27 İyul 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yaşıl dünya naminə: dekarbonizasiya məqsədinə xidmət edən alətlər MƏQALƏ

İqlim dəyişikliyinin təsirlərinin minimallaşdırılması, ətraf mühitin sağlamlaşdırılması və təmiz ekoloji mühitin yaradılması son illər dünya ictimaiyyətinin daha çox diqqət ayırdığı məsələlərdəndir. Bu sahədə vəziyyəti tənzimləmək üçün bir sıra tədbirlər həyata keçirilir ki, bunlardan biri də ekoloji mühiti qorumaq üçün vergilərin tətbiqidir. Bu vergilər ətraf mühitin çirklənməsini azaltmaq və istehsal prosesində daha təmiz alternativləri təşviq etmək məqsədi daşıyır. Bir sıra ölkələr bu niyyətlə irəli sürülən, 2024-cü ildən karbon vergisinin tətbiq edilməsi üzrə təşəbbüslərdə fəal mövqe nümayiş etdirməyə başlayıblar.

Karbon vergiləri dünyanın bir çox ölkələrində tükənən resursların istifadəsini
azaltmaq və son nəticədə aradan qaldırmaq üçün aparılan siyasətin əsasıdır

Karbon vergisi və onun məqsədi nədir?

Karbon vergisi ilk dəfə 1990-cı ildə ABŞ-da elektrik stansiyaları və müəssisələrdə tətbiq edilib. Bu vergi qalıq yanacağın yandırılmasına tətbiq edilən vergidir. Karbon daşıyan yanacağa neft, qaz və kömür daxildir. Karbohidrogen resurslarının tərkibini karbon və hidrogen atomları təşkil edir. Bu atomların oksidləşməsi (yanması) istilik enerjisini buraxır və karbon qazı istehsal edir. Yanma zamanı ayrılan CO2 atmosferin yuxarı qatına qalxır və təxminən bir əsr orada qalır. O, yerin səthindən çıxan istiliyi saxlayır ki, bu da qlobal iqlim dəyişikliyini yaradan əsas amillərdən biri kimi çıxış edir.

Karbon vergiləri dünyanın bir çox ölkələrində tükənən resursların istifadəsini azaltmaq və son nəticədə aradan qaldırmaq üçün aparılan siyasətin əsasıdır. Bu metod belə yanacaq istehlakçılarının təbiətə vurduğu zərərin ödənilməsinin yeganə yolu kimi xarakterizə edilir. Karbon vergisi bir növ müəssisələri təmiz enerjiyə keçməyə yönəldən alətdir.

Avropa İttifaqında karbon vergiləri 2005-ci ildən ödənilir və
Emissiya Ticarət Sistemi prinsipi əsasında fəaliyyət göstərir

Avropada karbon vergisi

2021-ci ildə Avropa İttifaqı ölkələri əhəmiyyətli karbon izi olan müəyyən malların idxalçılarına sərhəddə karbon vergisi tətbiq etmək qərarına gəliblər. Bu mallara polad, dəmir, sement, alüminium, gübrələr və elektrik enerjisi daxildir. Sözügedən qaydaların dəyəri 150 avrodan aşağı olan mallara şamil edilməməsi qərara alınıb. Bundan əlavə, idxal edən ölkənin öz karbon vergisi sistemi varsa, təchizatçı vergini ödəməkdən azaddır. Avropa İttifaqında karbon vergiləri 2005-ci ildən ödənilir və Emissiya Ticarət Sistemi prinsipi əsasında fəaliyyət göstərir. Hökumət emissiya limitlərini müəyyən edir. Karbon vergisinin məbləğləri şirkətləri istehsal zamanı daha ekoloji təmiz xammaldan istifadə etməyə vadar edir. Kömür günəş və külək enerjisi, həmçinin CO2-ni tutma və saxlama funksiyasına malik texnologiyalar ilə əvəz olunur. 2024-cü ildən Avropa ölkələrində karbon vergisi hər sertifikat üçün orta hesabla 60 avro təşkil edir ki, bu da bir ton emissiyaya bərabərdir. Bununla belə, kvotaların qiyməti ildən-ilə artır.

Karbon vergisinin üstünlükləri

Karbon vergisinin tətbiqinin bir çox üstünlükləri mövcuddur. Beynəlxalq ekspertlərin fikirlərinə görə, bu, istixana qazı emissiyalarının qiymətlərinin aydın proqnozunu verməyə imkan yaradır. Həmçinin uzunmüddətli planlaşdırma üçün şəraitin və yüksək karbon emissiyası olan sənaye sahələrinə nəzarət imkanlarının yaranması baxımından əhəmiyyət kəsb edir. Bu verginin məqsədi gəlir əldə etmək yox, təmiz ətraf mühit üçün ekoloji cəhətdən təmiz texnologiyalardan istifadəni genişləndirməkdir. Karbon emissiyalarının azaldılmasına yönəlmiş bu addım cəmiyyətin daha əlverişli ekoloji mühitlə təmin edilməsinə şərait yaradır ki, bu da insan sağlamlığı üçün zəruridir.

Bu verginin məqsədi gəlir əldə etmək yox, təmiz ətraf mühit üçün
ekoloji cəhətdən təmiz texnologiyalardan istifadəni genişləndirməkdir

Azərbaycanda emissiya olunan karbon vahidlərinə görə tariflər mövcud deyil

Hazırda Azərbaycanda karbon emissiyası ilə bağlı ayrıca vergilər və ya emissiya ticarət sistemi mövcud deyil. Ancaq nəzərə alınmalıdır ki, 2026-cı ildən Avropa İttifaqı sərhəddə karbon ticarət sistemi tətbiq etməyə başlayacaq. Bu sistemin tətbiqi artıq karbona görə vergi tətbiq etməyən dövlətləri düşünməyə vadar edir, çünki bu vergilərin tətbiq edilməməsinin yerli sahibkarların ixrac bazarlarında rəqabətinə təsiri istisna edilmir. Sərhəddə karbon vergisinin tətbiq edilməməsi sahibkarları vergi öhdəliklərindən azad etmir. Bu, həmin şəxslərin yaşıl - inkişaf edən qrupda, müsbət sahibkarlar klubunda yer almasına maneə ola bilər. Buna görə də sahibkarlar könüllü şəkildə karbon emissiyasını azaldan texnologiyalar tətbiq etməlidirlər. Ölkəmizin ortamüddətli inkişaf prioritetlərində də təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilmək ayrıca istiqamətdir. Bu məqsədlə, qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq, ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviqi diqqətdə saxlanılır. Biznes təmsilçiləri bu tələblərə uyğun olaraq işlərini sıfır karbon prinsiplərinə uyğun təşkil etməyə üstünlük verməlidirlər. Bu, istilik effekti yaradan qaz emissiyasının beynəlxalq normalara uyğun səviyyədə saxlanılması istiqamətində göstərilən səylərə mühüm töhfə olacaq və daha təmiz ətraf mühitin yaradılmasına təkan verəcək.

Gülay NƏBİYEVA

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiMəcburi dövlət sosial sığorta haqları üzrə borcların silinməsi VergiSadələşdirilmiş verginin ödəyicilərinə vergi güzəşti VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiTorpaqların barteri zamanı tərəflərin ödəyəcəyi vergi məbləğinin hesablanması VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiTəsisçiyə olan borc məbləğlərinin qaytarılması qaydası VergiMal mübadiləsi zamanı vergitutma VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiQeyri-kommersiya təşkilatlarının qeydiyyatı necə aparılır?