7 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi orqanlarının təqdim etdiyi xidmətlər biznes mühitinin səmərəliliyini artırır MƏQALƏ

Effektiv biznes mühiti sahibkarlıq fəaliyyətinin inkişafı üçün mühüm təməldir. İnnovasiyaları dəstəkləyən mühiti təşviq etməklə bizneslərin böyüməsini və iqtisadiyyatın inkişafında rolunun artmasını təmin etmək olar. Əlverişli strategiyalar, güclü infrastruktur və şəffaf tənzimləmə vasitəsilə formalaşdırılmış biznes mühiti şirkətlərə uğur qazanmaq, qlobal sərmayələri cəlb etmək və müasir çağırışlara uyğunlaşmaq imkanı verir. Belə biznes mühitinin yaradılması və dəstəklənməsi sahibkarlar və bütövlükdə cəmiyyət üçün vacibdir. Çünki bu mühit bizneslərə öz potensiallarını tam şəkildə reallaşdırmağa və iqtisadiyyatın ümumi rifahına töhfə verməyə imkan yaradır. Bu mühiti qurmaq üçün isə biznes ehtiyaclarını anlamaq, təhlillər aparmaq və uyğun islahatlar həyata keçirmək zəruridir. Elə bunun üçün də ölkəmizin vergi orqanları tərəfindən biznes subyektlərinin fəaliyyətinə dəstək məqsədilə bir çox tədbirlər həyata keçirilir. Onlar arasında biznesə başlamağın, onu davam etdirməyin və növbəti prosedurların asan, innovativ və əlverişli formada həyata keçirilməsi üçün müasir xidmətlərin istifadəyə verilməsi mühüm yer tutur. Xüsusi vurğulanmalıdır ki, Dövlət Vergi Xidməti tərəfindən 70-dən çox elektron xidmət göstərilir.

Əlverişli strategiyalar, güclü infrastruktur və şəffaf tənzimləmə vasitəsilə
formalaşdırılmış biznes mühiti şirkətlərə uğur qazanmaq, qlobal sərmayələri
cəlb etmək və müasir çağırışlara uyğunlaşmaq imkanı verir

Biznes mühitini təkmilləşdirən innovativ xidmətlər

Bu xidmətlər arasında ilk növbədə biznesin qeydiyyatı prosedurunu vurğulamaq yerinə düşər. Fiziki və hüquqi şəxslərin elektron qaydada vergi uçotuna alınması ilk elektronlaşdırılan xidmətlərdəndir. Vergi ödəyiciləri üçün elektron qeydiyyat həm fiziki şəxslər, həm biznes, həm də dövlət üçün geniş imkanlar yaradır. Prosesi müasirləşdirir, vergi inzibatçılığının ümumi səmərəliliyi və effektivliyini artırır. Elektron qeydiyyat vergi ödəyicilərinə istənilən vaxt qeydiyyatdan keçməyə, vergi ödəyicisinin məlumatlarını dərhal emal etməyə imkan verir. Vergi orqanları üçün elektron qeydiyyat kağız formalara, məlumatların əllə daxil edilməsinə, təqdim edilməsinə və fiziki qeydlərin saxlanmasına ehtiyacı aradan qaldırır. Bu, kağız əsaslı qeydiyyatların aparılması ilə bağlı inzibati xərcləri də azaldır.

Müasir qeydiyyat üsulu səhvlərin aradan qaldırılmasına da əhəmiyyətli təsir edir. Məlumatlar sistem tərəfindən avtomatik daxil edildiyi üçün səhvlərin düzəlişinə və əlavə prosedurlara sərf edilən vaxt itkisi aradan qalxır. Ümumiyyətlə, elektron sistemlər kağız əsaslı sistemlərlə müqayisədə həssas məlumatları idarə etmək üçün daha təhlükəsiz yollar təklif edir. Bunlara şifrələmə, ikifaktorlu autentifikasiya kimi tədbirlər daxildir. Bu qeydiyyat prosesi itirilmiş sənədlər və ya dəyişdirilmiş formalar kimi kağız sistemlərində baş verə biləcək saxtakarlıq riskini azaldır. Rəqəmsal qeydləri izləmək daha asandır və saxtakarlıq daha asan müəyyən edilir. Çünki onlayn vergi sistemləri şəxsi və maliyyə məlumatlarının icazəsiz girişdə təhlükəsiz olmasını təmin etmək üçün şifrələnmiş bağlantılardan istifadə edir. Elektron qeydiyyat sistemləri vergi ödəyicilərinə öz məlumatlarını yeniləmək, vergi hesabatlarına baxmaq və qeydiyyatın gedişatını izləmək imkanı verir. Bu üstünlük vergi orqanına etimadı artırır və şəffaflığı təmin edir. Vergi ödəyiciləri elektron kabinet və digər elektron kommunikasiya kanalları vasitəsilə vergi orqanları ilə birbaşa əlaqə saxlaya bilirlər ki, bu da vergi məsələlərinin daha sürətli həllini təmin etməklə vətəndaş məmnuniyyətini artırır.

Fiziki və hüquqi şəxslərin elektron qaydada vergi uçotuna alınması
ilk elektronlaşdırılan xidmətlərdəndir

Vergi orqanları tərəfindən tətbiq edilən elektron xidmətlər biznesin bütün fəaliyyət zəncirini əhatə edir. Bu ekosistemə ƏDV məqsədləri üçün onlayn qeydiyyat, vergi ödəyicisinin filialının, nümayəndəliyinin onlayn qeydiyyatı, fiziki və hüquqi şəxslərin uçot məlumatlarının onlayn dəyişdirilməsi, fiziki və hüquqi şəxslərin fəaliyyətinin onlayn dayandırılması, fiziki və hüquqi şəxslərin fəaliyyətinin onlayn bərpası, kommersiya hüquqi şəxsin adının unikallığının yoxlanılması, kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi və s. daxildir. Səmərəli vergi xidmətlərinin istifadəyə verilməsi vergi ödəyicilərinin öz vergi öhdəliklərini səmərəli, şəffaf və minimal yüklə yerinə yetirmələrini təmin edir. Vergi orqanları tərəfindən göstərilən xidmətlərin müasirləşdirilməsi özəl sektorun inkişafına müsbət təsir edir.

Vergi orqanları tərəfindən tətbiq edilən elektron xidmətlər
biznesin bütün fəaliyyət zəncirini əhatə edir

İnnovativ vergi xidmətləri və dövlət-özəl tərəfdaşlığı

Vergi inzibatçılığı sahəsində səmərəli dövlət-özəl tərəfdaşlığı vergi xidmətlərinin göstərilməsini optimallaşdırır, innovasiyaları təşviq edir və vergi ödəyicilərinin ehtiyaclarına uyğun mühit formalaşdırır. Vergi orqanları bulud hesablamaları və kibertəhlükəsizlik sahəsində özəl sektorun təcrübəsindən yararlanmaqla vergi ödəyicilərinin məlumatlarının idarə edilməsi və böyük həcmdə əməliyyatların dəstəklənməsi üçün təhlükəsiz rəqəmsal infrastruktur yaradırlar. Vergi xidmətləri sahəsində dövlət və özəl sektorlar arasında əməkdaşlıq həm vergi ödəyiciləri, həm də hökumətlər üçün qarşılıqlı faydalı vəziyyət yaradır. Vergi ödəyiciləri müasir, səmərəli və rahat vergi xidmətlərindən bəhrələnir, vergi orqanları isə vergilərin toplanması və qanuna riayət olunmasını təkmilləşdirmək üçün özəl sektorun innovasiyaları, texnologiyaları və təcrübəsindən istifadə edə bilirlər. Bu tərəfdaşlıq iqtisadi artıma təkan verir, vergi ödəyicilərinin məmnunluğunu artırır və vergi inzibatçılığının səmərəliliyini təmin edir.

Gülay NƏBİYEVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?