Rəqəmsal çağırışlar şəraitində ticarət MƏQALƏ
Qlobal müstəvidə rəqəmsallaşmanın genişlənməsi ticarət sektorunda ciddi dəyişikliklərlə müşayiət olunur. Bu tendensiya özünü elektron ticarətin əhatə dairəsinin artmasında daha çox büruzə verir. Müasir dövrdə rəqəmsal ticarət şirkətlərin fəaliyyətinin mühüm hissəsini təşkil edir, bəzi şirkətlər isə, ümumiyyətlə, elektron formada fəaliyyət göstərirlər. Bu proses nəticəsində elektron müstəvidə şirkətlərin təsnifatı formalaşıb.
Elektron ticarətin iştirakçıları: B2B, B2B, C2C...
Elektron şəbəkədə biznesdən biznesə (B2B) kimi tanınan şirkətlər biznes subyektləri arasında elektron ticarətin aparılmasını həyata keçirirlər. Şirkətdən istehlakçıya (B2C) kimi tanınan platformalar alıcılarla şirkətlər arasında ticarətin aparıldığı, yəni istehlakçıların məhsulları elektron formada satın aldıqları elektron şəbəkədir. Müştəridən müştəriyə alış-veriş formatı (C2C) isə ikinci-üçüncü əl məhsulların internet üzərindən satışını təmin edir. Burada istənilən şəxs satıcı qismində çıxış edə bilər.
Elektron ticarətin qlobal səviyyədə genişlənməsi ölkələrin elektron
ticarətdən əldə etdikləri gəlirlərdə aydın nəzərə çarpır
Elektron ticarətin ölkələr üzrə göstəriciləri
Elektron ticarətin qlobal səviyyədə genişlənməsi ölkələrin elektron ticarətdən əldə etdikləri gəlirlərdə aydın nəzərə çarpır. Türkiyə elektron ticarətin sürətlə artdığı ölkələrdən biridir. 2019-cu ildə bu ölkədə elektron ticarətin həcmi 136 milyard TL olsa da, bu rəqəm 2020-ci ildə 226 milyard TL-yə yüksəlib. 2021-ci ildə isə müvafiq göstərici 382 milyard TL-ni keçib. ABŞ-də ticarətin rəqəmsal forması geniş yayılıb. 2021-ci ildə bu ölkənin vətəndaşları internet üzərindən təkcə geyimə 180 milyard dollar vəsait xərcləyiblər. Bu dövrdə onlar elektron məhsullara 161 milyard dollar, mebel avadanlıqlarına 133 milyard dollar, hobbiləri ilə bağlı məmulatlara 106 milyard dollar, kosmetik vasitələrə isə 87 milyard dollar xərcləyiblər. Digər ölkələrə nəzər saldıqda isə görünür ki, Avropa Birliyinə daxil olan dövlətlərdə elektron ticarətin əhatəsinə görə Şimali Avropa ölkələri daha ön sıradadır. Qərbi və Cənubi Avropa ölkələrinin də elektron ticarətdə payı getdikcə artır. Şərqi Avropa ölkələri elektron ticarətdə digər Avropa ölkələri ilə müqayisədə geri qalır. Elektron ticarətin səviyyəsi Hollandiyada 94%, Danimarka və Norveçdə 92%, İsveçdə 89%, İrlandiyada 88%, İslandiyada isə 85% təşkil edir. Bu ölkələrdə paralel olaraq sosial rifahın və internetin sürətinin də yüksək olduğu vurğulanır.
Rəqəmsal ticarətdə vergi öhdəliyi
Elektron ticarətin vergiyə cəlb edilməsi müxtəlif ölkələrdə fərqli formada həyata keçirilsə də, məqsəd uçotdan yayınmağın daha asan hesab edildiyi bu sahədə vergidən yayınmanın qarşısını almaq, gəlirləri isə iqtisadi artıma, yəni ümumi rifaha yönəltməkdir. Bunun üçün bir sıra ölkələrdə kvotalar və vergi öhdəlikləri müəyyənləşdirilib. 2022-ci ildə Türkiyədə xarici ölkələrdən alınan məhsullar üçün gömrük vergisi dərəcəsi yüksəldilərək 30% olub. Fiziki şəxslər dəyəri 150 avroya qədər alış-veriş etdikdə 18% ƏDV ödəməlidirlər. Lakin onlar Çin və Hindistandan məhsul aldıqda 30%-lik vergiyə cəlb edilirlər. Fiziki şəxslər xəz məmulatı, kompyuter, mobil telefon kimi xüsusi istehlak vergisinə cəlb edilən məhsulları aldıqları zaman isə əlavə olaraq 20% civarında xüsusi istehlak vergisi ödəməlidirlər. 1500 avroya kimi dəyəri olan kitab alışı isə vergidən azaddır.
Elektron ticarətin vergiyə cəlb edilməsi müxtəlif ölkələrdə fərqli formada həyata
keçirilsə də, məqsəd uçotdan yayınmağın daha asan hesab edildiyi bu sahədə vergidən
yayınmanın qarşısını almaq, gəlirləri isə iqtisadi artıma, yəni ümumi rifaha yönəltməkdir
Avropa Birliyi tərəfindən elektron ticarət sahəsində mexanizmlərin təkmilləşdirilməsi üçün müəyyən qaydalar tətbiq edilir. Vergitutmaya vahid yanaşma olmadığına görə təşkilat üzv və qeyri-üzv dövlətlər arasında yaranan haqsız rəqabətin qarşısını almaq üçün 1 iyul 2021-ci il tarixindən yeni qərar qəbul edib. Yeni qaydaya əsasən, elektron formada müxtəlif ölkələrdən satın alınan məhsullara görə ƏDV-dən azadolma aradan qaldırılır və məhsulu alan tərəfin çatdırılma ünvanının olduğu ölkədə qüvvədə olan əlavə dəyər vergisi tətbiq edilir. Məsələn, əvvəl Almaniyadan Fransaya 22 avrodan aşağı məbləğdə satış həyata keçirən şirkət həmin ölkəyə aid ƏDV-ni ödəmək məcburiyyətində idi. Lakin Avropa Birliyinin tərkibində olmayan ölkənin şirkəti Fransaya 22 avrodan aşağı məbləğdə satış həyata keçirdikdə ƏDV ödəməkdən azad idi. Yeni qaydalara görə isə bütün şirkətlər mövcud ƏDV məbləğini ödəməlidir.
ABŞ-də isə elektron ticarətlə bağlı tətbiq edilən vergilər hər ştata görə fərqlənir. Bəzi hallarda eyni ştatın daxilində də fərqli vergilərin tətbiq edildiyi hallara rast gəlmək olur. Bu ölkədə ƏDV əvəzinə elektron ticarətdən əldə edilən gəlirlərə görə satış vergisi tətbiq edilir. Bu, məhsulun satışı və gəlirin miqdarına əsasən müştərilərdən alınan vergi növüdür. Satış vergisi alış-veriş edən tərəflərdən məhsulun satış qiymətinin üzərinə gəlməklə tutulur və satıcı tərəfindən dövlət büdcəsinə yönəldilir.
Azərbaycanda da rəqəmsal ticarətin geniş yayılmasını nəzərə alaraq,
qanunvericilikdə müəyyən qaydalar müəyyənləşdirilib
Asiya ölkələrində elektron ticarət üçün standart vergi müəyyən edilməyib. Burada vergi növü ölkələrə əsasən fərqlidir və iki təsnifatı var. Bunlardan birincisi rəqəmsal xidmətlər vergisidir və bu, virtual əməliyyatlar üçün nəzərdə tutulub. İkincisi isə stopaj (gəlirdən tutulma) vergisi adlanır. Bu, xarici şirkətin virtual aləmdə xidmət göstərən tədarükçüyə etdiyi ödənişdən tutulan vergidir. Hindistanda bu verginin dərəcəsi 1%, reklam vergisi isə 6%-dir. İndoneziyada isə elektron ticarət və xidmətlərə 10% miqdarında stopaj vergisi tətbiq edilir. Malayziyada eyni vergi dərəcəsi tətbiq edilsə də, xarici ölkələrlə ikitərəfli vergi sazişlərinə görə bu rəqəm dəyişə bilir. Tailand və Pakistanda bu vergi dərəcəsi 5% təşkil edir. Azərbaycanda da rəqəmsal ticarətin geniş yayılmasını nəzərə alaraq, qanunvericilikdə müəyyən qaydalar müəyyənləşdirilib. 2023-cü ilin əvvəlindən elektron ticarətin şəffaf və qanunamüvafiq şəkildə vergiyə cəlb edilməsi, verginin əsas iqtisadi fəaliyyətin həyata keçirildiyi və dəyərin yarandığı ölkədə tutulması məqsədilə Vergi Məcəlləsində dəyişikliklər edilib. Müvafiq qanunvericiliyə görə, elektron ticarəti həyata keçirən qeyri-rezidentlərin ƏDV-nin məqsədləri üçün elektron qaydada vergi uçotuna alınması müəyyənləşib. Həmçinin, uçota alınan qeyri-rezident şəxs tərəfindən xidmətlərin göstərilməsi zamanı vergi agenti, yəni banklar tərəfindən ödəmə mənbəyində ƏDV tətbiq edilmir. Bu əməliyyatlar üzrə yaranan vergi öhdəliyi qeyri-rezident şəxs tərəfindən ödənilir. Vergi öhdəliyi birbaşa qeyri-rezidentin özü tərəfindən icra edilir və vətəndaşların maliyyə vəsaitlərinin qənaət edilməsinə imkan yaradır.
Gülay NƏBİYEVA