ESG prinsipləri və vergi siyasəti: karbon vergisinin iqtisadi və ekoloji əhəmiyyəti MƏQALƏ
Son illər dünyada uğurlu biznes dedikdə təkcə çox qazanmaq və böyümək başa düşülmür. Artıq şirkətin təbiətə nə qədər zərər vurduğu, cəmiyyətə nə dərəcədə faydalı olduğu və necə idarə edildiyi daha önəmlidir. Bu yanaşma ESG prinsipləri kimi tanınır və dövlətlərin iqtisadi siyasətini müəyyən edən amillərdəndir. Bu dəyişiklik vergi sistemindən də yan keçməyib. Vergilər sadəcə dövlət büdcəsini təmin edən bir vasitə deyil, şirkətləri və insanları daha məsuliyyətli olmağa sövq edən mühüm bir alətdir. Karbon vergisi isə bu yeni, təmiz iqtisadiyyata keçid yolunda atılan ən önəmli addımlardan biridir.
Karbon vergisi təmiz istehsalı stimullaşdırır
Karbon vergisi ətraf mühitə zərər verən fəaliyyətlərə tətbiq olunan xüsusi vergi növüdür. Uzun illər sənaye və enerji istehsalı zamanı yaranan karbon emissiyaları iqtisadi hesablamalarda nəzərə alınmırdı. Karbon vergisi bu boşluğu aradan qaldırır və ekoloji zərəri real maliyyə dəyərinə çevirir. Əsas məqsəd sadədir: havanı çox çirkləndirirsənsə, daha çox vergi ödəməlisən. Bunu nəzərə alan şirkətlər təmiz və səmərəli texnologiyalara keçmək məcburiyyətində qalırlar.
Ətraf mühit məsələlərini şərh edən ekoloq Rövşən Abbasov karbon bazarı anlayışına diqqət çəkərək bildirir ki, bu, istixana qazı emissiyalarının azaldılmasını bazar mexanizmi vasitəsilə təşviq edən bir sistemdir. Ekspert vurğulayır ki, karbon bazarının işləmə prinsipi sadə və aydındır - daha çox karbon buraxan ödəyir, daha az emissiya edən isə qazanır. Ekspert məsələni real nümunə üzərində izah edərək bildirir ki, dövlətin şirkətlər üçün illik karbon emissiyası kvotası 50 ton olduqda, il ərzində bir şirkət 30 ton, digəri isə 70 ton karbon emissiyası həyata keçirirsə, karbon bazarı mexanizmi işə düşür. Müəyyən olunmuş limiti aşan şirkət əlavə 20 ton emissiya hüququnu bazardan almağa məcbur qalır. Kvotadan az istifadə edən şirkət isə onda qalan 20 ton emissiya haqqını sata və bunu əlavə gəlirə çevirə bilir. Beləliklə, aşağı emissiya göstərən şirkətlər qazanır, daha çox çirkləndirənlər isə əlavə xərc daşımalı olurlar. Bu mexanizm şirkətləri könüllü şəkildə emissiyalarını azaltmağa təşviq edir.
İqtisadçı Eldəniz Əmirov isə hesab edir ki, vergi təkcə dövlət üçün gəlir mənbəyi deyil, həmçinin iqtisadi subyektlərin davranışını istiqamətləndirən mühüm alətlərdən biridir. İqtisadçı vurğulayır ki, karbon vergisi kimi bir alət şirkətlərin passiv mövqedə qalmasına imkan vermir. Bu vergi növü biznesi məcbur edir ki, investisiya qərarlarını yenidən nəzərdən keçirsin. Şirkətlər daha az emissiya yaradan innovativ texnoloji həllərə üstünlük verməyə, istehsal proseslərini ekoloji baxımdan təmiz modellər üzərində qurmağa yönəlirlər. Çünki bu addımlar birbaşa olaraq vergi yükünün azalması ilə nəticələnir.
E.Əmirovun dediklərindən aydın olur ki, ESG prinsipləri şirkətlərə hansı istiqamətdə dəyişməli olduqlarını göstərirsə, karbon vergisi bu dəyişikliyi iqtisadi zərurətə çevirərək real investisiya və istehsal qərarlarına təsir edir.
Karbon kreditləri ekoloji məsuliyyəti gəlir imkanına çevirir
Ekoloq R.Abbasov qeyd edir ki, karbon bazarının əsas üstünlüyü emissiyaların azaldılmasını iqtisadi baxımdan cəlbedici etməsidir. Bu yanaşma ekoloji məsuliyyətin yalnız ətraf mühitlə bağlı öhdəlik deyil, maliyyə baxımından da məntiqli seçim olduğunu göstərir. Məhz bu səbəbdən, karbon bazarı təkcə ekoloji məqsədlərə xidmət etmir, həm də şirkətlərin davranışlarını dəyişən iqtisadi stimullaşdırma mexanizmi kimi çıxış edir. Mütəxəssis hesab edir ki, bu mexanizmin mərkəzində ESG prinsipləri dayanır. ESG-nin “ətraf mühit” komponenti emissiyaların real, ölçülə bilən və davamlı şəkildə azaldılmasını tələb edir. “Sosial” komponent isə bu prosesin etik çərçivədə aparılmasını, yəni cəmiyyət və gələcək nəsillər qarşısında məsuliyyətin qorunmasını ön plana çıxarır.
Bu prinsiplər praktikada müxtəlif mexanizmlərlə reallaşır. Məsələn, bir şirkət karbon izini azaltmaq məqsədilə 10 hektar meşə saldıqda, atmosferdən əlavə karbonun udulmasına şərait yaradır. Bu əlavə udma potensialı sonradan karbon kreditləri şəklində rəsmiləşdirilə bilər. Şirkət həmin kreditlərdən ya öz emissiyalarını balanslaşdırmaq, ya da bazarda satışa çıxararaq əlavə gəlir əldə etmək imkanı qazanır.
İqtisadçı-ekspert Xalid Kərimli vurğulayır ki, karbon vergisinin tətbiqi şirkətlərin istehsal və invesitisiya qərarlarına birbaşa təsir göstərən amildir. Onun sözlərinə görə, karbon vergisi ətraf mühiti çirkləndirənləri öz vurduqları zərərə görə məsuliyyət daşımağa məcbur edir. Bu vergi zavodların çirkləndirmə xərclərini birbaşa məhsulun qiymətində əks etdirir, nəticədə təbiətə zərər vuran məhsullar bahalaşır və bu da istehsalçıların daha təmiz üsullara keçməsinə səbəb olur.
Karbon bazarında MRV modeli: şəffaflıq və etimad
R.Abbasov düşünür ki, karbon bazarının düzgün və etibarlı işləməsi üçün aydın hüquqi çərçivə vacibdir. Ekspertə görə, bu kontekstdə Karbon Məcəlləsinin qəbulu əsas şərtlərdən biri hesab olunur. Bildirir ki, karbon emissiyalarının ölçülməsi və qiymətləndirilməsi açıq və şəffaf aparılmalıdır, yəni şirkətlərin nə qədər karbon buraxdığı dəqiq bilinməlidir. “Bəs bunu necə ölçmək olar” sualına isə ekspert dünya praktikasından gətirdiyi misalla cavab verir. Qeyd edir ki, beynəlxalq praktikada MRV (Monitoring, Reporting, Vertification - Monitorinq, Hesabatlılıq və Təsdiqləmə) sistemi tətbiq olunur və bu sistem emissiyaların necə ölçüldüyünü, müvafiq məlumatların necə açıqlanacağını və nəticələrin kim tərəfindən yoxlanılacağını aydın şəkildə müəyyən edir. Beləliklə, məlumatların gizlədilməsi və ya saxtalaşdırılması riski azalır, nəticədə isə həm karbon bazarına etimad artır, həm də sistemin ədalətli işləməsi təmin olunur.
Faiq KƏRİMOĞLU
