18 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakıda böyük festival, Avropada 3 sərgi: Azərbaycan xalçaları dünya bazarında MƏQALƏ

Xalçaçılıq Azərbaycan xalqının ruhunu və tarixini ilmə-ilmə özündə yaşadan, illər keçsə də aktuallığını itirməyən sənət növüdür. Qarabağ, Quba-Şirvan, Şəki-Zaqatala, Gəncə-Qazax bölgələrində toxunan xalçalarımızın hər biri özünəməxsus naxışı, rəng palitrası və estetik gözəlliyi ilə insanları valeh edir. Bu ilin may ayında Bakının tarixi məhəlləsi - İçərişəhərdə keçirilən Xalça festivalına qatılanların çox olması ölkəmizdə bu sənətə marağın necə yüksək olduğunun bariz nümunəsidir.

14 rayonda xalça emalatxanaları fəaliyyət göstərir

Azərbaycanın xalçaçılıq ənənələrinin tarixi qədimdir. “Azərxalça” müasir Azərbaycanın əsas xalçaçılıq mərkəzi hesab olunur və 100 illik tarixi var. Dövlət başçısının 2016-cı ilin mayında imzaladığı sərəncamla “Azərxalça”nın bazasında ASC yaradılıb və hazırda ölkəmizin 14 rayonunda xalça emalatxanaları fəaliyyət göstərir. İstər ölkə daxilində, istərsə də xaricdə daim diqqət mərkəzində olan, əsararəngiz rəng palitrasına sahib xalçaların hazırlanıb ərsəyə gəlməsində 693 işçinin əməyindən istifadə olunur. Xalça emalatxanalarında çalışan bu işçilərin 520 nəfəri toxucu xanımlardır.

Bakıda 2 ünvanda satış həyata keçirilir

“Azərxalça”nın emlatxanalarında mütəxəssislər yun və ipək xalçalar istehsal edirlər. Həm yerli, həm də dünya bazarının tələbləri nəzərə alınmaqla dolğun rəngli, incə naxışların əks olunduğu xalçalarla yanaşı, müasir dizayna uyğun, çağdaş interyerin tələblərini ödəyən məhsulların istehsalı da həyata keçirilir. Xalçalarda hər zaman fərqlilik olması üçün həm yerli, həm də xarici dizayner, rəssam və xalçaçı ustalarla əməkdaşlıq edilir. “Azərxalça” ASC-nin mətbuat katibi Xatuna Bağırovanın məlumatına görə, paytaxt Bakıda 2 ünvanda satış və sərgi salonları həm yerli sakinlər, həm də turistlərin ixtiyarındadır. Məhsullarla tanış olub zövqünə uyğun xalça seçmək istəyənlər İçərişəhərdəki Böyük Qala, 15 ünvanında yerləşən mağazaya və “Four Seasons” hotelindəki salona baş çəkə bilərlər.

Ötən il satışda artım olub

2024-cü ildə “Azərxalça” ASC-nin maliyyə göstəriciləri müsbət dinamika nümayiş etdirib və ötənilki gəlirlər 2023-cü ilə müqayisədə artıb. ASC-dən bildiriblər ki, maliyyə sabitliyində cəmiyyətin inkişafına dair yol xəritəsinin mərhələlərlə həyata keçirilməsi, korporativ idarəetmə sisteminin tətbiqi, resurslardan istifadənin səmərəliliyinin artması böyük rol oynayıb. Ancaq bir məsələni də nəzərə almaq lazımdır ki, xalça gündəlik tələbat məhsulu deyil və bu baxımdan əşyaya olan tələbat və satışlar hazırkı rəqəmlərə əsasən qənaətbəxş hesab edilməlidir.

ABŞ və Avropa bazarlarında xalçalarımıza tələbat var

Hazırda Azərbaycan xalçalarının dünyanın bir çox ölkələrində alıcısı var. İxrac ünvanları sırasında ABŞ, Almaniya, İspaniya, İsveçrə, Latviya və Çexiya ilk sıralarda qərarlaşıb. Yeni bazarlar da daim nəzərdən keçirilir. Azərbaycan xalçalarının, xalçaçılıq sənətinin dünyada tanıdılması məqsədilə aparılan təbliğat işləri və xarici ölkələrdə keçirilən sərgilər əsl əl işi olan xalçalarımıza yeni müştərilər tapmaqda kömək olur.

2025-ci ildə Avropada 3 sərgi təşkil olunub

Azərbaycanın zəngin mədəni irsi, xalqımızın həyat tərzi və qədim adət-ənənələri ilə sıx bağlı olan xalçaçılıq sənətinin dünyada tanıdılması üçün ən ideal tədbirlərdən biri məhz sərgilərdir. Bu ilin əvvəlindən Avropada 3 sərgi baş tutub. Strasburq, Brüssel, Berlin, Madrid, Vyana, Riqa, Liepaya, Tallinn şəhərlərindən sonra fevralın 18-də Çexiyanın paytaxtı Praqada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evində “İki gözəllik harmoniyası: Azərbaycan xalçası və Çex kristalı” adlı sərginin açılışı olub. 17-18 may tarixlərində Moldovanın paytaxtı Kişineuda Beynəlxalq Muzeylər Günü çərçivəsində "Gözəlliyin harmoniyası: Azərbaycan xalçalarının zamansız zərifliyi" adlı sərgi sənətsevərlərin böyük marağına səbəb olub. Cəmi bir neçə gün sonra - mayın 21-də Niderlandın Haaqa şəhərinin ən görkəmli məkanlarından hesab edilən şəhər bələdiyyəsinin binasındakı “Atrium City Hall”da bu il Avropada sayca üçüncü olan “Azərbaycan xalçalarının möhtəşəmliyi: sənət vasitəsilə öyrənmək” adlı sərgi mədəniyyət, incəsənət, elmi-akademik dairələrin nümayəndələrində xoş təəssürat yaradıb.

Vətən müharibəsinə həsr olunan kolleksiya

Azərbaycanın ənənəvi xalçaçılıq sənəti 2010-cu ildə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib. 2021-ci ildə bu hadisənin 11-ci və 44 günlük Vətən müharibəsinin birinci ildönümü münasibətilə əməkdar rəssam Rəşad Ələkbərovla birlikdə hazırlanan “44” və ya “Qarabağ xalçalarına yeni baxış” kolleksiyası sənətsevərlər tərəfindən maraqla qarşılanıb. Bundan əlavə, “Azərxalça” ASC və “AFFFAIR”in birgə yaratdığı “Mədəni irsə yeni baxış” kolleksiyası da diqqətləri üzərinə çəkməyi bacarıb və yeri gəlmişkən, bu kolleksiya da Qarabağ zəfərinə həsr olunub. “Architectural digest” jurnalına əsasən, dünyanın ən yaxşı 100 dizayneri siyahısına daxil olan alman dizayner Yan Katın ənənəvi Azərbaycan xalçaları əsasında hazırladığı və “Azərxalça”nın emalatxanalarında toxunan müasir “Azer Pulse” xalça kolleksiyası da diqqətəlayiq işlərdəndir. Azərbaycanlı rəssam Samirə Allahverdiyeva ilə birgə hazırlanmış “Bağçada meyvələr”, rəssam Aydan Salahova ilə ortaq ərsəyə gətirilmiş “Qadın”, "Memarlığın yaddaşı" kolleksiyaları da kifayət qədər marağa səbəb olub.

Beynəlxalq Xalça Festivalı: 13-dən çox ölkə, 200-dən çox iştirakçı...

Bu il mayın 2-dən 4-dək İçərişəhərdə təşkil edilən Beynəlxalq Xalça Festivalı yerli sakinlərlə yanaşı, əcnəbi turistlərin də diqqətindən qaçmayıb. Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan xalçaçılıq sənətini beynəlxalq miqyasda tanıtmaq, bu qədim sənət növünün zəngin irsini və müasir inkişaf perspektivlərini nümayiş etdirmək, eləcə də müxtəlif ölkələrin xalçaçılıq ənənələri ilə qarşılıqlı təcrübə mübadiləsi aparmaqdan ibarət olub. Festivala qatılanlar həm “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, həm də “Azərxalça”nın klassik Azərbaycan xalçalarından ibarət kolleksiyaları ilə yanaşı, müxtəlif rəssamlarla birgə ərsəyə gətirilən müasir xalça kolleksiyaları ilə tanış olmaq imkanı əldə ediblər. Festival çərçivəsində Faiq Əhmədin "İşarələr" (QGallery), Samirə Allahverdiyevanın “Nar və əncir simfoniyası” (Bakı Fotoqrafiya Evi), Eldar Mikayılzadənin "Toxu xalçaları, sevərək toxu" (“Zaman” Qalereyası) və “Üç peyğəmbər” (Tolerantlıq evi), Aydan Salahovanın "Memarlığın yaddaşı" (“Azərxalça"nın sərgi və satış salonu) və Aişə Hacıyevanın “Zaman” (Qız qalası meydanı) adlı stendlərinin açılışı olub.

Tədbirin ilk günü təşkil olunan Beynəlxalq Xalça Forumu bu sahədə çalışan yerli və xarici mütəxəssisləri bir araya gətirib. Belə ki, forumda Özbəkistan, Türkmənistan, Albaniya, Almaniya, İngiltərə, Latviya, Gürcüstan, Qırğızıstan, Qazaxıstan, Rusiya, Yaponiya, İspaniya və digər ölkələrin nümayəndələri iştirak ediblər. 200-dən çox iştirakçı - sənətşünaslar, xalçaçı ustalar, tələbələr və incəsənət xadimlərinin qatıldığı forumda Azərbaycan xalçalarının tarixi, estetik özəllikləri və dünya mədəni irsindəki yeri haqqında geniş təqdimatlar edilib. Forum çərçivəsində dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş çıxışçılar tərəfindən panel müzakirələr və dinamik debatlar keçirilib.

İçərişəhərin bəzədilməsində 400 xalçadan istifadə edilib

Beynəlxalq Xalça Festivalı Bakının ən görkəmli tarixi məkanında - İçərişəhərin qədim küçə və meydanlarında əsl bayram ab-havası yaradıb. Qədim karvansaralar, Qoşa Qala meydanı və digər məkanlar xalça sərgiləri, ustad dərsləri, interaktiv teatr tamaşaları və konsert proqramlarına ev sahibliyi edib. İştirakçı ölkələr öz milli pavilyonlarında ziyarətçilərə müxtəlif xalçaçılıq texnikaları və ənənələri nümayiş etdiriblər. Festival müddətində yalnız İçərişəhərin bəzədilməsində “Azərxalça” emalatxanalarında hazırlanmış 400-dən artıq xalçadan istifadə olunub.

Bir sözlə, festivala minlərlə insanın baş çəkməsi tədbirin həm yerli, həm də beynəlxalq miqyasda böyük maraq doğurduğunu deməyə əsas verir. Bir çox məşhur simalar festivalda fəxri qonaq qismində iştirak ediblər. Onların arasında ictimai-siyasi xadimlər, incəsənət adamları ilə yanaşı, diplomatik korpusun nümayəndələri də yer alıblar.

Faiq KƏRİMOĞLU

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?