Azərbaycanın vergi sistemi: şəffaf münasibətlər əsasında inkişaf MƏQALƏ
Azərbaycanın vergi sistemi uzunmüddətli inkişaf yolu qət edərək tərəqqiyə mühüm töhfələr verir. Vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər ölkəmizin sosial-iqtisadi inkişaf xəttini müəyyən edən iqtisadi islahatların tərkib hissəsidir.
2019-cu ildən vergi orqanlarının iş prinsiplərinin müasir çağırışlara uyğun yenidən qurulması prosesi həyata keçirilir. Bu prinsiplər sahibkarlığın inkişafının dəstəklənməsi, "kölgə iqtisadiyyatı"nın azaldılması və iqtisadiyyatın şəffaflaşdırılması, vergitutma bazasının genişləndirilməsi, vergi güzəştlərinin iqtisadi səmərəliliyinin artırılması və vergi inzibatçılığının təkmilləşdirilməsi ilə səciyyələnir. Bu istiqamətlərdə aparılan islahatlar vergi orqanları ilə biznesin əlaqələrinin müasir müstəvidə qurulmasına xidmət edir. Vergi sistemi iqtisadi tənzimləmə və sahibkarlığın inkişafında mühüm rol oynayır, öz növbəsində iqtisadi inkişaf isə məhz işgüzar fəallığa və biznesin çevikliyinə bağlıdır. Kiçik və orta biznesin məşğulluqda, davamlı və dayanıqlı iqtisadiyyatda rolunun artırılması iqtisadiyyatımızın inkişafı üçün önəmli amildir. “Birlikdə kölgədən işığa doğru” devizi ilə başlanan yol ölkə iqtisadiyyatının inkişafında vergi sisteminin rolunun artırılmasına, vergi orqanlarının modernləşdirilməsinə və tədricən vergilərin yığılmasından vergilərin ödənilməsinə keçidin reallaşmasına imkan verib.
Kiçik və orta biznesin məşğulluqda, davamlı və dayanıqlı iqtisadiyyatda
rolunun artırılması iqtisadiyyatımızın inkişafı üçün önəmli amildir
Dövlət-biznes münasibətlərində yeni mərhələ
Vergi sistemində şəffaf münasibətlərin qurulması kontekstində atılan addımlar dövlət-biznes münasibətlərində yeni bir transformasiyanın əsasını qoydu. 2018-ci ildə Vergi Məcəlləsində həm həcm, həm də mahiyyət baxımından ciddi və böyük dəyişikliklər edildi. Daha liberal, praktiki, ünvanlı, sahibkarlığa, xüsusilə də kiçik və orta biznesə dəstək verən dəyişikliklər formalaşdırıldı. Vergi stimulları mexanizminin tətbiqi biznesin “kölgə”dən çıxmasına zəmin yaratdı. Vergi islahatları biznesi maliyyə sanksiyaları ilə üz-üzə qoymadan, yəni iqtisadi fəallığı ləngitmədən könüllü şəkildə şəffaf fəaliyyətə keçidin təmin edilməsinə yönəldi. Bir sözlə, vergi orqanları vergi ödəyicisinin biznesini leqallaşdıraraq "kölgə"dən çıxmasına onu dəstəkləməklə nail olmağa çalışdı. Vergi intizamının təmin edilməsi üçün məcburi metodların yox, vergi ödəyicisini öhdəliklərini yerinə yetirməkdə daha məsuliyyətli olmağa kömək edən üsulların tətbiqinə üstünlük verildi. Vergi administrasiyasının sahibkaryönümlü yanaşmasında əsas hədəf vergi ödəyiciləri üçün münbit bir mühitin yaradılması və vergi ödəməyin üstünlüklərini aşılamaq idi. Bunun üçün vergi orqanları tərəfindən geniş məlumatlandırma və maarifləndirmə işləri həyata keçirildi. Uçotun dürüstləşdirilməsinin faydalarını görən sahibkarlar vergi sisteminin çağırışlarına adekvat cavab verməyə başladılar. Vergi ödəyicisinin və vətəndaş məmnunluğunun təminatı üzərində qurulmuş mexanizmlər dövlət-biznes münasibətlərində yeni bir əməkdaşlıq mühiti formalaşdırdı.
Bütün bu tədbirlərin nəticəsi bu gün fiskal göstəricilərdə də özünü büruzə verir. İqtisadiyyatda şəffaflaşma davamlı xarakter alıb. Bu, bəyan edilən dövriyyələrin artımı, daxili istehsalın və ticarətin artan göstəriciləri, büdcəyə daxilolmalarda dinamikada aydın şəkildə görünür. Məsələn, dövriyyələrin şəffaflaşmasına nəzər yetirək. Yeni nəsil nəzarət-kassa aparatlarının geniş tətbiqi nəticəsində bu aparatlar üzrə dövriyyələrin artımı 2023-cü ildə də davam edib və dövriyyənin həcmi 22 mlrd. manata çatıb. 2019-cu ildən etibarən qeyri-neft-qaz vergi daxilolmalarının artım tempi qeyri-neft-qaz ÜDM-in nominal artım tempini bir qayda olaraq üstələyir ki, bunun da əsas səbəbi dövriyyələrin şəffaflaşmasıdır. Bundan başqa, qeyri-neft-qaz sektoru üzrə daxilolmalarda könüllü daxilolmaların xüsusi çəkisində artım müşahidə olunur.
Vergi ödəyicisinin və vətəndaş məmnunluğunun təminatı üzərində
qurulmuş mexanizmlər dövlət-biznes münasibətlərində
yeni bir əməkdaşlıq mühiti formalaşdırdı
Əmək münasibətlərinə yeni yanaşma
Biznesin şəffaflaşmasının əsas göstəricilərindən biri də məşğulluq sahəsində leqallaşma prosesidir. 5 il əvvəl Vergi Məcəlləsində edilmiş dəyişikliklə ayda 8 min manata qədər gəlir səviyyəsi olan fiziki şəxslərə gəlir vergisi üzrə güzəştin verilməsi əmək bazarına müsbət təsir edib. Bununla qeyri-neft sektorunun özəl bölməsində əmək müqaviləsinə əsasən fəaliyyət göstərən hər bir muzdlu işçi əhəmiyyətli dərəcədə vergi güzəşti əldə edib. Güzəştin verildiyi ilin 4 ayı ərzində qeydiyyata alınan muzdlu işçilərin sayı 80 min nəfərdən çox artıb. Bu artımın böyük hissəsi - təxminən 56 min yeni müqavilə qeyri-neft sektorunun payına düşüb. Bu rəqəmlər islahatın səmərəli nəticəsinin sübutu idi. Son 5 ildə bu sahədə əldə edilmiş nəticələr isə əmək bazarında leqallaşma məqsədilə həyata keçirilmiş islahatların alternativsiz olduğunu bir daha təsdiqləyir. 2019-cu ilin əvvəli ilə müqayisədə bağlanmış əmək müqavilələrinin sayı 406,9 min vahid artıb və 2024-cü il yanvar ayının 1-nə 1 milyon 808,8 min olub. Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 358,0 min artaraq 897,9 minə çatıb. Əmək bazarında leqallaşmaya nail olmaq üçün vergi güzəştinin verilməsi ilə yanaşı, maarifləndirici tədbirlər də gücləndirilib.
Biznesin şəffaflaşmasının əsas göstəricilərindən biri də
məşğulluq sahəsində leqallaşma prosesidir
Sahibkarın vergi orqanı ilə təması elektronlaşdırılır
Vergi inzibatçılığının təkmilləşdirilməsində şəffaf, ədalətli və rəqabətli mühitin təmin edilməsi əsas prinsiplərdəndir. Bu, hamı üçün bərabər şərtlərin yaradılması, vicdanlı və intizamlı ödəyicilərin hüquqlarının qorunması, rəqəmsallığın artırılması ilə səciyyələnir. Bütün bunlar isə öz növbəsində vergi inzibatçılığının effektivliyini artırır. İnnovativ texnologiyalar biznes və dövlət arasında yeni biznes modelləri yaradır. Vergi orqanları da rəqəmsal çağırışlara uyğun olaraq elektron platformalar formalaşdırır. Vergi administrasiyasının rəqəmsal iqtisadiyyatın trendlərinə adaptasiyası şəffaflığa, vergi yığımlarını artırmağa və biznes mühitini təkmilləşdirməyə yardım edir. Xüsusilə də biznesin qeydiyyatı, vergi öhdəliklərinin yerinə yetirilməsi üçün prosedurların, hesabatlılığın, o cümlədən vergi hesabatlarının sadələşdirilməsi diqqətdə saxlanılır. Rəqəmsal münasibətlərin dəstəklənməsi informasiya texnologiyalarının inkişafını və vergi ödəyicilərinin istəklərinə uyğunlaşdırılmasını tələb edir. Vergi inzibatçılığının rəqəmsallaşdırılması sahəsində vahid prinsip və standartların işlənib hazırlanması, həyata keçirilən əməliyyatların səmərəliliyinin artırılması üçün Rəqəmsal Transformasiya Şurası yaradılıb. Bundan başqa, rəqəmsal alətlərin keyfiyyəti və çeşidi artırılır. Xüsusilə son illər vergi ödəyicilərinin qeydiyyata alınması sahəsində yeniliklər edilib və hüquqi şəxslərin dövlət qeydiyyatının cəmi 1 prosedurla həyata keçirilməsinə başlanıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəqəmsal texnologiyalar vasitəsilə qeydiyyat prosedurlarının asanlaşdırılması istiqamətində apardığı fəal iş beynəlxalq müstəvidə də diqqət çəkib və ötən il dünya üzrə kommersiya qeydiyyatçılarının 60-a yaxın qurumunu özündə birləşdirən Korporativ Qeydiyyatçılar Forumunun (CRF) İnnovasiya Mükafatına layiq görülüb. Rəqəmsal transformasiya həm də vergi ödəyicilərinin məlumatlarının təhlükəsizliyinin qorunmasına töhfə verir.
Vergi inzibatçılığının təkmilləşdirilməsində şəffaf, ədalətli və
rəqabətli mühitin təmin edilməsi əsas prinsiplərdəndir
Milli vergi sisteminin potensialının gücləndirilməsi iqtisadi siyasətin aparıcı qüvvəsi olan sahibkarların fəaliyyətinin tənzimlənməsində effektiv rola malikdir. Bu isə öz növbəsində biznes mühitinin inkişafı, iqtisadi aktivliyin təşviqi və dayanıqlı iqtisadiyyat üçün möhkəm təməl yaradır. Nəticədə vergi orqanlarının iqtisadi inkişaf strategiyasının həyata keçirilməsində mühüm rolu bir daha öz təsdiqini tapır.
Gülay NƏBİYEVA