7 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ağdamdan dünya bazarına: “Mister Decor” üçüncü istehsal xəttini istifadəyə verəcək MƏQALƏ

Ağdam Sənaye Parkının rezidenti “Mister Decor” şirkəti, qısa müddətdir fəaliyyət göstərməsinə baxmayaraq, bir sıra yeniliklərə imza atıb. Qarabağdan ilk ixrac həyata keçirən şirkət yaxın zamanda üçüncü istehsal xəttini istifadəyə verməyə hazırlaşır. Parkda 1,6 hektar əraziyə malik olan fabrik Cənubi Qafqaz regionunda sırf divar kağızı istehsalı üzrə ixtisaslaşmış qabaqcıl müəssisədir. Zavodun infrastrukturu daim yenilənir və mövcud şərtlər daxilində burada illik 2 milyon rulondan çox divar kağızı istehsal etmək mümkündür.

Üçüncü istehsal xətti iş yerlərini artıracaq

Şirkətin həmtəsisçisi və direktoru Əli Əliyev bildirir ki, yaxın bir ay ərzində zavodda üçüncü istehsal xətti istifadəyə veriləcək və bu xəttin tam işləməsi ilə istehsal gücü nəzərəçarpacaq dərəcədə artacaq. İlk növbədə, dəyişiklik rulon sayında özünü göstərəcək. Hazırda fəaliyyət göstərən 2 xətt üzrə ümumilikdə gündəlik 5 min rulon divar kağızı ərsəyə gətirmək mümkündürsə, üçüncü xəttin istifadəyə verilməsi ilə bu rəqəm 10 min rulona yüksələcək. Sözsüz ki, yeni istehsal xətti ilə bərabər, inkfrastrukturda da yenilik edilir. Məsələn, zavod əlavə qurğular və güclü havalandırma sistemləri ilə təmin olunacaq ki, bu da istehsalın həcminə avtomatik təsir edən amildir. Digər tərəfdən, üçüncü xəttin istifadəyə verilməsi əlavə işçilərə də ehtiyac yaradacaq. Hazırda 70-dən çox işçinin əməyindən istifadə edən şirkət işlə təmin olunanların sayını 100-ə çatdırmağı hədəfləyir.

İxrac ünvanları artıb, xammal bazarı genişlənib

Müəssisədə hər 3 xətt üzrə istehsal edilən məhsullar həm daxili, həm də xarici bazar üçün nəzərdə tutulub. Hazırda Gürcüstan, Özbəkistan və Rusiyaya mal satışı həyata keçirilir. Bu yaxınlarda Türkiyə ilə əməkdaşlıq məsələsi müzakirə edilib. Ə.Əliyevin sözlərinə əsasən, bütün yeni kolleksiyalar və nümunələr qardaş ölkəyə göndəriləcək və bununla da 100 konteynerlik müqavilənin imzalanması hədəflənir. Təbii ki, bu sayda məhsulun ixracı yeni xəttin tam gücü ilə işləməsi nəticəsində əlçatan olacaq.

Şirkət yeni və keyifyyətli xammal bazarlarını da mütəmadi araşdırır. Belə ki, xammalın əksəriyyətinin Çin, Türkiyə və Rusiyadan tədarük edilməsinə baxmayaraq, Almaniya, İtaliya, Polşa və Litva bazarlarından da xam məhsul alışı həyata keçirilir. Direktorun sözlərinə əsasən, istehsal prosesində qabaqcıl Almaniya texnologiyaları və Çin avadanlıqları tətbiq olunduğundan, keyfiyyətli mal ərsəyə gətirmək mümkündür. Məhsullar davamlılıq, estetik görünüş və ekoloji tələblərə tam cavab verir.

Daxili bazarda hər ay 35-40 min rulon məhsul satışa çıxarılır

Zavod həm kağız, həm də vinil divar kağızları istehsal edir. Divar kağızları seqment olaraq ucuz və orta qiymətlərdə satışa çıxarılır. Şirkət rəhbəri daxili və xarici bazarda həm adi, həm də vinil divar kağızlarının müştəri bazasının formalaşdığını bildirir. Vinil kağızlar çoxfunksiyalı olması ilə diqqət çəkir. Flizelin tərkibli, yuyula bilən bu kağızlar divardan havanı rahat buraxa bildiyi üçün əlverişli hesab edilir. Sözügedən kağızların 1 rulonunun ağırlığı təqribən 4 kq civarındadır, sadə kağızlarda isə bu, 2,8 kq ətrafında dəyişir. Məhsulun çəkisinin yüngül olması daşınmanı rahatlaşdırdığı üçün ixracda onu daha cəlbedici edir. Ə.Əliyevin sözlərinə əsasən, şirkət hər ay bazara 1 kataloq buraxır ki, bu da 35-40 min rulon məhsulun daxili bazara çıxarılması deməkdir. Bu say sırf pərakəndə satış üçün nəzərdə tutulan rəqəmlərdir, bundan əlavə, dövlət layihələri üçün də müəyyən qədər məhsul ayrılır.

Tavan üçün divar kağızı istehsalı planlaşdırılır

Məhsul çeşidlərinin artırılmasını qarşısına məqsəd qoyan “Mister Decor” yeni növ 2 divar kağızı istehsalını da planlaşdırır. Şirkət rəhbəri deyir ki, tavan üçün divar kağızları və emulsiya altından vurulan kağızların istehsalı ilə bağlı planlar masa üzərindədir. Bu kağızlar təbii olması ilə fərq yaradır və kimyəvi tərkibli olmadığı üçün xəstəxana və uşaq bağçalarında geniş istifadə üçün nəzərdə tutulur. Müəssisə premium divar kağızı istehsalına da başlamaq niyyətindədir. Bu reallaşdıqda isə “Mister Decor” hər 3 seqmentə xitab edən məhsul istehsalı üzrə ixtisaslaşmış bir şirkət olacaq. Həm daxili, həm də xarici bazara çıxarılması planlaşdırılan bu kağızların üzərində özəl dizayn elementləri yer alacaq və qiymətlər bu faktorlara görə müəyyən ediləcək.

Faiq KƏRİMOĞLU

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?