18 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Texnoloji transformasiya: süni intellekt biznesləri iqtisadi artımın hərəkətverici qüvvəsinə çevirir MƏQALƏ

Texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə bizneslərin rəqəmsal alətlərdən vaxtında və effektiv istifadəsi böyük üstünlüklər yaradır. Xüsusilə süni intellekt tətbiqləri müştəri xidmətlərindən satış proseslərinə, menecmentdən bazar təhlillərinə qədər bir çox sahəyə yeniliklər gətirir. Bu potensialdan yararlanmaq üçün kiçik və orta biznes subyektlərinə (KOB) dövlət qurumlarının dəstəyi də mühüm rol oynayır. “Vergiler.az”ın texnoloji transformasiya və süni intellektin biznes subyektlərində tətbiqi və bunun qeyri-neft sektoruna gətirəcəyi dəyişikliklərlə bağlı suallarını İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) Təhlil və monitorinq şöbəsinin müdiri Əzizə Vidadi cavablandırıb.

KOB-ların süni intellekt və rəqəmsal transformasiyaya keçidində əsas baryerlər

Azərbaycanda KOB-ların rəqəmsal transformasiyaya marağı son illər ciddi şəkildə artıb və bir çox müəssisə proseslərini təkmilləşdirmək üçün CRM sistemləri, satış analitikası və rəqəmsal marketinq alətlərindən geniş istifadə etməyə başlayıb. Bu məqamda Ə.Vidadi vurğulayır ki, dövlət tərəfindən aparılan ardıcıl islahatlar və dəstək mexanizmləri də bu dinamikanı gücləndirən əsas amildir.

Bu sahədə dünyada aparılan tədqiqatlar göstərir ki, planlaşdırılmayan rəqəmsallaşma və texnologiyanı pərakəndə tətbiq edən şirkətlərin 71%-i hədəflərinə çata bilmir. Müəssisələrin yalnız 26%-i daxili transformasiya prosesini uğurla tamamlayır, cəmi 3%-i isə həm özündə, həm də təchizat zəncirində dayanıqlı rəqəmsal dəyişikliyi geniş miqyasda tətbiq etməyi bacarır. Sevindirici hal odur ki, rəqəmsal transformasiyanı sistemli şəkildə həyata keçirən şirkətlərdə anbar xərcləri 20–40%, avadanlıqların dayanma müddəti 30–50% azalır, eyni zamanda əmək məhsuldarlığı 15–30%, gəlirlilik 10–30%, məhsul keyfiyyəti isə 10–20% artır. Bir sözlə, bu statistika onu göstərir ki, rəqəmsal transformasiya sadəcə texnologiyanın tətbiqi deyil, strateji planlaşdırma tələb edən kompleks prosesdir.

Rəqəmsal transformasiya sadəcə texnologiyanın tətbiqi deyil,
strateji planlaşdırma tələb edən kompleks prosesdir

Azərbaycanda da məhz bu yanaşma əsas prioritetlərdən biridir. 2030-cu il üzrə müəyyən olunan 5 Milli Prioritetdən biri dayanıqlı və rəqabətədavamlı iqtisadi artımdır. Bu hədəfə çatmaq üçün isə rəqəmsal iqtisadiyyata keçidin sürətləndirilməsi, müasir texnologiyaların tətbiqi, resursların daha səmərəli idarə olunması başlıca istiqamətlər kimi müəyyənləşdirilib.

Texnoloji transformasiyaya uyğunlaşmayan müəssisələr rəqabətdə geridə qalma riski daşıyır

Bu gün rəqəmsallaşma qlobal biznes mühitinin əsas oyun qaydasına çevrilib və Azərbaycan müəssisələri də bu prosesə getdikcə daha aktiv şəkildə inteqrasiya olunur. Şübhəsiz ki, texnoloji transformasiyaya zamanında keçid etməyən müəssisələr müəyyən rəqabət çətinlikləri ilə üzləşə bilər. Rəqəmsal həllərə keçmiş rəqiblərin daha aşağı maya dəyəri ilə bazara çıxması, müştərilərin artan rəqəmsal gözləntiləri və investorların getdikcə daha çox data əsaslı fəaliyyət göstərən şirkətlərə üstünlük verməsi digər şirkətləri rəqabətdə geri salır.

4SİM-in şöbə müdiri Ə.Vidadinin təhlilindən aydın olur ki, Azərbaycan artıq bizneslərin və KOB-ların rəqəmsal dönüşümünü dəstəkləyən institusional mexanizmlər formalaşdırdığından, bu çağırışlar ölkəmiz üçün də yeni imkanlar yaradır. Xüsusilə 4SİM tərəfindən həyata keçirilən “Sənaye 4.0 Hazırlıq” Proqramı bu prosesdə mühüm rol oynayır. Proqram müəssisələrin rəqəmsal hazırlıq səviyyəsini obyektiv şəkildə qiymətləndirir, onların hazırkı vəziyyətinə uyğun fərdi transformasiya yol xəritəsi hazırlayır, texnoloji boşluqları müəyyənləşdirir və ağıllı istehsal, avtomatlaşdırma, data idarəetməsi kimi istiqamətlər üzrə konkret inkişaf addımlarını formalaşdırır. Nəticə etibarilə, “Sənaye 4.0 Hazırlıq” Proqramı bizneslərə və KOB-lara bu günün risklərini azaltmaqla yanaşı, onları növbəti illərdə daha rəqabətədavamlı, çevik və innovasiyayönümlü biznes modelinə keçid üçün strateji olaraq möhkəmləndirir. Bir sözlə, proqram müəssisələrin uzunmüddətli dayanıqlıq və bazar mövqeyini gücləndirən ən kritik alətlərdən birinə çevrilir.

4SİM tərəfindən həyata keçirilən “Sənaye 4.0 Hazırlıq” Proqramı
müəssisələrin rəqəmsal hazırlıq səviyyəsini obyektiv şəkildə qiymətləndirir

Adaptasiya edə bilməyən müəssisələri hansı aqibət gözləyir?

Dünya İqtisadi Forumunun hesabatına əsasən, şirkətlərin 86%-i yaxın illərdə süni intellekt və məlumat emalı texnologiyalarının biznesləri dəyişdirəcəyinə inanır. Bu da KOB-lara rəqabətədavamlı olmaq üçün işçi sayının kifayət etmədiyi, bacarıq ekosistemini strateji şəkildə yeniləməyin vacib olduğu siqnalını verir.

Hesabat, həmçinin, qeyd edir ki, avtomatlaşdırma növbəti mərhələdə iş funksiyalarının təxminən 39%-ni yenidən formalaşdıracaq. Lakin bu dəyişiklik iş yerlərinin azalması anlamına gəlmir, əksinə, yeni peşələr, yeni ixtisaslar və yeni bacarıq tələbləri yaranacağı üçün ümumi balans pozitiv qiymətləndirilir. Eyni zamanda, süni intellektdən istifadə edən müəssisələrdə əməliyyat səmərəliliyinin 30–50%-ə qədər artması gözlənilir ki, bu da rəqabət gücünün kəskin şəkildə yüksəlməsinə səbəb olacaq.

Bu tendensiyaları təhlil edən Ə.Vidadi süni intellektə adaptasiya etməyən müəssisələrin müəyyən çətinliklərlə üzləşə biləcəyini də istisna etmir. O deyir ki, ölkədə formalaşan innovasiya ekosistemi, dövlət dəstəyi və rəqəmsal transformasiya təşəbbüsləri sayəsində bu keçid prosesini bizneslər üçün daha rahat və idarəolunan etmək mümkündür. Burada əsas məsələ texnologiyanı düzgün seçmək və onu mərhələli şəkildə tətbiq etməkdir. Belə olduqda süni intellekt KOB-lar üçün risk deyil, tam əksinə, yeni inkişaf mərhələsinin güclü katalizatoruna çevrilir.

Süni intellekt KOB-larda fərqli peşələri önə çıxarır

Süni intellektin geniş tətbiqi, bütün dünyada olduğu kimi, Azərbaycanda da əmək bazarında yeni struktur dəyişiklikləri yaradır. Dünya İqtisadi Forumunun “Future of Jobs” hesabatından aydın olur ki, texnologiyanın sürətli inkişafıyla daha çox yaradıcı, analitik və texnoloji bacarıqları olan işçilərə tələb yüksəkdir. Bu tendensiya Azərbaycanın iqtisadi mühitində də özünü qabarıq şəkildə göstərir və KOB-lar üçün həm yeni imkanlar, həm də yeni kompetensiya tələbləri formalaşdırır.

Ölkədə formalaşan innovasiya ekosistemi, dövlət dəstəyi və
rəqəmsal transformasiya təşəbbüsləri sayəsində keçid prosesini bizneslər üçün
daha rahat və idarəolunan etmək mümkündür

Günümüzdə daha çox məlumatla işləmə, rəqəmsal məhsul yaratma və avtomatlaşdırma istiqamətlərində geniş rəqabət formalaşır. Data analitikləri və data menecerlər müəssisələrdə biznes qərarlarını daha dəqiq və əsaslı etmək üçün vacib rol oynayırlar. Süni intellekt və avtomatlaşdırma üzrə mütəxəssislər isə müəssisələrin əməliyyatlarını optimallaşdırır və istehsal proseslərini daha da səmərəli edirlər. Rəqəmsal marketinq və e-ticarət mütəxəssislərinə olan tələb daha çox onlayn satış kanallarının genişlənməsi ilə paralel olaraq sürətlə artır. UX/UI dizaynerləri və məhsul menecerləri müştəri təcrübəsini yaxşılaşdırmaq və rəqəmsal məhsul və xidmətləri daha cəlbedici etmək baxımından müasir texnoloji dövrdə müəssisələrdə əvəzolunmaz hesab edilirlər.

Dünya İqtisadi Forumunun məlumatlarına istinad edən Ə.Vidadi, 2030-cu ilə qədər sürətlə böyüyən on peşənin altısının məhz texnologiya, analitika və rəqəmsal yaradıcı bacarıqlarla bağlı olacağını deyir. Digər tərəfdən, bəzi ənənəvi, təkrarlanan və aşağı ixtisas tələb edən funksiyalar artıq avtomatlaşdırmanın təsiri ilə əvvəlki qədər tələb görmür. Buraya manual hesabatçılıq, telefon əsaslı müştəri xidmətləri və gündəlik təkrarlanan əməliyyat işləri daxildir. 4SİM rəsmisinin sözlərindən aydın olur ki, bu dəyişikliklər iş yerlərinin azalması ilə nəticələnməyəcək, əksinə, daha yüksək dəyər yaradan rollara doğru yenidən formalaşma baş verəcək.

Bu transformasiya Azərbaycanda da pozitiv şəkildə qarşılanır. Ölkənin təlim ekosistemi bu keçidi dəstəkləmək üçün sürətlə genişlənir. “Coursera” şirkəti ilə birlikdə icra olunan “Milli Proqram”, Dünya İqtisadi Forumu ilə icrasına başlanılmış “Azərbaycan Bacarıqlar Akseleratoru”, həmçinin universitetlərdə yaradılan süni intellekt, kibertəhlükəsizlik, data elmi laboratoriyaları, startap inkubatorları və akselerasiya proqramları, eləcə də müxtəlif dövlət və özəl təlim təşəbbüsləri işçi qüvvəsinin yeni bacarıqlarla təchiz olunmasını təmin edir və gənclər və mütəxəssislər üçün yeni imkanlar açır.

Faiq KƏRİMOĞLU

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?