18 May 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İşçilərin əmək hüquqları: kompleks tədbirlər “ağarma” prosesini sürətləndirir MƏQALƏ

İş insanın cövhəridir. Lakin işin səmərəli olması üçün işəgötürənlə işçi arasında münasibətlər mütləq qanuni müstəvidə qurulmalıdır. Bunun üçün ən vacib şərt isə əmək müqaviləsidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, işçinin əmək müqaviləsi olmadan işlədilməsi qadağandır. Əmək münasibətləri - işəgötürən ilə işçi arasında elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından xitam verilməsinə qədər olan prosesləri əhatə edir.

Əmək bazarında mövcud çatışmazlıqlar

Əmək münasibətlərinin rəsmiləşdirilməsi işəgötürənlər və işçilər üçün mühüm prosesdir. Lakin bir sıra hallarda əmək bazarında əmək münasibətlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməməsi, vergi ödəyiciləri tərəfindən işçilərə uçotdankənar əmək haqlarının verilməsi və bir sıra vergi ödəyiciləri tərəfindən müəyyən edilən əməkhaqqı məbləğlərinin müvafiq sektor üzrə orta aylıq əməkhaqqı göstəricilərindən aşağı olması kimi məqamlar aşkarlanır.

İşçi əmək müqaviləsi olmadan fəaliyyət
göstərdiyi halda bir çox hüquqlarından məhrum olur.

İşçiyə iş stajı hesablanmır, müqavilədə əməkhaqqının göstərilməməsi gələcəkdə pensiya təminatının yetərincə olmamasına səbəb olur, işçilər ödənişli məzuniyyət, sosial məzuniyyət hüquqlarından məhrum olurlar və onlarla imzalanmış müqaviləyə xitam verilərkən istifadə edilməmiş məzuniyyətin pul əvəzi verilmir. İşçilər əmək xəsarəti aldıqda və ya peşə xəstəliyinə tutulduqda, müvəqqəti olaraq əmək qabiliyyətini itirərək xəstəlik vərəqəsi təqdim etdikdə müavinət ala bilmirlər. O cümlədən, əmək müqaviləsi bağlanmadıqda və aylıq əməkhaqqı göstərilmədikdə, hər hansı bir mübahisə yaranarsa, işçi faktiki aldığı əməkhaqqını tələb etmək hüququnu və qanunla ona ödənilməli olan müavinətləri itirir. Həmçinin əmək müqaviləsi olmayan işçini işəgötürən müxtəlif bəhanələrlə şifahi qaydada istədiyi vaxt işdən uzaqlaşdıra bilir.

Əmək münasibətləri sahəsində aparılan islahatlar

Əmək münasibətlərinin nizama salınması və işçilərin hüquqlarının təminatı üçün dövlət tərəfindən bir sıra tədbirlər görülür. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il tarixli Sərəncamı ilə “Qeyri-formal məşğulluğun qarşısının alınması” üzrə Komissiya yaradılıb və Tədbirlər Planı təsdiq edilib. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 aprel tarixli Sərəncamı ilə tikintidə qeyri-formal məşğulluğun qarşısının alınması üzrə nəzarət tədbirlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılıb. 2019-cu il yanvarın 1-dən 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərinin 8000 manata qədər hissəsi gəlir vergisindən azad edilib, eləcə də işəgötürənlərin yükünün azaldılması məqsədilə işçinin gəlirinə nisbətdə işəgötürənin vəsaiti hesabına ödənilən sığorta haqqı 22 faizdən 15 faizə endirilib. Dövlət başçısının 5 yanvar 2023-cü il tarixli Sərəncamı ilə minimum əməkhaqqı ölkə üzrə 345 manat müəyyən edilib.

Əmək münasibətlərinin leqallaşdırılması istiqamətində mövcud mexanizmlərin təkmilləşdirilməsi, eləcə də stimullaşdırıcı addımların atılması bu sahədə müsbət nəticələri təmin edir. İqtisadiyyat naziri Mikayıl Cabbarovun sosial şəbəkə hesablarında paylaşımındakı məlumata görə,

2019-cu ildən 2023-cü ilin 1 may tarixinədək işçilərlə işəgötürənlər
arasında bağlanmış əmək müqavilələrinin sayı 361 mindən çox artıb.

Bu müddətdə qeyri-neft sektorunun özəl bölməsində bağlanmış əmək müqavilələrinin sayı 313 mindən çox artıb və demək olar ki, dövlət sektorundakı bu göstərici ilə bərabərləşib.

Əmək münasibətlərinin rəsmiləşdirilməsi üçün ciddi nəzarət tədbirləri

İşçi ilə əmək müqaviləsi bağlanılmadan işə cəlb edildikdə işəgötürənlərə münasibətdə ciddi məsuliyyət tədbirləri tətbiq edilir. İnzibati Xətalar Məcələsinin 192.1-ci maddəsinə əsasən, fiziki şəxslər 1000 manatdan 2000 manatadək, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək, hüquqi şəxslər 20000 manatdan 25000 manatadək cərimə edilir. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, işəgötürənə hər bir şəxs üçün təqvim ili ərzində birinci dəfə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat cərimə nəzərdə tutulub. Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən, 10 nəfər və 10-dan çox işçinin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi 7000 manatdan 10000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Əmək bazarında qanuni münasibətlərin bərqərar olması
üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
tərəfindən müxtəlif nəzarət tədbirləri həyata keçirilir.

2020-ci ildən Dövlət Vergi Xidmətində “Əmək münasibətlərinin şəffaflaşdırılması sahəsində vergi nəzarətinin gücləndirilməsi barədə” Konsepsiya təsdiq edilib. Qeyri-formal məşğulluğun aradan qaldırılması tədbirlərinə əmək münasibətlərinin şəffaflaşdırılması, qeyri-leqal iş yerləri və əmək haqlarının “ağardılması” məqsədilə boz zonaların müəyyən edilməsi də daxildir. Həmçinin əmək müqaviləsi bildirişlərində əsas iş yeri üzrə tam iş vaxtı işləyən və əməkhaqqı məbləğini 345 manatdan az qeyd edən vergi ödəyiciləri və ay ərzində işçi sayını azaltmış riskli vergi ödəyicilərinin müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər görülür. Qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində keçirilmiş vergi nəzarəti tədbirlərindən sonra işçilərin aktiv əmək müqavilələrinin təhlili həyata keçirilir.

Gülay NƏBİYEVA

VergiHüquqi şəxsin ünvan dəyişikliyi VergiƏfqanıstan müharibəsi veteranının həyat yoldaşına vergi güzəşti tətbiq olunurmu? Vergiİpoteka ilə alınan daşınmaz əmlaka görə ƏDV-nin geri qaytarılması VergiRepetitorluq xidməti göstərən fiziki şəxs vergi uçotuna necə alınır? VergiXarici ölkədə ödənilmiş vergilər Azərbaycanda nəzərə alınırmı? VergiFiziki şəxsin vergi orqanında uçota alınması vaxtı VergiQeyri-sahibkarlıq fəaliyyətindən əldə edilmiş gəlirlər hansılardır? VergiHansı halda xaricdə əldə olunan gəlirlərə görə vergi öhdəliyi yaranmır? VergiXarici ölkədə gəlir əldə edən şəxs VÖEN almalıdırmı? VergiXaricdə əldə edilən gəlirlərin vergiyə cəlb olunması