6 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Zamanın yeni tələblərinə uyğun biznes həlləri MƏQALƏ

Son dövrlərdə qlobal iqlim təhlükəsizliyinin çağırışlarına uyğun olaraq, səmərəli və dayanıqlı biznes həllərinə yönləndirilən investisiyalarda dinamika müşahidə edilir. Bu proses ətraf mühit üçün kənar təsirləri olmayan üsulların, material və texnologiyaların istifadəsinin genişlənməsini təmin edir. Biznes mühitində belə sərmayələr ekoloji baxımdan sərfəli, əhalinin büdcəsi və sağlam həyat tərzinə uyğun “ağıllı yatırımlar” hesab edilir.

Yaşıl texnologiyaların tikintidə tətbiqi genişlənir

Son zamanlar tikintidə səmərəli texnologiyalar geniş tətbiq edilir. Bu sahə Enerji və Ətraf Mühitin Dizaynında Liderlik (LEED) standartları ilə tənzimlənir. Bu standartlar enerjiyə və su sərfinə qənaətə imkan verən cihazlardan, aşağı karbonlu polad və betondan istifadəni, qazla işləyən istilik, ventilyasiya və kondisioner qurğuları və qazanlarının elektrik sistemləri və ya bərpaolunan enerjiyə əsaslanan istilik nasosları ilə əvəz edilməsi kimi prosesləri əhatə edir.

Beynəlxalq Enerji Agentliyi (IEA) Dünya Enerji Hesabatında (WEO) 2050-ci ilə qədər
qlobal karbon neytrallığına nail olmaq üçün təmiz enerjiyə əsaslanan texnoloji həllərin
tətbiqi yollarını müəyyənləşdirib

Beynəlxalq Enerji Agentliyi (IEA) Dünya Enerji Hesabatında (WEO) 2050-ci ilə qədər qlobal karbon neytrallığına nail olmaq üçün təmiz enerjiyə əsaslanan texnoloji həllərin tətbiqi yollarını müəyyənləşdirib. Hesabat, həmçinin, dünya ölkələrinin xalis sıfır məqsədinə doğru təşəbbüslərini də əks etdirir.

Qeyd edilir ki, bütün yeni binalar Beynəlxalq Enerji Mühafizəsi Məcəlləsi və LEED kimi yüksək enerji səmərəliliyi standartları ilə müəyyən edilmiş müasir beynəlxalq tələblərə cavab verməlidir: "Hazırda binalar qlobal enerji bazarında karbon emissiyalarının 39%-nə cavabdehdir. Bunun 28%-ni əməliyyat emissiyaları, yəni isitmə, soyutma və onları gücləndirmək üçün sərf edilən enerji, qalan 11%-ni isə material və tikinti işləri təşkil edir".

2030-cu ilə qədər inkişaf etmiş sənaye ölkələrində bütün mövcud binaların 1/2-nin yüksək enerji səmərəliliyi standartlarına uyğun olaraq yenidən təchiz edilməsinin zəruriliyi vurğulanır. Binaların istilik, ventilyasiya, soyutma kimi əsas funksiyalar üçün təmiz enerji və elektrik enerjisinə malik olması üçün lazım olan tələblər qeyd edilir. İnkişaf etməkdə olan ölkələrdə isə 2030-cu ilə qədər enerji səmərəliliyinin yüksəldilməsi ilə yenidən təchiz edilməli olan binalar 1/3 nisbətində müəyyən edilib.

Mütəxəssislərin fikrincə, təkrar emal edilmiş tikinti materiallarından istifadə, təkrar emal edilmiş beton, polad, şüşə və s. istifadə etmək tikintidə karbon izini əhəmiyyətli dərəcədə azalda bilər. Bu aşağı karbonlu tikinti strategiyaları bir müddətdir ki, beynəlxalq təcrübədə tətbiq edilir. 2012-ci il London Yay Olimpiya Oyunları zamanı qismən təkrar emal edilmiş tikinti materiallarından istifadə ilə aşağı karbon izləri olan binaların geniş sahələrinin yaradılması buna nümunədir. Hazırda təkrar emal edilmiş beton dünya üzrə tikinti layihələrinin 30%-dən çoxunda istifadə edilir.

Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malikdir

Azərbaycanda da iqtisadiyyatın müxtəlif sektorlarında bərpaolunan enerji mənbələrindən istifadənin artırılmasına xüsusi önəm verilir. Ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində “Təmiz ətraf mühit” və “Yaşıl artım ölkəsi” kimi hədəflər qeyd edilib. Sənədin qəbulundan indiyədək həm yerli, həm də xarici tərəfdaşlarla birlikdə aşağı karbonlu biznes həllərinin tətbiqi istiqamətində fəal iş aparılır.

Ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt,
dənizdə 157 QVt-dır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt,
külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı
380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir

Yaşıl və mavi hidrogen növlərinin ölkəmizdə istehsal imkanları, onların daxili bazarda istifadəsinin, eləcə də ixracının texniki imkanları və iqtisadi səmərəliliyinin qiymətləndirilməsi üçün Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə beynəlxalq məsləhətçi şirkət tərəfindən “Aşağı karbonlu hidrogen iqtisadiyyatı bazar araşdırması”na dair ölkə hesabatı hazırlanıb. Bazar araşdırmasının nəticələrində yaşıl hidrogen istehsalının iqtisadi cəhətdən səmərəli olması, eləcə də regional enerji bazarlarına ixrac edilməsi və daxili istehlakda tətbiq sahələri təklif olunub.

Beynəlxalq investorlarla imzalanan sənədlər ortamüddətli dövrdə 10 QVt-a yaxın bərpaolunan enerji güclərinin reallaşdırılmasına imkan yaradacaq ki, bu da öz növbəsində yaşıl hidrogen istehsalına töhfə verə bilər.

Gülay NƏBİYEVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?