Çin-Azərbaycan iqtisadi bağları: iki güc, bir yol MƏQALƏ
Bu gün 18,5 trilyon dollarlıq ümumi daxili məhsulla (ÜDM) ABŞ-dən sonra dünyanın ikinci ən güclü iqtisadiyyatına malik olan ölkəsi Çin Xalq Respublikasıdır. Doğrudur, COVID-19 pandemiyası Çin iqtisadiyyatına da təsirsiz ötüşməyib, lakin 2025-ci ilin birinci rübündə iqtisadi böyümə əvvəlki illə müqayisədə gözləntini üstələyərək 5,4 faiz təşkil edib. Ölkənin texnologiya və süni intellekt sahəsində nəzərəçarpacaq inkişafı sonrakı illərdə bu rəqəmlərin artacağına şübhə doğurmur.
2024-cü ilin statistikasına baxanda, Azərbaycanın Çinlə iqtisadi yaxınlaşmada maraqlı olduğu görünür. Belə ki, geridə qoyduğumuz ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 3,7 milyard ABŞ dollarını ötüb ki, bu da əvvəlki illə müqayisədə 20,7 faiz artım deməkdir. Çin xarici ticarət dövriyyəmizdə 7,9 faiz payla 4-cü ən böyük ticarət tərəfdaşımızdır. İdxalımızın 17,7 faizi məhz bu ölkənin payına düşüb. Bir sözlə, Çin Azərbaycanın xarici ticarət dövriyyəsində 4-cü, idxalda isə 1-ci yerdə qərarlaşıb.
Azərbaycan “orta güc” mərkəzlərindən birinə çevrilir
Azərbaycan ilə Çin arasında tranzit daşımalarının həcmi 2024-cü ildə 378 min ton olub ki, bu da 2023-cü illə müqayisədə 86 faiz çoxdur. Bu rəqəmləri təhlil edən Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov hesab edir ki, bu, Azərbaycanın get-gedə regionun nəqliyyat habına çevrilməsi anlamına gəlir. Onun sözlərinə görə, ötən il ərzində Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta Dəhliz vasitəsilə 287 marşrut qatarı yola salınıb. Nəqliyyat dəhlizlərinin genişləndirilməsi və elektron xidmətlərdən daha çox istifadə edilməsi ilə bağlı işlər sürətləndirilib, Şərq-Qərb nəqliyyat dəhlizi ilə yanaşı, Şimal-Cənub xəttinin də ötürmə imkanları artırılıb. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürmə potensialı isə 1 miyondan 5 milyon tona çatdırılıb. Bütün bunlar Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyinin daha da güclənməsindən xəbər verir. V.Bayramov vurğulayır ki, bu proses qlobal miqyasda Azərbaycanın “orta güc” mərkəzlərindən birinə çevrilməsi anlamına gəlir.
“Kəmər və yol” təşəbbüsü
2013-cü ildə Çin ölkə iqtisadiyyatını sürətləndirəcək “Kəmər və yol” layihəsinə start verdi. Azərbaycan bu layihəni dəstəkləməklə bərabər, onun reallaşmasında aparıcı iştirakçıya çevrildi. İqtisadçı Eldəniz Əmirov deyir ki, Çinin sürətli inkişafı coğrafi baxımdan sərhədlərinə sığmır, yəni bu ölkə genişlənməyə məcburdur. Təbii ki, Çinə etibarlı tərəfdaş lazımdır və bu baxımdan Azərbaycan onun üçün həm etibarlı, həm də strateji baxımdan əvəzolunmaz bir tərəfdaşdır. Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi üzərindən Çinlə birləşdirən etibarlı marşrut, yəni Orta Dəhliz bu əməkdaşlığın mühüm komponentidir.
Ekspertlərə görə, ölkəmizin coğrafi mövqeyi Çinin Avropa ilə iqtisadi əlaqələrini Azərbaycan üzərindən reallaşdırmasına imkan verir ki, bu da nəticə etibarilə Azərbaycanın da bu iqtisadi əlaqələrdən faydalanacağı anlamına gəlir. Çinin Avropa ilə ticarət əlaqələrinin 800 milyard dolların üzərində olduğunu nəzərə alsaq, ciddi rəqəmlərdən söhbət getdiyi aydın olur. Azərbaycan da bu əlaqələrdə maraqlı tərəf olduğunu açıq nümayiş etdirir. Ölkəmizdə infrastruktur potensialı davamlı olaraq sağlamlaşdırılır. Məsələn, Orta Dəhlizin önəmli komponenti olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir. Bakı-Tbilisi–Qars (BTQ) dəmir yolunun yükdaşıma imkanı isə 5 milyon tona çatdırılıb. Məhz qurulan infrastruktur Çinə öz yüklərini Azərbaycan üzərindən təhlükəsiz şəkildə daşımağa imkan yaradır. E.Əmirovun fikrincə, ilk başdan onsuz da Çinin Ələt Azad İqtisadi Zonasına marağı böyük idi. Yeni imzalanmış sənədlər isə buranın beynəlxalq investisiya platformasına çevrilməsi prosesini sürətləndirib və texnologiya transferini təşviq edə bilər.
Çinə vizasız səyahət investisiya imkanlarını artıra bilər
Bu həftə Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində qarşılıqlı vizasız səyahəti əlçatan edən sənəd də imzalanıb. E.Əmirov düşünür ki, viza rejiminin ləğv edilməsi çinli investorların ölkəmizə ayaq açmasına və investisiya qoyuluşuna münbit şərait yaradacaq, azərbaycanlı sahibkarlar və iş adamları da Çinlə daha rahat əlaqələr qura biləcəklər. E.Əmirov hesab edir ki, Çinlə vizasız rejim ölkəmizdə kənd təsərrüfatının da inkişafına öz təsirini göstərəcək. Bu yenilik Azərbaycanın kənd təsərrüfatı məhsullarının geniş bir bazara daha asan çıxışını təmin edəcək. Artıq azərbaycanlı sahibkarlar Çində təşkil olunan sərgilərə, işgüzar danışıqlara və digər məsələlərlə bağlı bu ölkəyə viza almadan gedə biləcəklər ki, bu da idxal çeşidini zənginləşdirməyə töhfə verəcək. Digər tərəfdən, öz məhsullarımızın, xüsusilə kənd təsərrüfatı və yerli istehsal qidanın Çində təbliği üçün real fürsət yaranmış olacaq. E.Əmirov çinli investorların ölkəmizə vizasız səfərlərinin sənaye zonaları, texnoparklar və innovasiya layihələrimizə yeni sərmayələrin cəlb olunmasını sürətləndirəcəyinə əmindir. Bütün deyilənlər Zəngəzur dəhlizi ilə bağı yüksək gözləntilər formalaşdırır. Bir sözlə, Çinlə inkişaf etdirilən əlaqələr ölkəmizin logistik mərkəz statusunu daha da möhkəmləndirir və paralel olaraq, Çin texnologiyalarının Azərbaycana ayaq açmasına ciddi şans yaradır.
V.Bayramov da düşünür ki, vizasız rejimə keçid hər iki ölkəyə fayda verəcək və bunun sayəsində strateji və iqtisadi əlaqələri daha da irəliyə aparmaq mümkün olacaq. Onun sözlərinə görə, artıq ötən ildən Çin vətəndaşlarının ölkəmizə marağının kifayət qədər artdığı görünür. Belə ki, 2024-cü ildə Çindən Azərbaycana gələn turistlərin sayı 1.9 dəfə artaraq 45 minə çatıb. Bu ilin ilk rübündə isə artım 1.8 dəfə olub, yəni 2025-ci ilin ilk 3 ayında 9 minə yaxın çinli ölkəmizi ziyarət edib. Ümumi mənzərəyə nəzər yetirdikdə isə 2024-cü ildə Çinə səfər edən turistlərin sayı 61 faiz artaraq 132 milyon nəfərə çatıb. “Statista.com”un məlumatına əsasən, Çin bu turizm səfərlərindən təqribən 870 milyard ABŞ dolları qazanıb. Sözsüz ki, vizasız rejim Azərbaycandan da bu ölkəyə gedənlərin sayına təsir edəcək. Digər tərəfdən, Azərbaycan Hava Yollarının Bakı ilə Pekin arasında birbaşa uçuşları əlçatan etməsi prosesə öz dinamik təsirini göstərəcək.
Yeri gəlmişkən, Çin dünyada ən çox turist göndərən ölkələrdən biridir. 2023-cü ildə xaricə 87 milyon nəfər səfər edib. Bu axının bir hissəsini Azərbaycana yönləndirmək artıq real görünür. Çin 25 ölkə ilə qarşılıqlı vizasız gediş-gəlişlə bağlı sənəd imzalayıb. Azərbaycan isə belə imkandan yararlanan 26-cı ölkə olub. Ekspertlərə görə, bu addım Pekinin Azərbaycana strateji etimadı kimi də qəbul edilə bilər.
Startaplarımız üçün yeni imkan
Azərbaycanın yaşıl enerji siyasətində xarici investorları ölkəmizə cəlb etməklə bərpaolunan enerji potensialını genişləndirmək və əldə olunan məhsulu ixraca yönləndirmək perspektiv planlar arasında yer alır. E.Əmirov imzalanmış müqavilələr fonunda bu istiqamətdə Çin şirkətləri ilə əməkdaşlığın real göründüyünü düşünür. Digər tərəfdən, Çinin Azərbaycanın əqli mülkiyyət sisteminə maraq göstərməsi texnoloji startaplarımız üçün də yeni qapılar açır. Bu imkan sayəsində startaplarımızın beynalxalq müdafiə və kommersiyalaşma imkanları artır.
Faiq KƏRİMOĞLU