19 Noyabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Neftçala Sənaye Məhəlləsi sualtı elektrod və paslanmayan qaynaq çubuqlarının istehsalına hazırlaşır MƏQALƏ

2021-ci ilə kimi tikintidə geniş istifadə olunan qaynaq vasitəsi – elektrodlar ölkəmizə tam şəkildə xaricdən idxal edilirdisə, Neftçala Sənaye Məhəlləsinin rezidenti “Gedik Kaynak” MMC vəziyyəti kökündən dəyişib. Belə ki, şirkətin “GeKa” brendi adı altında satışa çıxardığı elektrodlar daxili bazarın tələbatını qarşılamaqla yanaşı, xarici bazarda da satışa çıxarılıb. Şirkətin ilk ixrac ünvanı isə Türkmənistandır. İndiyə kimi bu ölkəyə 200 ton elektrod göndərilib və yaxın zamanda bu həcmin 600 tona çatdırılması gözlənilir.

“Gedik Kaynak” Neftçala Sənaye Məhəlləsində 2021-ci ildən fəaliyyət göstərir və Azərbaycanda elektrod istehsalı üzrə ixtisaslaşmış yeganə müəssisədir. Yerli bazarda 30-35 faiz paya sahib olan şirkət bununla kifayətlənməyərək, bu göstəricini 70-80 faizə çatdırmağa çalışır. Sənaye Məhəlləsinin ən böyük ixracatçısı olan şirkət fərqli xarici bazarları da nəzərdən keçirərək, Azərbaycanı elektrod idxalçısından ixracatçısına çevirməyi hədəfləyir.

İxrac potensialı böyükdür

“Gedik Kaynak” elektrod istehsalı üzrə ölkədəki yeganə müəssisə olmasına baxmayaraq, bazarın tələbatını – aylıq 500 tonluq istehsal həcmini qarşılamaq gücündədir. MMC-nin direktoru Taleh Salmanovun sözlərinə görə, müəssisənin mövcud infrastrukturu ilə aylıq 600 ton həcmə çatmaq mümkündür. Bir neçə ildir ki, ölkə ərazisindəki tikinti materialları mağazalarında satışa çıxarılan ənənəvi qaynaq elektrodlarını qonşu Türkmənistan bazarlarında da görmək mümkün olacaq. Belə ki, müəssisə 200 ton uğurlu satış icra edib və müqavilə üzrə daha 400 ton məhsulun sözügedən ölkəyə göndərilməsi planlaşdırılır. Hətta idxalçı şirkətlə aparılan danışıqlara əsasən, bu müqavilənin daha 600 ton artırılması planı da masa üzərindədir. Azərbaycanda istehsal olunan sabit cərəyan elektrodlarına da xarici bazarlarda müştəri tapılıb. T.Salmanov bildirir ki, Türkmənistanla bu məhsul üzrə müqavilə danışıqları gedir və 200 ton həcmində sabit cərəyan elektrodunun satışı gözlənilir. Şirkət bir ölkəyə ixrac ilə kifayətlənmək niyyətində deyil və buna görə də mütəmadi bazar araşdırmaları aparılır. Məsələn, Rusiya və Qazaxıstandakı idxalçılar ciddi şəkildə araşdırılır və bu ölkələrə məhsul nümunələri ilə birlikdə təkliflər göndərilib.

Yeri gəlmişkən, hazırda Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən müəssisələrdən ikisinin xarici bazara çıxışı var. Burada istehsal edilən balıq yemi məhsulları artıq Özbəkistan və Qırğızıstan bazarlarında öz mövqeyini möhkəmləndirib. Hazırda 6 sahibkarın rezident olaraq qeydiyyatdan keçdiyi ölkənin ilk Sənaye Məhəlləsində 5 rezident fəaliyyət göstərir və onlar İqtisadiyyat Nazirliyindən güzəştlər nəzərdə tutan investisiya təşviqi sənədi əldə ediblər. Sahibkarlar görülən işlərə indiyə kimi 50 milyon manata yaxın investisiya yatırıblar və bununla da 300 nəfərdən çox insanın işsizlik problemini həll etmək mümkün olub. Neftçala Sənaye Məhəlləsində indiyə kimi 230 milyon manatlıq məhsul satışı həyata keçirilib, bunun da 1,8 milyon manatlıq hissəsi ixracın payına düşür. Təkcə bu ilin birinci yarısında burada 19 milyon manatlıq məhsul istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfədən çox artım deməkdir.

Sualtı qaynaq və kəsim elektrodları istehsalına başlanılır

“Gedik Kaynak” MMC-nin müəssisəsində hazırda 25 nəfərin əməyindən istifadə olunur və məhsul çeşidlərinin artırılması ilə bu rəqəm 45-ə çatdırılacaq. Yaxın zamanda müəssisə Azərbaycanda ilk dəfə olaraq sualtı elektrodların istehsalına başlamağa hazırlaşır. MMC direktorunun sözlərinə əsasən, sualtı elektrodlar ilk növbədə daxili ehtiyacı ödəmək üçün nəzərdə tutulub və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) tələbatını qarşlamağa hesablanıb. Ancaq ənənəvi elektrodlar kimi, bu məhsulun da ixracı üçün indidən bazarlar nəzərdən keçirilir.

Su altında istifadə olunan qaynaq elektrodları ilə paralel, müəssisə sualtı kəsim elektrodları da istehsal edəcək. Hər iki məhsul gəmi tikintisində, sualtı boru çəkilişində, platformaların sökülməsində və s. geniş istifadə olunur və kifayət qədər tələbatlı mal hesab edilir. T.Salmanov deyir ki, sualtı qaynaq və kəsim elektrodları xüsusi elektodlar qrupuna aid olduğundan, onlara daha az tələbat var. İlkin olaraq istehsalın illik 15-20 ton həcmdə olacağı və tələbat yüksəldiyi halda, artırılması hədəflənir. Şirkət rəsmisi əmin edir ki, bu həcmlə daxili bazarın tələbatını qarşılmaq mümkündür.

​​

Paslanmayan və alüminium qaynaq çubuqları...

İstehsalı gözlənilən məhsullar arasında paslanmayan və alüminium qaynaq çubuqları da yer alır və əsasən ixraca yönləndirilməsi nəzərdə tutulur. T.Salmanov deyir ki, artıq ixracla bağlı dəqiq yol xəritəsi də müəyyənləşdirilib, İraq, Türkmənistan və Özbəkistandan təkliflər alınıb. Bu məhsul da sualtı elektrodlar kimi özəl olduğuna görə, illik istehsalı 15-20 ton arasında nəzərdə tutulur. Müəssisə məhsulun ixracı üçün Rusiya və Qazaxıstan bazarlarını da araşdırır.

Müəssisə ənənəvi elektrodların istehsalı üçün lazımi xammalı Türkiyədən alır. Ancaq paslanmayan və alüminium elektrod istehsalında istifadə olunacaq xam məhsullar Hindistandan gətiriləcək.

Beynəlxalq standartlar və sertifikatlar...

T.Salmanov onu da bildirib ki, rəhbəri olduğu müəssisədə bütün beynəlxalq ekoloji standartlara əməl olunur və lazımi sertifikatlarla təmin edilib. ISO və xaricə mal satışı üzrə sertifikatlarla bərabər, bu yaxında dəniz təyinatlı məhsul istehsalı üçün nəzərdə tutulan RINA sertifikatı (İtaliya) da alınıb və bununla müəssisədə bütün ekoloji normaların tələblərinin ödənildiyi bir daha təsdiq olunur.

Faiq KƏRİMOĞLU

VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar? VergiSuvenirlər, aksesuarlar hazırlayan fiziki şəxsin vergi öhdəlikləri VergiRezident ASC qeyri-rezidentin xidmətləri üzrə ödəməli olduğu ƏDV-ni hesablayıb ödəməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan sahibkar 75 faizlik vergi güzəştindən yararlana bilərmi?