Yaşıl iqtisadiyyata keçid əmək bazarında nəyi dəyişəcək? MƏQALƏ
Dünyada ənənəvi ixtisas və peşələrlə yanaşı, yeniləri də yaranır və inkişaf edir. 25-30 il əvvəl xəyal belə etməzdik ki, kompüter və informasiya texnologiyaları sahəsində ixtisaslara tələbat bu qədər artacaq. Amma reallıq budur ki, texnologiyaların inkişafı, funksionallığın artması həm dünyada, həm də Azərbaycanda yeni sahələrin yaranmasına gətirib çıxarıb.
Dövrün tələbinə uyğun olaraq dəyişikliklərin baş verdiyi sahələrdən biri də enerji sahəsidir. Ənənəvi enerji tədricən öz yerini bərpaolunan enerjiyə verir ki, bu da yeni iş yerlərinin yaranmasını labüd edir. Bu sahədə ixtisaslı mühəndislərə, texniklərə, yeni ideyası olan sahibkarlara tələbat yaranır. Beynəlxalq Əmək Təşkilatının (BƏT) hesablamalarına əsasən, yaşıl enerjiyə keçid özü ilə bərabər 2030-cu ilə kimi 100 milyondan çox iş yerinin açılmasına gətirib çıxara bilər. Noyabrın 11-dən 22-nə kimi Bakıda baş tutan COP29 konfransında BƏT rəsmisi Mia Seppo da bu məsələni gündəmə gətirdi.
Düşünüldüyü kimi, ənənəvi enerjidən imtina heç də insanları işsiz qoymayacaq. Əksinə, daha çox iş yerləri yaranacaq.
Bəs alternativ enerjiyə keçid sürətlənərsə, neft-qaz sektorunda çalışanların aqibəti necə olacaq?
İqtisadçı-ekspert Elman Sadıqov deyir ki, əmək bazarında dəyişiklik yaşıl iqtisadiyyata keçidin sürətindən asılı olacaq. Alternativ enerjidən geniş istifadə ənənəvi enerjidən imtina anlamına gəlməməlidir. Bu, neft-qaz sektorunun birdəfəlik ləğvi də demək deyil. Haqqında danışılan bu iki sahənin bir-birinə mane olmadığını vurğulayan ekspert, əksinə, alternativ enerjinin inkişafının neft-qaz sektorundan asılı olduğunu bildirir. E.Sadıqov deyir ki, neft və qazın əbədi olmadığını düşünən şirkətlər özlərini bazarda saxlamaq üçün alternativ enerjiyə investisiya yatıracaqlar. Məsələn, BP-nin alternativ enerji sahəsində nəhəng layihələri var və gələcəkdə onun bu sahədə lider beynəlxalq şirkət olma ehtimalı artır. Digər bir yandan, enerji keçidi paralel aparıldığı üçün, neft-qaz sektorunda işsizlik yaranması proqnozlaşdırılmır. Ekspert düşünür ki, sektorda işsizlik yaranarsa, bu, istehsalın aşağı düşməsi və tələbatın azalması ilə əlaqədar olacaq.
İqtisadçıya görə, yaşıl enerji əmək bazarını müəyyən qədər dəyişəcək. O ki qaldı hansı ixtisasların yaranmasına, ekspert 2 istiqamətə - işin sənaye və xidmət tərəflərinə diqqət çəkir. Şirkətlərdə çalışacaq kadrları sənaye tərəfinə aid etsək, əhaliyə xidmət göstərə biləcək mühəndislər də hazırlanmalıdır. Günəş panellərinə xidmət, onların düzgün təmizlənməsi, təmiri və digər məsələlərlə bağlı kadrların hazırlanması üçün peşə məktəblərinin üzərinə də vəzifələr düşür. Bir sözlə, yeni ixtisaslı kadrlar bu sahənin hərəkətverici qüvvəsinə çevriləcəklər.
İqtisadçı-ekspert Eyyub Kərimli də yaşıl iqtisadiyyata keçidin həm ölkəmizdə, həm də dünyada iqtisadiyyata təsirsiz ötüşməyəcəyi qənaətindədir. Onun fikrincə, yaşıl enerji ölkəmizdə və dünyada iqtisadiyyatın strukturunu və iqtisadi alətləri tam dəyişəcək, yeni innovativ layihələrin və startapların yaranmasına gətirib çıxaracaq. Ekspertə görə, yaşıl iqtisadiyyata keçiddə elektrik mühəndisliyinə ehtiyac artacaq. Paralel olaraq bərpaolunan enerjiyə keçiddə təmizləyici qurğuların inkişafı gündəmə gələcək. Bu, yeni sahədir və uğurlu olması üçün ixtisaslı kadrların hazırlanmasına ehtiyac var.
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov yaşıl enerjiyə keçidin iqtisadi təsirləri ilə yanaşı, sosial təsirlərinin də olacağını düşünür. Xüsusən də işğaldan azad edilmiş ərazilərdə bərpaolunan enerji mənbələrinin yaradılması ilə bağlı yeni layihələr icra olunur ki, bu da bölgəyə köçürülən əhalinin məşğulluğuna böyük töhfə verəcək. Tələbatın ödənilməsi ilə yanaşı, ölkənin ixrac potensialı da artacaq, nəticə etibarilə bu, bərpaolunan enerji sahəsində yeni iş yerlərinin yaranmasına müsbət təsir göstərəcək.
Dünyada yaşıl enerjinin yaratdığı iş yerlərində işləməyə tələbat hər il 20-25 faiz artır. Əsasən iqtisadi təhsil məsələləri üzrə araşdırmalar aparan ekspert Elçin Süleymanov hesab edir ki, bu tələbi qarşılamaq üçün təhsil müəssisələrində dövrün tələbinə uyğun yeni ixtisaslar açılmalı, yeni proqramlar yaranmalıdır. Təhlilçi yaşıl enerjiyə keçidlə əmək bazarı və maliyyə infrastrukturunun tədricən dəyişəcəyinə inanır. O vurğulayır ki, ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması təkcə karbon emissiyasını azaltmağa hesablanmayıb, bu, kompleks yanaşmadır, yəni yaşıl iş yerlərinin yaradılması da oraya aid edilə bilər. E.Süleymanov əlavə edir ki, neft və qaz kimi resursların tükəndiyini nəzərə alsaq, bərpaolunan mənbələrin enerjisi tükənməzdir. Bu da daha dayanıqlı iş yerlərinin yaranması anlamına gəlir.
İqtisadçı-ekspert Elman Sadıqov alternativ enerjiyə keçiddə əmək bazarında tələb və təklif məsələsinin çox vacib olduğunu vurğulayır. Deyir ki, tələb və təklifin bir-birini formalaşdırması iki istiqamətlidir. Ya tələb təklifi formalaşdırır, ya da bu, əksinə baş verir. O hesab edir ki, Azərbaycanda yaşıl enerji əmək bazarında tələb formalaşdıracaq. Məsələn, 5-10 ildən sonra hər üç evdən ikisində günəş panelləri olacaq ki, bu da ixtisaslı kadrlara ehtiyacı artıracaq. Ekspert deyir ki, indidən belə kadrları formalaşdırsaq, gələcəkdə yaranacaq tələbi gözləmədən təklif versək, faktiki olaraq yeni xidmət sektorunu müəyyən dərəcədə formalaşdıra və günəş panellərinin istifadəsini təşviq edə bilərik.
Faiq KƏRİMOĞLU