24 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bəyannamələrin verilməsi könüllü vergi ödəməni təşviq edir MƏQALƏ

Son illər ölkəmizdə vergi inzibatçılığının səmərəliliyinin artırılması istiqamətində əhəmiyyətli addımlar atılır. Xidmətlərin və tərtib olunan sənədlərin elektronlaşması həm məlumatlara əlçatanlığı artırıb, həm də sahibkarların vergi əməletməsinə sərf etdiyi vaxtın azalmasına imkan verib. 70-dən çox elektron xidmətin təklif edildiyi vergi sistemində bu xidmətlərin keyfiyyətinin yüksəldilməsinə də xüsusi diqqət yetirilir. Mütəxəssislər vergi bəyannamələrinin təqdim edilməsinin könüllü vergi ödəməni təşviq etdiyini vurğulayırlar.

Bəyannamələrin əhəmiyyəti barədə fikirlərini “vergiler.az”la bölüşən vergi eksperti Azər Qənbərov onların həm vergi inzibatçılığı, həm də sahibkarlıq subyektinin işinin asanlaşması baxımından faydalı olduğunu vurğulayıb: “Bəyannamə vergi ödəyicisinin gəlir və xərclərini, onun fəaliyyətini şəffaf əks etdirir. Bu, vergi ödəyicisinin özünə də lazımdır. Biznes sahibi bir qədər gəlir bəyan edib vergi ödəyə bilər. Amma verginin ödənilməsi hələ onun gəlirlərini tam bəyan etməsi demək deyil. Sahibkar bəyannamə ilə vergilərini doğru bəyan edir, eyni zamanda vergi orqanı tərəfindən vergi ödəyicisinin fəaliyyətinə, məcburi tələblərə əməl edilməsinə nəzarət tədbiri kimi həyata keçirilməsinə imkan yaradır. Onun fəaliyyətinə, gəlir və xərclərinin uçotuna nəzarət edilir. Bu cəhətdən bəyannamələrin təqdim edilməsi vacibdir”.

A.Qənbərov vergidən azad edilən sahələrdə də bəyannamələrin tərtib edilməsinin əhəmiyyətli olduğunu, əks halda sahibkarların maliyyə sanksiyaları ilə üzləşə biləcəklərini qeyd edib: “Əgər sahibkarın mənfəət vergisindən azad olan gəlirləri varsa, bunlar bəyan edilməlidir. Sənaye və texnologiyalar parkında fəaliyyət göstərən müəssisələr 10 il müddətinə mənfəət vergisindən azad edilib. Yaxud sənaye məhəllələrində fəaliyyət göstərən rezidentlər bəzi fəaliyyətlər üzrə mənfəət vergisindən azad edilir. Bu halda sahibkarlar bəyannamənin 217, yaxud 119-cu sətirlərində və Əlavə 5-də bunu qeyd etməlidirlər. Göstərməsələr, Vergi Məcəlləsinin 58.15-ci maddəsinə əsasən, 6 faiz həcmində maliyyə sanksiyasına məruz qala bilərlər”.

Bundan başqa, A.Qənbərov bildirib ki, iştirak payı 100 faiz dövlətə məxsus olan müəssisələrdə, Azərbaycan Prezidentinin 13 dekabr 2012-ci il tarixli 760 saylı Fərmanına əsasən, əsas vəsaitlərin müəssisə daxilində əvəzsiz olaraq təqdim edilməsi həyata keçirilir. Nazirlər Kabinetinin qərarına əsasən, bir müəssisədən digər müəssisəyə əsas vəsaitin təqdim edilməsi zamanı Vergi Məcəlləsinin 164.1.14-cü maddəsinə görə ƏDV üzrə azadolma, 106.1.10-cu maddəyə əsasən isə mənfəət vergisindən azadolma yaranır. Belə olan hallarda ƏDV-də xüsusi çəkiyə görə əvəzləşən məbləğ azala bilər. Bu zaman, əgər onun uçotu ayrıca aparılmazsa, yoxlamalar zamanı əlavə vergilərin hesablanması və maliyyə sanksiyası tətbiq edilə bilər.

Bəyannamələrin təqdim edilməməsinə görə maliyyə sanksiyalarını istisna etməyən iqtisadçı Ruslan Atakişiyev hesab edir ki, vergi ödəyiciləri bundan yayınmaq üçün güzəşt və azadolmalar üzrə bəyan edilməli olan məlumatları bəyannamədə əks etdirməlidirlər. Onun sözlərinə görə, bəyannamələrin verilməsi sahibkarlıq subyektlərinin şəffaflığının artırılmasına xidmət edir: “Sahibkarlıq subyektləri öz öhdəliklərini dərk edərək müvafiq bəyannamələri vaxtında verirlərsə, öz fəaliyyətlərinə uyğun olaraq vergi öhdəliklərini hesablayıb ödəyirlərsə, artıq onlar könüllü vergi ödəyicisi sayılırlar. Bu gün Azərbaycanda əksər sahibkarlıq subyektləri könüllü vergi ödəyicisi kimi tanınır. Bəyannamələrin vaxtında verilməsi sahibkarlıq subyektlərində şəffaflığın təmin olunması, uçotun düzgün aparılması, eləcə də vergi orqanları tərəfindən inzibatçılığın həyata keçirilməsi, dövlət orqanları qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsi, müəssisənin, fiziki şəxslərin dövlətə münasibətdə risklərinin azaldılması baxımından böyük əhəmiyyət kəsb edir”.

R.Atakişiyev vergi bəyannamələrinin vaxtının qanunvericiliklə tənzimləndiyini bildirib. Onların aylıq, rüblük və illik əsasda tərtib edildiyini deyib: “Mənfəət vergisi üzrə hesabat dövrü təqvim ilidir. ƏDV ödəyiciləri isə hər ayın sonunda növbəti ayın 20-dən gec olmayaraq hesabat verməlidirlər. Azərbaycan mənbəyindən gəlir əldə edən və ödəmə mənbəyində vergiyə cəlb olunmayan rezident və qeyri-rezident fiziki şəxslər, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən Azərbaycan Respublikası vətəndaşları hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq qeydiyyatda olduqları vergi orqanına bəyannamə verməlidirlər. Xüsusi notarius kimi fəaliyyət göstərən fiziki şəxslər isə fəaliyyət göstərdikləri yer üzrə vergi orqanlarında uçota alınaraq gəlir vergisinə cəlb olunurlar. Kənd təsərrüfatı məhsullarının istehsalçıları gəlir (mənfəət), ƏDV, sadələşdirilmiş vergi və əmlak vergisi ödəməkdən azad edilib. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilib. Məcəllənin 58.15-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş vergi güzəşt və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə vergi ödəyicisinə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir”.

Fərqanə ALLAHVERDİQIZI

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?