13 İyun 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Kontragentləri araşdır” - vergi inzibatçılığında yeni şəffaflıq aləti MƏQALƏ

Vergi orqanları tərəfindən təqdim edilən xidmətlərin təkmilləşdirilməsi biznes mühitində daha şəffaf, ədalətli və səmərəli mühitin yaradılmasını təmin edir. Üstəlik, bu proses dövlət və biznesin qarşılıqlı faydalı əlaqələrini gücləndirir. Vergi xidmətlərinin təkmilləşdirilməsi vergi ödəyicilərinin vergi öhdəliklərini daha şəffaf şəkildə yerinə yetirməsinə imkan yaradır.

Təkmilləşdirilmiş vergi xidmətləri beynəlxalq ticarətdə də daha rəqabətqabiliyyətli olmağa kömək edir. Rəqəmsal vergi prosedurları xarici sərmayələrin cəlb olunmasında mühüm rol oynayır, çünki beynəlxalq investorlar vergi sisteminin şəffaf və sadə olmasını üstün tuturlar. Təkmilləşdirilmiş vergi xidmətləri biznes mühitində məlumatların toplanması və analizi proseslərini daha da inkişaf etdirir. Bu, hökumət orqanları və biznesin daha düzgün və məlumatlı qərarlar qəbul etmələrinə kömək edir. Bununla da, vergi siyasətində dəyişikliklər, qanunvericiliyin tələbləri və yeniliklər daha sürətlə tətbiq olunur.

Son illər vergi xidmətlərinin müasirləşdirilməsi rəqəmsal texnologiyaların geniş istifadəsi ilə səciyyələnir. Rəqəmsal ekosistemin inkişafı biznes mühitində innovasiyaların artmasını və yeni texnologiyaların tətbiqini təşviq edir, eyni zamanda dövlətin özünün də innovativ alətləri tətbiq etməsinə səbəb olur.

Vergi xidmətlərinin təkmilləşdirilməsi ilə vergi ödəyiciləri arasında vergi sisteminə etimad da artır. Vergi xidmətlərinin əlçatan olması xüsusilə kiçik və orta biznesin inkişafına ciddi təsir göstərir, çünki onlar daha sadə prosedurlarla vergi öhdəliklərini yerinə yetirməyə üstünlük verirlər. Bu isə öz növbəsində vergi öhdəliklərinə könüllü əməletmə səviyyəsinin və vergi intizamının yüksəlməsinə təkan verir.

Nazirlər Kabinetinin Qərarı ilə “Vergi ödəyicisinin digər vergi ödəyicilərinin
vergi orqanında olan məlumatlarına çıxış əldə etməsi Qaydaları” təsdiq edilib

Rəqəmsallaşma, şəffaflıq və qarşılıqlı etimad

Dövlət Vergi Xidməti (DVX) tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlərin təkmilləşdirilməsi və müasir standartların tətbiqi mütəmadi olaraq həyata keçirilir. Vergi ödəyicilərinin tələbləri, beynəlxalq tendensiyalar və müasir tələblər nəzərə alınaraq, yeni vergi xidmətləri istifadəyə verilir. Bu xidmətlərin böyük bir qismi isə rəqəmsal qaydada tətbiq edilir. Yeni xidmətlərin tətbiqi zamanı biznes mühitinin müasir çağırışları da nəzərə alınır və bununla bağlı müvafiq qanunvericilik bazası formalaşdırılır.

Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, digər vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına onların icazəsi ilə çıxış əldə etmək vergi ödəyicilərinin hüquqlarına aid edilib. Qeyd olunan dəyişikliklə təsərrüfat əməliyyatları aparılan zaman malları (işləri, xidmətləri) ona təqdim edən vergi ödəyicilərinin işgüzar nüfuzunun, maliyyə vəziyyətinin, qanuni sahibliyində müvafiq malların mövcudluğunun, habelə iş və xidmətlərin təqdim edilməsi üçün müvafiq işçi və digər resurslara, bilik və bacarığa malik olmasının yoxlanılması məqsədilə həmin vergi ödəyicilərindən müvafiq təsdiqedici sənədlər əldə etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilib. Nazirlər Kabinetinin Qərarı ilə isə “Vergi ödəyicisinin digər vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına çıxış əldə etməsi Qaydaları” təsdiq edilib. Bu sənədlər çərçivəsində DVX-nin informasiya sistemlərində vergi ödəyicisinə aid kommersiya və vergi sirri təşkil edən məlumatların ötürülməsinə və idarə edilməsinə imkan verən “Kontragentləri araşdır” adlı yeni elektron xidmət yaradılıb.

"Kontragent" sözü biznes mühitində istifadə edilən termindir. Bir tərəf ilə müqavilə
bağlayan və ya müəyyən bir iş və ya əməliyyatda iştirak edən digər tərəfi ifadə edir

“Kontragentləri araşdır” riskli əməliyyatları minimallaşdıracaq

"Kontragent" sözü biznes mühitində istifadə edilən termindir. Bir tərəf ilə müqavilə bağlayan və ya müəyyən bir iş və ya əməliyyatda iştirak edən digər tərəfi ifadə edir. Başqa sözlə, kontragent, müqavilə və ya razılaşma ilə müəyyən bir hüquqi vəzifəyə və ya məsuliyyətə sahib olan şəxsi və ya təşkilatı ifadə edir. “Kontragentləri araşdır” adlı yeni elektron xidmət bir çox funksiyaları birləşdirir. Bu xidmət vergi ödəyiciləri üçün kontragentlər ilə işin risklərinin qiymətləndirilməsinə imkan verir. Həmçinin vergi ödəyiciləri arasında müqavilələrin bağlanılması mərhələsində bir-biri haqqında DVX-də mövcud və qanuni sayılan aktual məlumatların əldə olunmasını mümkün edir. Digər tərəfdən isə sorğu edən və sorğu göndərilmiş vergi ödəyicisinin öz fəaliyyəti ilə bağlı aktual məlumatlara baxışı və öz fəaliyyətinin qiymətləndirilməsinə imkan verir. Bu elektron xidmət bir növ ictimai nəzarət funksiyası yaratmaqla vergi ödəyicilərinin şəffaf və qanunvericilik çərçivəsində fəaliyyət göstərmələri məqsədi daşıyır. Belə ki, müvafiq məlumatların əldə edilməsi ilə bağlı sorğulara qarşı tərəfin imtina etməsi onun maliyyə əməliyyatları ilə bağlı əsaslı şübhələr yaratmaqla biznes fəaliyyəti zamanı sonradan yarana biləcək maliyyə itkiləri və digər neqativ halların qarşısını almağa kömək edəcək. Bununla yanaşı, kontragentlərlə bağlı məlumatların əldə edilməsi imkanı öz növbəsində riskli vergi ödəyiciləri ilə əməliyyatların sayının azalmasına xidmət edəcək. Bu xidmətdən istifadə ilə bağlı DVX tərəfindən maarifləndirici videotəlimat da hazırlanıb.

https://www.youtube.com/watch?v=neYh3GGpZ8I

Beləliklə, “Kontragentləri araşdır” xidməti biznes mühitində etibarlı tərəfdaşlığın güclənməsinə, şəffaflığın artmasına və maliyyə əməliyyatlarının təhlükəsizliyinə töhfə verəcək.

Gülay NƏBİYEVA

VergiKarqo şirkətləri üçün tələblərdə hansı dəyişiklik edilib? Vergiİcarəyə götürülən obyekt üçün kod almaq mümkündürmü? VergiTorpaqların icarəyə verilməsi əməliyyatı ƏDV-yə cəlb olunurmu? VergiGüzəştli qiymətlə satış zamanı ƏDV hansı məbləğdən hesablanmalıdır? VergiQeyri-rezidentlərə xalis mənfəətə görə hesablanan vergi ilə bağlı dəyişikliklər VergiBazarın sahibi icarəyə götürülən obyektin vergi orqanında uçota qoyulmasını tələb edə bilərmi? VergiƏhalidən qızıl alışına çəkilən xərclər hansı formada gəlirdən çıxıla bilər? VergiKassa metodu ilə çalışan sahibkar üçün gəlirin əldə edilməsi vaxtı necə tənzimlənir? VergiHansı halda həyatın yığım sığortası üzrə sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərqdən vergi tutulur? VergiFermer təsərrüfatında çalışan işçilərin vergi və sosial ödənişləri necə hesablanır?