9 May 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Zəfər təntənəsi sosial-iqtisadi inkişaf üçün yeni imkanlar yaradır MƏQALƏ

  • Azərbaycan 2002-2022-ci illərdə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub;

  • 2026-cı ilin sonunadək Qarabağ və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur;

  • Biznes mühitini yaxşılaşdırmaq məqsədilə zəruri təşviq mexanizmləri hazırlanır.

Azərbaycan iqtisadiyyatında dayanıqlı inkişafın təmin edilməsi üçün əsaslı və ardıcıl islahatlar həyata keçirilir. Xüsusilə müasir sosial-iqtisadi infrastruktur quruculuğunda bu islahatların nəticələri daha aydın müşahidə edilir. Əldə edilmiş nəticələr Azərbaycanın region iqtisadiyyatında həlledici rola malik olmasına da müsbət təsir edir.

Güclü iqtisadiyyat tərəqqiyə təkan verir

Azərbaycan 2002-2022-ci illərdə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub. Ötən dövrdə qeyri-neft-qaz iqtisadiyyatı 4 milyard ABŞ dollarından 41 milyard ABŞ dollarınadək böyüyüb. İqtisadiyyatın şaxələnməsi prizmasından prioritet olan strateji sahələrdə əlavə dəyər – qeyri-neft-qaz sənayesində 4,7 dəfə, turizmdə 19 dəfəyədək, informasiya və rabitədə 23 dəfə, nəqliyyat sektorunda 5 dəfəyədək böyüyüb. 2022-ci ildə qeyri-neft-qaz məhsullarının ixracı 2002-ci illə müqayisədə 12 dəfəyədək artaraq müstəqillik dövründə ilk dəfə 3 milyard ABŞ dollarını ötüb. Son 20 ildə regionların sosial-iqtisadi inkişafına həsr olunmuş 4 dövlət proqramı qəbul olunub və bu proqramlar üzrə regionlara yatırılmış investisiyaların həcmi 104 milyard manat təşkil edir.

İqtisadi imkanların genişlənməsi sosial rifahı təmin etməklə yanaşı, Azərbaycanın hərbi gücünü də əsaslı şəkildə artırıb. Bu, birmənalı olaraq, 2020-ci ildə möhtəşəm Zəfərin əldə edilməsinə böyük töhfələr verib. Prezident İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında çıxış edərkən bu məqama diqqəti çəkərək bildirib ki, son 20 il ərzində Azərbaycan gücləndi və dünya miqyasında özünə layiq yerini tuta bildi: “Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Biz bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdıq. Eyni zamanda, biz güclü iqtisadiyyat yaratdıq və son 20 il ərzində bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır. Bizim iqtisadiyyatımız dörd dəfədən çox artıb. Güclü iqtisadiyyat müstəqillik deməkdir. Müstəqillik heç vaxt şərti olmamalıdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın olmalıdır, güclü ordun olmalıdır”.

Azad edilmiş torpaqların sürətli dirçəlişi

Üç il əvvəl Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı. Bu məqsədlə artıq Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il isə ən azı 2,4 milyard ABŞ dollarının ayrılacağı nəzərdə tutulur. Azərbaycan Böyük Qayıdış Proqramını uğurla icra edir. Öz doğma torpaqlarından köçkün düşən insanların - bu torpaqların əsl sahiblərinin Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdışı təmin edilib. 2026-cı ilin sonunadək Qarabağ və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur. Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasına və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasına mühüm təkan verəcək. İşğaldan azad edilmiş ərazilərə qayıdan insanlar üçün münbit sosial-iqtisadi şəraitin yaradılması üçün də kompleks islahatlar həyata keçirilir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Qarabağ və Şərqi Zəngəzurun iqtisadi fəaliyyətdə payının artırılması üçün müxtəlif tədbirlər reallaşdırılır. Bu bölgənin milli iqtisadiyyata sürətli inteqrasiyası, dayanıqlı inkişafının təmin edilməsi, zəruri infrastrukturunun qurulması və yüksək standartlara cavab verən layiqli yaşayış şəraitinin yaradılması istiqamətində bölgədə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Bu ərazilərdə iqtisadi artımın təmin olunması üçün müasir istehsal, ticarət və xidmət infrastrukturu yaratmaq, innovativ texnologiyaların tətbiqinə əsaslanan investisiyaları cəlb etmək, sənaye potensialını effektiv reallaşdırmaq və biznes mühitini yaxşılaşdırmaq məqsədilə zəruri təşviq mexanizmləri hazırlanır.

Güzəştlər Qarabağ və Şərqi Zəngəzur üçün fürsətlər yaradır

Bölgədə sənaye fəaliyyətinin həyata keçirilməsi, xüsusilə rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalı önəmli prioritetləri özündə ehtiva edir. Yerli və xarici investorlar üçün əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində Ağdam rayonunda 190 hektar sahədə zəruri infrastrukturla təmin edilmiş Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda 200 hektar ərazidə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. Qeyd olunan sənaye parklarında fəaliyyət göstərən rezidentlər qeydiyyata alındığı tarixdən 10 il müddətinə əmlak, torpaq, mənfəət vergisindən, idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən və gömrük rüsumlarından azad olunub. 1 yanvar 2023-cü il tarixindən işğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə qəbul edilmiş müvafiq normativ hüquqi sənədlər əsasında sahibkarlıq subyektlərinin fəaliyyətinin təşkili üçün güzəşt və stimullaşdırıcı mexanizmlərin tətbiqinə başlanılıb. Sahibkarlara 2023-cü il yanvarın 1-dən 10 il müddətində hər ay istehlak olunan kommunal xidmətlərin (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) tariflərinə uyğun olaraq ödədikləri vəsaitin 20 faizi məbləğində dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımı almaq imkanı yaradılıb.

Görülən tədbirlər iqtisadi canlanmanın sürətləndirilməsi və investisiya cəlbediciliyinin artırılması, təbii resursların iqtisadi dövriyyəyə cəlb edilməsi, vergi və gömrük güzəştləri və sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, enerji və kommunikasiya infrastrukturunun qurulması və əhəmiyyəti böyük olan bölgənin inkişafını sürətləndirmək kimi məqsədlərə xidmət edir. Bütün bunlar isə dövlətin iqtisadi imkanlarının genişləndirilməsinə, hərtərəfli inkişaf və dayanıqlı tərəqqiyə zəmanət verir.

Gülay NƏBİYEVA

VergiXarici ölkədə ödənilmiş vergilər Azərbaycanda nəzərə alınırmı? VergiFiziki şəxsin vergi orqanında uçota alınması vaxtı VergiQeyri-sahibkarlıq fəaliyyətindən əldə edilmiş gəlirlər hansılardır? VergiHansı halda xaricdə əldə olunan gəlirlərə görə vergi öhdəliyi yaranmır? VergiXarici ölkədə gəlir əldə edən şəxs VÖEN almalıdırmı? VergiXaricdə əldə edilən gəlirlərin vergiyə cəlb olunması VergiYerli investisiyalı MMC-nin dövlət qeydiyyatı necə aparılır? VergiMənzil alarkən ƏDV-nin bir hissəsi hansı qaydada geri qaytarılır? VergiGəlir vergisi ödəyicisi olan fiziki şəxs mükəlləfiyyətini dəyişə bilərmi? VergiFiziki şəxs öz istifadəsi üçün ət idxalı zamanı ödədiyi ƏDV-ni əvəzləşdirə bilərmi?