Qarabağ və Şərqi Zəngəzurun yeni yolları bölgənin iqtisadiyyatını hərəkətə gətirəcək MƏQALƏ
Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildikdən dərhal sonra bölgədə yeni yolların tikintisinə, mövcud olanların isə bərpasına başlanıldı. Ermənistanın 2020-ci ilin noyabrın 10-da kapitulyasiya aktına imza atmasıyla döyüş əməliyyatları yekunlaşdı və bu hadisədən 6 gün sonra Prezident İlham Əliyev Vətən müharibəsinin simvoluna çevrilən Şuşaya gedən yolun təməl daşını atdı. Bir il tamam olmamış bütün inşaat norma və qaydalarına uyğun tikilən yol sürücülərin ixtiyarına verildi. Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşaya asfalt-beton örtüklü yolla getmək əlçatan oldu. 101 kilometr uzunluğunda yolun üzərində qısa müddətdə Füzuli Beynəlxalq Hava Limanının tikilməsi isə onun önəmini ikiqat artırdı. Bir sözlə, yolun və aeroportun istifadəyə verilməsi ilə Bakı və Şuşa arasında məsafə qısaldı. Şuşaya gediş-gəlişin asanlaşması tarixi şəhərimizi bir sıra vacib konfrans və tədbirlərin ev sahibinə çevirdi.
Sözsüz ki, azad olunan ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyası üçün atılmalı olan ilk addım yol infrastrukturunun qurulmasıdır. Bu baxımdan, 2025-ci il çox vacibdir, çünki bir neçə layihənin məhz bu il təhvil verilməsi planlaşdırılır.
Azad edilmiş ərazilərdə 254 km-dən çox yol çəkilib
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi azad olunmuş ərazilərdə 44 layihə icra edir ki, bunlardan da 6-nın tikintisi başa çatdırılıb. Uzunluğu 254.2 km-ə çatan Zəfər yolu, Tərtər-Çaylı-Suqovuşan, Füzuli-Hadrut, Bərdə-Ağdam, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolu və Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolu təhvil verilib. 38 layihənin icrası isə sürətlə davam edir. 44 layihənin tamamlanması üçün hədəf 2026-cı ildir. Bu layihələr yekunlaşdıqdan sonra Qarabağ və Şərqi Zəngəzurdakı yol şəbəkəsinin uzunluğu 3040 kilometri keçəcək.
Şuşaya daha bir yol: qısa və daha az aşırımlı
Füzulidən Şuşaya daha tez çatacağıq, üstəlik, yolda aşırımlar da az olacaq. Əhmədbəyli-Füzuli-Şuşa yolu təqribən 82 kilometr uzunluğundadır ki, bu da Zəfər yolu ilə müqayisədə 20 kilometr daha az məsafə deməkdir. 1-ci texniki dərəcəyə uyğun tikilən yolda 9 viaduk, 7 tunel və bir o qədər sayda avtomobil körpüsü olacaq. Bu il təhvil verilməsi planlaşdırılan yolda 30 yeraltı keçid quraşdırılacaq, aşırımlar isə Zəfər yolu ilə müqayisədə çox az olacaq.
Xankəndi-Şuşa-Laçın avtomobil yolu
Bu yol 3 böyük şəhəri daha qısa məsafədə birləşdirmək üçün tikilir. Uzunluğu 34 kilometrdir və üzərində 2 körpü, 4 tunel, 73 ədəd müxtəlif ölçülü və diametrli suötürücü borular inşa olunacaq. Təhvil verilməsi isə 2026-cı ilə planlaşdırılır. Bu yoldan ayrılan köməkçi yolların da tikintisi həmin ildə yekunlaşdırılacaq. Bərdə-Ağdam-Əsgəran, Ağdam-Əsgəran-Xocalı-Xankəndi, Tərtər-Ağdərə avtomobil yolu da bölgənin inkişafında açar rolunu oynayacaq.
Ağdam-Füzuli avtomobil yolu
Bu yolun açılması ilə Ağdamdan Füzuliyə təqribən 1 saata çatmaq mümkün olacaq. Tikilib istifadəyə verilən Bərdə-Ağdam avtomobil yolunun davamı olan Ağdam-Füzuli yolu Ağdam, Ağcabədi, Füzuli ərazisindən keçməklə, bölgədə sosial-iqtisadi inkişafa təkan verəcək, gediş-gəliş asanlaşacaq. İşlərin artıq 82 faizinin tamamlandığı yolun uzunluğu 65.7 kilometr, hərəkət zolaqlarının sayı isə 4 olacaq.
Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu
Göygöl və Kəlbəcər rayonlarını birləşdirəcək 82 kilometrə yaxın uzunluğu olan bu yolun açılması ilə ölkənin ikinci böyük şəhəri Gəncə ilə Kəlbəcər arasındakı məsafə də qısalacaq. Bu layihəni digərlərindən fərqləndirən ən önəmli xüsusiyyət çətin dağlıq relyefdə icra olunmasıdır. Yolun 16-cı km-dən Murovdağ silsiləsi başlanır və yüksəklik 1900 m-dən Murovdağ zirvəsinədək - 3250 m-ə qədər artır. Bütün çətinliklərin qarşısını almaq üçün Murovdağ silsiləsinin altından 11.7 km-lik tunel çəkilir. Bu, indiki məqamda inşaatçıların işini çətinləşdirsə də, gələcəkdə istifadəçilərin birbaşa rahatlığına və təhlükəsizliyinə hesablanıb.
Kəlbəcər-Laçın avtomobil yolu
Kəlbəcərdən inşası hazırda davam edən Laçın Beynəlxalq Limanına gələnlərin işini asanlaşdıracaq bu yol da kifayət qədər mürəkkəb relyefli ərazidə yerləşir və təhlükələri minimuma endirmək üçün 10 tunel inşa ediləcək. Başlanğıcını Kəlbəcərin Qamışlı kəndindən götürən yolun uzunluğu Laçına kimi təqribən 76 km-dir.
Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolu
2 hərəkət zolaqlı tikilən yol 80 kilometr uzunluğa malik olacaq. Hazırda avtomobil yolunda layihə üzrə torpaq işləri görülür. Xüsusi texnikalardan istifadə olunmaqla yararsız qruntun çıxarılması və əvəzində yararlı material verilərək normativ hündürlüyə çatdırılması, yolun genişləndirilərək profilə salınması işləri həyata keçirilir.
Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu
Uzunluğu 40 kilometrə yaxın olan yol başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Cəbrayılın Şükürbəyli kəndindən keçən hissəsindən götürməklə Xocavəndin Hadrut qəsəbəsinə qədər uzanır. Yol boyunca layihəyə uyğun olaraq 6 yeni avtomobil körpüsü inşa edilir. Körpülərdən biri Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolu ilə kəsişmədə layihələndirilib ki, bununla da sözügedən avtomobil yolundan magistral yola rahat giriş-çıxış təmin olunacaq. Tikinti zamanı ətraf mühit də diqqətdən kənarda qalmayıb. Belə ki, faunaya dəyəcək zərəri önləmək üçün 11 yerdə yeraltı yolötürücülərin tikintisi aparılır. Bu istiqamətdə həyata keçirlən digər layihə isə Hadrut-Tuğ-Azıx mağarası avtomobil yoludur. Buranın yenidən qurulması ilə 22 kilometr məsafə qət etməklə, Azıx mağarasına çatmaq mümkün olacaq.
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu
Bu yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək. Təqribi uzunluğu 124 kilometrdir. Əhmədbəyli-Füzuli-Şuşa, Şükürbəyli-Cəbrayıl-Hadrut və Xudafərin-Qubadlı-Laçın avtomobil yolları başlanğıcını məhz bu yoldan götürür.
Xudafərin-Qubadlı-Laçın avtomobil yolu
Uzunluğu 69 kilometrdən bir qədər artıq olan bu yol Qubadlı və Laçın şəhərləri də daxil olmaqla, hər iki rayonun 30-dan artıq yaşayış məntəqəsində məskunlaşanların gediş-gəlişini asanlaşdıracaq. 4 hərəkət zolaqlı olmaqla 1-ci texniki dərəcəyə uyğun inşaat işləri aparılır. 46 dairəvi, 12 düzbucaqlı boru və 12 yeraltı keçid tikilib, 1040 metr istinad divarı inşa olunub. Burdan ayrılan Qubadlı-Laçın yolunun da tikintisi sürətlə davam etdirilir. Onun uzunluğu isə 25 kilometrə bərabər olacaq.
Bu regionda çəkilən Qubadlı-Eyvazlı avtomobil yolu isə 2 hərəkət zolaqlı olmaqla uzunluğu 25 kilometr təşkil edəcək. Tikilib istifadəyə veriləndən sonra Qubadlı şəhəri də daxil olmaqla, Mahmudlu, Xıdırlı, Məlikəhmədli, Qudanlı, Davudlu, Eyvazlı kəndləri bir-birinə daha qısa məsafədə bağlanacaq. Bölgədə tikilən Qubadlı-Mahmudlu-Yazdüzü-Ermənistan sərhədi avtomobil yolu isə təqribən 22 kilometr uzunluğundadır və qısa zamanda işlərin bitməsi planlaşdırılır.
Qarabağ və Şərqi Zəngəzurda şəhərdaxili yollar
Altı şəhərin - Şuşa, Füzuli, Qubadlı, Zəngilan, Kəlbəcər və Cəbrayılın daxili yollarının layihələndirilməsi və tikintisi işləri davam etdirilir. Laçında isə artıq 60 km daxili küçə və yollar yenilənib. Qarşıdakı müddətdə Şuşada 1-ci mərhələdə 17 km, Qubadlıda 24, Zəngilanda 16, Kəlbəcərdə 19, Cəbrayılda 24, Füzulidə 18 kilometr yarım, Ağdamda isə 59 kilometrə yaxın şəhərdaxili yolun bərpası hədəflənir.
Kəndlərə gediş-gəliş asanlaşır
Qarabağ və Şərqi Zəngəzurda 7 kəndə gedən yol yenilənir. Ağdamın Kəngərli, Qubadlının Mahruzlu və Zilanlı kəndləri, Zəngilanın Cahangirbəyli, Xocalının Malıbəyli, Cəbrayılın Horovlu kəndinə gedən yollar yeni görkəm alır. Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun 24-cü km-dən Umudlu kəndinə gedən 9 kilometr yarımlıq yol da yeniləndikdən sonra sürücülərin ixtiyarında olacaq.
Qarabağda yol infrastrukturunun qurulması investisiya cəlbinə təsir edəcək
İqtisadçı-ekspert Xalid Kərimli hesab edir ki, yol infrastrukturunun sağlamlaşdırılması, yeni yolların çəkilməsi birmənalı şəkildə cəmiyyətə fayda verir. Eskpert vurğulayır ki, Qarabağ və Şərqi Zəngəzurda yolların inşası, nəqliyyat infrastrukturunun sağlamlaşdırılması, enerji infrastrukturunun davamlılığı sahibkarların və iş adamlarının diqqətindən qaçmadığı kimi, oraya köçürüləcək əhalinin də bölgəyə marağını ikiqat artırır. İqtisadi tərəfdən baxdıqda isə bu, özəl şirkətlərin bölgəyə marağının artmasına səbəb olur. Yəni logistika imkanlarının şaxələndirilməsi ilə şirkətlər məhsullarını bazara daha rahat çıxara biləcəkləri üçün regionlara investisiya yatırırlar.
Nəqliyyat əlçatanlığı inkişafın hərəkətverici qüvvəsidir
Nəqliyyat eksperti Rauf Ağamirzəyev də azad olunmuş ərazilərdə tikilən yolların logistika imkanlarını genişləndirəcəyi qənaətindədir. O hesab edir ki, bölgəyə rahat gediş-gəlişin təmin olunması ilə orada yeni müəssisələr və biznes mərkəzlərinin tikintisi sürətlənəcək, bu da nəticə etibarilə yeni iş yerlərinin açılması deməkdir. Belə olan halda, bölgəyə köçürülən əhalini daha dayanıqlı iş yerləri ilə təmin etmək mümkün olacaq. Bir digər önəmli məqam isə Qarabağ və Şərqi Zəngəzurun yollarının ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin üzərində olmasıdır. Yəni yolların funksionallığı yüksəlir. R.Ağzmirzəyev onu da vurğulayır ki, işğal dövründə Qarabağ bölgəsinin nəqliyyat infrastrukturu həm Azərbaycan, həm də regional şəbəkədən kənarda qalmışdı. Amma indi hədəf yolların Azərbaycanın daxili şəbəkəsinə inteqrasiyası ilə bərabər, regional şəbəkəyə də qoşulmasını təmin etməkdir.
Ekspertin sözlərinə görə, yeni tikilən yolları unikal edən ən vacib məqam tunellərin inşasıdır. Əvvəllər tikilən yollarda tunellər çox az olduğu halda, yenilərində bunun uzunluğu 70 kilometrdən çoxdur. Tunellər yolun qısalmasına imkan yaratdığı kimi, sərt aşırımları daha rahat keçməyə imkan verir ki, bu da sürücülərin təhlükəsizliyi üçün vacibdir.
Laçın və Bakı arasında məsafə qısalır
Füzuli və Zəngilan hava limanları ilə yanaşı, 2025-ci ildə Laçındakı aeroportun da qapılarını sərnişinlərin üzünə açacağı gözlənilir. Artıq son tamamlama işləri görülür ki, bunun da may ayına kimi yekunlaşdırılması hədəflənir. Nəqliyyat eksperti R.Ağamirzəyev hesab edir ki, Laçının 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi orada aparılan işləri daha da sürətləndirəcək. Yeri gəlmişkən, ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı olan Laçın aeroportu saatda 200 sərnişinə xidmət edəcək ki, bu da regionun turizm potensialına təsirsiz ötüşməyəcək. Aeroportdan Laçın şəhərinin mərkəzinə qədər məsafə 30 kilometrdir, Şuşaya 70, Kəlbəcərə isə 60 km məsafə qət edərək çatmaq mümkün olacaq. Füzuli Hava Limanının da işlək vəziyyətdə olduğunu nəzərə alsaq, Laçın Hava Limanının işə düşməsi Şuşaya alternativ hava yolunun açılması anlamına gəlir.
Dəmir yolları sənaye parklarının əhəmiyyətini artırır
Bərdə-Ağdam, Horadiz-Ağbənd dəmir yolları beynəlxalq nəqliyyat dəhlizləri üzərində tikilir. Artıq Bərdə-Ağdam xətti üzrə işlər tamamlanıb, vağzal kompleksinin inşası aparılır ki, bunun da bu ilin mayında sonlandırılması hədəflənir. Horadiz-Ağbənd xəttində isə ikinci mərhələ üzrə işlər bitmək ərəfəsindədir. Son 25 kilometrdə süni qurğuların tikintisi davam etdirilir, dekabr ayına kimi Ağbəndə qədər bütün işlər yekunlaşmış olacaq. Bu xətdə uzunluğu 771 metr olmaqla ölkənin ən böyük dəmir yol körpüsü və 1031 metr uzunluğunda dəmiryol tuneli tikilir.
R.Ağamirzəyev bu dəmir yolu layihələrinin bölgənin inkişafı baxımından ciddi infrastruktur olduğunu düşünür. Nəzərə alsaq ki, yollar beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşir, o zaman bölgədə istehsal olunan mal və məhsulların xarici bazalarla çıxışı asanlaşacaq. Digər bir yandan isə həm Ağdamda, həm də Cəbrayılda sənaye parkları fəaliyyət göstərir. Dəmir yolu ilə yükdaşımalar rentabelli olduğundan, orada fəaliyyət göstərən sahibkarlar öz məhsullarını dünya bazarına daha qısa yolla çıxara biləcəklər.
Faiq KƏRİMOĞLU