COP29-un əsas hədəfi: ölkəmiz niyə iqlim maliyyəsinə fokuslanır? MƏQALƏ
Planetimizin ətraf mühitlə bağlı ən böyük tədbiri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – yəni COP29 Bakıda gerçəkləşməkdədir. Dünyanın dörd bir yanından 70 mindən çox iştirakçının paytaxtımızda toplaşmasına səbəb isə, tədbirin adından da göründüyü kimi, iqlim dəyişikliyi ilə birgə mübarizə aparmaqdır. Azərbaycan da iqlim dəyişikliyindən əziyyət çəkən ölkə kimi, bu məsələlərdə bütün dünyaya həssaslığını nümayiş etdirir. COP29-un Azərbaycanda keçirilməsi təşəbbüsünün Bakıdan gəlməsi, yaşıl enerji layihələrinin icrası ölkəmizin enerji keçidi mövzusunda qərarlı olduğunu göstərir. Digər tərəfdən, COP kimi böyük bir tədbirin Azərbaycanda keçirilməsi həm ölkəmizin iqtisadiyyatına, həm də yaşıl enerji ilə bağlı gündəliyinin zənginləşməsinə müsbət təsirini göstərir.
İqtisadçı-ekspert Xalid Kərimli COP-un Azərbaycan iqtisadiyyatına təsirini 3 mərhələdə şərh edir. O, son 1 ildə paytaxtda gözlə görünən dəyişiklikləri misal gətirərək, yolların, parkların, infrastrukturun sağlamlaşdırılmasını müsbət addım kimi sadalayır. Bildirir ki, bu tədbir ölkəmizi dünyaya tanıtmağa fürsət verir, o cümlədən turizm dövriyyəsini artırır, turizmlə əlaqəli yardımçı sahələrdə inkişafı sürətləndirir. X.Kərimli COP-un yeni əməkdaşlıqlar qurmaq istiqamətində də münbit platforma olduğu qənaətindədir. O, bunun həm siyasi, həm də enerji keçidi məsələsində ölkəmiz üçün yeni fürsətlər yaradacağını düşünür. Qeyd edir ki, yaşıl enerji baxımından Azərbaycanın 200 qiqavat elektrik enerjisi potensialı var və bunun 10 qiqavatının istismara verilməsi hədəflənir. İqtisadçının sözlərinə görə, Azərbaycan COP29-dan əvvəl də yaşıl iqlim hədəflərinə çatmaq üçün fəal iş aparıb. 2021-2022-ci illərdə BƏƏ və Səudiyyə Ərəbistanı ilə imzalanmış müqavilələr, 2022-ci ilin dekabrında Avropa Komissiyası ilə imzalanmış sazişə əsasən Qara dənizin dibi ilə çəkiləcək kabel xətti kimi nəhəng layihələr ölkənin enerji keçidi məsələsində dünyaya müsbət siqnallar verir.
COP-un bütün tədbirlərində iqlim maliyyəsi ilə bağlı müzakirələr aparılır. Elə builki tədbirdə də Azərbaycanın əsas hədəfi iqlim maliyyəsi üzrə ciddi razılaşmaların əldə olunmasıdır.
İqlim dəyişikliyinin qarşısının alınması ilə bağlı
layihələrin həyata keçirilməsi üçün maliyyə əsas şərt olaraq qalır
İqlim maliyyəsi nədir və niyə COP29-un əsas gündəmində yer alır?
Sözsüz ki, iqlim dəyişikliyinin qarşısının alınması ilə bağlı layihələrin həyata keçirilməsi üçün maliyyə əsas şərt olaraq qalır. COP29-un rəsmi saytında yer alan məlumata əsasən, iqlim maliyyəsi emissiyaların azaldılması baxımından vacibdir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına əsasən, iqlim maliyyəsi yüksək gəlirli ölkələrdən aşağı və orta gəlirli ölkələrə pul köçürmələrini nəzərdə tutur. İqlim maliyyəsinin dövlət və özəl olmaqla iki növü var. İnvestorlardan gələn kapital özəl, vergi ödəyicilərinin pullarından əldə edilən və hökümətlər tərəfindən idarə olunan isə dövlət maliyyəsidir. Bu da iki istiqamətlidir: maliyyə həm mitiqasiya, həm də adaptasiya üçün toplanılır. Mitiqasiya böyük ölçüdə karbon emissiyalarını azaltmağa yönəldilən investisiyadır, adaptasiya isə daha çox iqlim dəyişikliklərinin nəticələrini aradan qaldırmağa xərclənir. Müxtəlif ölkələrdə insanlar iqlim dəyişikliyinin gətirdiyi fəsadlarla qarşılaşırlar, təbiətin sərt üzünü göstəməsi nəticəsində bəzi bölgələrdə quraqlıq, bəzi yerlərdə isə daşqın və fırtınalar həyatı iflic edir. Adaptasiya maliyyəsi bu ziyanı ödəməyə hesablanıb. Məsələnin diqqətçəkici tərəfi odur ki, 2020-ci ildə inkişaf etməkdə olan ölkələrə verilən 83 milyard ABŞ dolları civarında vəsait mitiqasiya sahəsinə yönəldilib. Bu da iqlim maliyyəsi fondunun 58 faizinin bu istiqamətə xərcləndiyini göstərir.
2010-cu ildə Meksikanın Kankun şəhərində baş tutan COP16-da 2020-ci ilə kimi tərəflər iqlim maliyyəsi üçün 100 milyard ABŞ dolları səfərbər etmək öhdəliyi götürsələr də bu vəsait 89 milyard civarında olub. 2015-ci ildə Fransanın paytaxtı Parisdə baş tutan COP21 konfransında imzalanmış “Paris sazişi”ndə də iqlim maliyyəsi mövzusunda ölkələrin daha tutarlı addımlar atmalı olduğu vurğulanır. Üzərindən bir xeyli keçməsinə rəğmən, Bakıda baş tutan COP29-da da iqlim maliyyəsi məsələsi yenidən gündəmə gəlir. Ölkəmiz dünya dövlətlərini iqlim maliyyəsinin ədalətli bölgüsü ilə bağlı razılaşma əldə etməyə çağırır.
Ölkəmiz dünya dövlətlərini iqlim maliyyəsinin
ədalətli bölgüsü ilə bağlı razılaşma əldə etməyə çağırır
İqtisadçı-ekspert Xalid Kərimli COP kimi tədbirlərin iqlim maliyyəsi baxımından önəmli olduğunu düşünür, bildirir ki, bununla bağlı hər hansı qərar qəbul etmək üçün kompleks addımlar atılmalıdır. Nəzərə alsaq ki, ABŞ-də administrasiya dəyişikliyi olacaq, yeni hökumət ekoloji problemlərlə mübarizəni priroritet hesab etmir. Bu da iqlim maliyyəsi ilə bağlı məsələlərin gecikməsinə gətirib çıxara bilər.
Həmsöhbət olduğumuz digər iqtisadçı-ekspert Pünhan Musayev də hesab edir ki, iqlim dəyişikliyinin miqyası artdıqca iqlimə uyğunlaşma daha baha başa gəlir. Çünki fəlakətli iqlim hadisələri intensiv baş verdikcə iqlim dəyişikliyi ilə mübarizədə həssas ölkələrə dəstək olmaq üçün əhəmiyyətli maliyyə öhdəliklərinə ehtiyac kritik nöqtəyə çatır. Son bir neçə il ərzində qlobal səviyyədə baş verən iqtisadi geriləmələr, o cümlədən beynəlxalq münasibətlər sistemində müşahidə olunan qopmalar maliyyə axınlarının da hərəkətinə bu və ya digər formada təsir göstərir. Belə vəziyyətdən ən çox əziyyət çəkənlər isə maliyyəyə çıxış imkanları aşağı olan zəif inkişaf etmiş ölkələrdir. Bir tərəfdən də ölkələrin iqlim dəyişikliyinə töhfəsi, bu qlobal problemin qarşısının alınması və nəticələrinin öhdəsindən gəlmək imkanları xeyli fərqlidir. Məsələn, müxtəlif ada ölkələri bütün maliyyəni iqlim maliyyəsi kimi qiymətləndirirlər. Çünki onların bütöv iqtisadiyyatı və yaşaması iqlimə davamlılıqdan çox asılıdır.
İqtisadçı-ekspert Fərhad Pərvizi isə məsələyə fərqli bucaqdan baxır. Onun fikrincə, iqlim maliyyəsinin cəlb olunması üçün ölkələr daxildə qanunvericiliyə yenidən baxmalıdırlar ki, bu sahəyə investisiyalar cəlb olunsun. İqtisadçı indiki məqamda dövlət hesabına maliyyələşməni effektiv hesab etmir. Beynəlxalq maliyyə təşkilatlarının ayırdığı vəsait də məsələni kökündən həll etmək üçün yetərli deyil. Bu baxımdan, mütəxəssis özəl sektordan maliyyə cəlbinin bu işdə ciddi irəliləyişə nail olmaq üçün faydalı olacağı qənaətindədir. Məsələn, dünya iqtisadiyyatı ildə 100 trilyon dollar təşkil edir və bunun 3 faizini iqlim maliyyəsi üçün ayırmaq olar.
Azərbaycan COP29 çərçivəsində bir sıra unikal təşəbbüslərlə çıxış edir
Azərbaycanın ən diqqətçəkən COP təşəbbüsü: iqlim maliyyəsi fondu
Azərbaycan COP29 çərçivəsində bir sıra unikal təşəbbüslərlə çıxış edir ki, bunlardan biri daha çox nəzərə çarpır. Ölkəmizin irəli sürdüyü 14 təşəbbüs arasında iqlim maliyyəsi fondunun yaradılması da var. COP29-un baş danışıqçısı Yalçın Rəfiyev yerli mediaya fondun yaradılması ilə bağlı prosesin getdiyini bildirib. Bununla bağlı həm Azərbaycandan, həm də digər ölkələrdən ekspertlər iş aparırlar. İqlim maliyyəsi məsələsində olduğu kimi, fondun elan edilməsində də ölkələrin yekdil qərarlarının olmaması prosesi gecikdirir. Fondun fəaliyyətə başlaması üçün 10 donor ölkə ilə iş aparılır. COP29-un rəsmi saytında yer alan məlumata əsasən, fond özəl sektoru səfərbər etmək və investisiya risklərini azaltmaq üçün dövlət-özəl tərəfdaşlığı üzrə katalizator rolunu oynayacaq. Bundan əlavə, inkişaf etməkdə olan və dəstəyə ehtiyac duyan ölkələrdə təbii fəlakətlərin nəticələrini operativ şəkildə aradan qaldırmaq üçün güzəştli və qrant əsaslı dəstəyi təmin edən xüsusi texniki potensial əldə olunacaq. Fondun fəaliyyətə başlaması üçün 1 milyard ABŞ dolları həcmində ilkin vəsait toplanmalı və 10 səhmdar ölkə donor kimi bu prosesə qoşulmalıdır.
İqtisadçı-ekspert Xalid Kərimlinin fikirlərinə istinad etsək, bu fondun yaradılması ilə ətraf mühitə dost layihələrin maliyyələşməsi daha geniş vüsət alacaq. Yaşıl enerji layihələri, xüsusən tullantısız texnologiya layihələri və tullantıları yenidən istehsala yönəlmək kimi məsələlər fondun maliyyəsi hesabına gerçəkləşdirilə bilər.
COP29-da önəmli razılaşma: iqlim maliyyəsi öhdəliyi 170 milyard dollaradək artırılır
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun açıqladığı məlumata əsasən, danışıqlar prosesində bugünədək “Paris sazişi”nin 6.4-cü maddəsi, habelə çoxtərəfli maliyyə institutları tərəfindən illik əsasda iqlim maliyyəsi öhdəliyinin 75 milyarddan 170 milyard ABŞ dollarına qədər artırılması üzrə razılıqlar əldə olunub.
COP29-da gedən müzakirələrdən aydın olur ki, iqlim dəyişikliyi ilə mübarizə üçün inkişaf etməkdə olan ölkələrin illik maliyyə ehtiyacı 2,4 trilyon ABŞ dolları civarındadır. Bu vəsaitin azı 1 trilyon dolları beynəlxalq maliyyə mənbələrindən təmin edilməlidir. Uğurlu iqlim maliyyələşməsi üçün inkişaf etmiş ölkələr dövlət maliyyəsi üzrə öhdəliklərini azı üç dəfə artırmalıdır. Əsas təşəbbüslər isə G20 ölkələrindən gəlməlidir...
Faiq KƏRİMOĞLU