Maliyyə sektorunda süni intellekt: mühasiblərə ehtiyac olacaqmı? MƏQALƏ
Müəssisələrin maliyyə hesabatlarının və ona bağlı olan digər cədvəl və sənədlərin hazırlanması əvvəllər günlərlə vaxt aparırdısa, avtomatlaşdırmadan sonra buna hətta dəqiqələr bəs edir. SOCAR-ın Logistika infrastrukturunun idarə olunması şöbəsinin rəhbəri Simnar Paşazadə bu fikirdədir. Onun sözlərinə görə, bu amil insan resursları və digər alətlərdən daha səmərəli istifadə etməyə yol açır: “Bu gün mühasibləri, maliyyəçiləri ən çox narahat edən məsələ süni intellektin tətbiqindən sonra onların əməyinin nə dərəcədə effektiv olacağı ilə bağlıdır. Düşünürəm ki, 2030-cu ilədək maliyyə, uçot və mühasibatlıq sahəsində proseslərin bir qisminin yüksək avtomatlaşma ehtimalı var. Hesab-fakturaların göndərilməsi, onların işlənilməsi, bank-müştəri-təchizatçı ilə üzləşmələrin aparılması, xərclərin yoxlanılması, nəzarəti və təsdiqi, dəqiq məlumatların ilkin prosesinə daxil edilməsi və yoxlanılması kimi işlər süni intellektin tətbiqi ilə tam avtomatlaşdırıla bilər”.
Bununla yanaşı, mütəxəssis hesab edir ki, maliyyə hesabatlarının bağlanış prosesini süni intellektin icra etməsi yüksək avtomatlaşma prosesinə aid ola bilməz: “Çünki bağlanış prosesində bir çox əməliyyatlar baş verir ki, onun süni intellekt vasitəsilə tam icra edilməsi qeyri-mümkün olacaq. Burada mütləq insan amili lazımdır. Büdcə və proqnozlaşdırma mərhələsində, xüsusilə kommunikasiyaların qurulmasında da orta avtomatlaşdırma mümkün olacaq. Ona görə də audit prosesinin də tam avtomatlaşdırılmasının mümkün olmayacağını düşünürük”.
S.Paşazadə strateji qərarların verilməsi, yumşaq bacarıqların tələb olunduğu nüanslarda süni intellektin rolunun az olacağı qənaətindədir. Etik mühakimələrin aparılması və investorlarla kommunikasiyanın qurulması daha az avtomatlaşacaq proseslərdəndir: “Çünki süni intellekt bizim verdiyimiz məlumatlara əsaslanır. Heç bir müəssisə öz konfidensial məlumatlarının, qərarlarının qlobal platformada yayımlanmasını istəməz. Ona görə də bu mərhələdə insan amili əsas oynayacaq”.
Qarşıdakı illərdə maliyyəçilərin ancaq süni intellektin çıxardığı nəticələrə və proseslərə nəzarət edəcəklərini vurğulayan S.Paşazadə artıq onların hər hansı bir məlumatı işləməyəcəklərini, dəyər yaradan və strateji qərarlara dəstək olan şəxslərə çevriləcəklərini qeyd edib. O, süni intellektlə işləməyə alışmaq üçün mühasiblərə rəqəmsallaşma ilə bağlı mövcud ədəbiyyatlarla tanış olmağı, böyük məlumat bazaları ilə işləmək bacarıqlarına sahiblənməyi tövsiyə edib. Qeyd edib ki, SQL, Pyton və digər bu tipli proqram təminatları mühasiblər üçün faydalı olacaq. Etik normaların öyrənilməsi də vacibdir.
ERP eksperti Elnur Osmanov da maliyyə sektorunda süni intellektin istifadəsinin faydalı olacağını deyir. Onun fikrincə, təkrarlanan əməliyyatların avtomatlaşdırılması, onların sürətli emal edilərək faydalı istifadə olunması süni intellekt vasitəsilə həyata keçirilə bilər. Bu da müəssisələrin, şirkətlərin resurslarının daha səmərəli istifadə olunmasına yol açar: “Məsələn, invoysların süni intellekt vasitəsilə oxunması və sistemə avtomatik daxil edilməsi mümkündür. Eyni formada kassa çekləri və qəbzlərin şəkli çəkilərək sistemə daxil edilir. ERP sistemdəki süni intellekt onu tanıyır və hesabat yaradır. Mühasiblər ancaq toplanan məlumatları yoxlamaq və uçot aparmaqla məşğul olacaqlar. Artıq bəzi ERP sistemlərdə bu işlər görülür. Ona görə də bir çox müəssisələrdə kiçik mühasib, mühasib-operator kimi vəzifələr sıradan çıxır. Onları süni intellekt əvəz edir”.
E.Osmanov irihəcmli məlumatların emal edilməsinin də süni intellektə həvalə ediləcəyini bildirib. Bununla saxtakarlıqların aşkar edilməsi, maliyyə hesabatlarının hazırlanması və təhlili daha da asanlaşa bilər: “Tutaq ki, bir müəssisədə xeyli xərc aparan avtomobillər istifadə edilir. Yoxlama zamanı məlum olur ki, onların bir neçəsi çox köhnəlib və əlavə xərc aparır. Rəhbərliyə tövsiyə edə bilərik ki, onları balansdan çıxarsın. Bu uzun yoxlama prosesini süni intellekt həmin məlumat bazasına əsasən qısa vaxtda tapıb bizə verə bilər və ona uyğun qərar qəbul olunar. Beləliklə, uzun yoxlamalara və hesabatlara ehtiyac qalmayacaq”.
Ekspert süni intellektin proqramlaşdırma və planlaşdırmaya da kömək edəcəyini vurğulayıb.
Fərqanə ALLAHVERDİQIZI
