Aksizli məhsulların ixracının təşviqi faydalı nəticələr vəd edir MƏQALƏ
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qlobal tütün epidemiyası ilə bağlı 2023-cü il hesabatında tütündən istifadə ilə bağlı açıqlanan statistik nəticələr, obrazlı desək, həyəcan təbilidir. Hər il təxminən 1,3 milyon insan ikinci əl tüstüsünün (siqaret çəkənin buraxdığı və eyni zamanda siqaretdən çıxan tüstü) təsirindən ölür. Bu ölümlərin hamısının qarşısı alına bilər. Passiv siqaret “ürək-damar, tənəffüs, onkoloji xəstəliklər, insult və 2-ci tip diabetdən ölüm riski yaradır”. ÜST-nin məlumatına görə, gəlir səviyyəsindən asılı olmayaraq, bütün ölkələr “ölümcül tütün məhsullarına tələbatı azaltmaq imkanına malikdir”. 2,3 milyard insanın yaşadığı dünyanın 44 ölkəsində ÜST-nin tövsiyə etdiyi MPOWER adlanan tütün əleyhinə 6 tədbirdən heç biri qəbul edilməyib. 15 il əvvəl hazırlanmış bu tövsiyələr toplusuna tütündən istifadənin monitorinqi, insanların tütün tüstüsündən qorunması, siqaretin dayandırılmasına köməklik göstərilməsi, tütünün təhlükələri barədə xəbərdarlıq, tütün reklamına qoyulan qadağaların tətbiqi və ona görə vergilərin artırılması daxildir. ÜST ölkələri “tüstüsüz ətraf mühit üçün qanunların qəbulunu sürətləndirməyə” çağırıb.
Ölkələrdə tütün əleyhinə təşəbbüsləri artırmaq üçün müxtəlif tədbirlər
planları hazırlanır. “MPOWER Paketi” proqramı da bu məqsədə xidmət edir
Tütündən istifadə ilə mübarizə
Bütün dünyada tütün əleyhinə ən çox yayılan tədbir qutularda əksini tapan çirkin şəkillərdir: hazırda belə qaydalar əhalisi 4,5 milyard nəfər olan 103 ölkədə qüvvədədir. ÜST-yə görə, bəzi ölkələrdə siqaretin qiymət artımı inflyasiya səviyyəsindən aşağıdır və bu da nəticədə siqaret çəkməyi daha ucuz edir. Ölkələrdə tütün əleyhinə təşəbbüsləri artırmaq üçün müxtəlif tədbirlər planları hazırlanır. “MPOWER Paketi” proqramı da bu məqsədə xidmət edir. MPOWER ifadəsi “monitor” – tütündən istifadənin izlənilməsi, “protect” – tütünün zərərli ilə bağlı məlumatlandırmanı artırıb mühiti qorumaq, “offer” – tütündən istifadəni azaltmaq üçün təkliflər vermək, “warn” – tütünün zərərləri ilə bağlı xəbərdarlıq, “enforce” – tütündən istifadədən çəkindirmə metodları tətbiq etmək, “raise” – tütün üçün vergi dərəcələrinin və rüsumların artırılması kimi anlayışları ehtiva edir. Hazırda bu proqram əksər ölkələrdə tətbiq edilir.
Vergi Məcəlləsinə əsasən, tütün məmulatları aksizli məhsullardır və ölkəmizdə
reallaşdırılan iqtisadi siyasət çərçivəsində aksiz dərəcələri mərhələli şəkildə artırılır
Ölkəmizdə tütündən istifadəni məhdudlaşdırmaq üçün uzun illərdir ki, qanunvericilik və müxtəlif normativ aktlar qüvvəyə minib. Əhali arasında bu sahədə maarifləndirmə işlərinə də xüsusi önəm verilir. Buna paralel olaraq tütün məhsulları üzrə iqtisadi inzibatçılıq da mütəmadi olaraq təkmilləşdirilir. Vergi Məcəlləsinə əsasən, tütün məmulatları aksizli məhsullardır və ölkəmizdə reallaşdırılan iqtisadi siyasət çərçivəsində aksiz dərəcələri mərhələli şəkildə artırılır. Bu metod beynəlxalq təcrübədə də geniş tətbiq edilir və aksiz vergisinin bir qismi məhz əhalinin sağlamlığının qorunması məqsədlərinə yönəldilir. Türkiyədə, ABŞ-da və əksər Avropa ölkələrində aksiz vergilərindən gələn gəlirlərin şəkər, piylənmə və başqa xəstəliklərdən əziyyət çəkənlərin müalicəsinə cəlb edilməsi təcrübəsi tətbiq edilir. İnsan sağlamlığına zərərli məhsullara aksiz dərəcələrinin artırılması sosial xarakter daşıyır. Ötən ilin 1 oktyabr tarixindən etibarən istehlakçılar tərəfindən alınmış alkoqollu içkilərə və tütün məmulatlarına münasibətdə ƏDV geri qaytarılmır. Alkoqollu içkilərin və tütün məmulatlarının əhalinin sağlamlığına mənfi təsir göstərən zərərli məhsullar olduğunu nəzərə alaraq, həmin məhsullar ƏDV-nin geri qaytarılması şəklində stimullaşdırıcı tədbirlərin dairəsindən çıxarılıb. Vergi qanunvericliyində isə aksiz markası ilə bağlı qanun pozuntusuna görə sanksiyalar tətbiq olunur. Aksizli malları markasız idxal etmək, saxlamaq (şəxsi məqsədlər üçün istisna olmaqla) və ya satmaq qadağandır və qanunvericilikdə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Vergi Məcəlləsinin 194.2-ci maddəsində nəzərdə tutulmuş plombların vurulması və açılması arasındakı müddətdə nəzarət-ölçü cihazlarının göstəricilərində dəyişikliklərin edilməsinə, texnoloji avadanlıqlardakı plombların zədələnməsinə, istehsal olunmuş məhsulların aksiz markası ilə markalanmamasına və ya məcburi nişanlama ilə nişanlanmamasına, tam uçota alınmamasına, aksiz markalarının və məcburi nişanlamanın inventarizasiyasında kənarlaşmalara yol verilməsinə, eləcə də bu Məcəllənin 191.2-ci maddəsinin tələblərini pozmaqla hazır məhsulun istehsal sahəsindən kənara çıxarılmasına görə vergi ödəyicisinə 5 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
İnsan sağlamlığına zərərli məhsullara aksiz
dərəcələrinin artırılması sosial xarakter daşıyır
Aksizli məhsullar bazarı ixracyönümlüdür
Aparılan təhlillər göstərir ki, aksiz dərəcələrinin artımı bu bazarın genişlənməsinə mənfi təsir etmir. Bu sahədə yeni müəssisələr yaradılır və istehsal genişlənir. Ölkəmizin aksizli məhsullar bazarı əsasən ixracyönümlü olmağa başlayıb. Aqrar sektorunda ixrac qabiliyyəti yüksək olan məhsulların yetişdirilməsi mühüm prioritetlərdəndir. Bu baxımdan tütünçülüyün inkişafı istiqamətində də əhəmiyyətli addımlar atılır. Ölkədə tütünçülüyü inkişaf etdirmək, tütün məmulatları istehsalını artırmaq və bu sahədə emal müəssisələri yaratmaqda başlıca məqsəd tütün məmulatlarının ixracını təşviq etmək və tütünçülüklə məşğul olan insanların gəlir əldəetmə imkanlarını genişləndirməkdir.
Ümumiyyətlə, aksizli məhsullar bazarının tənzimlənməsi spesifik yanaşma tələb edir. Bu sahəni sosial məsuliyyəti nəzərə almaqla inkişaf etdirmək üçün dövlət nəzarəti tədbirlərinin gücləndirilməsi zəruridir. Sahibkarlıq subyektləri arasında keyfiyyət rəqabəti yaratmaq və bu sahənin gəlirliliyini təmin etmək cəmiyyət üçün daha səmərəli nəticələrin əldə edilməsinə təkan verəcək.
Gülay NƏBİYEVA