Xankəndidə yerli brend: “Tufan Motors” keyfiyyətli və təhlükəsiz motosikletlər istehsal edir MƏQALƏ
Xankəndi şəhərində fəaliyyət göstərən “Tufan Motors” MMC Azərbaycanda motosiklet istehsalı sahəsində ixtisaslaşmış ilk və tək şirkətdir. Qarabağda yenidən formalaşan sənaye mühitinin inkişafına töhfə verən şirkət müasir texnologiyalar əsasında yüksək keyfiyyətli və etibarlı motosiklet və mopedlərin istehsalı ilə məşğuldur. Müəssisə yerli tələbatın qarşılanması ilə yanaşı, ixrac imkanlarını da nəzərdən keçirir. Əsas hədəf isə “Made in Azerbaijan” brendi ilə regional bazarlara rəqabətədavamlı və etibarlı məhsul çıxarmaqdır.
İllik 3 minə qədər məhsul istehsalı
14 sot ərazidə yerləşən istehsal müəssisəsi müasir avadanlıqlarla təchiz olunmuş 650 kvadratmetr qapalı sahəyə malikdir. Xankəndidə 2024-cü ilin sonlarında qurulan müəssisə 2025-ci ilin əvvəlindən istehsala start verib və bu günədək bazara 1200-dən artıq nəqliyyat vasitəsi çıxarılıb.
“Tufan Motors” MMC-nin rəhbəri İlkin Ağamirovun sözlərinə görə, hazırda müəssisənin istehsal sahəsi 2 xətt üzrə fəaliyyət göstərir və gündəlik 7–8 məhsul istehsal olunur. Tələbatdan asılı olaraq, bu rəqəmlər dəyişə bilər. Belə ki, yaradılmış infrastruktur illik istehsal gücünü 3 min ədədə qədər artırmağa imkan verir. Şirkət rəhbərinin sözlərinə əsasən, bazarda bu məhsula maraq yüksələrsə, gündəlik istehsal həcmi 10 məhsula çatdırılaraq keyfiyyət qorunmaqla alıcılara təqdim edilə bilər.
İstehsal olunan motosikletlər həm gündəlik istifadə, həm də uzun səyahətlər üçün ideal seçim hesab olunur. Rahatlıq, təhlükəsizlik və keyfiyyəti bir araya gətirən bu modellər, eyni zamanda, azadlıq və macəra ruhunu da özündə əks etdirir.
İstehsal böyüyür, məşğulluq artır
Məhsullar bu gün 20-yə yaxın əməkdaşın əməyi ilə istehsal olunur və kollektivin əsas hissəsini – 70 faizini Xankəndidən olan keçmiş məcburi köçkünlər, qalan 30 faizini isə ölkənin müxtəlif bölgələrindən gələn mütəxəssislər formalaşdırır. İstehsal prosesində istifadə olunan xammal isə Çindən gətirilir. Müəssisənin inkişaf strategiyasına uyğun olaraq, istehsal həcmi ilə yanaşı, işçi sayının da artırılması nəzərdə tutulur. Hazırda iki istehsal xətti ilə bir növbədə fəaliyyət göstərən müəssisənin istehsal gücü təxminən 1500 ədəd təşkil edir, ikinci növbə üzrə iş yerləri yaradılacağı halda isə bu göstəricinin 3 minədək yüksəldilməsi mümkün olacaq. Bununla yanaşı, nəqliyyat vasitələrinin çeşidlərinin artırılması da planlar arasındadır. Belə ki, gələcəkdə dördtəkərli mototexnikaların istehsalına başlamaq hədəflənir. Şirkət rəhbəri vurğulayır ki, çeşidlərin artması ilə istehsal sahəsinin böyüməsi və əlavə iş yerlərinin yaradılmasının şahidi olacağıq.

İxracla bağlı planlar masa üzərində
Şirkətin əsas missiyası, ilk növbədə, daxili bazarın tələbatını qarşılamaqdır, lakin paralel olaraq ixrac imkanları da daim diqqətdə saxlanılır. Artıq bu istiqamətdə konkret addımlar atılır və yaxın aylarda Özbəkistan bazarına ilk ixracın həyata keçirilməsi planlaşdırılır. Həmsöhbətimiz deyir ki, MDB ölkələrinin bazarlarında bu məhsullara real ehtiyac var və bu amil ixrac üçün əlavə imkanlar yaradır. Digər tərəfdən, həmin ölkələr arasında mövcud olan bir sıra iqtisadi razılaşmalar bu bazarlara çıxışı daha da asanlaşdırır.
İdxaldan asılılığa son
Əvvəllər hazır məhsul formasında idxal olunan texnikaya daha yüksək vəsait xərclənirdi ki, bu da həm maliyyə yükünü artırır, həm də logistik imkanları məhdudlaşdırırdı. Az sayda idxal imkanı logistika xərclərinin yüksəlməsinə səbəb olur, nəticədə məhsulun yekun qiyməti bazar üçün daha baha başa gəlirdi.
Yerli istehsalın qurulması bu problemi sistemli şəkildə aradan qaldırıb. Müəssisə artıq bazarın tələbinə uyğun dizaynı, mühərrik seçimini və ehtiyat hissələri müstəqil şəkildə müəyyən edərək istehsalda tətbiq edir.
Keyfiyyət və uzunmüddətli hədəflər...
Qısa müddətdir bazarda olmasına baxmayaraq, “Tufan” artıq keyfiyyət baxımından öz sözünü deyən məhsullar istehsal edir. Şirkət rəhbərinin sözlərinə görə, satış sonrası servis mərhələsində ölkəmizə idxal olunan motosiklet və mopedlərdə müşahidə edilən zəif cəhətlər sistemli şəkildə qeydə alınıb və yerli istehsalda bu çatışmazlıqların hamısının aradan qaldırılması nəzərdə tutulub. İ.Ağamirov əlavə edir ki, bu nəqliyyat vasitələrinin əsas istifadəçiləri kuryerlərdir və onların gündəlik 200–300 kilometr məsafəni heç bir texniki problem yaşamadan qət edə bilən nəqliyyat vasitələrinə ehtiyacı var. “Tufan” motosiklet və mopedləri də məhz bu tələblər əsasında layihələndirilib və istehsal olunur.
Məhsul satışı, Xankəndi ilə yanaşı, Bakı, Gəncə və Naxçıvanda həyata keçirilir. Əsas hədəf yerli məhsulu elə bir keyfiyyət səviyyəsinə yüksəltməkdir ki, istehlakçı üçün idxal alternativə çevrilməsin. Uzunmüddətli strateji hədəf isə dəyişməzdir: “Made in Azerbaijan” brendi altında istehsal olunan məhsulların xarici bazarlarda rəqabət üstünlüyü qazanması və Azərbaycanın sənaye potensialının beynəlxalq müstəvidə nümayiş etdirilməsi...
Faiq KƏRİMOĞLU
