16 İyul 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadi inkişafın yeni açarı – süni intellekt MƏQALƏ

Süni intellekt günü-gündən iqtisadi inkişafın əsas hərəkətverici qüvvələrindən birinə çevrilir. Son illər bu texnoloji yeniliyin nəzərəçarpacaq inkişafı və qlobal miqyasda bütün sahələrə təsirləri göz önündədir. Süni intellektin həyatımıza daxil olması ilə şirkətlər böyük həcmdə məlumatları tez bir zamanda analiz edərək daha dəqiq qərarlar qəbul edə bilir. Digər tərəfdən isə sənaye və xidmət sahələrində yeni iş imkanları yaranır. Bununla yanaşı, şirkətlərin istehsal xərcləri azalır və keyfiyyət də artmış olur.

Yeni texnologiyaların sürətli inkişafı iqtisadiyyatın müxtəlif sahələrində daha səmərəli qərarların qəbulunu sürətləndirir və süni intellektin analiz bacarıqları şirkətlərə və dövlət orqanlarına müştəri və vətəndaşların davranışlarını daha yaxşı anlamağa və buna uyğun strategiyalar hazırlamağa imkan verir. Süni intellekt özü ilə bərabər məlumatların təhlükəsizliyi kimi problemləri də gündəmə gətirsə belə, onun iqtisadi inkişafda yeni açar rolunu oynayacağı şübhə doğurmur. Dünya ölkələri dövlət xidmətlərini təkmilləşdirmək, vətəndaşların işlərini asanlaşdırmaq üçün dövrün tələbi olan süni intellektdən geniş istifadə edirlər. Bu baxımdan, kənd təsərrüfatı, səhiyyə, media, təhsil, hətta enerji sahəsində də süni intellektin tətbiqi ilə innovativ dəyişikliklər görülməkdədir.

Azərbaycanda da süni intellekt əsaslı startaplar və layihələr iqtisadi diversifikasiyaya töhfə verir. Süni intellektə əsaslanan xidmətlərin təkmilləşdirilməsində dövlət də maraqlıdır. “Azərbaycan Respublikasının 2025-2028-ci illər üzrə süni intellekt Strategiyası”nın qəbul olunması buna əyani misaldır. Sözügedən startegiyada süni intellektin prioritet sahələri kimi səhiyyə, nəqliyyat və təhsil sektoru müəyyən edilib. Məhz bu sahələrdə yeni texnologiyanın tətbiqi ilə xidmətlərin səmərəliliyini və keyfiyyətini əhəmiyyətli dərəcədə artırmaq mümkün olacaq.

Tibbi görüntülərin analizi və diaqnozu süni intellektlə aparılır

Azərbaycanda səhiyyə sahəsində süni intellekt texnologiyaları hələ ki, pilot layihələr səviyyəsində tətbiq olunur. Xüsusən, xəstə məlumatlarının rəqəmsallaşdırılması, elektron reseptlər, tibbi görüntülərin analizi və diaqnoz dəstəkləyici sistemlərdə süni intellektin verdiyi imkanlar tibb işçilərinin köməyinə çatır. Artıq bəzi klinikalar xəstə axınının proqnozlaşdırılması və resursların daha optimal idarə olunması məqsədilə süni intellekt sistemlərini test mərhələsində tətbiq etməyə başlayıb.

Universitetlərdə virtual müəllimlər...

Süni intellektə təhsil sektorunda da rast gəlinir və daha çox rəqəmsal öyrənmə platformaları və fərdiləşdirilmiş təhsil modelləri üçün istifadə olunur. Ölkədə fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələrində - ADA Universiteti, Bakı Ali Neft Məktəbi və UNEC-də süni intellekt üzrə ixtisas və tədqiqat proqramları mövcuddur. Bir sıra məktəblərdə də rəqəmsal təhsilin genişləndirilməsi ilə yanaşı, süni intellekt əsaslı təlim vasitələrinin tətbiqi mərhələli şəkildə həyata keçirilir. Ümumi götürdükdə isə elektron resurslar, onlayn qiymətləndirmə sistemləri və virtual müəllim texnologiyaları artıq bəzi təhsil müəssisələrində istifadə edilir.

Ağıllı işıqforlar süni intellektlə işləyir

Süni intellekt paytaxt Bakıda nəqliyyat axınının idarə edilməsində də mütəxəssislərin köməyinə çatır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) piyadaların davranışlarını izləyib adekvat cavab verən videonəzarət sistemlərində bu texnologiyanın verdiyi üstünlüklərdən istifadə edir. Bununla yanaşı, real vaxt analizləri ilə yol hərəkətini süni intellektlə effektiv şəkildə tənzimləmək mümkündür. AYNA son zamanlar ictimai nəqliyyatda sərnişin axınının proqnozlaşdırılması və marşrut planlaşdırılması üçün Bakının rəqəmsal əkizinin yaradıldığını açıqlayıb ki, bu da süni intellekt əsaslı data həllidir.

Süni intellekt riskləri dəyərləndirə bilir

Süni intellektin kənd təsərrüfatı kimi strateji sahədəki müsbət təsirləri də qeyd olunmalıdır. Kənd Təsərrüfatı Nazirliyi və “Aqroservis” ASC süni intellekt texnologiyalarını məhsul planlaşdırılması, torpaq analizləri və zərərvericilərin aşkarlanması üçün geniş tətbiq edir. Sözsüz ki, bol məhsuldarlıq üçün ən xırda risklər də zəmanət altına alınmalıdır ki, süni intellekt bu məsələdə də təsərrüfatla məşğul olanların köməyinə çatır. Aqrar sığorta sistemində risk dəyərləndirməsi ilə bərabər, dronlar və sensorlar vasitəsilə toplanan məlumatları süni intellektlə təhlil edərək düzgün qərarlar qəbul etməklə daha bol məhsuldarlıq əldə etmək mümkündür.

Rəqəmsal xidmətlərə çıxış daha əlçatan olub

ASAN xidmət mərkəzlərində, “myGov” və digər dövlət platformalarında vətəndaşların sorğularının avtomatlaşdırılmış cavablandırılması məhz süni intellektin verdiyi imkanlar sayəsində daha sürətli həyata keçirilə bilir. Texnoloji yenilik sənəd emalı və “ChatBot”ların istifadəsini sürətləndirir ki, bu da xidmətlərin keyfiyyətinə müsbət təsir göstərir.

Süni intellekt sənaye istehsalının gələcəyini formalaşdırır

Son illər süni intellekt Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) də geniş tətbiq olunmağa başlayıb. Bu qurumda proseslərə nəzarət etmək üçün avtomatlaşdırılma həyata keçirilib və buna paralel olaraq, süni intellekt texnologiyaları da geniş tətbiq olunmağa başlanılıb. Bu yeni texnologiya SOCAR-ın Karbamid zavodunda tətbiq edilir və ortada nəzərəçarpacaq dəyişikliklər var. Belə ki, zavodda quraşdırılan APC (Advanced Process Control) sistemi ilə süni intellektin sintezi sayəsində 2024-cü ildə 13 milyon ABŞ dolları həcmində əlavə dəyər yaradılıb, 7 milyon kubmetr təbii qaza, 1,5 milyon kilavat-saat elektrik enerjisinə qənaət olunub və 70 min ton su israfının qarşısı alınıb.

Gömrükdə malları daha qısa zamanda emal etmək mümkündür

Süni intellekt həyatımıza daxil olandan bəri gömrük əməliyyatlarında da sürətlənmə gözə dəyir. Dövlət Gömrük Komitəsinin (DGK) bu texnologiyadan istifadəsi ticarət və sərhəd əməliyyatlarını sürətləndirib və buna paralel olaraq, şəffaflıq da artıb. Süni intellektlə yüklər və malların təhlili, eləcə də izlənilməsi sürətlənib, risklərin qiymətləndirilməsi isə daha operativ aparılır. Hazırda DGK-da süni intellekt texnologiyalarının tətbiqi başlanğıc mərhələdə olsa da, bunun gələcəkdə ölkənin ticarət mühitinə müsbət təsir edəcəyi düşünülür.

Səmərəlilik: sürət artıb, xidmətlər fərdiləşib

2025-ci ildə həm Azərbaycanda, həm də digər ölkələrdə süni intellektin tətbiq edildiyi sahələrdə bir sıra dəyişikliklər müşahidə olunur. Bu dəyişikliklər həm texnoloji səviyyədə, həm də iqtisadi və sosial mühitdə özünü göstərir. İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) layihə rəhbəri Ruslan Zeynalzadə 6 ciddi dəyişikliyin üzərində dayanır:

Əməliyyat səmərəliliyi və sürət ciddi şəkildə artıb. Səhiyyə sahəsində tibbi diaqnozların daha tez və dəqiq qoyulması, təhsil sahəsində fərdi öyrənmə sistemlərinin geniş yayılması, kənd təsərrüfatında isə məhsuldarlıqla bağlı proqnozların daha düzgün aparılması günümüzün reallığına çevrilib. Süni intellektlə həyatımıza daxil olan bu yeniliklər insan əməyinin yükünü azaldır, qərarların qəbulunu sürətləndirir və idarəetmədə dəqiqliyi artırır.

Resurslar daha səmərəli istifadə edilir. Süni intellekt texnologiyalarının verdiyi imkanlar sayəsində ölkə iqtisadiyyatında enerji, vaxt və maliyyə kimi resurslar daha qənaətlə idarə olunur. Məsələn, götürək elə kənd təsərrüfatını. Burada torpaq və su ehtiyatları daha məqsədyönlü şəkildə istifadə edilir ki, bu da öz növbəsində həm təbiətə, həm də iqtisadiyyata müsbət təsir göstərir.

Xidmətlər fərdiləşir və istifadəçi təcrübəsi yaxşılaşır. Süni intellekt alqoritmləri hər bir istifadəçinin ehtiyac və davranışlarını analiz edərək ona uyğun xidmət və məhsul təklif edir. Bu, təhsil, elektron ticarət, səhiyyə və hətta dövlət xidmətləri sahəsində də müşahidə olunur.

Ənənəvi iş modelləri transformasiya edir və bəzi peşələr avtomatlaşdırılır. Süni intellekt bir sıra təkrarlanan işləri öz üzərinə götürür ki, bu da bəzi sahələrdə insan əməyinin istifadəsinin azalmasına səbəb olur. Məsələn, data analitikləri, süni intellekt mühəndisləri, etik mütəxəssislər və s. bu qrupa daxildir.

Məlumatların (data) strateji dəyəri artır. Süni intellektin səmərəli işləməsi üçün böyük həcmdə və keyfiyyətli məlumatlar tələb olunur. Bu da məlumatların toplanması, saxlanması və idarə olunması ilə bağlı yeni infrastrukturun formalaşdırılmasına gətirib çıxarır. Bir sözlə, süni intellektin tətbiqinə rast gəldiyimiz sahələrdə innovasiya tempi sürətlənir, daha çox rəqəmsal məhsul və xidmət ortaya çıxır. Nəticədə rəqabət mühiti dəyişir və istifadəçilər üçün daha geniş imkanlar yaranır.

Süni intellekt Azərbaycan iqtisadiyyatına hansı yenilikləri gətirə bilər?

2025-ci ildə Azərbaycanda süni intellekt texnologiyalarının inkişafı və iqtisadiyyatın müxtəlif sahələrində tətbiqi ilə bağlı sistemli və strateji yanaşma ortaya qoyulub. 4SİM-in layihə rəhbəri R.Zeynalzadə hesab edir ki, qarşıdakı dövr üçün əsas hədəflərdən biri iqtisadiyyatın əsas sahələrində - xüsusilə səhiyyə, təhsil, kənd təsərrüfatı, nəqliyyat, enerji və sənaye sahələrində süni intellektin daha geniş şəkildə tətbiq olunmasıdır. Artıq bu sahələrdə pilot layihələr və infrastruktur quruculuğu aparılır. Bundan əlavə, süni intellekt üzrə milli tədqiqat və innovasiya mərkəzlərinin yaradılması, bu sahədə startap ekosisteminin dəstəklənməsi, ixtisaslı kadr hazırlığının gücləndirilməsi və məlumat infrastrukturunun (data mərkəzlərinin, milli məlumat bazalarının) təkmilləşdirilməsi də əsas planlar arasında sadalana bilər.

Strateji sənədlərdə qanunvericilik və etik normaların süni intellektin tətbiqinə uyğun yenilənməsi xüsusi vurğulanır. Bu texnologiyaların tətbiqi zamanı təhlükəsizlik, şəffaflıq və insan hüquqlarının qorunması prinsipi təmin edilməlidir. Planların dövlət səviyyəsində həyata keçirilməsinə Nazirlər Kabineti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi nəzarət edəcək.

R.Zeynalzadə hesab edir ki, ümumilikdə, qarşıdakı illərdə süni intellekt Azərbaycan iqtisadiyyatında rəqabət qabiliyyətini ciddi şəkildə artıracaq. Bundan əlavə, süni intellektin daha çox texnoloji məhsul və xidmətlərin yerli istehsalını təşviq edəcəyi, həmçinin ixrac potensialına müsbət təsir göstərəcəyi gözlənilir.

Faiq KƏRİMOĞLU

VergiFərdi sahibkar sabit qəbzi onlayn şəkildə ala bilərmi? VergiƏvəzləşdirilməyən ƏDV məbləği gəlirdən çıxıla bilərmi? Vergiİdxal ediləcək mallar barədə məlumat forması vergi orqanına təqdim olunmalıdırmı? VergiDublyaj fəaliyyətindən əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi orqanı obyektin girişində uçotla bağlı məlumatın olmamasına görə sahibkarı cərimə edə bilərmi? VergiXarici ölkə vətəndaşının məcburi dövlət sosial sığorta haqlarına cəlb edilməsi VergiKənd təsərrüfatı məhsullarına görə ödənilən ƏDV məbləğləri necə hesablanır? Vergiİşçinin vəfatı ilə əlaqədar ödənilən müavinətdən vergi tutulurmu? VergiSənaye məhəlləsinin rezidentlərinə hansı vergi güzəştləri tətbiq olunur? VergiZərgərlik məmulatlarının nağd satışına görə cərimə nə qədərdir?