Turizmin inkişafı üçün əlverişli biznes mühiti MƏQALƏ
Dünya əhalisi arasında səyahətə maraq artdıqca, turizm sektoru dayanıqlı inkişaf imkanlarına malik sahələr arasında üstün mövqeyini qoruyub saxlayır. 2022-ci ildən sonra qlobal turizm sektoru üçün pandemiyadan sonrakı dirçəliş dövrü başladı, sərhədlər yenidən açıldı və koronavirusun səngiməsi bu sahədə əvvəlki aktivliyin bərpasına gətirib çıxardı. 2022-ci ildə Avropa və Orta Şərqə turist axını 2019-cu ilin göstəricisinin 80 faizinə çatdı. Amerika qitəsi pandemiyadan əvvəlki ziyarətçilərin təqribən 65 faizini bərpa etdi.
Turizm sektoru üçün ortamüddətli və uzunmüddətli proqnozlar da qarşıdakı onillik üçün nikbinliyə işarə edir. 2022-2032-ci illər arasında dünya üzrə səyahət və turizm sahəsində ÜDM-in ildə orta hesabla 5,8 faiz artacağı və ümumi iqtisadiyyatın ildə gözlənilən 2,7 faiz artımını üstələyəcəyi proqnozlaşdırılır. Turizm sahəsinin inkişafı ölkələrə həm iqtisadi, həm də sosial baxımdan bir çox üstünlüklər qazandırır. Ölkələrin regional və beynəlxalq turizm bazarında xüsusi mərkəzlərdən birinə çevrilməsində, müsbət imicinin formalaşdırılmasında, məşğulluğun təmin olunmasında, biznes mühitinin yaxşılaşmasında bu sahə əhəmiyyətli rol oynayır. Elə Azərbaycanda da iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun təşviqi baxımından xüsusi əhəmiyyətə malik olan turizm sahəsinin inkişafı diqqətdə saxlanılır.
2022-2032-ci illər arasında dünya üzrə səyahət və turizm sahəsində
ÜDM-in ildə orta hesabla 5,8 faiz artacağı və ümumi iqtisadiyyatın ildə
gözlənilən 2,7 faiz artımını üstələyəcəyi proqnozlaşdırılır
Ölkəmizdə turizmin inkişaf indikatorları
Azərbaycanın zəngin turizm potensialı bu sahədə inkişaf üçün səmərəli imkanlar yaradıb və son illər həyata keçirilən tədbirlər əhəmiyyətli artımla nəticələnir. 2003-2022-ci illərdə ölkədə mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 7,6 dəfə artaraq 727-yə çatıb, bu obyektlərin birdəfəlik tutumu isə 5,9 dəfə artıb. Bu illər ərzində Azərbaycanda turizm sektorunda məşğul olanların sayı 21 milyon 9 mindən 87 milyon 9 minə yüksəlib. Bu, 4 dəfə artım deməkdir. Ölkəmizdə turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində yaradılan əlavə dəyər 2003-cü ildə 35 milyon manat olduğu halda, 20 il ərzində 76,6 dəfə artaraq 2023-cü ildə 2 milyard 684 milyon manat təşkil edib.
Turizm sahəsinin stimullaşdırılması üçün vergi təşviqləri
Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi istiqamətində vergi qanunvericiliyində dəyişikliklər edilməsi və müxtəlif stimulların tətbiqi ilə biznes sahələrinin irəliləyişinə təkan vermək turizm sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini də əhatə edir. Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə regional turizmin inkişaf etdirilməsi və sabit vergi xərclərinin azaldılması məqsədilə turizm subyektlərinə (mehmanxana, hotel və sanatoriyalar) vergi təşviqləri nəzərdə tutulub. Bu məqsədlə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər şəhər və rayonlarında mehmanxana, hotel və sanatoriya fəaliyyətində istifadə edilən daşınmaz əmlaka görə əmlak vergisinin 2024-cü il yanvarın 1-dən 3 il müddətinə 75 faiz azaldılması ilə bağlı Vergi Məcəlləsində dəyişiklik edilib (https://www.taxes.gov.az/az/post/3002). Əmlak vergisi üzrə vergi təşviqi regional turizmə dəstək və biznes üzərindəki sabit vergi xərclərini optimallaşdırmaq imkanlarını təmin edəcək.
Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə regional turizmin inkişaf etdirilməsi və
sabit vergi xərclərinin azaldılması məqsədilə turizm subyektlərinə
(mehmanxana, hotel və sanatoriyalar) vergi təşviqləri nəzərdə tutulub
Ortamüddətli dövrdə turizmin inkişaf prioritetləri
“Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq, bu sektorun davamlı inkişafını təmin etmək üçün strateji, institusional və maliyyələşmə mexanizmlərinin gücləndirilməsi nəzərdə tutulub. Sənədin icrası çərçivəsində daxili və gəlmə turizminin qeyri-mövsüm dövründə təşviqi əsas olmaqla ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi, turizm potensialının genişləndirilməsi üçün marketinq və kommunikasiya planının icrası, hədəf turizm bazarları ilə nəqliyyat-kommunikasiya əlaqələrinin şaxələndirilməsi və təkmilləşdirilməsi kimi bir çox tədbirlər həyata keçiriləcək. İşğaldan azad edilmiş bölgələrimizin turizm potensialının reallaşdırılması, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən dirçəldilməsi nəticəsində bu region turizm biznesi üçün cəlbedici, turistlər üçün keyfiyyətli və rəqabətli xidmətlər təklif edən rekreasiya destinasiyası olacaq. Bütün bunlar isə qarşıdakı dövrdə ölkəmizin turizm xəritəsini daha da zənginləşdirməklə yanaşı, iqtisadiyyata və sosial rifaha faydasını daha da artıracaq.
Gülay NƏBİYEVA