6 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Badam südü istehsalı: Azərbaycanda hansı perspektivlər var? MƏQALƏ

Dünyada ənənəvi südə tələb əvvəlki səviyyədə deyil. Xüsusən, pəhriz saxlayan və sağlam qidalanmaya üz tutanların qida rasionunda daha çox bitki mənşəli – yəni soya, badam südlərinə rast gəlinir. Bitki mənşəli südün az kalorililiyi, üstəlik, heyvan mənşəli südlə müqayisədə tərkibində laktoza olmaması onu qidalanmasına xüsusi diqqət ayıran insanların əvəzolunmaz məhsuluna çevirib. Faydaları saymaqla bitməyən bu qida vasitəsi D və E vitaminləri, kalsium və fosfor ilə zəngindir ki, bu da əzələ və sümükləri gücləndirməyə, ürək sağlamlığını və qan şəkərini yaxşılaşdırmağa kömək olur. Rasionundan heyvan mənşəli qidaları çıxaranların da alternativ seçimi soya və badam südləridir. Market piştaxtalarında badam südünün bir neçə növünə rast gəlinir ki, müştərilər ağız dadlarına uyğun sadə, vanilli, çiyələkli, manqolu və digər meyvə ətirli olanı seçə bilərlər.

Alternativ süd bazarında mövcud vəziyyət

Dünyada ənənəvi südü tam əvəz etməsə də, alternativ süd bazarı əhəmiyyətli dərəcədə böyüməsi ilə diqqət çəkir. Bu məhsulun bazar həcmi 2024-cü ildə 1,45 milyard ABŞ dollarını ötüb, 2029-cu ilə kimi isə 2,89 milyard dollara çatacağı proqnozlaşdırılır. 2024-2029-cu illər arasında qlobal illik orta artım tempinin 14,73 faiz olacağı da proqnozlar arasında yer alır. Bitki mənşəli süd bazarı Almaniyada əhəmiyyətli paya sahibdir. Belə ki, 2023-cü ilin statistik göstəricilərinə əsasən, bu ölkədə alternativ süd bazarı 22,57 faizlik yüksək paya sahib olub. Bəzi araşdırmaçılar rəqəmlərin bu səviyyəyə qalxmasını vegan əhalinin sayının artması və insanların qidalanma vərdişlərinin dəyişməsi ilə izah edirlər. İspaniyada da vəziyyət oxşardır. Burada hər gün orta hesabla 12 faiz insan badam südü istehlak edir.

Azərbaycanda badam istehsalı nə yerdədir?

Badam südünün alınması üçün əsas xammal badam meyvəsidir. Son illər ölkəmizdə badam bağlarının sahəsində artım müşahidə edilir. Dövlət Statistika Komitəsinin 2023-cü il üzrə açıqladığı göstəricilərə istinad etsək, ölkəmizdə badam bağlarının ümumi sahəsi 3,7 min hektar təşkil edib. Bunun da 2 min hektarı, yəni təxminən 55 faizi bar verən yaşdadır. Badam bağlarının 22,7 faizi Abşeron rayonu, 8,2 faizi Naxçıvan Muxtar Respublikası, 10,2 faizi Qax, 7,5 faizi Şəki, qalan hissəsi isə Saatlı, Siyəzən, İsmayıllı, Göyçay, Şabran, Xaçmaz və digər rayonların payına düşüb. Rəqəmlərin dinamikasına baxanda 2023-cü ildə 2019-cu ilə nisbətən 4,6 dəfə artım qeydə alınıb. Ancaq 2022-ci illə müqayisədə mənzərə dəyişir, badam istehsalı 20,3 faiz azalaraq 4.240 ton olub. Bunun 1.890 tonu Şəki-Zaqatala, 1.350 tonu isə Abşeron-Xızı iqtisadi rayonlarının payına düşüb.

Badam istehsalında 44,6 faizlik göstərici ilə Qax rayonu siyahının əvvəlində gəlir. İstehsalın 29,4 faizi Abşeron rayonunun, 4,4 faizi Naxçıvan Muxtar Respublikasının, 3,8 faizi Ağsunun, 2,4 faizi isə Siyəzən rayonunun payına düşüb. 2023-cü ildə badamın məhsuldarlığı 2019-cu ilə nisbətən 30,8 faiz artıb, 2022-ci ilə nisbətən isə 33,8 faiz azalaraq, hər hektara 20,8 sentner olub.

Özbəkistan Azərbaycan badamının əsas alıcısıdır

Azərbaycandan 2023-cü ildə 729 ton qabıqlı badam, 115,6 ton badam ləpəsi ixrac olunub. Ölkəmizdə istehsal olunan badamın xarici bazarda əsas alıcısı Özbəkistan Respublikasıdır. Demək olar ki, ötən il ixrac olunan qabıqlı badamın hamısı bu ölkəyə satılıb. Təmizlənmiş məhsulun isə 72,8 faizi Rusiyaya, 27,2 faizi isə yenə də Özbəkistana göndərilib. İdxala gəlincə, təhlilini apardığımız 2023-cü ildə ölkəyə 717 ton badam idxal edilib ki, bunun da 6,6 tonu qabıqlı, 710,5 tonu isə badam ləpəsi olub.

Azərbaycanda badam südü istehsal edən müəssisə nə qədər gəlir gətirə bilər?

“Innoveta” MMC konsaltinq şirkəti bazar təhlillərinə əsaslanaraq yeni yaradılacaq müəssisənin ilk il 250 ton məhsul istehsal edə biləcəyini müəyyənləşdirib. Hazırda topdansatış bazarında 1 kiloqram badam südünün qiyməti orta hesabla 6 manat təşkil edir. Satış qiymətində 5 faizlik inflyasiya faktorunu, istehsal gücünün isə illik 20 faiz artırılacağı ehtimalını əsas götürsək, fəaliyyətinin 5-ci ilində müəssisə məhsulun həcmini 518 tona çatdıra bilər. Satış qiymətinin isə 7 manat 29 qəpiyə yüksələcəyi gözlənilir. Bu rəqəmlər üzərində sadə cəmləmə aparılsa, fəaliyyətinin ilk ilində şirkətin satışdan 1,5 milyon manat gəlir götürəcəyi, 5 il sonra bu qazancın 3,7 milyon manata yüksələcəyi aydın olur.

Müəssisənin yaradılması üçün təxminən 1 milyon 555 min manat investisiya tələb olunacaq. Bu müəssisənin fəaliyyəti nəticəsində investisiyanın geriödəmə müddəti 1,3 il təşkil edir. Qoyulmuş investisiyanın qaytarılmasının 118,4 faiz, daxili gəlirliliyin isə 88 faiz olacağı gözlənilir.

İstehsal üçün xammal xərcləri

Badamın qiymətini hər kiloqram üçün 4 manat götürdükdə, yaradılacaq müəssisə xammal və material üzrə birinci il 150 min manat xərcləməli olacaq. İstehsalın 20 faizlik artımı və 5 faizlik inflyasiya göstəricilərini hesaba qatdıqda, 5-ci ilin sonu müəssisənin xammal və materiala çəkəcəyi xərc 366 min 210 manata yüksələcək. Xərclərdən söz düşmüşkən, müəssisənin fəaliyyətinin ilk ilində tanıtma və təbliğat fəaliyyətinə ciddi ehtiyac olduğundan, marketinq büdcəsinin ayrılması vacibdir və bu, 21 min 200 manat civarında proqnozlaşdırılır.

Müəssisənin ilk ildə mənfəət vergisi üçün ödəyəcəyi 191 min 66 manat beşinci ildə 508 minə yaxınlaşacaq. Xalis mənfəət marjası ilk il 24,6 faiz, 5-ci il isə 25,9 faizə çatacaq. Mənfəət vergisinin az görünməsinə səbəb investisiya təşviqi sənədidir ki, sahibkarlar bunu əldə etməklə 7 il mənfəət vergisinin 50 faizindən, əmlak vergisi və torpaq vergisindən azad olunurlar.

Yeni iş yerləri yaradılacaq

Müəssisədə istehsala başlamaq üçün 10 nəfərin əməyini səfərbər etməyə ehtiyac var. Sosial yardımlar da nəzərə alınmaqla, işçilərə çəkilən xərc aylıq 11 min 300, illik isə 200 min 490 manat təşkil edəcək.

Yekun olaraq, “Innoveta”nın araşdırmasından yola çıxsaq, badam südü istehsal edən müəssisə yaratmaq qısamüddətli dövrdə mənfəət əldə etməyə imkan verəcək. Bu məhsulun istehsalı, idxalı və ixracı üzrə göstəricilər, yaxın bazarlarda bu məhsula olan yüksək tələb və ən əsası, qlobal təhlillər dinamikdir və iqtisadi göstəricilər investisiya layihəsinin uğurlu olacağına işarədir.

Faiq KƏRİMOĞLU

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?