10 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sərbəst satış sertifikatı: Azərbaycan məhsullarına beynəlxalq etibar yaradan alət MƏQALƏ

Qlobal ticarətin sürətlə genişləndiyi bir dövrdə məhsulların beynəlxalq standartlara uyğunluğu və mənşəyinin şəffaf şəkildə təsdiqlənməsi xüsusi əhəmiyyət daşıyır. İstər hazır məhsulların, istərsə də xammalın xarici bazarlara çıxarılması zamanı ixracatçılar tərəfindən təqdim olunan əsas sənədlər arasında sərbəst satış sertifikatları və mənşə sertifikatları mühüm rol oynayır. Bu sənədlər məhsulun təhlükəsizliyini, keyfiyyət göstəricilərinə uyğunluğunu və istehsal olunduğu ölkəni təsdiq etməklə həm idxalçı ölkələrin tələblərini qarşılamağa, həm də ixracatçı şirkətlərin etibarlılığını artırmağa xidmət edir. Nəticədə beynəlxalq ticarət proseslərində şəffaflıq, təhlükəsizlik və rəqabət qabiliyyəti təmin olunur.

Azərbaycanın qeyri-neft sektorunun inkişafı və ölkə məhsullarının yeni bazarlara çıxış strategiyası fonunda bu cür sertifikatlara tələbat daha da artıb. Xüsusilə sərbəst satış sertifikatı (Free Sale Certificate) ixracatçılar üçün əvəzsiz alətə çevrilib. Azərbaycanda bu sertifikatların verilməsinə 2018-ci ilin aprelindən başlanılması isə sahibkarların həm regional, həm də qlobal bazarlara çıxış imkanlarını genişləndirib.

vergiler.az”ın bu sertifikatın əhəmiyyəti, tətbiq mexanizmləri, sahibkarlar üçün faydaları və digər məsələlərlə bağlı suallarını İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Azexport” portalının rəhbəri Ayxan Qədəşov cavablandırıb.

Mənşə sertifikatı ilə sərbəst satış sertifikatı arasındakı əsas fərqlər

A.Qədəşov qeyd edib ki, mənşə sertifikatı məhsulun harada istehsal olunduğunu göstərir, sərbəst satış sertifikatı isə məhsul üçün etimad sənədi rolunu oynayır. Yəni bu sertifikat idxalçı ölkəyə və oradakı səlahiyyətli orqanlara rəsmi şəkildə bildirir ki, məhsul Azərbaycanda istehsal olunub və ölkə daxilində tam sərbəst, məhdudiyyətsiz şəkildə satılır. Beləliklə, məhsul təhlükəsizdir və dövlət nəzarətindən keçib.

Dünya ticarətində tarif maneələrinin azalmaqda olduğu bir dövrdə qeyri-tarif maneələri getdikcə artır. Bir çox ölkələr daxili bazarlarını qorumaq üçün idxal olunan məhsulların öz ölkələrində də sərbəst satıldığını təsdiqləyən sənəd tələb edir. A.Qədəşov deyir ki, sərbəst satış sertifikatı məhz bu qeyri-tarif baryerini aşmaq üçün açar rolunu oynayır.

Bu sertifikatı tələb edən ixrac coğrafiyaları

Portal rəhbərinin sözlərinə görə, bu sertifikat əsasən Qlobal Cənub ölkələri və inkişaf etməkdə olan bazarlar üçün xarakterik tələblərdən biridir. Avropa Birliyi ilə ticarətdə isə daha çox “CE” markalanması və digər uyğunluq reqlamentləri tətbiq olunur. Bununla belə, sərbəst satış sertifikatı yalnız Avropa ilə məhdudlaşmır, xüsusilə Amerika qitəsi (Şimali və Cənubi Amerika), Cənub-Şərqi Asiya, Afrika, eləcə də İndoneziya, Filippin, Vyetnam, Qətər və BƏƏ kimi bazarlara giriş üçün də əsas sənədlərdən biri hesab edilir. Məsələn, İndoneziya və ya Filippinə qida və ya kosmetik məhsul ixrac etmək istədikdə, yerli dövlət qurumları ilk olaraq məhz bu sertifikatı tələb edir. Bu sənəd təqdim olunmadan həmin ölkələrdə məhsulun qeydiyyatdan keçirilməsi və gömrük prosedurlarından uğurla keçməsi praktiki olaraq mümkün deyil.

Sertifikatın əhatə etdiyi əsas məhsul qrupları

2018-ci ildən bəri aparılan statistika göstərir ki, sərbəst satış sertifikatına ən çox tələbat bir neçə əsas sektorda cəmlənib. A.Qədəşovun dediyinə görə, qida məhsulları üzrə xüsusilə şərablar, nar şirələri və konservləşdirilmiş məhsullar bu sənədi tələb edən başlıca istiqamətlərdir. Tibbi ləvazimatlar və avadanlıqlar sahəsində də maraqlı bir tendensiya var: Azərbaycanda istehsal olunan tibbi tənziflər, cərrahiyyə alətləri və bəzi dərman preparatları xarici bazarlara məhz bu sertifikat vasitəsilə çıxır. Eyni zamanda, kosmetika və gigiyena məhsullarının ixracında da bu sənəd kritik rol oynayır. Bioloji aktiv qida əlavələri (BAQ) üzrə isə dünyada nəzarətin daha sərt olduğunu vurğulayan A.Qədəşov bildirir ki, belə məhsulların təhlükəsizliyinə zəmanət verən əsas sənəd kimi sertifikatın təqdim olunması tələb edilir.

Sertifikatın sahibkar üçün iqtisadi səmərəliliyi, qiyməti və qüvvədəolma müddəti

İxracın stimullaşdırılması bu prosesin əsas məqsədlərindən biri kimi qeyd olunur. Sertifikatın qiyməti hər bir məhsul üçün 20 AZN təşkil edir. Əgər sahibkar eyni məhsulu, məsələn, Qətər və Vyetnama göndərirsə və hər iki ölkə üçün ayrı sertifikat tələb olunursa, bu zaman bir müraciət əsasında ilk sertifikat üçün 20 AZN, növbəti hər sertifikat üçün isə 5 AZN ödəniş edilir.

A.Qədəşovun sözlərinə görə, proses maksimum optimallaşdırılıb: müraciət daxil olduqdan sonra sənədlərin yoxlanılması və sertifikatın verilməsi adətən 1–3 iş günü ərzində həyata keçirilir. Sənədlər tam qaydasındadırsa, sertifikat daha qısa müddətdə təqdim olunur.

Bu sertifikat vasitəsilə müəssisə xarici tərəfdaşların gözündə etibarlı təchizatçı statusu qazanır. “Made in Azerbaijan” brendi altında məhsulun dövlət tərəfindən tanınması isə idxalçı şirkətin risklərini azaldır və ticarət əlaqələrinin daha sürətli qurulmasına şərait yaradır.

Sistemin Azərbaycan iqtisadiyyatına qlobal miqyasda verdiyi faydalar

Bu sertifikat sadəcə bir sənəd deyil, Azərbaycan məhsullarının qlobal miqyasda tanınması və legitimliyinin rəsmi təsdiqidir. Portal rəhbərinin də dediyi kimi, ilk olaraq, bu mexanizm ölkəmizə ənənəvi MDB bazarlarından çıxaraq daha geniş və alıcılıq qabiliyyəti yüksək olan regionlara - Asiya-Sakit okean ölkələrinə və Körfəz bazarlarına daxil olmaq imkanı yaradır. Digər tərəfdən, sistem ixracın diversifikasiyasına xidmət edir və neft-qaz sektorundan kənar istehsal sahələrinin inkişafına real dəstək verir.

Bu sertifikat vasitəsilə Azərbaycan dünyaya açıq və aydın mesaj göndərir: ölkəmizdə istehsal olunan məhsullar keyfiyyətlidir, təhlükəsizdir və beynəlxalq rəqabətdə öz yerini tutmaq gücünə malikdir.

Faiq KƏRİMOĞLU

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?