Startaplarda süni intellekt: “Azirrigation” kənd təsərrüfatında ağıllı həllər təqdim edir MƏQALƏ
Son bir neçə ildir süni intellekt (AI) texnologiyalarının sürətli inkişafı və bir çox sahələrdə əvəzolunmaz vasitəyə çevrilməsi iş dünyasında da fundamental dəyişikliklərə səbəb olub. Bu məqamda, xüsusilə, startaplar qeyd edilməlidir, çünki startap ekosistemində süni intellektin rolu getdikcə artmaqdadır. Onun sayəsində yeni biznes modellərinin yaradılması, məhsul və xidmətlərin fərdiləşdirilməsi, həmçinin iş proseslərinin avtomatlaşdırılması istiqamətində geniş imkanlar yaranmaqdadır. Süni intellekt məhsuldarlığı artıran bir alət olmaqla yanaşı, bazarda fərq yaratmaq istəyən sahibkarlara böyük üstünlüklər də verir. Məsələn, AI ilə müştəri ehtiyaclarını daha effektiv qarşılamağa imkan verən fərqli alətləri sınaqdan keçirmək mümkündür.
Ölkəmizdə də texnologiya və innovasiya sahəsində sürətli inkişaf müşahidə olunur və süni intellekt bu inkişafın mərkəzində yer alır. Azərbaycandakı gənc və dinamik startap ekosistemi süni intellekt texnologiyalarını öz layihələrinə əlavə edərək insanlara daha məhsuldar xidmət göstərə bilir. Bununla yanaşı, xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq və yeni biznes imkanları yaratmaq istiqamətində addımlar da AI ilə daha asan həll olunur. Digər tərəfdən, o da sirr deyil ki, səhiyyə, kənd təsərrüfatı və informasiya texnologiyaları kimi sahələrdə süni intellektdən istifadə yerli startaplarımızın beynəlxalq arenada rəqabət qabiliyyətini yüksəldir.
Bu məqalədə yerli mühəndis komandasının xarici bazardan asılı olmadan ərsəyə gətirdiyi “Azirrigation” layihəsinin fermerlərin işini asanlaşdırmaq üçün hansı dinamik həllər təklif etdiyindən bəhs olunur.
Süni intellektlə su israfının qarşısı alınır
Yerli mühəndislər tərəfindən hazırlanmış ağıllı suvarma sistemi - “Azirrigation”, əsasən, kənd təsərrüfatında və fərdi bağlarda insan faktoru olmadan suvarma proseslərini avtomatlaşdırmaq üçün yaradılıb. Ənənəvi suvarmada vaxt itkisi, su israfı və qeyri-bərabər paylanma kimi problemlər ortaya çıxırdısa, sözügedən layihə ilə bu problemlər aradan qalxıb və sensor texnologiyaları, təzyiq tənzimləyiciləri və süni intellekt əsaslı tövsiyə sistemi vasitəsilə daha ağıllı həllər ortaya çıxıb. Sistem suyun miqdarına, torpağın nəmlik səviyyəsinə və hava şəraitinə uyğun optimal suvarma qərarları verir ki, bununla da həm su sərfiyyatına qənaət edilir, həm də bitkilərin məhsuldarlığı artmış olur.
Layihənin qurucusu Şahin Xəlilov deyir ki, süni intellekt “Azirrigation”un əsas fərqləndirici texnoloji bazasını təşkil edir. Sistem toplanan məlumatları (su sərfiyyatı, hava rütubəti, torpağın nəmlik dərəcəsi və s.) analitik modula ötürür, burada isə AI əsaslı analiz və tövsiyə mexanizmi işləyir. Bu mexanizm məsafədən aslı olmayaraq suvarma vaxtını və gününü, intervalını, hətta davametmə müddətini belə, dəqiq təyin edə bilir. Süni intellektin əsas təsiri sistemin “data-driven” işləməsini təmin etməsidir. Yəni bu o deməkdir ki, “Azirrigation” yalnız suvarmanı avtomatlaşdırmır, həm də məlumatlara əsaslanaraq, öyrənir. Bu verilənlər əsasında dinamik suvarma planı tərtib edilir, məsələn, proqram eyni hava şəraitində müxtəlif ağaclar üçün fərqli suvarma planını müəyyənləşdirə bilir. Layihə müəllifinin sözlərinə əsasən, süni intellekt modulları sayəsində “Azirrigation”, bazardakı digər mexaniki və ya yarımavtomatik sistemlərdən fərqli olaraq, “ağıllı qərar qəbul edən” ekosistem formalaşdırır. Bu, onu sadəcə cihaz deyil, intellektual idarəetmə platforması səviyyəsinə qaldırır. Verilənləri layihənin mobil tətbiqi üzərindən daha asan izləmək mümkündür.
Ş.Xəlilov deyir ki, bu layihəni ərsəyə gətirməkdə başlıca məqsəd Azərbaycanın su resurslarının idarə olunmasında yeni nəsil ağıllı yanaşma formalaşdırmaq və region səviyyəsində tətbiq oluna biləcək yerli texnologiya brendi yaratmaqdır.
Proqnozlaşdırıcı suvarma sistemi
Hazırda “Azirrigation” komandası AI əsaslı proqnozlaşdırıcı suvarma sistemi hazırlamaq üçün gücünü səfərbər edib. Startapçı deyir ki, bu sistem real vaxtda hava məlumatlarını, torpaq analizlərini və bitkiböyütmə fazalarını nəzərə alaraq, suvarma planını əvvəlcədən quracaq. Eyni zamanda, torpağın bioloji və kimyəvi tərkibini oxuyan sensorların inteqrasiyası, su səviyyəsi və axın detektorlarının təkmilləşdirilməsi də planlaşdırılır. Süni intellekt sistemdə yaranan istənilən nasazlığı tez bir zamanda təyin edə biləcək. Boruda, elektrik şəbəkəsində, sensorlarda, hətta cihaz daxilində olan nasazlığı da süni intellekt aşkarlayacaq. Bütün əlavə olunacaq yeni funksiyalar sayəsində sistem yalnız suvarmanı deyil, bitki sağlamlığı və resurs idarəçiliyini də avtomatik nəzarətdə saxlamış olacaq.
Süni intellektlə kənd təsərrüfatında avtomatik aqroidarəetmə
Süni intellekt kənd təsərrüfatında yalnız suvarma deyil, həm də gübrələmə, zərərvericilərin aşkarlanması və məhsul analizində insan əməyini əvəz edə biləcək potensiala malikdir. AI ilə inteqrasiya olunmuş sistemlər yaxın zamanda torpağın növünə, bitkinin vəziyyətinə və hava dinamikasına əsaslanmaqla, tam avtomatik aqroidarəetmə həyata keçirəcək. Süni intellektlə yabanı bitkilərlə mübarizədə də effektiv həllər uzaqda deyil. Belə ki, fermerler proqramla yabanı bitkilərin yerini təyin edəcək, üstəlik, bunun aradan qaldırılması üçün lazımi tövsiyələri də ala biləcəklər. Startapın müəllifi qeyd edir ki, yaratdıqları sistemdə avtonom idarəetmə bloklarının və öz-özünə öyrənən suvarma alqoritmlərinin tətbiqi ilə kənd təsərrüfatında qərarverməni insan müdaxiləsi olmadan həyata keçirməyə şərait yaranacaq.
Fermerlərə 3 model təqdim edilir
Həm fərdi bağ sahibləri, həm də böyük fermer təsərrüfatları üçün ölçüyə uyğunlaşdırıla bilən üç modeldə sadə, orta və güclü qurğular təqdim edilir. Sistem yerli resurslardan hazırlanır, enerji təminatı olmayan ərazilərdə Günəş enerjisi ilə işləyə bilir, Wi-Fi, 4G modulları vasitəsilə idarəetmə təmin edilir. Sadalanan xüsusiyyətlər onu yalnız texnoloji deyil, həm də ekoloji baxımdan dayanıqlı bir həllə çevirir. Onu da qeyd edək ki, “Azirrigation” layihəsi “Teknofest” üzrə Azərbaycanda qalib adına layiq görülüb.
Faiq KƏRİMOĞLU
