28 Mart 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Xankəndi tikiş fabriki dünya brendləri ilə rəqabət aparmağı hədəfləyir MƏQALƏ

2023-cü ilin sentyabrında Azərbaycanın süverenliyinin bütün ölkə ərazisində bərpa olunmasından sonra Qarabağın bütün bölgələrində, o cümlədən Xankəndidə yenidənqurma, quruculuq işləri start götürdü. Qısa zaman ərzində burada Qarabağ Universiteti açıldı, hotel və bir sıra obyektlərə yenidən həyat verildi. Özbəkistan-Azərbaycan birgə müəssisəsi olan Xankəndi tikiş fabriki də belə obyektlərdən biridir.

Bakıda keçirilən COP29 konfransı ərəfəsində Azərbaycan və Özbəkistan prezidentləri videobağlantı vasitəsilə müəssisənin açılışını ediblər. Xankəndi tikiş fabriki yenidən Azərbaycan iqtisadiyyatına inteqrasiya olunmuş bölgədə yüngül sənayenin inkişafı üçün yeni imkanlar açmaqla bərabər, iki ölkə arasında olan ənənəvi dostluq, qardaşlıq, iqtisadi tərəfdaşlıq əlaqələrini daha da möhkəmləndirir. Tarixə nəzər yetirsək, Qarabağ bölgəsi keçmiş sovet dövründə də Azərbaycanın əsas sənaye mərkəzi olub. Xankəndi isə xüsusilə fərqlənib, çünki orada zavod və fabriklərin yerləşməsi böyük ölçüdə sənaye məhsullarının istehsalına imkan verib.

İnvestisiyanın həcmi 5 milyondan yuxarıdır

2024-cü ilin noyabrından fəaliyyət göstərən Xankəndi tikiş fabriki 1,2 hektar ərazidə yerləşir. Müəssisənin inşası Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkə prezidentinin tapşırıqlarına əsasən həyata keçirilib. Layihənin ümumi investisiya dəyəri 11 milyon manatdır ki, bunun da artıq 5,5 milyon manatı müəssisəyə yatırılıb.

İstehsal edilən məhsulların sayı 50 mini ötüb

Cəmi bir neçə aydır fəaliyyətə başlamasına baxmayaraq, Xankəndi tikiş fabrikində istehsal edilən məhsulların sayı baxımından nəticələr ürəkaçandır. Belə ki, cəmi 3 ay ərzində burada nə az, nə çox - 50 minə yaxın köynək hazırlanıb. Fabrikin kommersiya direktoru İradə Həsənova deyir ki, 2025-ci il üçün qarşıya qoyulan hədəflər yüksəkdir və il ərzində 924 min ədəd köynək istehsalı planlaşdırılır. Müəssisənin infrastrukturu isə illik 1 milyon köynək istehsal etməyə imkan verir. Gələcək üçün bu sayın artacağına şübhə yoxdur, yeni istehsal xətti yaradıldıqca həm məhsulların sayı və çeşidi artacaq, həm də yeni işçi qüvvəsinə ehtiyac yaranacaq. Nəticə etibarilə daha çox insanın məşğulluğuna şərait yaranacaq. Kommersiya direktoru müəssisənin fəaliyyətinin genişləndirilməsindən danışarkən, istehsal olunan məhsul sayının ildə 3-5 milyon ədədə çatdırılmasının əsas hədəf olduğunu vurğulayır.

300 nəfərin işsizlik problemi geridə qaldı

İstehsalın birinci mərhələsində fabrik, əsasən, idman köynəklərinin (T-Shirt) istehsalına başlayıb. Düyməli və ya düyməsiz idman köynəklərinin hazırlanmasında 300 nəfərin əməyindən istifadə olunur ki, onlar da xüsusi təlimlər keçdikdən sonra işə cəlb olunublar. İşçilərin böyük əksəriyyəti işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşlarımızdır. Fabrikin ikinci mərtəbəsində ən müasir avadanlıqlarla təchiz edilmiş ikinci xətt fəaliyyətə başlayıb ki, təkcə burada 220 nəfər çalışır. İ.Həsənovanın sözlərinə görə, mövcud 5 xəttin istismarı və 2025-ci ilin sonunadək daha 6 xəttin mərhələli şəkildə işə salınması əsas hədəflər arasındadır. Burada çalışan aparıcı işçilər tekstil sənayesində 15 ildən çox təcrübəyə malik, öz sözünü demiş mütəxəssislərdir. Yerli peşəkarlarla yanaşı, Özbəkistandan gələn işçilər də keyfiyyətli məhsullar ortaya çıxarmaq üçün qüvvələrini səfərbər ediblər. İşçilərin rahatlığı da ön plandadır. Belə ki, geniş və işıqlı istehsalat sexində quraşdırılan müasir avadanlıqlar hesabına daha az əmək sərf etməklə, daha çox məhsul ərsəyə gətirmək mümkündür. Buradakı bütün istehsal xətləri tam fəaliyyət göstərdiyi zaman ümumi işçi sayı 800-ə çatdırılacaq ki, bu da gələcəkdə şəhərdə məskunlaşacaq yüzlərlə insanın məşğulluğunun təmin olunmasına böyük töhfə olacaq.

Keyfiyyət ön plandadır

Xankəndi tikiş fabriki məhsullarını “AZCOTTON” brendi ilə bazara çıxarmaq niyyətindədir. Brendin daimi olaraq həm daxili, həm də xarici bazarda təşviqi aparılır. Fabrik fəaliyyətə başladığı ilk gündən ISO 9001:2015 standartına uyğun keyfiyyət idarəetmə sistemini tətbiq edir. Burada Yaponiya istehsalı “Juki” tikiş maşınları, Türkiyə istehsalı “Malkan” presləmə və ütüləmə avadanlıqları, eləcə də “KANSAI” markalı tikiş maşınları quraşdırılıb. Məhsulların keyfiyyətinə gəlincə, müəssisənin kommersiya direktoru əmin edir ki, istehsal olunan mallar dünya şöhrətli idman geyimi brendləri ilə rəqabət aparacaq səviyyədə hazırlanır. Yəni keyfiyyət baxımından heç də adından söz etdirən markaların geyimlərindən geri qalmayan bu malların hazırlanmasında həm parçalar keyfiyyətli seçilir, həm də istehsal tələb olunan standartlar əsasında aparılır.

Tam yerli xammala keçid hədəflənir

Müəssisə parçaları Özbəkistanda keyfiyyətinə görə tanınmış tekstil məhsulları istehsal edən şirkətdən idxal edir. Sözsüz ki, xammalın keyfiyyətli olması daha dayanıqlı, rəng tonlarını uzun müddət qoruyub saxlayan məhsul istehsal etməyə imkan verir. Digər tərəfdən, Xankəndi tikiş fabrikinin işçiləri müştəri məmnunluğunu qarşılamaq üçün hazırladıqları məhsulların parçasından tutmuş, tikiş detallarına qədər bütün incəliklərə fikir verirlər. İndiki vəziyyətdə az miqdarda yerli xammaldan istifadə olunsa da, gələcəkdə bunun həcminin artırılması gündəmdədir. İ.Həsənovanın sözlərinə görə, xammal tədarükü üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir. Yaxın zamanda isə yerli pambıq xammalı əsasında parça toxunması üçün istehsal sahəsinin yaradılması nəzərdə tutulur.

İxrac üçün biznes-plan masa üzərindədir

Müəssisədə istehsal olunan malların böyük əksəriyyəti – təqribən 80 faizi xarici bazarlara göndəriləcək, geriyə qalan paltarlar isə daxili bazarda satışa təqdim olunacaq. Məhsulları dünya bazarına çıxarmaq üçün biznes-plan hazırlanıb. Sözügedən yol xəritəsinə əsasən, Rusiya və Avropa İttifaqı ölkələri ixrac üçün potensial bazarlar hesab edilir. Amma xarici bazarlara çıxış üçün istehsal tələbləri fərqlidir və müvafiq sertifikatlara ehtiyac var. Kommersiya direktoru bildirir ki, bütün vacib sənədləşmə işləri öz həllini tapdıqdan sonra “Made in Azerbaijan” adı altında Xankəndidə istehsal edilən “AZCOTTON” brendli malları xarici ölkələrin alış-veriş mərkəzlərində görmək olacaq.

Faiq KƏRİMOĞLU

VergiƏcnəbi vətəndaşlar üçün vergi güzəşti VergiMəkləbli ləvazimatları satan vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri VergiHüquqi şəxsin tərkibindən başqa bir hüquqi şəxsin ayrılması zamanı zəruri prosedurlar VergiRezidentin partnyorlara ödədiyi nəqliyyat və yemək xərclərinin gəlirdən çıxılması necə tənzimlənir? VergiElektron qaimə-fakturanın gecikdirilməsinə görə cərimə tətbiq olunurmu? VergiXırda ticarətlə məşğul olan şəxsin vergi öhdəlikləri VergiDövlət sektorunda iki yerdə çalışan işçinin vergi öhdəlikləri VergiXarici ölkə vətəndaşları Azərbaycanda necə VÖEN ala bilərlər? VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları