Mərkəzi Asiya–Azərbaycan xətti güclənir: Orta Dəhliz regional iqtisadiyyatı yenidən formalaşdırır MƏQALƏ
Mərkəzi Asiya dünyanın sürətlə inkişaf edən regionlarından biri hesab olunur. Bu, təkcə rəqəmlərlə məhdudlaşmır, regionun geosiyasi çəkisinin artması, yeni ticarət marşrutlarının formalaşması və enerji-logistika əməkdaşlığının dərinləşməsi ilə müşayiət edilir. Təkcə 2024-cü ildə Mərkəzi Asiya ölkələri 500 milyard ABŞ dollarından çox birgə nominal ümumi daxili məhsul (ÜDM) istehsal edib. Azərbaycan və Mərkəzi Asiya isə birlikdə 575 milyard dollarlıq iqtisadiyyata malikdir və ekspertlərə görə, bu ilin sonunda adıçəkilən region və Azərbaycanın birgə ÜDM-nin 700 milyard dollara yaxınlaşacağı gözlənilir.
Mərkəzi Asiyanın artım tempi dünya üzrə orta göstəricini üstələyir
Mərkəzi Asiya ümumi 6,2 faiz illik iqtisadi artım ilə diqqət çəkir və bu temp dünya üzrə orta illik artımı 2 dəfə üstələyir. Belə ki, son 8 ildə bu region dövlətləri arasındakı ticarət dövriyyəsi 5 dəfəyə yaxın artaraq 2,5 milyard ABŞ dollarından 12 milyard dollara çatıb. Son 25 ildə Mərkəzi Asiya dövlətlərinin ticarət dövriyyəsində isə 6 dəfə artım qeydə alınıb.
Millət vəkili, iqtisadçı Vüqar Bayramovun sözlərinə əsasən, qeyd olunan iqtisadi üstünlüklərlə yanaşı, Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin son illər geosiyasi mövqeyi də ciddi şəkildə güclənib. Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu – red.) genişlənməsi, yaşıl enerji sahəsində reallaşan böyük potensial buna misal göstərilə bilər. İqtisadçı vurğulayır ki, böyük təbii ehtiyatlara malik olan Mərkəzi Asiya ölkələrinin qlobal və regional iqtisadiyyata gələcəkdə də daha yaxından töhfə verəcəyi gözləniləndir. Son illər türk dövlətləri arasında strateji münasibətlərin dərinləşməsi də regionun geosiyası mövqeyinə müsbət təsir göstərir.
Azərbaycan–Özbəkistan ticarət dövriyyəsində sürətli artım
Son 5 ildə Azərbaycan ilə Özbəkistan arasındakı ticarət dövriyyəsinin 3 dəfə artması yuxarıda deyilənlərə əyani sübutdur. 2024-cü ildə 252 milyon dollara bərabər olan ticarət dövriyyəsi 2025-ci ilin yanvar-sentyabr aylarında keçən ilin eyni dövrü ilə müqayisədə 87,5 faiz artaraq 319 milyon ABŞ dollarına çatıb. Bu o deməkdir ki, cari ilin ilk 9 ayında ölkələr arasındakı ticarət dövriyyəsi bütövlükdə əvvəlki ilə müqayisədə 27 faiz çoxdur. Deməli, cari ildə də qarşılıqlı ticarət dövriyyəsində illik artım qorunub saxlanılacaq. Bu da tərəflər arasındakı strateji münasibətlərin inkişaf səviyyəsini göstərən əsas meyarlardan hesab olunur. Türk Dövlətləri Təşkilatının üzvləri olaraq tərəflər həm qeyri-enerji, həm də enerji sahəsində yeni strateji əməkdaşlıq potensialına malikdirlər.
Azərbaycan Özbəkistan ilə eyni zamanda iqtisadiyyatın fərqli sahələrində əməkdaşlıq edir. V.Bayramov deyir ki, nəqliyyat, logistika, kənd təsərrüfatı ilə yanaşı, birgə sərmayə qoyluşları da prioritetləşməkdədir. Hər iki ölkə müxtəlif beynəxalq qurumlarda, o cümlədən Türk Dövlətləri Təşkilatında sıx və məhsuldar əməkdaşlıq formalaşdırıb. Özbəkistan Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində müasir standartlara uyğun orta məktəb inşa edib və bu fakt tərəflərin humanitar və digər istiqamətlərdə də əməkdaşlığından xəbər verir. Dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri ölkələr arasında münasibətlərin inkişafına xüsusi təkan verir.
Çin kapitalının böyük ölçüdə Mərkəzi Asiyaya yönəldiyini, ABŞ-nin də bölgəyə marağının olduğunu vurğulayan iqtisadçı Eldəniz Əmirov isə belə bir zamanda Azərbaycanın bu iki nəhəng xəttin logistika mərkəzinə çevrildiyini bildirir. Bildirir ki, Mərkəzi Asiya ilə əməkdaşlıq formatı təkcə siyasi kontekstdə yekunlaşmır, burada yeni iqtisadi məkan formalaşır. Azərbaycan Qazaxıstan və Özbəkistan birlikdə Xəzərin şərqi və qərbi arasında yeni bir üçbucaq formalaşdırır.
Mərkəzi Asiya yüklərinin 70%-i TRIPP (Zəngəzur dəhlizi) marşrutu ilə Azərbaycan üzərindən keçə bilər
Azərbaycan artıq Mərkəzi Asiya ölkələrinin məşvərət görüşləri formatına tamhüquqlu üzv seçilib. E.Əmirov hesab edir ki, bu qərar ölkəmizə 3 vacib istiqamətdə üstünlük qazandırır: “Hər şeydən əvvəl iqtisadi inteqrasiya dərinləşəcək. Bizim üçün vacib olan Mərkəzi Asiya bazarı ilə artıq tərəfdaş deyil, vahid coğrafiya formalaşdırmaq imkanı meydana çıxır. Yəni enerji, logistika, aqrar sektor, sənaye və digər vacib istiqamətlər üzrə inkişaf trayektoriyasının institusional çərçivəsi cızılır. İkinci faktor isə ölkəmizin geosiyası çəkisinin artmasıdır”. İqtisadçı vurğulayır ki, region ABŞ və Çin rəqabətinin mərkəzinə çevrilib və belə bir zamanda Azərbaycan neytral aktor kimi həm siyasi, həm də iqtisadi baxımdan divident əldə edir. Ekspert üçüncü üstünlüyü nəqliyyat liderliyində görür. Belə ki, Şərq-Qərb dəhlizinin əsas həlqəsinin Azərbaycandan keçdiyi nəzərə alınmaqla, yaxın zamanda Zəngəzur dəhlizinin reallaşması ilə ölkəmizin nəqliyyat liderliyinin daha da möhkəmlənəcəyini demək mümkündür. Hətta proqnozlara görə, Mərkəzi Asiyadan göndərilən yüklərin 70%-dən çoxu Azərbaycan üzərindən Türkiyə və Avropaya çıxarıla bilər.
Enerji və rəqəmsal kommunikasiya xətləri iqtisadi inteqrasiyanı artırır
Azərbaycanın iqtisadi, ticarət, investisiya və nəqliyyat sahələrində Mərkəzi Asiya ilə yaxın əlaqələrdə maraqlı olduğunu deyən iqtisadçı ekspert Xalid Kərimli, xüsusən, Rusiya-Ukrayna müharibəsi və İrana qarşı beynəlxalq sanksiyalar fonunda ölkəmizin tranzit imkanlarının artdığına diqqət çəkir. Bu ölkələrin dünya ilə ticarətinin, böyük ölçüdə, Rusiya və İran üzərindən reallaşdırıldığını nəzərə alsaq, hazırda davam edən müharibə və sanksiyalar buna imkan vermir. Ancaq ekspert vurğulayır ki, Ermənistan-Azərbaycan münaqişəsinin yekunlaşması, Zəngəzur dəhlizinin açılması ilə bağlı müsbət siqnallar Azərbaycanı Mərkəzi Asiya ölkələri üçün daha cəlbedici edib. Bu ölkələr Orta Dəhlizin əsas elementi olaraq Azərbaycan üzərindən gələcəkdə rahat idxal-ixrac əməliyyatları həyata keçirə biləcəklər. X.Kərimli hesab edir ki, bu ölkələrdən Azərbaycana investisiya cəlbi də prioritet məsələlərdəndir. Ölkəmiz birgə əməkdaşlıq müəssisələrinin və qarşılıqlı maraq doğuran şirkətlərin yaradılmasına, eləcə də investisiya fondları vasitəsilə belə layihələrin maliyyələşdirilməsinə müsbət yanaşır.
Ekspert düşünür ki, gələcəkdə Qazaxıstan və Türkmənistanın enerji resurslarının bizə məxsus infrastruktur üzərindən başqa ölkələrə ixracı tranzit gəlirlər vəd edir ki, bu da Azərbaycanda məşğulluğun təmin olunmasında və iqtisadi artımda mühüm faktordur. Bir sözlə, perspektivdə enerji resurslarının Azərbaycandan keçməsi, ölkəmizin üzərindən Mərkəzi Asiyaya uzanacaq rəqəmsal kommunikasiya xətlərinin çəkilməsi, Qazaxıstan uranının Azərbaycan üzərindən Avropaya çatdırılması kimi böyük layihələr var ki, bütün bu addımların reallaşması ilə hər iki regionun iqtisadiyyatı bir-birinə daha da yaxınlaşmış olacaq.
Faiq KƏRİMOĞLU
