Rəqəmsal maliyyə və onun üstünlükləri MƏQALƏ
Zamanın tələblərinə cavab verən, istifadəçilər üçün çox böyük üstünlüklər gətirən rəqəmsal maliyyə maliyyə menecmentinin yeni bir istiqaməti kimi qarşımıza çıxmaqdadır. Bu yeni axın ənənəvi maliyyə anlayışlarını qüvvədən salmır, əvəz etmir, əksinə, onları təkmilləşdirir, tamamlayır, gücləndirir, faydalılıq əmsalını artırır və yeni səviyyəyə daşıyır.
Rəqəmsal maliyyə nədir və onun hansı alətləri var?
Mövzunu “vergiler.az” üçün rəqəmsal maliyyə üzrə ekspert Nigar Kazımova təhlil edib.
Hesabatların oxunması, pul axınının idarə edilməsi, büdcələmə və risk analizi kimi bacarıqlar mühümdür. Lakin bu bacarıqları rəqəmsal texnologiyalar sayəsində artıq daha sürətli, çevik və dəqiq şəkildə tətbiq etmək mümkündür.
Bugünkü müasir maliyyə sahəsi artıq yalnız müxtəlif hesabatlar və hesablama qaydaları ilə idarə olunmur. Böyük həcmli məlumatların sistematik olaraq təsnifləşdirilməsi, proseslərin avtomatlaşdırılması, real vaxt analitikası və süni intellektin uçotda aktiv tətbiqi maliyyə idarəetməsinin əvəzolunmaz proseslərinə çevrilməkdədir. Beləliklə, rəqəmsal maliyyə (digital finance) - maliyyə əməliyyatlarının, göstəricilərinin və təhlillərinin rəqəmsal texnologiyalar vasitəsilə avtomatlaşdırılması, idarə olunması və təqdimatı deməkdir. Başqa sözlə desək, maliyyə funksiyalarının ənənəvi üsullardan fərqli olaraq, rəqəmsal platformalar, proqram təminatları və alətlər vasitəsilə həyata keçirilməsi anlamına gəlir.
Rəqəmsal maliyyənin əsas məqsədi maliyyə proseslərinin effektivliyini yüksəltmək, riskləri azaltmaq, daha geniş məlumat bazasına dayanan sürətli və dəqiq qərarvermə mexanizmlərini təmin etməkdir. Bu prosesdə süni intellekt, böyük həcmli məlumatlar (big-data), blokçeyn texnologiyaları, bulud hesablaması və avtomatlaşdırılmış analitik alətlər kimi qabaqcıl texnologiyalar tətbiq olunur. Nəticədə maliyyə idarəetməsi müasir işgüzar mühitin tələblərinə uyğun formalaşır.
Qeyd olunanlara əsasən deyə bilərik ki, rəqəmsal maliyyə idarəetmə, informasiya texnologiyaları və maliyyə sahələrinin ahəngli şəkildə tətbiq edilməsindən yaranmış yeni bir axındır. Rəqəmsal maliyyənin alətləri dedikdə, maliyyə əməliyyatlarının rəqəmsal texnologiyalar vasitəsilə daha səmərəli, şəffaf və avtomatlaşdırılmış formada həyata keçirilməsini, izlənilməsini və təhlil olunmasını təmin edən texnoloji vasitələr nəzərdə tutulur. Onlardan geniş şəkildə istifadə edilənlər aşağıdakılardır:
1. Excel (Advanced Excel Tools) - pivot cədvəllər, makrolar (VBA), Power Query kimi funksiyalarla rəqəmsal təhlildə əhəmiyyətli rol oynamaqla birlikdə ənənəvi və rəqəmsal maliyyə proseslərində geniş istifadə edilir.
2. ERP sistemləri (SAP, Oracle Financials, 1C və s.) - mühasibatlıq, maliyyə hesabatlığını, risk resurslarının idarə olunmasını təmin edərək maliyyə əməliyyatlarını real vaxt rejimində izləməyə imkan yaradır.
3. SQL (Structured Query Language) - maliyyə-məlumat bazalarına çıxış üçün, sorğuların icrasında, məlumatların filtrasiya, qruplaşdırma və analizində geniş istifadə olunur.
4. Python - avtomatlaşdırılmış maliyyə təhlilləri, statistik modellər və proqnozlaşdırma alqoritmləri yaratmaq üçün istifadə edilir.
5. Power BI, Tableau və s. - maliyyə məlumatlarının vizuallaşdırılması və təhlili üçün istifadə olunaraq “dashboard” və interaktiv hesabatlar vasitəsilə qərarverməni asanlaşdırır.
Rəqəmsal maliyyənin tətbiqi müəssisəyə nə kimi üstünlüklər gətirir?
Rəqəmsal maliyyənin müəssisələrdə tətbiqi onların fəaliyyətinə əhəmiyyətli dərəcədə dinamizm və çeviklik gətirir. İlk növbədə, bu texnologiya əməliyyatların avtomatlaşdırılmasına yol açır. Beləliklə, təkrarlanan və vaxt aparan maliyyə prosedurları - hesabatların hazırlanması, ödənişlərin icrası, uçot əməliyyatları insan müdaxiləsi olmadan həyata keçirilə bilir. Bu isə həm işçi resurslarına olan ehtiyacı azaldır, həm də əməliyyatlarda dəqiqliyi və sürəti artırır.
Rəqəmsal alətlər sayəsində müəssisənin maliyyə fəaliyyətində şəffaflıq və hesabatlılıq güclənir. Məlumatlar rəqəmsal platformalarda izlənilə bildiyi üçün istənilən an real vaxt rejimində hesabatları təqdim etmək, əməliyyatlara nəzarət etmək mümkündür. Bu şəraitdə mühasibat və audit prosesləri sadələşir, risklər daha asanlıqla müəyyən olunur.
Digər bir mühüm üstünlük isə məlumatların səmərəli analizi və onun əsasında verilən qərarların keyfiyyətinin artmasıdır. Əslində, müəssisələrdə uçotun aparılmasının başlıca məqsədi düzgün qərarların verilməsinə şərait yaratmaqdır. Rəqəmsal texnologiyalar vasitəsilə gəlirlilik, xərclər və investisiya meyilləri müxtəlif metodlarla daha təfərrüatlı təhlil olunur, nəticədə idarəetmədə daha əsaslandırılmış və strateji baxımdan düzgün addımlar atılır. Bu, həm də müəssisənin qarşılaşa biləcəyi risklərin vaxtında aşkarlanmasına və idarə olunmasına şərait yaradır.
Rəqəmsallaşma eyni zamanda xərclərin azalmasına gətirib çıxarır. Kağız sənəd dövriyyəsinin aradan qaldırılması, əlavə işçi qüvvəsinə ehtiyacın azalması və proseslərin optimallaşdırılması maliyyə yükünü azaldır. Belə bir sistem maliyyə axınlarına real vaxtda nəzarət imkanı verir ki, bu da müəssisənin likvidliyinin qorunmasında və büdcə planlaşdırmasında mühüm rol oynayır. Bulud texnologiyaları və uzaqdan idarəetmə imkanları istənilən yerdən müəssisənin fəaliyyətinə nəzarət etməyə şərait yaradır. Bu da müəssisəni çevik edir, onu kənar təsirlərə qarşı daha dayanıqlı hala gətirir. Üstəlik, rəqəmsal maliyyə alətlərinin tətbiqi müəssisəyə rəqabət üstünlüyü qazandırır. Belə ki, texnoloji cəhətdən inkişaf etmiş şirkətlər bazarda daha çevik, şəffaf və cəlbedici görünürlər.
Özünu inkişaf etdirmək istəyənlərə tövsiyə…
Bu sahədə özünü inkişaf etdirmək istəyənlər üçün uğura aparan yol həm texnoloji bacarıqların, həm də maliyyə biliklərinin paralel şəkildə inkişaf etdirilməsindən keçir. Bu istiqamətdə inkişafı dəstəkləyəcək addımları aşağıdakı kimi təsnifləşdirmək olar:
- Maliyyə biliklərinə yiyələnmək və daha da möhkəmləndirmək - mühasibat uçotu, maliyyə təhlili, büdcə quruculuğu və investisiya üzrə baza biliklərə yiyələnmək şərtdir. Əlbəttə ki, bu sahədə nəzəri və tətbiqi biliklər olmadan ən müasir texnoloji dəstək belə, istənilən nəticəni verməyəcək.
- Maliyyə alətləri üzrə bilikləri mənimsəmək və inkişaf etdirmək - müasir dünyada maliyyə idarəetməsinin, maliyyəçilərin ən sadiq dəstəkçisi, köməkçisi olan Excel və digər rəqəmsal maliyyə alətlərini öyrənmədən, təcrübə etmədən bu sahə üzrə hədəflərə çatmaq mümkün olmayacaq.
- Praktiki layihələr üzərində işləmək - rəqəmsal maliyyə sahəsi praktiki həllərə fokuslanmaqdadır. Sadə məlumatlar üzrə təhlillər edib hesabat hazırlamaqla başlayıb tədricən daha da mürəkkəb və geniş məlumat bazaları əsasında təhlillərə istiqamətlənmək faydalı olacaq. Praktiki olaraq, real vaxt rejimində müxtəlif məlumat bazaları ilə çalışmaq arzuolunandır.
- Daim öyrənməyə açıq olmaq - texnologiya dünyası sürətlə inkişaf edib dəyişdiyi üçün daim yenilikləri izləmək, yeni yaranacaq rəqəmsal maliyyə alətlərini sınaqdan keçirmək, hazırda istifadə edilənlər üzrə isə yenilikləri izləmək önəmlidir. Bunun üçün rəqəmsal maliyyə, data analitikası və texnologiya sahəsində faydalı olan beynəlxalq və yerli təlimlərdə, peşəkar forumlarda iştirak etmək, bloqlar oxumaq, sahənin öncüllərinin təcrübələrini izləmək çox faydalı olacaq.
Sonda vurğulayaq ki, müasir idarəetmədə rəqəmsal maliyyəyə tələb artmaqdadır. Bu sahənin sürətli inkişafı və müasir müəssisələrdə tətbiqinin geniş vüsət alması inamla deməyə əsas verir ki, rəqəmsal maliyyə (digital finance) gələcəkdə maliyyə idarəetməsinin əvəzolunmaz və ayrılmaz hissəsinə çevriləcək.
