Xaricdən mal sifarişi: nəzərə alınması vacib olan məqamlar MƏQALƏ
COVID-19 pandemiyası yaşayışımızdakı bəzi vərdişləri dəyişdirdiyi kimi, alış-veriş alışqanlıqlarımıza da təsirsiz ötüşməyib. Artıq evdən çıxmadan dünyanın istənilən nöqtəsindən ehtiyac duyduğumuz məhsulları qapımıza qədər rahatlıqla sifariş edə bilirik. Amma elektron ticarət rahatlıq və vaxta qənaət baxımından qulağa xoş gəlsə də, xüsusən malın çatdırılması zamanı sifarişçini təngə gətirən problemlər yaranır. Son zamanlar kiberdələduzluğun artmasını da nəzərə alsaq, mütəxəssislər istehlakçılara internet üzərindən məhsul alarkən son dərəcə diqqətli olmağı tövsiyə edirlər. Bir çox hallarda xaricdən sifarişlər zamanı müəyyən problemlər yaranır ki, “vergiler.az” belə hallarla qarşılaşan vətəndaşın hara müraciət etməli olduğunu aydınlaşdırıb.
İnternetdən mal alarkən nələrə diqqət edək?
İstehlakçı internet üzərindən alış-veriş edirsə, ilk olaraq satıcı barədə zəruri məlumatlar əldə etməlidir. İlk növbədə bu sahibkarlıq subyekti barədə şikayət olub-olmaması araşdırılmalı, bundan öncə xidmətlərdən faydalanan şəxslərin rəylərinə diqqət edilməlidir. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Elşən Cəfərov bildirir ki, satıcının əlaqə məlumatları, məsələn, telefonu, elektron poçtu, ünvanı yoxdursa, belə platformalardan alış-veriş etmək məsləhət görülmür.
Elektron ticarət zamanı ödənişlərə diqqət!
Əksər onlayn alışlar zamanı ödəniş sifariş verildiyi an həyata keçirilir. Bütün hallarda ödəniş tamamlananda müştəriyə qəbz və ya ödənişi təsdiq edən sənəd göndərilməlidir. Bəzən alıcı satıcının şəxsi bank kartına birbaşa pul göndərir ki, bu da qanunvericiliyə ziddir. Belə ki, “card to card” əməliyyatı ilə mal və ya məhsul alınandan sonra malla bağlı hansısa problem ortaya çıxarsa, istehlakçının satıcıya müraciəti və hüquqlarını qanunvericilik çərçivəsində qoruması çətinləşə bilər. Üstəlik, belə əməliyyatlar vergi qanunvericiliyinin pozulmasıdır və buna görə məsuliyyət tədbirləri müəyyən edilib.
Satıcı sifarişi aldıqdan sonra onu 30 gün ərzində icra etməlidir. Ancaq o, sifarişi təmin edə bilmirsə, alıcıya məlumat verməli və ödənilmiş məbləği 7 gün ərzində geri qaytarmalıdır.
Xarici platformalardan alış zamanı yaranan problemlər
Son zamanlar istehlakçılar yerli platformalarla yanaşı, xarici platformalara da üz tuturlar. Amma heç kimə sirr deyil ki, platformaların sayı günü-gündən artdığı kimi, şikayətləri də özü ilə gətirməkdədir. Kimi sifariş verdiyi malın görünüşünün fərqli olduğundan, kimi keyfiyyətindən və s. şikayətçidir. E.Cəfərov vurğulayır ki, həmin platformalardan sifariş verərkən yaranmış münasibətlər xarici elementli olduğundan, hüquqi normalar tətbiq edilərkən “Beynəlxalq xüsusi hüquq haqqında” Qanun nəzərə alınır. Həmin qanunun 1-ci maddəsinə əsasən, tətbiq olunacaq hüquq tərəflər arasında razılaşdırılmalıdır. Xarici sifarişlərdə şikayətlərin bir ucu da daşıma şirkətlərinə bağlıdır. Sözügedən şirkətlərin xidmətlərindən istifadə zamanı verilən sifarişlərlə bağlı yaranan münasibətlərə ölkədə qüvvədə olan qanunvericilik normaları çərçivəsində aydınlıq gətirilir.
Mal 3 ay ərzində çatdırılmazsa...
Daşıyıcı şirkət müştərinin sifariş etdiyi malı 3 ay ərzində çatdırmazsa, malın dəyərini daşıyıcı ödəməlidir. Lakin burada bəzi diqqətə alınmalı istisnalar mövcuddur. Yükü itirən və ya məhv edən daşıma şirkəti bunun yükgöndərənin və ya yükalanın təqsiri və yaxud qarşısıalınmaz digər hallar nəticəsində baş verdiyini sübuta yetirərsə, onun məsuliyyəti aradan qalxır.
Müştəri və satıcı arasında bağlanmış satış müqaviləsindən kənara çıxmalar olduğu halda isə istehlakçı bu problemi aradan qaldırmaq üçün icraçıya əlavə müddət verə bilər. Həmin müddətdə də xidmət yerinə yetirilməzsə, istehlakçı müqaviləni ləğv etdirə və itkilərin ödənilməsini tələb edə bilər. Mal və ya xidmətdə qüsur varsa və istehlakçı bu qüsuru aradan qaldırırsa, çəkdiyi xərclərin ödənilməsini də tələb edə bilər.
Xaricdən sifarişlər zamanı yaranan şikayətlərə harada baxılır?
Xaricdən sifarişlərin daşınması zamanı problemlə üzləşən vətəndaş üç qurumun - Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, eləcə də İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyinin qapısını döyə bilər. Çatdırılma haqqı dəqiq hesablanmayıbsa, bağlamanın çəkisi və ölçüsü ilə ona tətbiq edilən qiymət uyğun gəlmirsə, vətəndaş şikayətini Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə bildirməlidir. Son zamanlar müşahidə edildiyi kimi, məhsulun fotoşəkli ilə real vəziyyətinin uyğun gəlməməsi ilə qarşılaşan istehlakçının üz tutmalı olduğu qurum da bu agentlikdir. Çatdırılma tarifinin xarici valyutada göstərilməsi, reklam qanunvericiliyinin pozulması, saytda xidmət haqqında məlumatın göstərilməməsi, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarının məhdudlaşdırılması kimi məqamların araşdırılması da bu qurumun səlahiyyətlərinə aiddir.
Ödənişin nağdsız qaydada qəbulundan imtina edilməsi, ödəniş sənədlərinin təqdim edilməməsi ilə bağlı məsələlərdə isə istehlakçının üz tutacağı ünvan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətidir.
İstehlakçılar çox zaman malın qüsurlu olması və ya daşınma zamanı zədələnməsindən də gileylənirlər. Bağlamanın açılması, itirilməsi, yanlış ünvana və ya şəxsə çatdırılması kimi şikayətlərə də istər gündəlik həyatda, istərsə də sosial şəbəkələrdə rast gəlirik. Belə hallarla qarşılaşan vətəndaşın problemini İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi həll edir.
Faiq KƏRİMOĞLU