15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yaşıl dünya naminə qlobal təşəbbüsləri birləşdirən çağırışlar MƏQALƏ

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri də “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” hədəfini reallaşdırmaqdır. Bunun üçün, qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq, ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviqi diqqətdə saxlanılır. Ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi nəzərdə tutulub. Təbii ki, bunun üçün yüksək keyfiyyətli ekoloji mühit və yaşıl enerji məkanının yaradılması vacibdir.

Ümumiyyətlə, qlobal mühitdə bu hədəflər, demək olar ki, əksər beynəlxalq təşkilatların çoxtərəfli müstəvidə müzakirə etdiyi məsələlərdir. İqlim dəyişikliyinin ölkələrin iqtisadiyyatı üçün ciddi çağırışlar yaratdığını nəzərə alaraq, son illər yaşıl inkişafı dəstəkləyən təşəbbüslərin aktuallaşmasının səbəbini anlamaq çətin deyil.

Beynəlxalq səviyyədə iqlim dəyişikliyi ilə mübarizə təşəbbüsləri

İnsan həyatı üçün təbii resursların əhəmiyyəti böyükdür. Bitkilər insan qidasının 80%-ni təşkil edir. Yer kürəsinin 30%-ni təşkil edən meşələr canlı aləm, təmiz hava və su üçün əhəmiyyətli resurslar daşımaqla yanaşı, iqlim dəyişikliyi ilə mübarizədə əhəmiyyətli rola malikdir. Hər il 13 milyon hektar meşə sahəsi itirilir, quru ərazilərin davamlı deqradasiyası isə 3,6 milyard hektar ərazinin səhralaşmasına səbəb olur və bu, yoxsul icmalara qeyri-mütənasib şəkildə təsir göstərir. 7000-ə yaxın heyvan və bitki növü qeyri-qanuni ticarətə cəlb edilir.

İqlim dəyişikliyinin ölkələrin iqtisadiyyatı üçün ciddi çağırışlar
yaratdığını nəzərə alaraq, son illər yaşıl inkişafı dəstəkləyən
təşəbbüslərin aktuallaşmasının səbəbini anlamaq çətin deyil

Ümumi irsimizin bir hissəsi olan təbii yaşayış yerlərinin və biomüxtəlifliyin itkisini azaltmaq, qida və su təhlükəsizliyini, iqlim dəyişikliyinin təsirinin azaldılmasını dəstəkləmək üçün təcili tədbirlərə ehtiyac aktuallaşır. Bu baxımdan BMT-nin İnkişaf Proqramı tərəfindən qlobal vəziyyəti sabitləşdirmək üçün 2030-cu ilə kimi bir sıra hədəflər müəyyənləşdirilib. Bura torpaq deqradasiyasına qarşı neytral dünyaya nail olmaq, davamlı inkişaf üçün vacib olan şəraiti təmin etmək məqsədilə biomüxtəliflik də daxil olmaqla dağ ekosistemlərinin mühafizəsini təmin etmək, mühafizə olunan flora və fauna növlərinin qanunsuz istismarına son qoymaq, təbiətdə olan ekosistemləri qorumaq, meşələri mühafizə və bərpa etmək istiqamətində tədbirlərin həyata keçirilməsi daxildir. Beynəlxalq təşkilatlar tərəfindən iqtisadi fəaliyyətin ekoloji mühitin qorunması şəraitində təşkili tövsiyə edilir. Atmosferə atılan tullantıların sıfıra endirilməsi, bərpa olunan

enerji mənbələrindən istifadənin genişləndirilməsi, ətraf aləm üçün zərərsiz texnologiyaların tətbiqinin sürətləndirilməsi daha keyfiyyətli yaşayış şəraitinin yaradılmasına təkan verən tədbirlərdəndir. Bu sahədə çağırışları təmin etmək üçün dünya ölkələri tərəfindən alternativ enerji mənbələrindən istifadə son bir ildə yüksək həddə çatıb. Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına əsasən, dünyanın bərpa olunan enerji potensialı 2023-cü ildə 50% artaraq, demək olar ki, 510 GVt-a çatıb ki, bu, son üç onillikdə ən sürətli artım kimi izah edilir. Bu rəqəmlər, COP28-də qeyd edildiyi kimi, 2030-cu ilə qədər bu sahədə qlobal potensialı üç dəfə artırmaq məqsədinə nail olmaq üçün real şansın olduğunu sübut edir. Proqnozlara əsasən, günəş panelləri və külək 95%-lik artım göstəricisi ilə 2025-ci ilin əvvəlinə qədər kömürü geridə qoyaraq qlobal elektrik enerjisi istehsalının ən böyük mənbəyinə çevriləcək və qlobal bərpa olunan enerji tutumunun növbəti beş il ərzində 7300 GVt-a qədər artacağı gözlənilir.

Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya
bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin əsas istiqamətidir

Azərbaycanın enerji potensialı mühüm hədəflər reallaşdırmağa imkan verir

Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin əsas istiqamətidir. Alternativ enerji ehtiyatlarının həcmi də bu sahədə dönüş yaratmaq və iqlim dəyişikliyi ilə mübarizədə qlobal cəhdlərə töhfə vermək üçün ciddi əsaslar yaradır. Son illərdə ölkəmizdə 2030-cu ilə qədər enerjiyə olan tələbatın 30 faizinin bərpa olunan enerji mənbələri hesabına gerçəkləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. 2023-cü ilin oktyabr ayında Xəzər dənizi və Qafqaz regionunda ən böyük günəş elektrik stansiyası sayılan 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışı olub. Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəmin 270 meqavata çatacağı gözlənilir. Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" və Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkətləri ilə birlikdə günəş və külək enerjisindən istifadəni təmin edəcək layihələr reallaşdırılır. Təmiz ekoloji mühitə dəstək çərçivəsində SOCAR tərəfindən hasilat prosesində məşəldə yandırmaların sıfıra endirilməsi, emissiya intensivliklərinin azaldılması, “Sıfır metan”, 2050-ci ilə qədər “Xalis sıfır” (Net Zero) kimi hədəflər müəyyənləşdirilib. Ölkəmizin bu sahədə aktiv fəaliyyəti beynəlxalq ictimaiyyətin də diqqətindən yayınmır. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçirilməsi və Azərbaycanın iqlim dəyişikliyinin təsirinin azaldılması istiqamətində fəaliyyəti qlobal səviyyədə təqdir edilir. Xarici ekspertlər Azərbaycanın külək və günəş enerjisinə investisiyalar ilə yaşıl gündəliyə sadiqliyini, Xəzər dənizindəki külək stansiyalarından əldə edilən yaşıl enerjinin Avropaya ötürülməsi üçün Qara dənizin altından elektrik kabelinin çəkilməsi istiqamətində tədbirləri və COP29 barədə yüksək gözləntiləri xüsusi vurğulayırlar. Bu açıqlamalar ölkəmizin ənənəvi enerjidən bərpa olunan enerjiyə keçidi təşviq edən başlıca aktorlardan birinə çevrildiyini təsdiqləyir.

Gülay NƏBİYEVA

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?