8 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Gələn Alıcı” proqramı: yerli aqrar məhsulların ixrac coğrafiyası genişlənir MƏQALƏ

Aqrar sektor qeyri-neft ixracında önəmli paya malik strateji bir istiqamətdir. Son illər ölkəmizdə yetişdirilən kənd təsərrüfatı məhsulları həm çeşid, həm də keyfiyyət baxımından xarici bazarlarda kifayət qədər alıcı toplamağı bacarıb. Subsidiya və güzəştli kredit mexanizmlərinin təkmilləşdirilməsi, aqroparkların və emal müəssisələrinin yaradılması, rəqəmsal kənd təsərrüfatı platformalarının tətbiqi məhsuldarlığın artmasına, son nəticədə isə ixracın genişlənməsinə müsbət təsir göstərib.

Azərbaycanın aqrar məhsullarının beynəlxalq bazarlara çıxışı son aylarda yeni mərhələyə qədəm qoyub. Belə ki, “Gələn Alıcı” proqramı və “Azexport”un Qazaxıstanın “QazTrade” təşkilatı ilə əməkdaşlığı sayəsində yerli fermerlərin məhsulları Qazaxıstan və Belarus bazarları ilə yanaşı, Qətər və Oman piştaxtalarında da alıcılara təqdim olunacaq.

“QazTrade” və “Azexport” əməkdaşlığı yerli sahibkarların ixrac imkanlarını genişləndirir

“Azexport”un “QazTrade” ilə Anlaşma Memorandumu imzalamaqda əsas məqsədi yerli sahibkarların rəqəmsal bazarlara çıxışını asanlaşdırmaq və onlara daha müasir, innovativ həllərdən istifadə etməklə ixrac potensialını genişləndirmək imkanı verməkdir. “Azexport”un rəhbəri Ayxan Qədəşov deyir ki, bu sənəd çərçivəsində ortaq təlim və seminarların təşkili, startap ekosisteminin inkişafı və portalın mövcud rəqəmsal sərgi platformasının genişləndirilməsi istiqamətində konkret tədbirlər nəzərdə tutulur. Mövcud imkanlar sahibkarlara yeni bilik və təcrübə mübadiləsi imkanı yaratmaqla bərabər, onların beynəlxalq bazarlarda rəqabət qabiliyyətini də artıracaq. İki ölkə arasında əməkdaşlıq çərçivəsində ixrac prosesləri daha çevik idarə olunacaq və sahibkarlar yeni bazarlara çıxış imkanı əldə edəcəklər.

Ortaq təşəbbüslər bizneslərin rəqabət qabiliyyətini artıracaq

Adıçəkilən memorandum həm Qazaxıstan, həm də Azərbaycan məhsullarının bu ölkələrin market şəbəkələrinə çıxışı üçün dəstək mexanizmlərinin təkmilləşdirilməsini də əhatə edir. Bunun üçün yerli sahibkarlarla qarşılıqlı onlayn və fiziki “B2B” (business-to-business) görüşlərin təşkili nəzərdə tutulub. A.Qədəşovun sözlərinə əsasən, ilkin mərhələdə Azərbaycandan Qazaxıstana ixrac olunan meyvə-tərəvəz və konservləşdirilmiş məhsulların üstünlük təşkil etdiyi nəzərə alınaraq, əsas diqqət bu kateqoriyada fəaliyyət göstərən sahibkarlara yönəldiləcək. Növbəti mərhələdə isə digər məhsul qrupları da əhatə olunmaqla, ümumilikdə ölkəmizin ixrac göstəricilərinin artırılması hədəflənir.

Portal rəsmisi deyir ki, bu əməkdaşlıq iki ölkə arasında iqtisadi əlaqələrin güclənməsinə xidmət etməklə yanaşı, yerli bizneslərin daha sürətli və effektiv inkişafı üçün yeni qapı açır. Bildirir ki, “Azexport” portalı bu prosesdə sahibkarlara daim dəstək verəcək və onların yeni imkanlardan maksimum faydalanması üçün bütün gücünü səfərbər edəcək. Rəqəmsal ticarət sahəsində belə ortaq təşəbbüslər uzunmüddətli perspektivdə regionda bizneslərin rəqabət qabiliyyətini xeyli artıracaq və iki ölkə arasında iqtisadi inteqrasiyanı daha da möhkəmləndirəcək.

Aqrar məhsul ixracı: beynəlxalq meyillər, ölkə reallığı və strateji addımlar

“Azexport” portalının rəhbərinin sözlərinə əsasən, hazırda qlobal tədarükçülər aqrar məhsulları market şəbəkələrinə satışa tam hazır təqdim edirlər. İxrac olunan məhsulun əlavə presedurlardan keçmədən birbaşa alıcılara təqdim edilməsi həm ixrac subyekti, həm də market şəbəkəsi üçün faydalı mexanizmdir. Çinin "Institute of Food and Strategic Reserves” İnstitutu və “Nanjing University of Finance and Economics" Universitetinin apardıqları tədqiqatlar göstərib ki, aqrar məhsulların brendləşdirilərək satışa təqdim olunması fermerlərin gəlirlərini 65% artırıb. Paralel olaraq, “International Fund for Agricultural Development” (IFAD) də bildirir ki, kənd təsərrüfatı məhsullarının müasir qablaşdırma və dərin emal mərhələsindən keçirilməsi fermerlər üçün əlavə dəyər yaradır və nəticədə onların gəlirləri əhəmiyyətli dərəcədə artır. Məhsulun qablaşdırılması onun təqdimatını optimallaşdırır, saxlama müddətini uzadır və beynəlxalq standartlara uyğunluğu təmin edilir. Emal mərhələsi isə xammalı daha dəyərli məhsula çevirərək istehsalçılara yüksək qiymət əldə etməyə imkan verir. IFAD-ın tədqiqatlarına görə, bu cür dəyər zənciri yanaşması fermerlərin gəlirlərini artırmaqla yanaşı, yerli sənayenin inkişafına, məşğulluğun artmasına və kənd təsərrüfatı məhsullarının beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin yüksəlməsinə də xidmət edir. Həmçinin, “Food and Agriculture Organization” (FAO) və Dünya Bankı kimi beynəlxalq təşkilatların da müxtəlif hesabatlarında aqrar məhsulların brend altında və müasir qablaşdırmada təqdim olunmasının müsbət nəticələri barədə qeydlər mövcuddur.

Xüsusi qablaşdırma və brendləşməyə ehtiyac var

Son illər Azərbaycanda yetişdirilən kənd təsərrüfatı məhsullarının keyfiyyəti yüksəlib, çeşid baxımından da artım müşahidə edilir. Pomidor, fındıq, xurma və nar kimi onlarla yerli məhsullarımız artıq dad və keyfiyyət göstəricilərinə görə beynəlxalq bazarlarda öz mövqeyini tutub. A.Qədəşov yerli məhsulların dəyər zəncirində daha yüksək mərhələyə keçidinə ehtiyac olduğunu deyir. Yəni xammal ixracı öz yerini “Made in Azerbaijan” brendi altında qablaşdırılmış, pərakəndə bazara tam hazır məhsul ixracına verməlidir. Portal rəhbəri bildirir ki, məqsəd təkcə məhsulların konteyner və plastik tara ilə ixraca göndərilməsi deyil, əsas hədəf bu məhsulları tanınan, etiketlənmiş və müasir formada qablaşdırılmış brend halına gətirməkdir. Bu mərhələdən sonra isə həmin brend məhsulların hədəf bazarlarda daha güclü mövqelənməsi üçün e-ticarət platformalarında və sosial şəbəkələrdə effektiv marketinq kampaniyalarının aparılması, nəticədə isə qlobal tanıtım və satış həcminin əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır. Bu istiqamətdə dövlət-özəl tərəfdaşlığı çərçivəsində geniş işlər görülür.

Bəzi bölgələrdə müasir qablaşdırma üçün texniki imkanlar var

“Azexport”un rəhbəri bildirir ki, rəqəmsal ticarət imkanlarının genişlənməsi sahibkarların ixrac potensialını nəzərəçarpacaq dərəcədə artırır. Bu platformalar bizneslərdə yeni ideyaların və bazara çıxış strategiyalarının formalaşmasına şərait yaradır, bunun nəticəsində isə yerli sahibkarların dərin emala və brendləşməyə marağı əhəmiyyətli şəkildə yüksəlir. Onun sözlərinə görə, “Azexport” portalı mütəmadi olaraq şirkətlərlə, ixrac fəaliyyəti ilə məşğul olan subyektlər və emal müəssisələri ilə görüşlər keçirir. Artıq bir çox müəssisələrdə müasir qablaşdırma, çeşidləmə, etiketləmə və kodlaşdırma avadanlıqları quraşdırılıb. Xüsusilə Quba, Qusar, Lənkəran və Qəbələ bölgələrində fəaliyyət göstərən emal müəssisələri həm keyfiyyət göstəricilərinə, həm də texnoloji səviyyəsinə görə regionda ön sıralarda qərarlaşır. Bu tendensiya ölkənin ixrac potensialının dayanıqlı inkişafına mühüm töhfə verir, çünki eyni həcmdə məhsul ixrac edilməsinə baxmayaraq, yüksək əlavə dəyər hesabına ölkəyə daha çox valyuta daxil olur.

Heç kimə sirr deyil ki, məhsula əlavə dəyər qatmaq ölkəyə daxil olan gəliri artırır və bu, eyni zamanda klasterləşməni, yerli sənayenin şaxələnməsini və regionlarda məşğulluğun yüksəlməsini stimullaşdırır. Əvvəllər əsas məqsəd yalnız xarici bazarlara çıxış əldə etmək idisə, hazırda həmin bazarlarda mövqelərin möhkəmləndirilməsi prioritet sayılır. Portal rəhbəri qeyd edir ki, Azərbaycan məhsulunun alıcı üçün yalnız “dadlı və təbii” kimi qəbul olunması kifayət etmir, qarşıdakı illərdə bu məhsulların həm də “etibarlı brend” imici ilə tanınması əsas hədəflərdən biri olacaq. Məhz bu səbəbdən, həm dövlət, həm də özəl sektor müvafiq istiqamətdə koordinasiyalı şəkildə fəaliyyət göstərirlər.

“Gələn alıcı” proqramı ilə yerli məhsulların ixracı artır

“Azexport” portalına beynəlxalq bazarlardan daxil olan ixrac sifarişləri diqqətlə araşdırıldıqdan sonra sahibkarlara yönləndirilir. Tərəflər arasında razılıq əldə olunduğu halda, ixracın reallaşdırılması üçün növbəti dəstək mexanizmləri həyata keçirilir. Bununla yanaşı, portal tərəfindən yaradılımış “Gələn alıcı” proqramı çərçivəsində müxtəlif ölkələrdən gələn alıcılar yerli təsərrüfatlarla tanış olur, məhsulları yerində qiymətləndirməklə əməkdaşlıq üçün imkanlar yaradılır. Bu proses nəticəsində imzalanan müqavilələr və əməkdaşlıq yerli məhsulların beynəlxalq bazarlarda daha geniş tanınmasına imkan yaradır. Son günlər bu proqram çərçivəsində Belarusda yerləşən topdansatış şəbəkəsinin nümayəndələri ölkəmizə səfər ediblər. Səfərin nəticəsi olaraq nar, xurma və sitrus məhsullarının bu ölkəyə ixracına dair müqavilələr imzalanıb. Hazırda həmin şəbəkə tərəvəz məhsullarının da ixracına dair yerli şirkətlərlə danışıqlar aparır. Bu yaxınlarda isə Omandan olan beynəlxalq ticarət şirkətinin nümayəndələri Azərbaycana səfər çərçivəsində “Azexport” portalının “Gələn alıcı” proqramı çərçivəsində məhsulların yetişdirildiyi bağlara baş çəkiblər. Qonaqlara çeşidləmə və saxlama proseslərində tətbiq olunan müasir texnologiyalar barədə məlumat verilib, onlar şimal bölgəsində yetişdirilən məhsulların keyfiyyət göstəricilərinin yüksək olmasını vurğulayıblar. Nəticədə yerli məhsulların Oman və Qətərə ixracına dair müqavilələr imzalanıb. Artıq sınaq göndərişi üçün ödənişlər həyata keçirilib, məhsulların ilk partiyasının tezliklə yola salınması gözlənilir.

Ayxan Qədəşovun sözlərinə görə, “Gələn alıcı” proqramı vasitəsilə əcnəbi alıcıların yerli təsərrüfatlarla birbaşa tanışlığını genişləndirmək niyyətindədirlər. Məhz bu proqram çərçivəsində xarici tərəfdaşlar məhsulların yetişdirildiyi bağları, çeşidləmə və saxlama yerlərini əyani şəkildə izləyir, keyfiyyəti ilə yaxından tanış olurlar. Birbaşa əlaqələr, həmçinin, yerli sahibkarların beynəlxalq bazarlarda tanınmasına və yeni əməkdaşlıq imkanlarının yaranmasına müsbət təsir edir. Portal rəhbəri vurğulayır ki, istənilən yerli şirkət proqrama qoşula bilər, təqdim olunan bu və digər xidmətlər ödənişsizdir və heç bir komissiya tətbiq edilmir.

Nəticə olaraq, “Gələn Alıcı” proqramı və “QazTrade–Azexport” əməkdaşlığı Azərbaycanın aqrar məhsullarının beynəlxalq bazarlarda tanıdılmasına yeni impuls verir, istehsal, brendləşmə və rəqəmsal ticarət imkanlarının genişlənməsi isə yerli sahibkarların daha dəyərli məhsul ixrac etməsinə şərait yaradır. Bu model fermerlərin gəlirini artırmaqla yanaşı, ölkəmizin qeyri-neft ixracında dayanıqlı artım üçün də güclü baza formalaşdırır.

Faiq KƏRİMOĞLU

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?