Ölkəyə böyük həcmdə valyuta gətirən və sərfəli investisiya aləti: qızıl bahalaşacaq? MƏQALƏ
2024-cü ilin yanvar-oktyabr aylarında “AzerGold” QSC-nin rəsmi Satış və mübadilə mərkəzi tərəfindən daxili pərakəndə bazarda 3.347 unsiya qızıl həcmində sikkə və külçələrin satışı həyata keçirilib. “AzerGold”dan “vergiler.az”a verilən məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə qızıl məhsullarının satışında 62 faiz artım qeydə alınıb. 2024-cü ilin ilk 10 ayında gümüş məhsullarının satışı isə 81 unsiya təşkil edib.
“Cari ilin yanvar-oktyabr aylarında daxili pərakəndə satış bazarında qızıl və gümüş məhsullarının satışından əldə edilən vəsait 15.057.135 manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 93 faiz artım deməkdir. 2024-cü ilin oktyabr ayında pərakəndə satışlarda əvvəlki ayların pozitiv dinamikası qorunub saxlanılıb. Belə ki, ötən ay ərzində “AzerGold” QSC Satış və mübadilə mərkəzi vasitəsilə 765 unsiya qızıl məhsullarının pərakəndə satışını reallaşdırıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 366 faiz artım deməkdir”, - “AzerGold”dan bildirilib.
Oktyabr ayında artım gümüş məhsullarının satışında da özünü göstərib. Ötən ilin eyni ayı ilə müqayisədə “AzerGold”un gümüş məhsullarının daxili pərakəndə bazarda satış həcmində 58 faiz artım qeydə alınıb.
Etibarlı investisiya aləti
“AzerGold” QSC-dən bildirilib ki, dünya bazarında qızılın qiymətinin kəskin yüksəlməsi fonunda sərfəli və etibarlı investisiya aləti kimi qiymətli metal aktuallığını daha da artırıb. Səhmdar Cəmiyyətinin qızıl sikkə və külçə kolleksiyalarına tələbatın artmasına təsir edən digər amil isə uğurlu satış siyasətidir. Belə ki, “AzerGold”un məhsullarının qiyməti bazarda satılan eyniçəkili məhsulların qiymətlərinə nisbətən aşağı, alıcılar üçün daha əlçatandır.
Dövlət şirkətinin məhsullarının rəsmi mübadilə - gerialış imkanının təmin edilməsi də müsbət amillərdən biridir. Eləcə də İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə milli zərgərlik bazarının inkişafı istiqamətində həyata keçirilən islahatlar, vergi və gömrük qanunvericiliklərində edilən dəyişikliklər də qızılın satış həcminin artmasına müsbət təsir göstərib.
Xatırladaq ki, “AzerGold” yerli qızıl və gümüş xammalından istehsal etdiyi sikkə və külçələri ilk dəfə 2019-cu ildə satışa çıxarıb. Ən son açıqlanan rəqəmlərə görə, 1 noyabr 2024-cü il tarixinə ümumilikdə 12.442 unsiya qızıl sikkə və külçə, 606 unsiya gümüş sikkənin pərakəndə satışı həyata keçirilib. Nəticədə 47.909.399 manat məbləğində gəlir əldə edilib.
Hədəf “Made in Azerbaijan” brendini formalaşdırmaq idi
“İllər öncə bu layihəyə başlayarkən əsas məqsəd “Made in Azerbaijan” nişanı altında yeni brend yaratmaq, qiymətli məhsulların üzərindəki dizayn elementləri ilə mədəni irsimizin təbliğinə töhfə vermək idi. Ötən illər ərzində qiymətli məhsulların pərakəndə bazarda özünü kifayət qədər doğrultması, tələbatın tədricən artması Səhmdar Cəmiyyəti üçün zamanla əlavə gəlir mənbəyi formalaşdırıb və 2021-ci ildə ilk Satış və mübadilə mərkəzinin yaradılmasına zəmin yaradıb. “AzerGold” QSC tərəfindən cari ilin ilk 9 ayı üzrə qiymətli məhsulların pərakəndə satışı ilə bağlı açıqlanan statistik məlumatlardan da göründüyü kimi, hazırda Səhmdar Cəmiyyətinin qiymətli məhsullarına tələbat daha da artıb”, - “AzerGold” QSC-dən bildirilib.
Qeyd edək ki, “AzerGold” QSC-nin qızıl və gümüş kolleksiyalarını Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən rəsmi Satış və mübadilə mərkəzindən, eləcə də “Azergold.gift” platformasından onlayn sifariş verməklə əldə etmək mümkündür.
Münaqişələr qızıla dəyər qatır
Son dövrlərdə dünya bazarlarında da qızılın qiymətində artım dinamikası müşahidə edilir. İqtisadçı Pərviz Heydərov bunu dünyadakı siyasi-iqtisadi qeyri-sabitliklə əlaqələndirir. Onun sözlərinə görə, geosiyasi münaqişələr səbəbindən maliyyə bazarlarında vəziyyət qeyri-müəyyən olduğu üçün aparıcı investorlar daha çox qızıla yatırım edirlər: “Ümumiyyətlə, biz keçmişə nəzər salsaq, görərik ki, nə zaman dünyada vəziyyət qeyri-sabit xarakter daşıyıbsa, qızıl ən mühüm yatırım vasitəsi hesab olunub və aparıcı investorlar, şirkətlər, ölkələr məhz qızıla yatırım ediblər, daha çox qızıl ehtiyatı toplamağa çalışıblar. Çünki qızıl neftdən, digər aparıcı valyutalardan fərqli olaraq, elə bir qiymətli yatırım vasitəsidir ki, ona investisiya yatırdıqda gələcəkdə sabitlik yaranan zaman onu çox asanlıqla digər dəyərli vasitələrə - qiymətli kağızlara və s. dəyişmək mümkündür. Bu baxımdan dünyada baş verən gərginliklər fonunda qızılın qiyməti rekord səviyyədə artmaqda davam edir”.
Azərbaycan dünya bazarlarında həm də qızıl ixracatçısı kimi tanınır
Qızılın bu cür dəyər əldə etməsinin Azərbaycan üçün sərfəli olduğunu vurğulayan P.Heydərov fikrini belə izah edib: “Ölkəmizdə qızıl hasil olunur və biz həm də dünya bazarlarında qızıl ixracatçısı kimi tanınırıq. Qeyd edim ki, ölkəmizin valyuta ehtiyatlarının da bir qismi qızılda saxlanılır. Ölkə başçısının 2011-ci il 27 oktyabr tarixli fərmanı ilə Dövlət Neft Fonduna ümumi investisiya portfelinin dəyərinin 15 faizədək hissəsinin qızılla saxlanılması tövsiyə olunub. Ancaq qızılın son vaxtlarda bahalaşması ilə əlaqədar olaraq Dövlət Neft Fondu qızıl alışını genişləndirilıb. Nəticədə hazırda Fondun investisiya portfelinin dəyərinin təxminən 18 faizə qədəri qızılda saxlanılmaqdadır”.
İqtisadçı Azərbaycana xarici valyuta qazandıran qeyri-neft məhsulları sırasında qızılın üçüncü yerdə olduğunu əlavə edib: “Bu ilin ilk doqquz ayında ölkəmizdən 2.582 unsiya qızıl sikkə və külçə satılıb. Ölkəmizin xaricə ixrac etdiyi qeyri-neft məhsullarının siyahısında pambıq mahlıcı birinci, pomidor və onun şirəsi isə ikinci yerdədir. Siyahıda mühüm yer tutan üçüncü ən çox ixrac etdiyimiz məhsul qızıldır. Bu ilin yanvar-sentyabr ayları ərzində qızılın ixracından ölkəyə 115 milyon ABŞ dollarından çox xarici valyuta gəlib. Nəzərə alaq ki, bu, qızılın xammal şəklində satışından əldə edilən gəlirdir. Hasil etdiyimiz qızılı emal olunmuş şəkildə satsaq, bundan daha çox valyuta gəliri əldə edə bilərik. Bunun üçün qızılın emalı ilə məşğul olan sahələrin təşkili, bu sahəyə investisiya qoyuluşu əsas şərtlərdən sayılır”.
Qızılın qiyməti ilə bağlı gələcək proqnozlara gəlincə, P.Heydərov bildirib ki, bu, yeni geosiyasi dəyişikliklərdən asılı olacaq. Onun sözlərinə görə, ABŞ-də son seçkilərdə Donald Trampın qalib gəlməsindən sonra fond birjalarında, maliyyə bazarlarında müəyyən bir sabitlik meyilləri görünməyə başlayıb: “Bununla əlaqədar qızılın qiymətində bahalaşma səngiyib, əksinə, müəyyən mənada ucuzlaşmağa doğru meyil müşahidə edilir. Ancaq hesab edirəm ki, bu, müvəqqəti xarakter daşıyır. Real olaraq hazırda qızılın qiyməti kifayət qədər yüksəkdir. Əgər Donald Trampın fəaliyyəti dövründə bu geosiyasi münaqişələr səngiməzsə və dünyada qeyri-müəyyənlik dərinləşməkdə davam edərsə, biz növbəti ildə də qızılın qiymətinin artmasını müşahidə edəcəyik. Nəticədə bizim qızıl satışından əldə etdiyimiz gəlirlərin artması tamamilə realdır”.
Fərqanə ALLAHVERDİQIZI