Divarlarda Qarabağ imzası: “Mister Decor” istehsalı genişləndirir MƏQALƏ
Bir müddət əvvəl Qarabağdan ilk ixrac həyata keçirərək tarixi yeniliyə imza atan Ağdam Sənaye Parkının rezidenti “Mister Decor” şirkəti gələn ay ikinci istehsal xəttini işə salmağı planlaşdırır. Şirkətin həmtəsisçisi və direktoru Əli Əliyev dünya bazarına çıxardıqları brendin yeniliklərini “vergiler.az”ın oxucuları ilə bölüşüb.
İkinci xətt daha çox ixracyönümlü olacaq
Hazırda Ağdam Sənaye Parkında 1,6 hektar ərazisi olan “Mister Decor” MMC bir xətt üzrə divar kağızları istehsalını davam etdirir, növbəti ay ərzində isə ikinci xətt istifadə veriləcək. Artıq bunun üçün quraşdırma işləri həyata keçirilir. Həmin xətt üzrə müəssisədə SPC laminat döşəmələr istehsal ediləcək. Məhsulların istehsalı üçün yeni və müasir avadanlıqlara ehtiyac var ki, şirkət artıq bunu da xaricdən sifariş edib, ödənişləri həyata keçirib. Ə.Əliyev bildirir ki, mayın sonuna kimi bu avadanlıqlar tam hazır vəziyyətə gətiriləcək və istehsala start veriləcək. Ancaq ikinci istehsal xətti birincidən bəzi xüsusiyyətlərinə görə fərqlənəcək. Belə ki, bu xətt üzrə istehsal olunan məhsulların böyük əksəriyyəti xarici bazarlar üçün hədəflənəcək. Direktorun sözlərinə əsasən, ilin sonuna kimi istehsalın 30 faizinin, 2026-cı ildən isə 50 faizinin ixraca yönləndirilməsi planlaşdırılır. İndiki məqamda istehsal olunan məhsulların böyük əksəriyyəti Qarabağda gedən yenidənqurma işlərində istifadə edilir, üstəlik, bu məhsullara yerli tikinti bazarlarında da rast gəlinir. Geri qalan məhsul isə digər ölkələrə ixrac edilir.
Beynəlxalq əməkdaşlıq gücləndirilir
“Mister Decor”un dünya bazarında ilk ünvanı Gürcüstan olub. Amma şirkət ixrac nöqtələrini artırmaq üçün yeni danışıqlara başlayıb. Belə ki, Özbəkistanla dəyəri 800 min ABŞ dolları olan müqavilə bağlanılıb. Şirkət yeni tərəfdaşlar tapmaq üçün beynəlxalq sərgilərə də böyük önəm verir. Ə.Əliyevin sözlərinə görə, şirkət Çində və Rusiyada təşkil olunan böyük sərgilərdə öz məhsullarını tanıtmaq imkanı qazanıb. Həmin sərgilər şirkətə yeni müştəri bazası formalaşdırmağa imkan verib və onların potensial alıcıya çevrilməsi üçün məhsuldar danışıqlar davam edir. Divar kağızları üçün Mərkəzi Asiya - Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, eləcə də Rusiyanın Dağıstan, Çeçenistan, İnquşetiya bölgələrinin bazarları araşdırılır. Sözügedən ölkələrin tikinti bazarlarında bizim məhsullara maraq hiss edilir. MMC-nin direktoru əmin edir ki, xarici bazarda rəqabət böyük olduğundan, istehsal edilən məhsulların keyfiyyəti baxımından “Mister Decor” hər zaman öndə getməyə çalışır. Heç kimə sirr deyil ki, xarici bazara çıxmaq istəyən şirkətlərdən bəzi beynəlxalq sertifikatlar tələb olunur. Şirkət artıq bir neçə sertifikat proqramına müraciət edib.
Şirkətdə işçi sayı 30-u ötüb
“Mister Decor”un ən böyük məqsədlərindən biri dünyada tanınan Azərbaycan brendi yaratmaqdır. Şirkət bunun üçün bütün keyfiyyət standartlarını mənimsəyərək keyfiyyətli məhsullar istehsal etməyə çalışır. Təbii ki, sağlam təməllər üzərində istehsal müəssisəsi yaratmaq üçün işçi qüvvəsi də önəmli faktordur. Artıq müəssisədə çalışan işçilərin sayı 30-u ötüb və qarşıdakı dönəmdə ikinci istehsal xəttinin işə salınması ilə yeni işçilərə də ehtiyac yaranacaq. Ümumi işçi mənzərəsinə baxsaq, şirkət tam gücüylə işləyəndə burada 76 nəfərin əməyini səfərbər etməyə ehtiyac yaranacaq. Müəssisə yeni fəaliyyətə başlayanda 6 əcnəbi mütəxəssisin əməyindən istifadə olunurdusa, indi bu qəbildən olan işçi sayı 1-ə enib. Çünki yerli işçilər işi tələb olunan səviyyədə görmək gücündədirlər. İşlə təmin olunanların böyük əksəriyyəti Ağdam və ya ətraf kəndlərdən olan sakinlərdir. Xammal baxımından müəssisə yerli məhsullara üstünlük verir. Bir sözlə, “Made in Azerbaijan” imzası ilə dünya bazarlarında rast gəlinən məhsulların sayı get-gedə artmaqdadır. Bu isə iqtisadi baxımdan gəlir gətirməklə yanaşı, ölkənin və bilavasitə Qarabağın dünyaya tandılmasında müstəsna əhəmiyyətə malikdir.
400 min manatdan çox vəsaitə qənaət
“Mister Decor” Cənubi Qafqazda divar kağızlarının istehsalı üzrə ixtisaslaşmış ilk müəssisədir və burada illik 2,1 milyon rulon divar kağızı istehsal etmək mümkündür. 2022-ci ilin oktyabrında Ağdam Sənaye Parkının rezidenti statusu almış MMC-nin investisiya həcmi 7 milyon manatdır. İnvestisiyanın 70 faizini şəxsi, 30 faizini isə dövlətdən alınan güzəştli kredit təşkil edir. Müəssisə işğaldan azad edilmiş bölgələrdə fəaliyyət göstərən sahibkarlara verilən vergi və gömrük güzəştlərindən də geniş şəkildə faydalanır. Belə ki, şirkət sənaye parklarına tətbiq edilmiş idxal, ƏDV və gömrük güzəştlərindən bugünə kimi 400 min manatdan çox vəsaitə qənaət edib.
Faiq KƏRİMOĞLU