16 İyul 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Xankəndi Tikiş Fabriki cins paltar istehsalına başlayıb MƏQALƏ

2023-cü ilin sentyabrında suverenlyimizin bütün ölkə ərazisində təmin olunması ilə Qarabağ və Şərqi Zəngəzurdakı digər şəhər və rayonlar kimi, Xankəndiyə də tarixi ənənələrin qaytarılmasına başlanılıb. Qarabağın iri şəhərlərindən biri olan Xankəndi keçmiş sovet dövründə Azərbaycanın əsas sənaye mərkəzlərindən biri olub. Burada həm yüngül, həm də yeyinti sənayesi inkişaf edib. Şəhərdə ipək kombinatı, ayaqqabı və tikiş fabriki, xalça emalatxanası, şərab zavodları, süd və ət kombinatları fəaliyyət göstərib. Xammal mənbələri isə Qarabağın zənginliyi hesabına təmin olunub.

Bu gün də Xankəndidə sənayenin dirçəldilməsi prioritet məsələlərdəndir. Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 zamanı Xankəndi Tikiş Fabrikinin onlayn açılışı oldu və qısa zamanda burada geyim istehsalına başlanıldı.

Məhsul çeşidləri artıb, yeni istehsala başlanılıb

Xankəndi Tikiş Fabrikinin fəaliyyətinin genişlənməsi regionun iqtisadi inkişafına birbaşa təsir göstərir. Müəssisənin icraçı direktoru Günel Əlizadə fabrikin yeni məhsul çeşidləri istehsal etməyə başladığını deyir. Bildirir ki, əgər müəssisə bu ilin fevralında idman geyimləri istehsal etməklə fəaliyyətə başlamışdısa, artıq uşaq, qadın və kişilərə aid bütün növ geyimlərin tikilməsi həyata keçirilir. Bununla yanaşı, fabrikdə xüsusi uniformalar da istehsal edilir. Müəssisə keyfiyyətli idman geyimlərinin istehsalını bu gün də davam etdirir və məhsullar daxili bazarda satışa çıxarılır. Ancaq ən vacib yenilik cins geyimlərin istehsalına başlanılmasıdır. “Az Cotton” brendi ilə fabrikdə bu materialdan olan hər növ geyimlər tikilir.

Azərbaycandan cins ixrac ediləcək

“Az Cotton” müəssisəsinin ümumi illik istehsal gücü 1 milyon 400 min ədəddir. Müəssisə qarşıdakı dönəmdə, əsasən, cins paltarlar istehsalına fokuslanacaq. İlkin dövrlərdə bu paltarların satış ünvanı daxili bazar olacaq, amma əsas planlar arasında ixrac məsələsi də var. G.Əlizadənin sözlərinə əsasən, bu məhsullara hansı bazarlarda tələbat olduğu artıq müəyyənləşdirilib: ilkin olaraq Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Özbəkistan və Qazaxıstana ixrac planlaşdırılır. Sözsüz ki, ixrac coğrafiyasını daha da genişləndirmək hədəflənir.

Cins istehsalı türkiyəli mütəxəssislərlə birgə aparılır

Cins paltar istehsalı sahəsində Türkiyənin təcrübəsi geniş olduğundan, “Az Cotton” bu sahədə qardaş ölkənin mütəxəssislərinin köməyindən geniş faydalanır. G.Əlizadə əmindir ki, rəhbəri olduğu müəssisə cins istehsalında öz sözünü deyəcək. Gələcəkdə ölkədaxili tələbatı qarşıladıqdan sonra ixrac mümkün olacaq. Bir sözlə, müəssisə istehsal etdiyi məhsulların əksəriyyətini ixraca yönləndirməyi əsas prioritet olaraq müəyyənləşdirib. Satışlar topdan həyata keçiriləcək. O da sirr deyil ki, xaricə çıxış üçün bəzi vacib sertifikatlar alınmalıdır. Bu baxımdan, lazımi prosedurlar tamamlandıqdan sonra “Made in Azerbaijan” brendi altında Xankəndidə tikilən malları region ölkələrinin satış müəssisələrində görə biləcəyik.

İşçi sayı 500 nəfər olacaq

“Az Cotton” hazırda 300 işçinin əməyindən istifadə etsə də, ilin ikinci yarısında daha 200 nəfərin işlə təmin olunması gözlənilir və bununla da işçi sayı 500-ə çatdırılacaq. G.Əlizadə deyir ki, məhsul çeşidləri artdığından yeni işçilərə ehtiyacın yaranması təbiidir. Bu baxımdan, yeni işlərə cəlb olunacaq şəxslərin peşə təlimləri davam edir və onlar kursları bitirdikcə müəssisədə işlə təmin olunacaqlar. İcraçı direktorun sözlərinə əsasən, üzümüzə gələn 2026-cı ildə də müəssisə istehsalı böyütməyə, çeşidləri artırmağa fokuslanacağı üçün 800-1000 arası ümumi işçi qüvvəsinə ehtiyac yaranacaq. Müəssisənin investisiya dəyərinə gəlincə, bu, ümumilikdə 6 milyon manatdır ki, bunun da artıq 4 milyonu təmin edilib. Qalan hissənin isə qarşıdakı dönəmdə yatırılması gözlənilir.

Azərbaycanda ilk parça boya müəssisəsi

“Az Cotton” ölkədə ilk dəfə cins və parçalar üçün boya istehsal edən müəssisəni qurmağı hədəfləyir. G.Əlizadə bildirir ki, bu, çox uzaq olmayan bir tarixdə - elə 2025-ci ildə reallaşacaq. Sözügedən müəssisə “Az Cotton” daxilində fəaliyyət göstərəcək. İndiyədək parçaların rənglənməsi üçün istifadə olunan boyalar xaricdən hazır formada gətirilirdi, lakin müəssisənin fəaliyyətə başlaması ilə lazım olan boyalar yerli müəssisədə istehsal ediləcək. İcraçı direktor deyir ki, hazırda toxuma, hörmə üzrə ixtisaslaşan “Az Cotton” Azərbaycanda cinslə bağlı bütün növlərdə ilk istehsal mərkəzinə çevrilməyi hədəfləyir.

Yerli xammala keçid hədəflər arasındadır

“Az Cotton”un fəaliyyətə başlamasından az müddət keçməsinə rəğmən, istehsal xətlərinin sayı 13-ə çatdırılıb. Gələcəkdə məhsul çeşidləri artacağından, istehsal xətlərində də avtomatik artım olacaq. Xammala gəldikdə, hazırda müəssisə bunu Türkiyə və Çindən təmin edir. Məhsulların ərsəyə gəlməsində az miqdarda yerli xammaldan da istifadə edilir. Ancaq müəssisə idxaldan asılılığı aradan qaldıraraq, tam yerli xammala keçmək niyyətindədir.

Faiq KƏRİMOĞLU

VergiFərdi sahibkar sabit qəbzi onlayn şəkildə ala bilərmi? VergiƏvəzləşdirilməyən ƏDV məbləği gəlirdən çıxıla bilərmi? Vergiİdxal ediləcək mallar barədə məlumat forması vergi orqanına təqdim olunmalıdırmı? VergiDublyaj fəaliyyətindən əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi orqanı obyektin girişində uçotla bağlı məlumatın olmamasına görə sahibkarı cərimə edə bilərmi? VergiXarici ölkə vətəndaşının məcburi dövlət sosial sığorta haqlarına cəlb edilməsi VergiKənd təsərrüfatı məhsullarına görə ödənilən ƏDV məbləğləri necə hesablanır? Vergiİşçinin vəfatı ilə əlaqədar ödənilən müavinətdən vergi tutulurmu? VergiSənaye məhəlləsinin rezidentlərinə hansı vergi güzəştləri tətbiq olunur? VergiZərgərlik məmulatlarının nağd satışına görə cərimə nə qədərdir?