31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Sahibkar Elnur Allahverdiyev: “Güzəştlər məhsullarımızın maya dəyərinin aşağı düşməsinə səbəb olub”

Sahibkar Elnur Allahverdiyev: “Güzəştlər məhsullarımızın maya dəyərinin aşağı düşməsinə səbəb olub” MƏQALƏ

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin milli iqtisadiyyata sürətli inteqrasiyasının təmini, dayanıqlı inkişafı və bu zonada sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şəraitin qurulması məqsədilə görülən işlərdən biri də burada sənaye parklarının yaradılması olub.

Prezident İlham Əliyevin fərmanı ilə Şərqi Zəngəzur iqtisadi rayonunun cənubunda – Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı, Ağdam rayonunda Ağdam Sənaye Parkı yaradılıb ki, hər iki rayonun əlverişli coğrafi mövqeyi, sosial-iqtisadi imkanları regionun iqtisadiyyatının şaxələndirilməsinə, sənaye potensialının inkişaf etdirilməsinə şərait yaradacaq.

Yeni yaranmalarına baxmayaraq, sənaye parklarının rezidentlərinin və qeyri-rezidentlərinin sayı durmadan artır. Hazırda “Araz Vadisi İqtisadi Zonası”nın 5 rezidenti, 1 qeyri-rezidenti, Ağdam Sənaye Parkının 17 rezidenti, 5 qeyri-rezidenti var. 200 hektar ərazini əhatə edən “Araz Vadisi İqtisadi Zonası”nın fəaliyyəti üçün prioritet istiqamətlər kimi, logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin və s. təşkili müəyyənləşdirilib. Ümumi ərazisi 190 hektar olacaq Ağdam Sənaye Parkının prioritet fəaliyyət istiqamətləri tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkilidir.

Sənaye Parklarının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla (qaz, işıq, su, kanalizasiya, daxili avtomobil və dəmir yolları və s.) təmin edilir. Eyni zamanda, qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunurlar. Bunlarla yanaşı, İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən rezidentlərə hər cür təşkilati dəstək tədbirləri göstərilir. İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək sahibkarlara bu il yanvarın 1-dən əlavə güzəştlər də tətbiq edilir.

Ağdam Sənaye Parkında qeydə alınmış rezidentlərın çoxu artıq tikinti işlərinə başlayıb. Ümumilikdə Ağdam Sənaye Parkına rezident və qeyri-rezidentlər tərəfindən 161 milyon manatdan çox vəsaitin yatırılması nəzərdə tutulur. Bu investisiyalar nəticəsində 1400-dən çox yeni iş yeri açılacaq.

Ağdamda tikinti işləri aparan rezidentlərdən biri - “BAFCO İnvest” MMC Sənaye Parkının 1,3 hektar ərazisində ildə 500 min cüt ayaqqabı istehsal etmək gücündə olan müəssisə inşa edir.

“BAFCO İnvest” MMC-nin direktoru Elnur Allahverdiyev bildirib ki, müəssisə müxtəlif təyinatlı çəkmə, tikintidə istifadə üçün nəzərdə tutulan, dəmir ucluqlu və altlıqlı təhlükəsizlik ayaqqabılarının istehsalı ilə məşğul olacaq. Fabrikin tikintisinin bu il sentyabr ayının sonunda başa çatması, oktyabrda istehsal üçün tələb olunan avadanlıqların ölkəyə gətirilməsi, bu ilin sonu-gələn ilin əvvəlindən isə zavodun fəaliyyətə başlaması nəzərdə tutulur. Fabrik istehsal üçün Avropa sertifikatı alan kimi- təxminən 2024-cü ilin ortalarından maksimum gücü ilə işləməyi planlaşdırır.

Müəssisə tam gücü ilə işlədiyi zaman ay ərzində 45 min cüt ayaqqabı istehsal etməyi planlaşdırır. Lakin ilkin mərhələdə ay ərzində 15 min cüt ayaqqabı istehsal ediləcək.

Hazırda İtaliyada ayaqqabıların dizaynı hazırlanır. “Made in Azerbaijan” brendi altında istehsal edilən ayaqqabıların 75 faizi xaricə ixrac ediləcək, 25 faizi isə yerli bazar üçün nəzərdə tutulur.

Azərbaycan məhsullarının Avropa bazarlarına çıxarılması üçün Almaniya, Hollandiya və Fransanın topdansatış müəssisələri ilə danışıqlar aparılır: “Azərbaycanda ildə 110-120 min cüt ayaqqabı istehsal edən bir neçə müəssisə olsa da, Avropa standartı ilə məhsul istehsal edən yoxdur. Biz Azərbaycanda Avropa standartları ilə ayaqqabı istehsal və ixrac edən ilk müəssisə olacayıq”.

E.Allahverdiyev qeyd edib ki, fabrik ilkin mərhələdə bir növbə ilə fəaliyyət göstərəcək. Xaricdə bu məhsullara tələbat artarsa, iki növbəli işləməklə illik istehsal gücünü 800 min cütə çatdıra bilər.

120 nəfəri işlə təmin edəcək müəssisənin investisiya dəyəri 10,4 milyon manatdır: “Bizim əsas məqsədimiz qeyri-neft məhsullarınının idxalından asılılığı azaltmaq, qeyri-neft məhsullarının ixracını artırmaqdır. Biz cəmi iki avadanlıqla 800 min cüt ayaqqabı istehsal edə bilərik. Avropada il ərzində 720 milyon cüt təhlükəsizlik ayaqqabısına tələbat var. Bu baxımdan Avropada bizim məhsullara tələbat var. Ancaq Avropadan başqa, bizim üçün Rusiya, Gürcüstan, hətta Türkiyə bazarı da var, çünki məhsullarımızın qiymətləri Türkiyədən daha ucuz olacaq. Prezident İlham Əliyevin verdiyi dəstəyə və İqtisadiyyat Nazirliyinin yaratdığı şəraitə görə Ağdam Sənaye Parkının rezidentləri bəzi vergilərdən və gömrük rüsumlarından azaddır. Bu, bizim məhsullarımızın maya dəyərinin aşağı düşməsinə səbəb olub. Buna görə də biz Türkiyə ilə rəqabət apara biləcək qiymətə məhsul istehsal edə biləcəyik”.

E.Allahverdiyev bildirib ki, ayaqqabı üçün istifadə edilən materialdan və modeldən asılı olaraq, məhsulların maya dəyəri 18-100 manat arasında dəyişəcək. Məhsullar üçün xammallar Almaniya, Hindistandan gətiriləcək, ayaqqabılar dəri materialından hazırlanacaq.

İlhamə İSABALAYEVA

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?