“ƏDV geri al” layihəsinin 5 ili: stimullaşdırıcı yanaşmalarla artan şəffaflıq MƏQALƏ
2020-ci ildən etibarən ölkəmizdə uğurla tətbiq edilən “ƏDV geri al” layihəsi iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm nəticələr verməkdədir. 2024-cü ilin may ayına olan göstəricilərə əsasən, 5 ildə Azərbaycanda nağdsız ödənişlərin həcmi 10 dəfəyə yaxın artıb. Son 4 ildə bir POS-terminal üzrə ödənişlər 4 dəfə artıb. 2024-cü ildə ödəniş kartları ilə ölkə daxilində aparılmış əməliyyatların məbləği 78,9 milyard manata yüksəlib ki, bu da 2023-cü il ilə müqayisədə 61 faiz çoxdur. Ötən il ödəniş kartları ilə ölkə daxilində aparılan ödəniş əməliyyatlarının 64,2 faizi nağdsız formada həyata keçirilib.
Ölkəmizdə nağdsız ödənişlərin dinamikasına müsbət təsir edən layihələrdən biri məhz “ƏDV geri al”dır. Layihə unikallığı, səmərəliliyi və iqtisadi cəhətdən üstünlükləri ilə fərqlənir. Məhz buna görə də tətbiqinə başlandığı 2020-ci ilin sonunda “Innoweek – İnnovasiya həftəsi 2020” çərçivəsində keçirilən “Azərbaycan İnnovasiya Mükafatı"nın nəticələrinə görə “İlin innovasiya layihəsi” nominasiyasında müsabiqənin qalibi seçilib. “ƏDV geri al” iqtisadiyyatın şəffaflaşdırılması üçün qabaqcıl alət rolunu oynayır.
Ölkəmizdə nağdsız ödənişlərin dinamikasına
müsbət təsir edən layihələrdən biri məhz “ƏDV geri al”dır
“ƏDV geri al” nağdsız ödənişlərə keçidi daha da stimullaşdırır
“ƏDV geri al” nağdsız ödəmələrin genişlənməsinə mühüm təkan verən layihələrdən biridir. Layihənin əvvəlində alınmış mallara və əldə edilmiş xidmətlərə görə ödəniş nağdsız qaydada olduqda ödənilmiş ƏDV-nin 15 faizi, nağd qaydada olduqda isə 10 faizi istehlakçılara geri qayıdırdı. Vergi Məcəlləsində edilmiş sonrakı dəyişikliklərə əsasən isə 2023-cü ilin 1 yanvar tarixindən istehlakçılara geri qaytarılan ƏDV-nin məbləği nağdsız əməliyyatlar üzrə 15 faizdən 17,5 faizə qaldırılıb, nağd əməliyyatlara görə isə 10 faizdən 5 faizə endirilib. Bu dəyişikliyin əsas məqsədi “kölgə iqtisadiyyatı"nın əhatə dairəsinin azaldılması, dövriyyələrin şəffaflaşdırılması və nağdsız əməliyyatların daha da stimullaşdırılması idi. Bununla yanaşı, Vergi Məcəlləsində edilmiş digər bir dəyişikliyə əsasən, işğaldan azad olunmuş ərazilərin geniş turizm potensialına malik olması nəzərə alınaraq, mehmanxana xidmətlərinə görə ödənilən ƏDV-nin istehlakçılara geri qaytarılmasına başlandı. Belə ki, bu ərazilər daxilində yerləşən mehmanxanalar tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 30 faizinin, nağd qaydada ödənilmiş ƏDV-nin isə 5 faizinin fiziki şəxs olan istehlakçılara geri qaytarılacağı müəyyənləşdirildi.
Stimullaşdıcı tədbirlər çərçivəsində layihənin əhatə dairəsi də genişləndirilib. “ƏDV geri al” layihəsi çərçivəsində fiziki şəxs olan istehlakçılara bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsi geri qaytarılır. Vergi Məcəlləsinin 165.5-ci maddəsində edilən dəyişikliklərə əsasən, 2025-ci ilin 1 iyul tarixindən etibarən teatr tamaşaları, muzey və sərgi biletləri, simfonik orkestr, film nümayişi sahəsində alınmış xidmətlərə görə yalnız nağdsız qaydada ödənilən ƏDV-nin 50 faizinin geri qaytarılması mümkün olacaq. 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2025-ci il tarixdən etibarən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallarla yanaşı, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərdən alınmış tibbi xidmətlərə görə də nağdsız ödənişlər üzrə ödənilmiş ƏDV məbləği geri qaytarılır.
Stimullaşdıcı tədbirlər çərçivəsində layihənin əhatə dairəsi də genişləndirilib
“ƏDV geri al” rəqəmsal vərdişlərin formalaşmasını sürətləndirir
“ƏDV geri al” layihəsi kifayət qədər yüksək istifadəçi cəlb edə bilib. Alış-veriş zamanı ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması prosesində banklar da fəal iştirakçıdırlar. Belə ki, layihə çərçivəsində yüksək “keşbek”lər (geri qaytarılan pul) və müxtəlif stimullaşdırıcı təkliflər təqdim edilir. Yeri gəlmişkən, bu layihə biznes subyektlərinin də gəlirlərinin artmasına təkan verir. Belə ki, “keşbek”lər təqdim edən alış-veriş sahələri daha çox alıcı cəlb edir. Yeri gəlmişkən, maraqlı bir faktı diqqətə çatdırırıq: Amerika Marketinq Assosiasiyasının mütəxəssisləri tərəfindən aparılmış bir araşdırmaya görə, hər əlavə 1 ABŞ dolları “keşbek” alış-verişləri 0,3 ABŞ dolları həcmində artırır. “Keşbek” proqramlarının yaradıcıları, yəni bu təşəbbüsü irəli sürən şirkətlər artan istehlak xərclərinin “keşbek” xərclərini üstələyəcəyi iddiasını irəli sürürlər. Skranton Universitetinin və Nyu Meksiko Dövlət Universitetinin tədqiqatçıları belə nəticəyə gəliblər ki, “keşbek” əldə edən istehlakçılar daha çox pula qənaət etdiklərini düşünərək daha tez-tez və daha çox xərcləməyə maraq göstərirlər. Elektron tətbiqlərdə ödəniş “keşbek” qısa müddətdə alıcıya qayıdır və bu, istehlakçıları növbəti alış-verişə sövq edir. Bu proses alış-veriş mərkəzlərinin gəlirlərini artırsa da, gəlirlərin şəffaf bəyan edilməsi diqqətdə saxlanılır.
“ƏDV geri al” layihəsi dövriyyələrə nəzarəti də əhatə edir. Bu layihə çərçivəsində ölkəmizdə e-kassalara keçid həyata keçirilir. E-kassa vasitəsilə aparılan əməliyyatlar zamanı həyata keçirilən hesablaşmalar barədə məlumatlar real vaxt rejimində nəzarət mexanizmi qurğusu vasitəsilə Dövlət Vergi Xidmətinin informasiya sistemləri bazasına ötürülür. E-kassa tərəfindən, fiskal məlumatları özündə birləşdirərək kriptoqrafik mühafizə vasitəsilə formalaşdırılan və üzərində QR-kod və fiskal identifikator (fiskal İD) qeyd edilən çek Dövlət Vergi Xidmətinin informasiya sistemləri bazasına ötürülür. Məsafədən təhlil imkanları nəticəsində vergi ödəyicilərinin kassa intizamına əməl edib-etmədiyinə dair qənaətə gəlmək mümkün olur.
“ƏDV geri al” layihəsi alış-veriş prosesinin
bütün mərhələlərində şəffaflığın təmin edilməsinə xidmət edir
Beləliklə, “ƏDV geri al” layihəsi alış-veriş prosesinin bütün mərhələlərində şəffaflığın təmin edilməsinə xidmət edir. Üstəlik, bu proses stimullaşdırma metodu ilə həyata keçirilir. Alıcılar daha sərfəli alış-verişlərdən faydalanır, alış-veriş mərkəzləri daha çox gəlir əldə edir və bu, büdcəmizin artmasına, büdcəmizin artması isə yenə də sosial rifaha və inkişafa təkan verir.
Gülay NƏBİYEVA