4 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bazarlarda vergi uçotunun tənzimlənməsi rəsmiləşdirmədəki çətinlikləri aradan qaldıracaq MƏQALƏ

Məlum olduğu kimi, bazarlara vergi nəzarətinin təmin edilməsi ilə bağlı Vergi Məcəlləsinə dəyişikliklər cari ilin oktyabrın 1-dən qüvvəyə minib. Bu dəyişikliklər bazarlarda fəaliyyət göstərən bütün şəxslərin qanunvericiliyə uyğun leqal şəkildə fəaliyyət göstərməsini təmin etməyə və qanunsuz sahibkarlığın qarşısını almağa yönəlib.

Sahibkarlardan və bazar mülkiyyətçilərindən tələb olunan nədir?

Dəyişikliklərə əsasən, bazarlarda icarəçilərin faktiki fəaliyyət göstərməsi yalnız onların icarəyə götürdükləri obyektlərin vergi orqanında uçota alınmasından sonra mümkündür. Bu öhdəlik bazar mülkiyyətçiləri tərəfindən təmin edilməlidir. Qanunvericiliyin yeni tələblərinə görə, bazar mülkiyyətçiləri icarə müqaviləsinə xitam verilmiş, fəaliyyətini dayandıran və ya davam etdirən vergi ödəyiciləri barədə məlumat formasını rübdə 1 dəfə vergi orqanlarına təqdim etməlidirlər.

Eyni zamanda, cari ilin 1 oktyabr tarixindən etibarən növbəti 6 ay ərzində bazar mülkiyyətçiləri vergi orqanında uçota alınmamış təsərrüfat obyektlərinin (mağaza, ticarət obyekti, anbar) və həmin obyekti icarəyə götürən şəxslərin uçota alınmasını təmin etməlidirlər.

Dəyişiklik nəyə xidmət edəcək?

Sözügedən dəyişikliklərin əsas məqsədi qeyri-qanuni, uçotsuz fəaliyyət göstərən, istehlakçı hüquqlarını pozan sahibkarların fəaliyyətinin qarşısının alınması və onların vergi uçotuna alınmasını təmin etməkdir.

Vergi uçotundan kənar fəaliyyət göstərən bazarlarda alış zamanı çox zaman ödəniş sənədləri (çek, qəbz) təqdim edilmir. Bu isə istehlakçının hüquqlarının pozuntusuna, malların dəyişdirilməsi və ya qaytarılması zamanı problemlərin yaranmasına səbəb olur.

Yeni mexanizm bu problemlərin qarşısını almaqla istehlakçı hüquqlarının qorunmasına və şəffaf bazar münasibətlərinin formalaşmasına xidmət edəcək. Ümumilikdə bu addımlar iqtisadi artıma və sosial rifahın yüksəlməsinə töhfə verəcəkdir.

Hansı bazarlardan söhbət gedir?

Burada söhbət kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, digər bazarlardan gedir. Yəni, vergi qanunvericiliyinin sözügedən müddəaları kənd təsərrüfatı məhsullarının satışı bazarları istisna olmaqla, tikinti, geyim, qeyri-ərzaq, sənaye və digər məhsulların satış bazarları, ticarət mərkəzləri, eləcə də AVM-lərdə fəaliyyət göstərən şəxsləri əhatə edir.

Qanunsuz sahibkarlıqla mübarizə

Son illərdə İqtisadiyyat Nazirliyi, o cümlədən Dövlət Vergi Xidməti tərəfindən ardıcıl şəffaflaşdırma tədbirləri həyata keçirilib. Nəticədə biznes mühitində əhəmiyyətli dərəcədə “ağarma” müşahidə olunur. Əmtəə zəncirinin bütün mərhələlərində rəsmiləşdirmə ildən-ilə artır və qanunsuz mal dövriyyəsinin və qeyri-rəsmi satış mənbələrinin aradan qaldırılması istiqamətində nəzarətin artırılması və tədbirlərin görülməsi davam etdirilir.

Bazarlar müxtəlif sahibkarların birgə fəaliyyət göstərdiyi əmlak kompleksi olmaqla yanaşı, bazar mülkiyyətçiləri həmin sahibkarların fəaliyyətini əlaqələndirmək və təşkil etmək kimi vəzifələr daşıyırlar.

Bazarlarda qanunsuz sahibkarlığın qarşısının alınması istiqamətində bazar mülkiyyətçilərinin prosesdə fəal iştirakı vacibdir. Yeni mexanizm həmçinin bazarlarda çalışan, lakin aldığı malları sənədləşdirməyən sahibkarların uçotla bağlı çatışmazlıqlarını aradan qaldıracaq, rəsmiləşdirmə proseslərini leqallaşdıracaq.

Qeyd edilməlidir ki, sahibkarların vergi uçotuna alınmadan, o cümlədən icarəyə götürdükləri obyektləri vergi orqanında uçota qoymadan fəaliyyət göstərməsinə şərait yaradan bazar mülkiyyətçilərinə qarşı məsuliyyət tədbirlərinin tətbiq olunması vergi qanunvericiliyində açıq şəkildə təsbit edilib.

VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır?