13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vətəndaşlar günəş panellərindən aldıqları enerjini şəbəkəyə satacaqlar – QİYMƏTLƏR, ŞƏRTLƏR MƏQALƏ

Hazırda ənənəvi enerji mənbəyi kimi karbohidrogen ehtiyatlarının məhdudluğu və ətraf mühitin çirklənməsinin qarşısının alınması dünyada bərpa olunan enerji mənbələrindən istifadəni aktuallaşdırıb. Artıq bir sıra ölkələrdə alternativ enerji mənbələri hesabına istehsal olunan enerjinin həcminin artırılması istiqamətində işlər görülür. Günəş, külək və digər bərpa olunan enerji mənbələrindən istifadə getdikcə genişlənir. Hətta fərdi şəxslərə öz evində və ya həyətində quraşdırdığı xüsusi qurğular vasitəsilə əldə etdikləri enerjini şəbəkəyə satmaq imkanı da yaradılıb. Bəs bununla bağlı Azərbaycanda vəziyyət necədir? Əhali fərdi günəş panelləri vasitəsilə əldə etdiyi enerjini hansı şərtlərlə sata bilər? “vergiler.az”ın bu və digər suallarına Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Layihələrin idarə edilməsi şöbəsinin müdiri Cəbrayıl Əliyev aydınlıq gətirib.

C.Əliyevin sözlərinə görə, ötən il təsdiq edilən “Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları” fiziki və hüquqi şəxslərə alternativ enerji mənbələrindən elektrik enerjisini həm istehlak, həm də elektrik şəbəkəsinə satış üçün istehsal etməyə imkan verir:

“Araşdırmalara əsasən, dünya əhalisinin 25%-dən çox hissəsi bərpa olunan enerjidən istifadə edir. Ölkəmizdə də fərdi yaşayış binaları üzərində günəş panellərindən istifadə olunmasına başlanılıb. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 28 sentyabr 2023-cü il tarixli 346 nömrəli Qərar ilə təsdiq edilmiş “Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları” fiziki və hüquqi şəxslərə imkan verir ki, bərpa olunan enerji mənbələri hesabına gücü 150 kVt-a qədər elektrik enerjisini həm istehlak, həm də elektrik şəbəkəsinə satış üçün istehsal etsin. Başqa sözlə desək, Azərbaycanda fiziki və hüquqi şəxslər özlərinə məxsus torpaq sahələrində və ya həmin torpaq sahəsinin üzərindəki tikilinin üzərində şəhərsalma və tikinti norma və qaydalarına riayət etməklə külək, günəş və digər bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsal edə bilərlər”.

Araşdırmalara əsasən, dünya əhalisinin 25%-dən çox hissəsi bərpa olunan enerjidən istifadə edir

İmkanlar, şərtlər

C.Əliyev əlavə edib ki, aktiv istehlakçıların şəbəkəyə qoşa biləcəyi maksimum güc həddi enerji təchizatı müəssisəsi tərəfindən alınan texniki şərtdə nəzərdə tutulan tələblər əsasında müəyyənləşdirilir. Belə ki, əgər fiziki və ya hüquqi şəxsə verilmiş texniki şərtdə maksimum güc həddi 50 kVt olaraq müəyyən edilibsə, o şəxs maksimum 50 kVt gücə malik bərpa olunan enerji qurğularını sistemə qoşa bilər. Bunun üçün fiziki və ya hüquqi şəxslər enerji təchizatı müəssisəsinə müraciət edərək istehlakçı üçün olan texniki şərti aktiv istehlakçı üçün olan texniki şərtlə əvəzləməlidir. Vətəndaş aktiv istehlakçı qismində gücü 150 kVt-dək günəş panellərini, o cümlədən digər bərpa olunan enerji qurğularını icazə tələbi olmadan özü və ya bu sahədə ixtisaslaşmış yerli və xarici şirkətlər ilə müqavilə imzalayaraq quraşdıra bilər.

Qeyd edək ki, aktiv istehlakçının dəstəklənməsi mexanizmininin mərhələləri sözügedən Qaydaların 2-ci bölməsində tam təsbit olunub. Qaydalara əsasən, əgər aktiv istehlakçı əvəzləşdirmə şərtilə izafi enerjini şəbəkəyə ötürürsə, hesabat ayı ərzində şəbəkəyə ötürülən enerji şəbəkədən alınan enerjidən az olarsa və aktiv istehlakçının müsbət balansı olmazsa, bu zaman hesabat dövrü başa çatdıqdan sonra yaranmış qalıq enerjisinin dəyəri istehlakçının aid olduğu qrup üzrə pərakəndə satış tarifi ilə hesablanmalıdır. C.Əliyevin sözlərinə görə, əgər enerji istehsal edən (məsələn, günəş panelləri quraşdırmaqla) şəxsin aylıq istehsalı şəxsi istehlakını üstələyirsə, onun şəbəkəyə ötürdüyü enerjinin miqdarı aktiv istehlakçının balansına yığılır və növbəti aylarda əvəzləşdirmə üçün istifadə olunur: “Əvəzləşdirmə hesabat ilinin sonunda yekunlaşdırılır. Əvəzləşdirmənin nəticəsinə uyğun olaraq, aktiv istehlakçının balansı hesabat ilinin (təqvim ilinin 1 yanvar tarixindən 31 dekabr tarixinədək olan dövrü) sonunda müsbət olduqda enerji təchizatı müəssisəsi qalıq elektrik enerjisinin dəyərini cari hesabat dövrü üçün müvafiq topdansatış tarifi ilə aktiv istehlakçının bank hesabına ödəyir”.

Vətəndaş aktiv istehlakçı qismində gücü 150 kVt-dək günəş
panellərini, o cümlədən digər bərpa olunan enerji qurğularını
icazə tələbi olmadan özü və ya bu sahədə ixtisaslaşmış yerli və
xarici şirkətlər ilə müqavilə imzalayaraq quraşdıra bilər

Yaşıl enerji satanlar vergi verməyəcəklər

Xatırladaq ki, Azərbaycanda elektrik enerjisinin, o cümlədən bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin istehsalçıdan satınalma, topdansatış və pərakəndə satış tarifləri Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021-ci il 16 oktyabr tarixli 14 nömrəli Qərarı ilə tənzimlənir. Belə ki, Tarif Şurası bərpa olunan enerji mənbələrindən əldə edilən elektrik enerjisinin istənilən növü üzrə tarif təyin etmək səlahiyyətinə malikdir. Bu cür zəmanətli tariflər külək, kiçik SES-lər və digər bərpa olunan enerji mənbələri üçün müəyyən edilib. Aktiv istehlakçıların dəstəklənməsi mexanizmindən istifadə edən fiziki və ya hüquqi şəxslərin şəbəkəyə ötürdüyü elektrik enerjisinin dəyəri mövcud topdansatış tarifi (6.6 qəpik/kVts) ilə ödənilməlidir.

Yeri gəlmişkən, Vergi Məcəlləsinin 102.1.38-ci maddəsinə əsasən, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə uyğun olaraq, əhali qrupuna daxil olan aktiv istehlakçının bərpa olunan enerji mənbələri hesabına 150 kVt güc həddinədək istehsal etdiyi elektrik enerjisinin elektrik təchizatı şəbəkəsinə ötürülməsindən əldə olunan gəlirlər gəlir vergisindən azaddır. C.Əliyev hesab edir ki, bu, vətəndaşların yaşıl enerjiyə keçid prosesində ətraf mühitə dost texnologiyalardan istifadə etməsi ilə yanaşı, gəlir əldə etməsi üçün əlavə stimullar yaradacaq.

“Bərpa olunan enerji sertifikatı” dedikdə şəbəkəyə ötürülən
elektrik enerjisinin mənbəyini təsdiq edən sənəd başa düşülür

Sertifikat da veriləcək

Yaşıl enerji mənbələrindən istifadəni stimullaşdıran daha bir amil bu sahədə sertifikat sisteminin tətbiqidir. Nazirlər Kabinetinin 2023-cü il 28 sentyabr tarixli 347 nömrəli Qərarı ilə “Bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın verilməsi Qaydası” da təsdiq edilib. Qayda bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın verilməsi ilə bağlı münasibətləri tənzimləyir.

“Bərpa olunan enerji sertifikatı” dedikdə şəbəkəyə ötürülən elektrik enerjisinin mənbəyini təsdiq edən sənəd başa düşülür. Energetika Nazirliyi və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi tərəfindən yaradılan sertifikat sistemi istehsalçıdan istehlakçıya ötürülmüş və istehlakçı tərəfindən istehlak edilmiş enerjinin bərpa olunan enerji mənbələrindən alınmasını müəyyən edir. İstehsalçıya verilməsi nəzərdə tutulan yaşıl sertifikatda şəbəkəyə ötürülən elektrik enerjisinin mənbəyi, qurğunun gücü və istehsal olunmuş elektrik enerjisinin və qarşısı alınan karbon qazı tullantılarının miqdarı öz əksini tapır. İstehlakçı üçün nəzərdə tutulan sertifikat istehlakçı tərəfindən şəbəkədən bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin alındığını müəyyən edir.

Mütəxəssislər hesab edirlər ki, sertifikat sisteminin tətbiqi bərpa olunan enerji mənbələrindən istifadəni stimullaşdırmaqla, gələcəkdə elektrik enerjisi bazarının formalaşmasında mühüm rol oynayacaq.

Fərqanə ALLAHVERDİQIZI

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?