşılıqlı dəstək göstərir və aktivliyinə görə real qazanc əldə edirlər. Azərbaycanda yaradılmış layihə hazırda Türkiyə, Qazaxıstan, Özbəkistan və Gürcüstan bazarlarına çıxış mərhələsindədir.
Startapın təsisçisi və direktoru Nərmin Veysəlova bildirir ki, “Bishir” məzmun yaratmağı və yemək ideyası tapmağı maksimum sadələşdirir. Axtarış sürətlidir, paylaşım rahatdır, icma isə daim aktivdir. Sosial şəbəkə, icma və monetizasiya mexanizmləri vahid sistem kimi işləyir. Virtual hədiyyələr aktivliyi artırır, lokal kontent yanaşması isə hər bazar üçün uyğun təcrübə yaradır. Startapçı deyir ki, “Bishir”in əsas üstünlüyü yemək mövzusuna fokuslanan ilk sosial media platforması olmasıdır. Yaxın dövrdə platformaya “reels” formatlı video axını, inkişaf etmiş qeymifikasiya tapşırıqları və brend-restoran tərəfdaşlıqları əlavə olunacaq. Həmsöhbətimiz əlavə edir ki, mobil tətbiq sürətli, intuitiv və istifadəçi yönümlüdür. Video, şəkil və mətn paylaşımları, ağıllı filtrlər və mükafat sistemi platformada qarşılıqlı əlaqəni yüksəldir.
N.Veysəlova vergi güzəştləri ilə bağlı da danışıb. Onun sözlərinə görə, gəlir vergisindən azadolma resursları birbaşa məhsulun inkişafına yönəltməyə imkan verir. Bu güzəşt eyni zamanda texnoloji yenilikləri sürətləndirir ki, nəticə etibarilə startapın sabit böyüməsi reallaşır.
Boş parkinq yeri tapmaq artıq problem deyil
Yerli “ParkHub” platforması sürücülərin vaxt itkisini aradan qaldırmağa, stressi azaltmağa və şəhərdə parklanmanı daha planlı idarə etməyə hesablanan B2B (business-to-business) smart-parkinq ekosistemidir.
“ParkHub”ın təsisçiləri - Orman Sultanlı və Samir Qadirov deyirlər ki, parklanma problemi bu məqsəd üçün ayrılmış yerlərin azlığı ilə deyil, məlumatın olmamasından qaynaqlanır. “ParkHub” məhz bu problemi həll etmək üçün yaradılıb. Platforma iş yerlərinə yaxın, eləcə də şəhərin bütün bağlı parkinqlərində və ticarət mərkəzlərində xəritədə göstərilən zəmanətli yerlər təqdim edir. “ParkHub” mobil tətbiqi vasitəsilə istifadəçilər parkinqləri əvvəlcədən görə, rahat giriş-çıxış edə, vahid abunə və ödəniş sistemi ilə şəhər üzrə müxtəlif parkinqlərdən istifadə edə bilirlər. Eyni zamanda, tətbiq parkinqlərdə mövcud doluluq və sıxlıq vəziyyətini göstərir. Yaxın gələcəkdə isə istifadəçilər parkinq yerini öncədən rezervasiya etmək imkanı əldə edəcəklər.
Təsisçilərin sözlərinə əsasən, layihənin əsas üstünlüyü bütün parkinqləri vahid rəqəmsal platformada birləşdirməsindədir. Abunə modeli, real vaxt məlumatı və analitika vasitəsilə həm sürücülər, həm də parkinq sahibləri üçün idarə olunan və gəlir gətirən xidmət təqdim edilir.
Layihənin təqdirəlayiq üstünlüklərindən biri də “fast track” giriş sistemidir. Bu o deməkdir ki, aylıq ödənişlə istifadəçi hər dəfə bilet götürmədən və ya əlavə ödəniş etmədən parkinqlərə sürətli daxil ola bilir. Layihə müəllifləri ambisiyalı planlar üzərində də işlədiklərini bildirirlər. Belə ki, mobil tətbiqin tam istifadəyə verilməsi, şəhər miqyasında yeni parkinqlərin buraya inteqrasiyası, korporativ və dövlət qurumları üçün xüsusi həllər və 2027-ci ildən etibarən xarici bazarlara çıxış hədəflənir.
Startapçılar vurğulayırlar ki, əldə etdikləri vergi güzəştləri məhsulun təkmilləşdirilməsi və yeni iş yerlərinin yaradılmasına investisiya etməyə imkan verir. Layihənin sürətlə böyüməsi üçün, sözsüz ki, bunlar çox vacibdir.
Gündəlik ehtiyaclar üçün müasir və etibarlı platforma
“İşgüzar” müasir dövrün tələblərinə cavab verən, xidmət alanlarla peşəkar xidmət təklif edənləri vahid məkanda birləşdirən innovativ bir platformadır. Həm təcrübəli ustalar, həm də gündəlik ehtiyaclarına sürətli həll axtaran müştərilər üçün nəzərdə tutulan bu startap xidmət bazarını tamamilə yenidən formalaşdırır. Usta xidmətlərindən sosial media marketinqinə, təmizlikdən dizayn və fərdi məşqçiliyə qədər uzanan geniş kateqoriya seçimi istifadəçilərə ehtiyac duyduqları dəstəyi anında, şəffaf və etibarlı şəkildə tapmaq imkanı yaradır.
Platformanın əsas hədəfi xidmət sektorunda şəffaflığı təmin etmək və tərəflər arasında qarşılıqlı güvənə əsaslanan əlaqələr qurmaqdır. Startapın təsisçisi Nurlan Yusifli bildirir ki, real müştəri rəyləri, reytinq sistemi və aydın qiymətləndirmə mexanizmi sayəsində hər bir seçim məlumatlı və təhlükəsiz şəkildə həyata keçirilir. Ən son texnoloji yenilikləri özündə birləşdirən sadə və istifadəçi dostu interfeys müxtəlif yaş qruplarından olan insanların tətbiqdən rahatlıqla istifadə etməsinə şərait yaradır. Təhlükəsizlik və məlumatların qorunması sistemin fundamental sütunlarından biridir. Bütün əməliyyatlar və ödəniş prosesləri ən yüksək təhlükəsizlik standartlarına uyğun idarə olunur ki, bu da platformanı hər iki tərəf üçün maksimal dərəcədə etibarlı edir. Dinamik şəkildə genişlənən istifadəçi bazası və təqdim olunan unikal imkanlar bu tətbiqi yalnız bir proqram deyil, həyatın hər sahəsində keyfiyyəti və rahatlığı təmin edən rəqəmsal həll yoluna çevirir.
Startaplar investorları daha rahat tapa biləcəklər
Azərbaycanda perspektivli startap ideyalarının sayı durmadan artmaqdadır, lakin onların böyük hissəsi investorlarla effektiv əlaqə qurmaqda çətinlik çəkir. Bu, startapların inkişaf mərhələsində əsas maneələrdən biridir və ekosistemin ümumi inkişafını ləngidir. Valeh İsmayılov və Elcan Quluyevin 2024-cü ildə yaratdıqları “OpenConnect” layihəsi startapların investorlara çıxışını asanlaşdıran bir platformadır. V.İsmayılov deyir ki, Azərbaycandakı startapları yerli və xarici investorlarla vahid, şəffaf və strukturlaşdırılmış platforma üzərindən bir araya gətirmək niyyətindədirlər. Sözsüz ki, bu yanaşma startapların investisiya almaq şansını artırmaqla yanaşı, ekosistemin ümumi inkişafına da real töhfə verəcək. Anonim “benchmarking”lə dəstəklənmiş profillər sayəsində startaplar investorlarla asanlıqla əlaqə qurur və investisiya şansını yüksəldir.
Platformanın unikallığı “Data-for-Perks” modelindədir. Bu model Azərbaycanda ilk dəfə olaraq “məlumat müqabilində dəyər” yanaşmasını tətbiq edir. Startaplar öz məlumatlarını təhlükəsiz şəkildə paylaşır, anonimləşdirilmiş analitik bazadan faydalanır və bunun müqabilində “SaaS” alətləri, mentorluq və hüquqi resurslara çıxış əldə edirlər. Bu model ekosistemdə real, müqayisə edilə və ölçülə bilən göstəricilər formalaşdırır.
Startapçılar yaxın zamanda “OpenConnect”i daha dərin analitika və daha geniş müqayisə imkanları olan platformaya çevirmək niyyətindədirlər. İnteraktiv analitika, real vaxt “dashboard”lar və qlobal “benchmark” imkanları ilə platformanın genişləndirilməsi hədəflənir ki, bu da startaplar və investorlar üçün etibarlı və məlumat əsaslı qərarvermə mühitini gücləndirəcək.
“OpenConnect” hazırda veb-platforma üzərindən fəaliyyət göstərir və istifadəçilər bir sıra praktik üstünlüklərdən yararlanırlar. İlk növbədə, platforma startaplara təhlükəsiz məlumat inteqrasiyası imkanı yaradır. Bundan başqa, istifadəçilər öz performanslarını real ekosistem ortalamaları ilə müqayisə edən fərdiləşdirilmiş hesabatlar əldə edirlər. Platforma üzərindən əldə olunan imtiyaz və resurslar mərkəzləşdirilmiş şəkildə idarə edilə bilir. Bu yanaşma investorlar üçün etibarlı məlumat mühiti, startaplar üçün isə real dəyər yaradan analitik alət rolunu oynayır.
Hər iki həmsöhbətimiz qeyd edir ki, “Startap” şəhadətnaməsi çərçivəsində təqdim olunan 3 illik vergi azadlığı “OpenConnect”ə əldə olunan gəlirləri birbaşa məhsulun inkişafına, texniki infrastrukturun gücləndirilməsinə, yeni funksiyaların yaradılmasına yönəltməyə imkan verir. Bununla da layihə daha da inkişaf edəcək və ekosistem üçün daha böyük və uzunmüddətli dəyər formalaşacaq.
Faiq KƏRİMOĞLU
