Artıq ictimai nəqliyyatda “Mastercard” da keçərli olacaq – YENİLİK MƏQALƏ
Artıq Azərbaycanda ictimai nəqliyyatda “Mastercard” şirkətinə məxsus kartlarla da ödəniş etmək mümkün olacaq. Bu barədə “vergiler.az”ın suallarını cavablandırarkən “Mastercard”dan məlumat verilib. Bildirilib ki, təmassız, yəni NFC sistemlərini dəstəkləyən “Mastercard” ödənişləri artıq Bakı metrosunda mövcuddur. Şirkət növbəti addım kimi bu təcrübənin avtobuslara da şamil ediləcəyini açıqlayıb. Beləliklə, insanlar, sadəcə, kartlarını və ya smartfonlarını validatora yaxınlaşdıraraq istənilən bank kartı ilə gediş haqlarını rahat ödəyə biləcəklər.
“Mobillik sahəsində on ildən artıq qlobal təcrübəyə malik olan “Mastercard” nəqliyyat ödənişləri üzrə standartları formalaşdırmağa davam edir. Şirkətin açıq dövrə (open loop) sistemləri artıq dünya üzrə 300-dən çox şəhərdə tətbiq olunur və yaxın gələcəkdə daha çox şəhərdə istifadəyə verilməsi planlaşdırılır. Bütün bu təşəbbüsləri birləşdirən əsas məqsəd mobilliyi mümkün qədər sadə və rahat etməkdir. Hazırda dəyişən əsas məqam daha rahat və vaxta qənaət edən istifadəçi təcrübəsi üçün infrastrukturun və ekosistemin formalaşmasıdır. Azərbaycanda “Mastercard” Bakı metrosunda kontaktsız NFC ödənişlərini mümkün edib ki, bu da mühüm irəliləyişdir. İndi isə yerli tərəfdaşlarla birlikdə eyni təcrübənin avtobus nəqliyyatına da tətbiqi üzərində işlər aparılır” – deyə “Mastercard”dan açıqlama verilib.
Qeyd edək ki, rəqəmsal ödənişlər nağd pul dövriyyəsini azaltmağa, gediş haqqının yığımını yaxşılaşdırmağa, fırıldaqçılığı minimuma endirməyə və gündəlik əməliyyatları sadələşdirməyə imkan verir. Eyni zamanda, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin rahatlığının təmin olunmasına əhəmiyyətli dərəcədə təsir edir.
Yeri gəlmişkən, bu gün avtobuslarda bank kartları ilə ödənişlərin aktivləşməsi barədə Azərbaycan Yerüstü Nəqliyyət Agentliyi də (AYNA) məlumat yayıb. Artıq dekabrın 25-dən Bakı şəhəri üzrə “BakuBus” MMC-yə məxsus bütün avtobus marşrutlarında NFC sistemini dəstəkləyən yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” vasitəsilə nağdsız ödəniş mexanizmi tam şəkildə aktivləşdirilib.
Bu sistem çərçivəsində tətbiq edilən əsas yeniliklərdən biri ardıcıl ödəniş imkanlarının genişləndirilməsidir. İndiyədək kartlarla ödənişlərin aktiv olduğu metro və dəmiryolu stansiyalarındakı turniketlərdən yalnız bir nəfərin keçid etməsi mümkün idi. Digər şəxs üçün isə başqa bir bank kartı istifadə edilməli idi. Artıq metro və avtobuslarda bu maneə aradan qaldırılıb. Hazırda avtobuslarda sərnişinlər üçün ardıcıl ödəniş əməliyyatlarının sayı 1-dən 2-yə artırılıb. Yəni eyni bank kartı ilə 2 nəfər avtobusda gediş haqqını ödəyə bilər. Bu imkan NFC layihəsinin ilkin mərhələsində təqdim edilir. İlkin mərhələnin nəticələrinə əsasən, gələcəkdə ardıcıl ödəniş əməliyyatlarının sayının artırılması planlaşdırılır.
Bu imkan metroda da təmin olunub. “Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədovun verdiyi məlumata görə, metroda NFC kartlarla gediş haqqı ödəmək üçün bir turniketdən yalnız bir nəfər ödəniş edə bilər. Ancaq eyni kartla digər turniketlərdə ödəniş edərək keçid mümkündür. 10 dəqiqə fasilə ilə eyni bank kartları eyni turniketlərdə keçərlidir.
Şəhərətrafı nəqliyyat kimi sıx istifadə olunan dəmiryollarında isə dəyişiklik yoxdur. “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Bəxtiyar Hacıyev hələki burada “Mastercard”a məxsus kartların keçərli olmadığını bildirib. Səbəb kimi həmin kartlarda indiyədək NFC sisteminin olmamasını göstərib. O, eyni kartdan ardıcıl istifadə edilməməsinə də aydınlıq gətirib. B.Hacıyevin sözlərinə görə, buna səbəb dəmiryolunda gediş haqqının məsafədən asılı olaraq dəyişməsidir. Ona görə də eyni bank kartı ilə 2 və daha artıq şəxsin gediş haqqı ödəməsi mümkün olmur. Ancaq bunun üçün “ADY mobile” tətbiqindən istifadə edərək ikinci şəxs üçün ayrıca QR kod alıb ödəniş etmək mümkündür.
Beləliklə, artıq ictimai nəqliyyatdan istifadə edən paytaxt sakinlərinin əlavə nağd pul və ya digər fiziki kart götürməsinə ehtiyac qalmır. Mobil telefon, ağıllı saat, bank kartı və ya NFC funksiyalı digər cihazlar vasitəsilə saniyələr içində ödəniş etmək mümkündür. Cihazı validatora yaxınlaşdırmaq kifayətdir, ödəniş dərhal tanınır və əməliyyat tamamlanır.
Fərqanə ALLAHVERDİQIZI
