Pirallahı Sənaye Parkı - Azərbaycanı dərman ixracatçısına çevirəcək ünvan MƏQALƏ
Azərbaycanda dərman istehsalı üzrə ixtisaslaşmış və bu sahənin inkişafına hesablanmış Pirallahı Sənaye Parkı Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı müvafiq sərəncamla yaradılıb. Sənaye Parkının başlıca məqsədi ölkədə bir çox dərman məhsullarına olan tələbatı tam ödəyib, xaricə məhsul satmağa başlamaqdır. Bir sözlə, Azərbaycanı sözügedən sahədə idxalçı ölkədən ixracatçı ölkəyə çevirmək hədəflənir.
Dərman idxalından söz düşmüşkən, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 2025-ci ilin müvafiq dövründə ölkəyə dərman vasitələrinin idxalında 14,6 faiz azalma qeydə alınıb. Cari ilin 7 ayında 9,472 milyon manatlıq dərman istehsal edilib ki, bu da ötən ilin birinci yarısı ilə müqayisədə 29 faiz artım deməkdir.

56 milyon manatlıq investisiya, 150 daimi iş yeri...
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Pirallahı Sənaye Parkı fəaliyyətə başladığı vaxtdan ölkədə əczaçılıq sənayesinin inkişafına, əhalinin dərman vasitələrinə olan tələbatının ödənilməsinə, yerli istehsalın və məşğulluğun təşviqinə mühüm töhfələr verir. Burada 7 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və parkın investisiya həcmi 129 milyon manata yaxındır. İndiyə kimi sahibkarlar bu sahəyə 56 milyon manat civarında investisiya yatırıblar ki, bunun da sayəsində 150-dən çox daimi iş yeri yaratmaq mümkün olub.
70 milyon manatlıq məhsul istehsalı
Pirallahı Sənaye Parkı ölkəmizdə investisiya mühitinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması ilə yanaşı, qeyri-neft sənayesi məhsullarının istehsalının artırılmasında və ixracının genişləndirilməsində əhəmiyyətli rol oynayır. Təkcə bu ilin I yarısında burada 8,6 milyon manatlıq məhsul istehsal edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə təqribən 15 faiz çoxdur. İndiyədək parkda istehsal olunan məhsulların dəyəri isə 70 milyon manatdan yuxarıdır.

Məhsul çeşidləri artırılacaq
Hazırda 7 rezidenti olan parkın 2 müəssisəsi fəaliyyət göstərir. Burada birdəfəlik şprislər (1, 2, 5, 10, 20, 50 ml), sterilləşdirilmiş damardaxili kateterlər, infuziya dəsti, lateks steril cərrahi əlcək, diabeton MR və digər məhsulların istehsalı həyata keçirilir. İZİA-nın məlumatına əsasən, yaxın perspektivdə masa üzərindəki layihələrin gerçəkləşdirilməsi ilə qanda şəkəri təyin edən cihaz (qlukometr) və striplərin, qan depolama və test qablarının, birdəfəlik üçkomponentli şprislərin, bioloji aktiv qida əlavələrinin, tablet, kapsul, jelatin kapsul, toz suspenziya, sirop və digər dərman məhsullarının istehsalı planlaşdırılır. Bildirilib ki, sahibkarlar bu sahəyə böyük maraq göstərirlər və parkın ərazisi tam olaraq onların istifadəsinə verilib. Hazırda yeni ərazinin ayrılması istiqamətində də işlər aparılır.
Üç növ insulin istehsal edilir
Sənaye Parkının rezidenti "R-Pharm" zavodunda üç növ insulinin – RinGlar (insulin glargin), RinFast (insulin aspart) və RinFast Mix (ikifazalı insulin aspart) lokallaşdırılması və eyni zamanda bu preparatların ölkə daxilində kommersiya məqsədilə satışa çıxarılması nəzərdə tutulur. Artıq lokallaşdırılmış insulinin ilk istehsalat mərhələsi başa çatdırılıb və mülki dövriyyəyə buraxılıb.

İxrac ünvanları...
Parkda istehsal olunan məhsullar ilk növbədə daxili bazarın tələbatını ödəməyə yönəlib, növbəti mərhələdə isə xarici ölkələrə ixracı planlaşdırılır. İlkin ixrac bazarları kimi, əsasən, region ölkələri - Türkiyə, Gürcüstan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və İran nəzərdən keçirilir.
Faiq KƏRİMOĞLU
