7 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Enerjimiz “yaşıllaşır”: neftdən Günəşə, kömürdən küləyə doğru... MƏQALƏ

Yaşıl enerji, bərpaolunan enerji anlayışları son dövrlər daha çox eşitdiyimiz ifadələrdir. İqlim dəyişikliyi fonunda ölkələr ənənəvi enerjidən tədricən imtina edərək, yaşıl enerjiyə üz tutur. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrinin, eləcə də Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan olunması, paytaxtımızda COP29 kimi mötəbər iqlim konfransının keçirilməsi bu anlayışları ölkəmizdə də əsas müzakirə mövzusuna çevirib. Bəs yaşıl enerji nədir və ətraf mühitə necə təsir edir? Azərbaycan alternativ enerjiyə keçid üçün nələr təklif edir? Yaxın zamanda dünya ənənəvi enerjidən tam imtina edə biləcəkmi?

Niyə yaşıl enerji?

Neft, qaz və kömür yüzillərdir enerjinin əldə olunması üçün əsas xammal rolunu oynayır. Bu resurslardan istifadə zamanı qalıq enerji ayrılır ki, bu da ətraf mühitə gözlə görüləcək dərəcədə ziyan vurur. Elm adamlarına görə, qlobal istiləşməyə başlıca səbəb neft, qaz və kömürün yanmasından ayrılan karbon dioksiddir. Bunu nəzərə alan hökumətlər, Azərbaycan da daxil olmaqla, karbon emissiyalarını azaltmaq üçün hərəkətə keçib. Bir sözlə, artıq qalıq yanacaq yerini külək və günəş enerjisinə verir. Bu gün Avropa Birliyi ölkələrində elektrik enerjisinin 34 faizi Günəş və ya külək hesabına əldə edilir. Yer altından çıxarılan resurslarla müqayisədə, külək və Günəşdən əldə olunan enerji tükənmir. Yəni Günəş və külək həmişə var, davamlıdır, ekoloji cəhətdən faydalıdır.

Azərbaycanda yaşıl enerjiyə keçid istiqamətində atılan digər addımlardan biri də
elektriklə işləyən avtomobillərin təşviqidir. Elektrik mühərrikli nəqliyyat vasitələrinə
marağı cəlb etmək üçün hökumət bu növ avtomobillərə tətbiq edilən
15% idxal gömrük rüsumunu 0%-ə endirib

Yaşıl enerjiyə keçid üçün Azərbaycan hökuməti nə vəd edir?

Hazırda ölkəmizdə nəhəng bərpaolunan enerji layihələri icra edilir. Ən diqqətçəkici məqamlardan biri həyata keçirilən layihələrin böyük əksəriyyətinin xarici investisiya hesabına başa gətirilməsidir. Məsələn, Səudiyyə Ərəbistanının "ACWA Power" və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti Azərbaycanda günəş və külək enerji stansiyaları inşa edir.

2023-cü ilin oktyabrında “Masdar” şirkətinin investisiyası ilə tikilən “Qaradağ” Günəş Elektrik Stansiyası (GES) istifadəyə verilib. 550 hektar ərazini əhatə edən stansiyada 570 min günəş paneli quraşdırılıb ki, bu da hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal etməyə imkan yaradır. Nəticə etibarilə, 110 milyon kubmetr həcmində təbii qaza qənaət olunacaq və atmosferə atılan karbon emissiyası 200 min ton azalacaq. “Qaradağ” GES-i unikal edən daha bir önəmli məqam onun Azərbaycanda xarici investisiya cəlb edilməklə tikilən sənaye miqyaslı ilk günəş elektrik stansiyası olmasıdır. Bu stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib və Xəzər regionunda, eləcə də MDB məkanında ən böyük günəş elektrik stansiyası hesab olunur.

Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti isə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının inşasını davam etdirir. Qoyuluş gücü 240 meqavat olan stansiya Xızının Sitalçay və Abşeron rayonunun Pirəkəşkül kəndində reallaşdırılır. İlkin hesablamaya əsasən, stansiya 220 milyon kubmetr təbii qaza qənaət etməyə imkan verəcək ki, bu da 400 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının önünə keçmək deməkdir. İllik 1 milyard kilovat-saat elektrik enerjisinin istehsal olunacağı stansiyadan əldə edilən enerji 300 min evi işıqlandıracaq. “Qaradağ” stansiyası kimi, bu layihə də xarici investisiya hesabına gerçəkləşdirilir. İnvestorlar stansiyanın tikintisinə 300 milyon ABŞ dolları yatırıblar.

Azərbaycanda yaşıl enerjiyə keçid istiqamətində atılan digər addımlardan biri də elektriklə işləyən avtomobillərin təşviqidir. Elektrik mühərrikli nəqliyyat vasitələrinə marağı cəlb etmək üçün hökumət bu növ avtomobillərə tətbiq edilən 15% idxal gömrük rüsumunu 0%-ə endirib. Bu qaydanın tətbiqi ilə yaranan müsbət tendensiya Dövlət Gömrük və Statistika komitələrinin açıqladıqları rəqəmlərdə öz əksini tapıb. Belə ki, ötən il Azərbaycana 88.151 ədəd avtomobil gətirilib ki, bunların da 3.102-si sırf elektrik mühərrikli nəqliyyat vasitəsi olub. Bu qərarın tətbiqindən öncə - 2020-ci ildə ölkəyə elektriklə işləyən cəmi 191 avtomobil idxal edilmişdi. Faiz nisbəti ilə ifadə etsək, 2023-cü ildə ölkəyə gətirilən avtomobillərin 20%-i elektrik və ya hibrid mühərrikli olub.

Elektrik enerjidoldurma məntəqələrinin az olması bu növ nəqliyyat vasitəsi almaq istəyənləri əvvəllər seçim qarşısında qoysa da, artıq dövlət tərəfindən bu problem də çözülməkdədir. Prezident İlham Əliyevin 2024-cü ilin martında elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı imzaladığı sərəncamın əsas bəndlərindən biri məhz bu problemin həllinə hesablanıb. Perspektivdə şarj stansiyalarının sayının artırılması hədəflənir.

Həmsöhbət olduğumuz iqtisadçı-ekspert Eldəniz Əmirov hesab edir ki, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinin təmin olunması və ekoloji dayanıqlılığının artırılması istiqamətində atdığı addımlar təqdir edilməlidir. Qara dənizin dibi ilə çəkiləcək yaşıl enerji dəhlizinin önəminə toxunan mütəxəssis bunun Azərbaycanın iqtisadi inkişafına müsbət təsir göstərəcəyini vurğulayır. Bildirir ki, bu layihənin gerçəkləşməsi ilə həm daxili tələbat ödəniləcək, həm də Qara dənizin dibi ilə Gürcüstan, Rumıniya və Macarıstana yaşıl enerji ixrac olunacaq. İqtisadçının sözlərinə görə, 2019-cu ildə alternativ və bərpaolunan enerji mənbələri üzrə Dövlət Proqramının qəbulu da enerji keçidini sürətləndirməyə hesablanmış unikal layihədir.

Qarabağ və Şərqi Zəngəzur bölgələri düşmən tapdağından
azad edildikdən dərhal sonra hökumət bu əraziləri yaşıl enerji zonası elan etdi

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin şöbə müdiri Cəbrayıl Əliyev bu il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini misal gətirərək, Azərbaycanın regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə böyük töhfə verdiyini vurğulayırr. Bildirir ki, bu qəbildən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin ölkəmizdə keçirilməsi beynəlxalq ictimaiyyətin ətraf mühitin qorunması istiqamətində Azərbaycana etimadının göstəricisidir.

İşğaldan azad olunmuş ərazilər Azərbaycanın yaşıl enerji zonasına çevrilir

Qarabağ və Şərqi Zəngəzur bölgələri düşmən tapdağından azad edildikdən dərhal sonra hökumət bu əraziləri yaşıl enerji zonası elan etdi. “Ağıllı şəhər”, “ağıllı kəndlər”in təməli qoyuldu və xarici şirkətlərlə dərhal əməkdaşlığa başlanıldı. Elə Prezident İlham Əliyevin 2021-ci ilin mayında “Azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncamında da bu enerji növünə keçidlə əlaqədar dünyanın aparıcı şirkətləri ilə əməkdaşlıq nəzərdə tutulur. Aidiyyəti qurumların ilkin hesablamalarına əsasən, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzulinin günəş enerjisi potensialı 7.200 meqavatdan artıqdır. Laçın və Kəlbəcərin dağlıq ərazilərində isə külək enerjisinin 2.000 meqavat həcmində texniki potensialı müəyyən edilib.

Artıq işğaldan azad edilmiş ərazilərimizdə tikiləcək ilk günəş elektrik stansiyasının layihəsi hazırdır. Cəbrayılda inşa olunacaq 240 meqavatlıq “Şəfəq” Günəş Elektrik Stansiyası bölgənin iqtisadi inkişafına və enerji potensialına müsbət təsir göstərməklə yanaşı, “Səngəçal” terminalını da elektrik enerjisi ilə təmin etmək gücündə olacaq. 2025-ci ildə istismara verilməsi gözlənilən stansiya BP şirkəti ilə birlikdə reallaşdırılır. Stansiyadan təqribən 700 milyon kilovat-saat elektrik enerjisinin əldə edilməsi planlaşdırılır ki, bununla da ildə 300 min tona yaxın karbon emissiyasının ətraf mühitə atılmasının qarşısı alınacaq.

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin rəsmisi Cəbrayıl Əliyev yerli su ehtiyatlarımızın 25%-ə qədərinin Qarabağ ərazisində formalaşdığını vurğulayaraq, bölgədə geniş hidroenerji potensialın mövcud olduğunu bildirib. Qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin zəngin hidroenerji potensialından istifadə etmək məqsədilə həmin ərazilərdə indiyədək “Azərenerji” ASC tərəfindən ümumi gücü 270 meqavat olan 32 su elektrik stansiyasının bərpası və quraşdırılması həyata keçirilib, növbəti illərdə də kiçik su elektrik stansiyalarının istismarı üzrə işlər davam etdiriləcək.

Azərbaycanda yaşıl enerji ilə bağlı həyata keçirilən cəlbedici
layihələrdən biri də aktiv istehlakçının dəstəklənməsi mexanizmidir

Aktiv istehlakçının dəstəklənməsi mexanizmi yaşıl enerjiyə keçiddə niyə perspektivli hesab olunur?

Azərbaycanda yaşıl enerji ilə bağlı həyata keçirilən cəlbedici layihələrdən biri də aktiv istehlakçının dəstəklənməsi mexanizmidir. Daha aydın ifadə etsək, evinizin damında günəş panelləri quraşdırıb, günün işıqlı saatlarında istehsal etdiyiniz elektrik enerjisini şəbəkəyə ötürə, axşam saatlarında isə geri ala bilərsiniz. Ay ərzində şəbəkəyə ötürdüyünüz enerjinin miqdarı şəbəkədən aldığınızdan çox olarsa, arada qalan fərqi növbəti ay istifadə edəcəksiniz. İl ərzində ötürülən enerji alınandan çox olarsa, bunun ödənişi bank kartınıza köçürüləcək.

Bu sistemin yaşıl enerjiyə keçid prosesində rolunun əvəzsiz olduğunu deyən iqtisadçı Eldəniz Əmirovun sözlərinə görə, qeyd olunan mexanizm enerji istehsalını mərkəzləşdirilmiş istehsaldan şəbəkəyə paylanmış istehsala çevirir ki, bu da enerji istehsalını diversifikasiya edir. Mütəxəssis layihənin daha çox istehlakçını stimullaşdıra biləcəyi qənaətindədir və əlavə edir ki, bu sahədə vergi güzəştləri, maliyyə təklifləri artırılarsa, yerli istehsala da öz töhfəsini verə bilər.

COP29 və Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi töhfə

Qlobal istiləşmə dərəcəsinin 1,5°C-dən yuxarı qalxması dünya ölkələrini həyəcan təbili çalmağa vadar edib. Bunu diqqətdə saxlayan BMT hər il dövlət və hökumət rəhbərlərini, iqlim araşdırmaları aparan şəxsləri bir araya gətirərək müxtəlif konfranslar təşkil edir. Bu dəfə onminlərlə qonaq COP29 çərçivəsində Bakıda bir araya gələrək iqlim dəyişikliyi ilə birgə mübarizə, karbon emissiyalarının azaldılması, iqlim maliyyəsi və bərpaolunan enerji mənbələrinin inkişafı kimi aktual məsələləri müzakirə edəcəklər. COP29-da toplanan şəxslər qlobal istiləşmənin qarşısının alınması üçün təkliflərini irəli sürəcəklər. Bunun üçün təxirəsalınmaz addım karbon emissiyalarının azaldılması istiqamətində işlərin görülməsidir.

Azərbaycan 2030-cu ilə kimi enerji balansında bərpaolunan enerji mənbələrinin payını 30%-ə çatdırmaq niyyətini açıq bəyan edib, 2050-ci ilə kimi isə istixana qazı emissiyyalarının 40%-ə kimi azaldılması hədəflənir. Qarabağ və Şərqi Zəngəzurda “xalis sıfır emissiya" zonası yaradılması təşəbbüsləri bütün dünyaya Azərbaycanın bu mövzuda qərarlı olduğu mesajını ötürür. Ölkəmizdə külək və Günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir.

Azərbaycan 2030-cu ilə kimi enerji balansında bərpaolunan enerji mənbələrinin payını
30%-ə çatdırmaq niyyətini açıq bəyan edib, 2050-ci ilə kimi isə istixana qazı
emissiyyalarının 40%-ə kimi azaldılması hədəflənir

Dünya karbon emissiyasını sıfıra endirməyə hazırdırmı?

2015-ci ildə imzalanmış Paris Sazişi iqlim dəyişikliyinə qarşı qlobal səyləri bir araya gətirən ən əhəmiyyətli beynəlxalq razılaşmadır. Sazişin əsas məqsədi qlobal temperatur artımını sənayedən əvvəlki dövrlə müqayisədə 2,0°C-dən aşağı səviyyədə saxlamaq və daha iddialı hədəf olaraq bu artımı 1,5°C səviyyəsində məhdudlaşdırmaqdır. Paris Sazişinə görə, ölkələr karbon emissiyalarını azaltmaq, enerji effektivliyini artırmaq, bərpaolunan enerji mənbələrinə keçid etmək və digər müvafiq tədbirlər görmək üzrə planlar hazırlayır və bu planlar hər beş ildən bir yenilənməlidir.

İqtisadçı Eldəniz Əmirov düşünür ki, karbon emissiyasını praktiki olaraq sıfıra endirmək real görünməsə də, bu prosesi minimallaşdırmaq mümkündür. Bunun üçün ciddi investisiya tələb olunduğunu deyən ekspert karbon emissiyasını azaltmaq üçün kompleks tədbirlərin həyata keçirilməsini vacib sayır. Hesab edir ki, bunun üçün bərpaolunan enerji mənbələri artırılmalı, karbon emissiyalarının saxlanması texnologiyası tətbiq edilməli, nəqliyyat sistemində daha innovativ yanaşmalar tətbiq olunmalı və nəhayət, xarici investorların fəaliyyətinə daha münbit şərait yaradılmalıdır. Digər bir yandan, günəş panellərinin və külək turbinlərinin quraşdırılması üçün vergi güzəştləri və subsidiya proqramları alternativ enerjiyə keçidi sürətləndirə bilər.

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin şöbə müdiri Cəbrayıl Əliyev isə “xalis sıfır emissiya”ya nail olmağın mürəkkəb və genişmiqyaslı bir hədəf olması ilə razılaşsa da, bunun mümkün olduğu düşüncəsindədir. Onun sözlərinə görə, enerji keçidini sürətləndirmək üçün daim gərgin iş aparılmalı, böyük sərmayələr yatırılmalıdır. Mütəxəssis bununla bərabər, neft və qaz kimi yanacaq növlərinin hələ uzun müddət enerji balansında təhlükəsizliyin təmin olunmasına əsas vasitə olaraq qalacağı qənaətindədir. Texnologiyanın sürətli inkişafı və dünya ölkələrinin bu istiqamətdə müəyyənləşdirdikləri hədəflər yaşıl enerjiyə keçidin sürətini müəyyənləşdirəcək.

Bütün bu deyilənlər sübut edir ki, dünya hələ ənənəvi enerjidən tam imtina etməyə hazır deyil. Xüsusən COVID pandemiyasının yol açmış olduğu iqtisadi çətinliklər, bunun yaratdığı problemlər, logistika xərclərinin sürətlə yüksəlməsi, ələlxüsus hazırda davam edən müharibə və silahlı münaqişələr prosesin ləngiməsinə səbəb olur. Bununla yanaşı, bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi ciddi maliyyə tələb etdiyindən, karbon emissiyalarını sıfıra endirmək yaxın zamanlarda real görünmür.

Faiq KƏRİMOĞLU

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?