11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Nağdsız ödənişlərin qəbulu mütləq POS-terminallar vasitəsilə həyata keçirilməlidir MƏQALƏ

Biznes mühitində innovasiyaların inkişafı, yeni maliyyə alətlərinin yaradılması və ödəniş sistemlərinin müasirləşməsi iqtisadiyyatda əhəmiyyətli dinamika yaradıb. Bu təkmilləşdirmələr yeni biznes modellərinin formalaşmasını təmin edib. Müasir dövrün tələblərindən biri də nağdsız ödənişlərdir və demək olar ki, bütün satış subyektləri belə ödənişlərin aparılması üçün zəruri mexanizmə malikdirlər.

Vaxta qənaət, təhlükəsizlik və əlavə gəlir

Nağdsız ödənişlər tətbiq edildiyi vaxtdan etibarən sürətlə yayılmağa başladı. Bunun səbəbi isə nağdsız ödənişlərin üstün tərəfləridir. İlk növbədə belə ödənişləri etmək rahatdır. Kredit və debet kartları, mobil ödənişlər və rəqəmsal pul kisələri kimi nağdsız üsullar tez və asan əməliyyatlar aparmağa imkan verir.

Rəqəmsal ödənişlər nağd pulun daşınması ilə bağlı oğurluq riskini də azaldır. Bir çox nağdsız üsullara şifrələmə və fırıldaqçılıqdan qorunma daxildir.

Nağdsız ödənişlər rəqəmsal qeydlər vasitəsilə xərclərin daha yaxşı izlənilməsini təmin edərək, fərdlərin və müəssisələrin büdcə və maliyyəni idarə etmələrini asanlaşdırır.

Nağdsız ödəniş üsulları beynəlxalq ticarəti əlçatan edir. Plastik kartlardan istifadə etməklə dünyanın istənilən nöqtəsinə vəsait köçürmək mümkündür.

Rəqəmsal ödənişlər nağd pulun daşınması ilə bağlı oğurluq riskini də azaldır.
Bir çox nağdsız üsullara şifrələmə və fırıldaqçılıqdan qorunma daxildir

Bir çox banklar nağdsız ödəniş üsullarını seçən müştərilərə mükafatlar təklif edən loyallıq proqramları həyata keçirirlər. Təmassız ödənişlər ekoloji baxımdan da sərfəli hesab edilir.

Nağdsız ödəniş vərdişləri getdikcə artır

Nağdsız əməliyyatlar ölkəmizdə də geniş tətbiq edilir. Məsələn, bu ilin I yarısında Azərbaycanın valyuta bazarında əməliyyatların 17,8 milyard dolları nağdsız şəkildə aparılıb. Bu, 1 il əvvələ nisbətən 30 faizdən çoxdur. Nağdsız əməliyyatların artmasına səbəb olan amillər arasında bu sahədə infrastrukturun təkmilləşdirilməsini, istehlakçılar üçün stimullaşdıcı layihələri və maarifləndirmə işlərini qeyd etmək yerinə düşər. Bütün bunlar əhalinin ödəniş vərdişlərinin müasirləşməsini təmin edib. Lakin bəzi biznes subyektləri arasında nağdsız ödənişlərin qəbuluna münasibət, çox təəssüf ki, birmənalı deyil. Məsələn, bəzi obyektlər POS-terminal təqdim etməkdən imtina edir və ödənişin kartdan karta göndərilməsini təklif edir. Halbuki nağdsız ödənişlər bir qayda olaraq yalnız POS-terminal vasitəsilə qəbul edilməlidir. Əks təqdirdə istehlakçının hüquqları pozulur, biznes subyekti isə qanunu pozmuş olur. Bu isə Vergi Məcəlləsində nəzərdə tutulan əlavə maliyyə sanksiyalarına məruz qalmaq riskini yaradır. Bu səbəbdən nağdsız ödənişləri, qanunvericiliyin tələblərinə əsasən, yalnız POS-terminal vasitəsilə qəbul etmək tövsiyə olunur.

Bu ilin I yarısında Azərbaycanın valyuta bazarında əməliyyatların 17,8 milyard dolları
nağdsız şəkildə aparılıb. Bu, 1 il əvvələ nisbətən 30 faizdən çoxdur

Qeyd edək ki, POS-terminalların quraşdırılması vacib olan obyektlərin siyahısına ƏDV ödəyicilərinin bütün təsərrüfat subyektləri, avtomobil və mebel satışı müəssisələri, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələri və turizm şirkətləri, rüb üzrə orta aylıq dövriyyəsi 2.000 manatdan artıq olan vergi ödəyicilərinin təsərrüfat subyektləri, vergi ödəyicilərinə məxsus avtomobillə sərnişin daşınmasını həyata keçirən nəqliyyat vasitələri və vergilərin, dövlət rüsumlarının və haqlarının ödənişi qəbul edilən dövlət orqanları daxildir. POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində, təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Odur ki, biznes subyektləri ödəniş zamanı POS-terminalları tətbiq etməklə həm özlərini sanksiyalardan qoruyur, həm istehlakçıların hüquqlarını təmin etmiş olurlar.

Gülay NƏBİYEVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?